Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-102/2023 27.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Tovuz rayon Məhkəməsinə aiddir. Cinayət işinin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(062)-119/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 11 may 2022-ci il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsində dəmiryol xəttinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi, atası X2 məxsus “Mersedes-Benz C180 minik” markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkətin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Аzərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin həmin tələblərini, yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq olmayan sürətlə idarə etməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin həmin tələblərini pozmaqla avtomobili 90- 100 km/saat sürəti ilə idarə etməklə, X5 onunla eyni istiqamətdə idarə etdiyi “Vaz-2106” markalı 60- BV-960 qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəyərkən həmin avtomobillə toqquşması nəticəsində həmin avtomobil aşmış, nəticədə “Vaz-2106” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında əyləşmiş X1 üst dodağının əzilmiş yarası, hər iki əng cibində selikli qişada kobud qalınlaşma və yığıntı, anteror nazal spində yerdəyişmış sınıq ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına, həmin avtomobilin sürücüsü X5 ağciyərin zədələnməsi və ikitərəfli hematoroks (plevra boşluğuna qan toplanması) ilə müşayiət olunan ikitərəfli çoxsaylı qabırğaların və hər iki kürək sümüklərinin sınıqları, paraplegiya (ərtafların iflici) və onurğa beyinin əzilməsi ilə müşayiət olunan onurğanın, döş qəfəsinin İV fəqərəsinin cisminin qəlpəli sınığı, bel fəqərələrinin sol yan çıxıntılarının çoxsaylı sınıqları, sol dirsək oynaq nahiyəsinin, sol saidin, sağ baldırın, döş qəfəsinin sağ yan və arxa səthlərinin, bel nahiyəsinin sıyrıqları, hər iki kürək nahiyəsinin, sol əlin, sol baldırın hemotomaları, onurğa beyinin əzilməsi və onurğanın çox saylı fəqərələrinin sınıqları fonunda qabırğaların və kürək sümüklərinin çoxsaylı sınıqları ilə ifadə olunmuş ikitərəfli hemotoroks, ağciyərin zədələnməsi, eləcədə posttravmatik dövrdə yaranan ağciyərin bronxopnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər çatışmazlığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla 25 may 2022-ci il tarixdə, saat 14:15 dəqiqədə Bakı şəhərində yerləşən X10 ölməsinə, “Vaz-2106” markalı 60- BV-960 qeydiyyat nişanlı avtomobilə 3189 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Salman Hüseynov) 19 dekabr 2022-ci il tarixli, 1(104)- 696/2022 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(062)- 119/2022 saylı hökmü və həmin məhkəmənin 15 sentyabr 2022-ci il tarixli 1(062)-119/2022 saylı məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Tovuz Rayon Məhkəməsində yenidən baxılması üçün məhkəmə hazırlıq mərhələsinə qaytarılmış, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi və zərərçəkmiş A.T.Bayramovun hüquqi varisi Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X9 oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022- ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Tovuz Rayon Məhkəməsində yenidən baxılması üçün məhkəmə hazırlıq mərhələsinə qaytarılmışdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3-cü maddəsinin tələblərinin pozulması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının təsdiq edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkəmədən cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər proses iştirakçıları qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, proses iştirakçılarının fikirlərini öyrənərək belə hesab edir ki, cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.5-ci maddəsində isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının təsdiq edilməməsi kobud pozuntu kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, işdə olan ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroru tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CPM-in 290.3-cü maddəsində göstərilən qərarlardan heç biri qəbul edilmədən cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. CPM-in 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Azərbaycan Respublikası CPM-in 303.2-ci madəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılsın.
3. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Sədrlik edən: Zaur Hünmətov