Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-1/2023 30.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Türkmənistan Respublikası Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanədək Tovuz rayonu İbrahimhacılı kəndində yaşamış, barəsində 03 mart 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş və 25 mart 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13 mart 2019-cu il tarixdən başlayaraq, 17 iyun 2011-ci il təvəllüdlü X2 və 28 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(062)-1098/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 07 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 may 2020-ci il tarixədək şəxsi marağı naminə cəmi 4380 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 17 iyun 2011-ci ildə Aysu, 28 avqust 2013-cü ildə Cansu adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və 2018-ci ilin sentyabr ayında ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Xalidə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Tovuz Rayon Məhkəməsi 13 mart 2019cu il tarixdən başlayaraq 17 iyun 2011-ci il təvəllüdlü Aysu və 28 avqust 2013-cü il təvəllüdlü Cansu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 16 aprel 2019-cu il tarixli qətnamə çıxarmışdır. Müəyyən edilmiş alimentin ödənilməsi ötən müddətdə icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Lakin maddi imkanı zəif olduğundan alimenti ödəyə bilməmişdir. Hazırda isə qətnaməni tam icra edərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 17 iyun 2011-ci ildə Aysu, 28 avqust 2013cü ildə Cansu adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban ailə münasibətləri olsa da sonradan münasibətləri pozulmuş və 2018-ci ilin sentyabr ayında ayrılmışlar. Ayrı yaşadıqları müddətdə Saləddin uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tovuz Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 13 mart 2019-cu il tarixdən başlayaraq 17 iyun 2011-ci il təvəllüdlü Aysu və 28 avqust 2013-cü il təvəllüdlü Cansu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 16 aprel 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq Saləddin məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki, Saləddin fərdi qaydada işlədiyindən onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq qətnaməni icra etmir. Uşaqlar böyüdüyündən onların maddi təlabatları da xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Saləddin maddi vəziyyətlərini bildiyi halda ümumiyyətlə uşaqları ilə maraqlanmır və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə ödəmir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Dəfələrlə icra məmurlarına da müraciət edib alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. İcra məmurları tərəfindən Təqsirləndirilən şəxs barəsində zəruri tədbirlər görülmüş, o cümlədən inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq Saləddin alimenti ödəməkdən yayınmaqda davam etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs qətnaməni tam icra etmişdir. Buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanlara əsasən onun cinayət məsuliyyətindən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid ifadəsində göstərmişdirdi ki, 19 aprel 2019-cu il tarixdə icraatına Təqsirləndirilən şəxs 13 mart 2019-cu il tarixdən başlayaraq 17 iyun 2011-ci il təvəllüdlü Aysu və 28 avqust 2013-cü il təvəllüdlü Cansu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(062)-1098/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 22 may 2019cu il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu Tovuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2020-ci il tarixdə İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra qurumunda icra sənədinin mahiyyəti borcluya izah olunmuş və yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu maddi imkanının olmadığını əsasə gətirərək yaranmış aliment borcunun ödənilməsini təmin etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 3(062)-46/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası Təqsirləndirilən şəxs tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqlar verilmişdir. Həmçinin borclu İcra və Probasiya şöbəsinə çağırılaraq icra sənədinin icrası istiqamətində onunla fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış, müəyyən edilmiş alimenti ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 4380 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1098/2019 saylı qətnaməsindən görünür ki, 13 mart 2019-cu il tarixdən başlayaraq, 17 iyun 2011-ci ildə anadan olmuş Aysu və 28 avqust 2013-cü ildə anadan olmuş Cansu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün Təqsirləndirilən şəxs 160 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1098/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin dərhal könüllü icrası xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(062)-52/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(062)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunmuş, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə tutularaq Tovuz RPŞ-yə gətirilmiş və 26 mart 2023-cü il tarixdə saat 10:00-da Tovuz RPŞ-si MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs icra sənədi üzrə borcu tamamilə ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin . Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-1/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-1/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver