Məhkəmə qərarları › İş №1(062)-101/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-101/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-101/2023 31.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsayev Emin Arif oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Abulbəyli kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sol qulağının və sol gözünün üst nahiyəsinə əli ilə qəsdən zərbələr vuraraq sonuncuya sol qulaq seyvanının təbil pərdəsinin travmatik perforasiyası ilə nəticələnmiş qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol qaş-sol üst göz qapağının qançır şişkinliyi, sol alt göz qapağı-sol gözaltı nahiyənin qançırı kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır və himayəsində iki nəfər azyaşlı uşaqları var. Son vaxtlar Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yaranmışdır. Belə ki, Aynurə onu eşitmir, ona cavab qaytarır, başqalarının yanında onu aşağılayır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evdə olarkən arvadı Aynurə ona hamilə olduğunu demiş və o isə bu halların tez-tez baş verdiyini söyləmişdir. Bu vaxt Aynurə “nə demək istəyirsən, yəni uşağı başqa kişidənmi qazanmışam?” söyləmişdir. Həmin vaxt o, əsəbləşmiş, aralarında mübahisə yaranmışdır. Bundan sonra o, çarpayıda uzanmış, Aynurə gəlib onun sinəsindən itələmiş, o isə ayağa durub sonuncunun sol sifət nahiyəsindən, gözünün üstündən, sol qulağının üstündən əli ilə vurub xəsarət yetirmişdir. Sonra evdən çıxıb getmişdir. Bu zaman evdə heç kim olmamış, Aynurəni öz yatdığı otaqda vurmuşdur. Onu vuran zaman yanlarında heç kim olmamış, onu vurub çıxdıqdan sonra anası Yazgül gəlmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir və onların iki nəfər azyaşlı uşaqları vardır. O, əri Fuadla birlikdə Tovuz rayonu Abulbəyli kəndində sonuncunun atası evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evdə olan zaman Fuad ona kimdən hamilə qaldığını, uşağın ondan olmamasını demişdir. O, Fuada onun küçə qadını olmadığını, ona qarşı niyə belə sözlərdən istifadə etdiyini söyləmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, Fuad yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Fuad yumruqla onun sol gözünün üstündən 3-4 dəfə, sol qulağının üstündən 2-3 dəfə, sol qolundan, baş nahiyəsindən əli ilə vuraraq ona bədən xəsarəti yetirmişdir. Fuad onu döyən zaman qaynanası Şahid evdə olmuş, hadisənin şahidi olmuş və onları sonuncu aralamışdır. Fuad onu döyən zaman özünü müdafiə etmək üçün onun sinəsindən itələmişdir. Bundan sonra o, anasına zəng etmiş, anası gəlib onu kəndə aparmışdır. Fuad isə 4 yaşlı qızını özü ilə götürüb aparmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, bazardan evə gəlmiş, evdə nəvələri ilə məşğul olmuşdur. Bu zaman oğlu Fuad çöldən heyvanı otarıb evə gəlmişdir. Fuad yemək hazır olmadığından yataq otağına keçib dincəlmək istəmişdir. Bu zaman Aynurə də Fuadın arxasınca yataq otağına keçmişdir. Həmin vaxt o, həyətdə olmuş, Fuadla Aynurənin mübahisə etdiklərini eşidib yataq otağına daxil olmuşdur. Otağa daxil olarkən onların mübahisə etdiklərini, Fuadın əli ilə Aynurənin sifətinin sol tərəfindən, qulağının üstündən vurmuş və o, onları aralayıb çıxıb getmişdir. Aynurə zəng edib anasını çağırmışdır. Onların nəyə görə dalaşdıqlarını bilməmiş, lakin sonradan ona məlum olmuşdur ki, Aynurə hamilə olduğunu Fuada demiş, bu səbəbdən mübahisə etmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT birliyi Tovuz rayon şöbəsinin 10 iyul 2023-cü il tarixli 506 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sol qulaq seyvanının təbil pərdəsinin travmatik perforasiyası ilə nəticələnmiş qançır-şişkinliyi, sol qaş-sol üst göz qapağının qançır-şişkinliyi, sol alt göz qapağı-sol gözaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol qulaq seyvanının təbil pərdəsinin travmatik perforasiyası ilə nəticələnmiş qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə material olmuş, CPM-nin 40.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə həmin işin icraatına xitam verilmiş, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il tarixdə anadan olmuş Mehriban və xx.xx.2021-ci il tarixdə anadan olmuş Məlahət adlı 2 (iki) nəfər azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilən zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncudan heç bir şikayət və tələbi yoxdur, hazırda bir ailədə yaşayırlar. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, cinayət işindən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə material olmuş, CPM-nin 40.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə həmin işin icraatına xitam verilmişdir. Yəni, şəxs bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi CM-nin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə şəxsin ümumilikdə bir dəfə cinayət məsuliyyətindən azad edilməsi halı nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisayında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar