Məhkəmə qərarları › İş №1(062)-100/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-100/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-100/2023 30.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Tovuz rayonu, Qovlar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Tovuz rayonu, Əyyublu kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində, sərxoş vəziyyətdə, Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən “Moskva” marketin yaxınlığında Tovuz rayonu Əyyublu kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs İsax oğlu ilə rastlaşdıqda ona ünvanlı nalayiq söyüşlər söymüş, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10-15 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs İsax oğluna zor tətbiq etməklə onun sifət nahiyəsinə bir çox sayda qəsdən zərbələr vurub sonuncuya üst dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alın nahiyəsinin qançır-şişkinliyi səthi yaraları, sağ üst göz qapağının və sol gözaltı nahiyəsinin qançırları, sağ gicgah və sol almacıq nahiyələrinin qançır-şişkinliyi, hər iki dodaq nahiyələrinin dodaq haşiyələrinin səthi yaraları kimi həm ümumillikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs İsax oğlu həmkəndlisidir. Onunla əvvəllər aralarında hər hansı bir düşmənçilik və ədavətləri olmamışdır. O, 2020-ci ilin iyun ayının 11-dən 2023-cü ilin yanvar ayının 25-dək Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkmişdir. 25 yanvar 2023cü il tarixində isə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə cəzadan 11 ay vaxtından əvvəl şərti azad olunmuşdur. 2 saylı İstintaq Təcridxanasında olarkən X3 4 ay müddətinə həbs olunaraq onun cəza çəkdiyi 2 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Elxan Əliyev hal-hazırda da həmin cəzaçəkmə müəssəsində cəzasını çəkməkdədir. X3 onun həmkəndlisi olduğu üçün o, Elxan Əliyevi əvvəldən tanıyır. Elə bu səbəbdən də o, cəzaçəkmə müəssisəsinə gəldikdən sonra orada onların dostluğu yaranmışdır. O, həmin cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra isə, yəni 2023-cü ilin fevral ayının əvvəllərində Elxan ona zəng edərək, atası Nəbinin mobil telefonuna zəng etsə də, atasının mobil telefonuna zəng çatmadığını, qardaşının isə ümumiyyətlə mobil telefon işlətmədiyini bildirmişdir. Bununla yanaşı ailə üzvlərinin ona maddi yardım, yəni pul, geyim və digər gündəlik tələbat əşyaları göndərmədiklərini ona bildirib, ondan cəzaçəkmə müəssəsinə paltar və pul göndərməyini xahiş etmişdir. Bundan təxminən 1 və ya 2 gün sonra Nəbinin digər oğlu Orxanla sonuncunun işlədiyi, Tovuz rayonu Əyyublu kəndində yerləşən və camaat arasında “Şakirin kafesi” kimi tanınan yeməkxanada rastlaşmışdır. Elə orada Orxana bildirmişdir ki, qardaşı Elxana hələ cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkərkən pul və paltar vermişdir. Bununla yanaşı qardaşının ona zəng edib ailəsindən pul və gündəlik tələbat əşyaları göndərməsini istədiyini bildirmişdir. Həmçinin Orxana öz doğma qardaşı Elxana nə üçün pul göndərməməsi barədə iradını bildirib, əgər istəsə qardaşına pul göndərə biləcəklərini təklif etmişdir. Lakin, Orxan “evə pul qoymayıb ki, mən də ona pul göndərim” deyərək, qəti şəkildə qardaşı Elxana pul göndərməyəcəyini bildirmişdir. O, da Orxana daha başqa bir söz demədən onunla orada sağollaşmışdır. Bundan təxminən 3-4 gün sonra, dəqiq xatırlamadığı tarixdə günorta saatlarında o, Elxanla Orxanın atası Zərərçəkmiş şəxs İsax oğlu ilə Tovuz rayonu Əyyublu kəndi ərazisində camaat arasında “abidənin yanı” deyilən yerdə rastlaşmışdır. Həmin yerdə adətən fəhlələr, yəni günəmuzd işləyənlər toplaşırlar. O, elə orada bir daha Orxanın paltar və pul istədiyini bu dəfə atası Nəbiyə bildirmişdir. Bununla yanaşı hələ cəzaçəkmə müəssisəsində olarkən oğlu Elxana pul və paltar göndərdiyini bildirmişdir. Nəbi isə “bilirəm, Orxan mənə deyib ki, Elxan sənin vasitənlə bizdən ona pul və paltar göndərməyimizi istəyib” demişdir. Bunun ardı ilə də əsəbi şəkildə həm Elxana, həm də onu nəzərdə tutaraq, yəni ona pul göndərənlərin ünvanına nalayiq sözlər işlətmişdir. Belə ki, Nəbi onun ailə üzvlərinin ünvanına söyüş söymüşdür. O, Nəbinin üstünə getmək istəyəndə həmin vaxt orada olan, hazırda xatırlamadığı fəhlələr onu tutmuşlar və onları aralayıb bu sözlü mübahisələrinin dava-dalaşa çevrilməsinə icazə verməmişlər. Bundan sonra isə Nəbi oradan uzaqlaşmışdır. O, Nəbini təxminən 1 aya yaxın müddət ərzində heç bir yerdə görməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində isə o, yaşadığı Tovuz rayonu Əyyublu kəndinin mərkəzi küçəsində yerləşən “Moskva” marketin yanından keçmişdir. Bu zaman görmüşdür ki, Zərərçəkmiş şəxs də oradadır. O, Nəbiyə yaxınlaşmış və ondan nə üçün onu və ailə üzvlərini söydüyünü soruşmuşdur. Sərxoş vəziyyətdə olmağı səbəbilə əsəbləşib Nəbiyə yumruqla vurub onu yerə yıxmışdır. Sərxoş olduğu üçün Nəbinin sifət və baş nahiyəsinə neçə dəfə yumruqla zərbə endirdiyini xatırlamır. Sadəcə onu xatırlayır ki, yerdə olan zaman da Nəbinin sifət və baş nahiyəsinə yumruq və təpik zərbələri vurmuşdur. O, həmin vaxt əsəbi və həyəcanlı olduğu üçün orada onları kimlərin ayırdığını xatırlamır. Nəbini döyərkən onu bir neçə dəfə aralamağa çalışmışlar. Lakin o, təkrar Nəbinin üstünə gedərək təxminən 5-6 dəqiqə ərzində onu yumruq və təpik zərbələri ilə vuraraq döymüşdür. Həmin gün isə işdən sonra iş yoldaşlarıyla kənddə yerləşən kafelərin birində spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Bu səbəbdən də həmin gün ətrafda kimlərin olmasına dəqiqliklə fikir verməmişdir. O, Zərərçəkmiş şəxs İsax oğlunu məhz onun və ailə üzvlərinin ünvanına söyməsi səbəbindən vurmuşdur. Belə ki, onların aralarındakı mübahisəyə səbəb Zərərçəkmiş şəxs İsax oğlunun həmin davadan təxminən 1 ay əvvəl onu və ailə üzvlərini çoxlu adamın yanında söyməsi olmuşdur. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İsax oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fəhləliklə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki tanıyır, həmkəndlisidir. Onunla əvvəllər heç bir mübahisəsi, ədavət və dava-dalaşı olmamışdır. Eyni zamanda onların qohumluq münasibətləri də yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrindən o, Tovuz rayonu Əyyublu kəndinin arası ilə Əyyublu kəndinin mərkəzinə doğru piyada hərəkət edərək, həmin ərazi ilə keçən dəmir yolunun kənarında yerləşən çay evindən çıxan Niyazi ilə rastlaşmışdır. Niyazi onu görüb ona yaxınlaşmış və heç bir səbəb olmadan ona söz ataraq ilişməyə başlamışdır. O, Niyazinin spirtli içkinin təsirindən sərxoş olduğunu hiss etmişdir. Bu səbəbdən də Niyazi ilə aralarında dava-dalaş olmaması üçün onu yola vermək məcburiyyətində qalmışdır. Sonra bir təhər ondan uzaqlaşıb piyada Əyyublu kəndinin mərkəzində yerləşən “Moskva” marketin qarşısına tərəf getmişdir. O, marketin qarşısına çatarkən görmüşdür ki, Niyazi avtomobildən düşür. Niyazi onu görüb yenidən onun üstünə getmişdir. Boğazından yapışıb onu həmin yerdə yeləşən piyada keçidindən yerə atmaq istəmişdir. Ona “sən bilmirsənmi mən lotuyam, istədiyimi edə bilərəm” sözlərini demişdir. Ardınca onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. Yerə yıxıb təxminən 8-9 dəqiqə yumruq və təpik zərbələri ilə vuraraq döymüşdür. Onun döyülməsini görən, həmin vaxt orada olan tanımadığı kənar şəxslər, onu Niyazinin əlindən almışlar. Həmin günü o, da fəhlə işlədiyi evlərin birində spirtli içki qəbul etdiyi üçün yüngül dərəcədə sərxoş olmuşdur. Lakin nə etdiyini və hərəkətlərini dərk etmişdir. Həmçinin Niyazinin ona qarşı etdiklərini tam olaraq xatırlayır. O, Niyazinin konkret olaraq onu hansı səbəbə döydüyünü anlaya bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Tovuz rayonu Əyyublu kəndinin mərkəzində yerləşən telefon dükanında telefonları təmir edərək maddi tələbatlarını ödəyir. Zərərçəkmiş şəxs İsax oğlunu tanıyır, qohumudur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir, onu təxminən 5-6 il olarki tanıyır. Niyazi ilə heç bir mübahisəsi və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, işlədiyi telefon dükanının qarşısına çıxmışdır. Həmin vaxt uzaqdan görmüşdür ki, küçədə bir çox sayda şəxslər toplaşıblar. Nə baş verdiyi öyrənmək üçün o, dükanı bağlayıb onların toplaşdığı yerə tərəf addımlamışdır. Yaxınlaşanda görmüşdür ki, iki nəfər şəxs dalaşır. Diqqətlə baxdıqda iki nəfər dalaşan şəxsdən birinin onun qohumu Nəbi olduğunun şahidi olmuşdur. Nəbini yumruq zərbələri ilə vuraraq döyən şəxs isə onun həmkəndlisi Niyazi olmuşdur. O, tez onlara yaxınlaşıb Niyazini tutaraq Nəbidən aralamağa çalışmışdır. Niyazini arxadan qucaqlayıb kənara aparmışdır. Bir müddət onu kənarda tutub saxlamağa çalışmış, lakin sonra buraxmışdır. Lakin bir müddət keçdikdən sonra Niyazi yenidən Nəbinin üsünə gedərək, yenə onu yumruq zərbələri ilə vurmağa başlamışdır. O, bir daha onların yanına gedib Niyazini Nəbidən aralaşdırıb kənara aparmışdır. Onun sakitləşmək istədiyini görüb buraxmışdır. Bir az durub Niyazi yenidən Nəbinin üstünə cummuşdur. Yenə onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Bu dəfə ondan başqa Niyazini oraya toplaşan digər şəxslərdə aralaşdırmağa çalışmışlar. O, təxminən Niyazini 5-6 dəfə Nəbidən aralaşdırmışdır. Lakin Niyazi durub təkrar-təkrar Nəbinin üstünə cumaraq onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Təxminən 10 dəqiqəyə yaxın Niyazi Nəbini döymüşdür. Zərbələrin təsirindən Nəbinin sifət nahiyəsi xəsarət alaraq qanamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 da ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. Videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Tovuz rayonu Əyyublu kəndinin mərkəzi küçəsində, kafenin qarşısında eyni adlı kəndin sakini Təqsirləndirilən şəxs, həmkəndlisi Zərərçəkmiş şəxs İsax oğlunu 9 dəqiqə 59 saniyə vaxt ərzində, ətrafda olan şəxslərin müdaxilə etməsinə baxmayaraq, davamlı olaraq döymüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 201 nömrəli məhkəmə-tibb ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsax oğlunun bədənində aşkar edilmiş xəsarətlər – üst dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası, alın nahiyəsinin qançır-şişkinliyi səthi yaraları, sağ üst göz qapağının və sol gözaltı nahiyəsinin qançırları, sağ gicgah və sol almacıq nahiyyələrinin qançır-şişkinliyi; hər iki dodaq nahiyələrinin dodaq haşiyələrinin səthi yaraları - küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən üst dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumillikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 69.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il 01 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. “Şübhəli şəxs qismində tutulma barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(125)-41 saylı qərarından görünür ki, ərizə təmin edilmiş Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ]min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, habelə zərəçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin məhkumluğunun olması cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Çünki hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir və Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(125)-41 saylı qərarı ilə Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsində qeyd olunmuşdur ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin mütəmadi olaraq eyni qəbildən olan cinayət əməli törətməsi, bununla belə ona edilən qanunun güzəştlərindən layiqincə nəticə çıxarmamaqla özünün islah olunmadığını aşkarca nümayiş etdirməsi barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini şərtləndirir. Odur ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023 –cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-94 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar