Məhkəmə qərarları › İş №1(062)-102/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-102/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-102/2024 25.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında cəza çəkən, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olan və həbs edilənədək Tovuz rayonu Alakol kəndində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının istintaqa məlum olmayan günündə Tovuz rayonu Alakol kəndində tanışı Zərərçəkmiş şəxs pul dəyişmək adı ilə aldadaraq heç bir nominal və real dəyəri olmayan 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 100 ABŞ dollarına bənzər və 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 200 (iki yüz) AZN pul əsginazlarına bənzər kağızları verib əvəzində sonuncunun 1110 (bir min yüz on) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus 1110 (bir min yüz on) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə əvvəlcədən qaytarmaq niyyəti olmadığı halda qısa müddətdə qaytaracağına dair yalan vəd verib tanışı Zərərçəkmiş şəxs borc adı ilə aldadaraq, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin fevral ayının istintaqa müəyyən olmayan günündə Tovuz rayonu Alakol kəndində 1000 (bir min) və 2024-cü ilin fevral ayının istintaqa müəyyən olmayan günündə Tovuz rayonu Alakol kəndində 1000 (bir min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus cəmi 2000 (iki min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, mərhum arvadı Ağdam rayon sakini X1 görə Ağdam rayonu Çəmənli kəndinə pasport qeydiyyatına düşmüşdür. O, barəsində olan şikayətlə əlaqədar olaraq bildirmişdir ki, Tovuz rayonu Alakol kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur. Onların hətta həmin şəxslərlə qohumluq əlaqələri də vardır. Həmçinin onun Zərərçəkmiş şəxsla arasında bugünə qədər heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, təxminən 2022-ci ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Tovuz rayonu Alakol kəndində mərhum qardaşı X2 otağına daxil olanda mərhum qardaşına məxsus əşyaların içərisindən üçü “200 manat”, üçü də “100 dollar” olmaqla hər birinin üzərində “etibarsızdır” yazılmış pul kağızları tapmışdır. O, elə həmin vaxtdan üzərində “etibarsızdır” yazılmış 6 ədəd pul kağızlarını Tovuz rayonu Alakol kəndində yaşadığı evdə saxlamışdır. O, 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günüdə başqa şəxslərə borcu olduğu üçün həmin borcları qaytarmaq məqsədi ilə Tovuz rayonu Alakol kəndində yaşadığı evdə saxladığı üzərində “etibarsızdır” yazılmış 6 ədəd pul kağızını götürüb onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evdə tək olmuşdur. O, Qəzənfərlə salamlaşıb Qəzənfər üçü “200 manat”, üçü də “100 dollar” olmaqla hər birinin üzərində “etibarsızdır” yazılmış pul kağızlarını verib həmin pulları xırdalamağını xahiş etmişdir. Bu zaman Qəzənfər ona vermiş olduğu üçü “200 manat”, üçü də “100 dollar” olmaqla hər birinin üzərində “etibarsızdır” yazılmış 6 ədəd pul kağızı qarşılığında ona xırda olaraq 1110 (bir min yüz on) manat məbləğində pul vəsaiti vermişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs ona vermiş olduğu pulları saxlamağını, tez bir zamanda əvəzində pul verib həmin pul vəsaitlərini ondan geri alacağını demişdir. O, həmin gündən bir neçə gün sonra, yəni 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə yenə Zərərçəkmiş şəxs yaşadığı evə gedib ondan borca 1000 (bir min) manat məbləğində pul istəmişdir. O, Qəzənfərə yalandan demişdir ki, avtomobil almışdır və həmin avtomobili təmir etdirməlidir deyə ona pul lazımdır. Zərərçəkmiş şəxs o qədər pulu olmadığını bildirib ona 800 (səkkiz yüz) manat borca pul verəcəyini bildirmişdir. O da Qəzənfərlə razılaşıb həmin gün Qəzənfərdən 800 (səkkiz yüz) manat pul alıb çıxıb getmişdir. Aradan yenə təxminən bir-iki gün keçdikdən sonra o, yenə 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs yaşadığı evə gedib Zərərçəkmiş şəxs borca 1000 (bir min) manat məbləğində pul istəmişdir. Qəzənfər yenə ona o qədər pulu olmadığını bildirib ona 700 (yeddi yüz) manat borca pul verəcəyini bildirmişdir. O da Qəzənfərlə razılaşıb həmin gün Qəzənfərdən 700 (yeddi yüz) manat pul alıb çıxıb getmişdir. Aradan yenə bir-iki gün keçmiş, yəni 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs yaşadığı evə gedib ondan borca 600 (altı yüz) manat pul istəmişdir. Həmin vaxt Qəzənfər o qədər pulunun olmadığını deyib ona 500 (beş yüz) manat məbləğində pul vəsaiti vermişdir. O, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 3110 (üç min yüz on) manat məbləğində pul vəsaiti ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs almış olduğu pul vəsaitlərini başqa şəxslərə olan borcları üçün xərcləmişdir. O, etmiş olduğu əməldən səmimi peşmandır. O, bu barədə hər hansı şəxs və ya şəxslərə məlumat verməmiş, nə də ki, onun etmiş olduğu dələduzluq əməli barədə hər hansı şəxs və ya şəxslərin məlumatı olmamışdır. Ona Tovuz rayonu Alakol kəndi ərazisində törətmiş olduğu dələduzluq əməlini icra edərkən və yaxud icra etməzdən əvvəl hər hansı şəxs və ya şəxslər köməkdarlıq etməmişdir. O, bu əməli tək şəkildə törətmişdir. Həmin vaxt, yəni 2024-cü ilin fevral ayı ərzində o, Tovuz rayonu Alakol kəndi ərazisində olarkən onun üzərində (051) ***-**-** nömrəli mobil telefon olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Alakol kəndində qızı Svetlana ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onunla Tovuz rayonu Alakol kəndində qonşuluqda yaşayır. Onun əvvəllər qonşusu Təqsirləndirilən şəxs ilə arasında heç bir düçmənçilik və ədavət olmamışdır. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Mayis onun yaşadığı evə gələrək 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarını ona verərək həmin pulları ondan xırdalatmağı xahiş etmişdir. O, həmin vaxt yaşadığı evdə olsa da qızı Svetlana yaşadığı evdə olmamışdır. Təqsirləndirilən şəxs həmin pulları ona verəndə xırdasının 1110 (bir min yüz on) manat olduğunu demişdir. O da təqaüdü ilə yığdığı pulun bir qismini, yəni 1110 (bir min yüz on) manat pulu götürüb Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Mayis ona verdiyi pulları saxlamağını və iş üçün Rusiyaya gedəndə gəlib həmin pulları əvəzini verib ondan geri alacağını demişdir. Mayis ondan aldığı 1110 (bir min yüz on) manat pulu götürüb çıxıb getmişdir. Mayis yenə 2-3 gün keçdikdən sonra 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə o, yaşadığı evə gələrək ondan sement və avtomobil almaq üçün 1000 (bir min) manat pul lazım olduğunu deyib ondan 1000 (bir min) manat borca pul istəyib geri qaytaracağını demişdir. O da Mayisə inanıb ona həmin gün 1000 (bir min) manat məbləğində borca pul vermişdir. Həmin gün də onunla birlikdə yaşayan qızı Svetlana evdə olmamışdır. Mayis ondan 1000 (bir min) manat məbləğində borca pul alıb çıxıb getmişdir. O, bu barədə qızı Svetlanaya və hər hansı şəxsə məlumat verməmişdir. Həmin gündən, yəni Mayisə 1000 (bir min) manat məbləğində borca pul verdiyi gündən təxminən 2-3 gün sonra, yəni 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Mayis yenə onun yaşadığı evə gələrək ondan yenə 1000 (bir min) manat məbləğində borca pul istəmişdir. O da özündə pul olmadığı üçün gedib qonşusu Zərlidən 1000 (bir min) manat məbləğində borca pul istəmişdir ki, Mayisə borca pul lazımdır. Zərli də ona borca 1000 (bir min) manat məbləğində pul vermişdir. O da Zərlidən 1000 (bir min) manat pul alıb küçədə onu gözləyən Mayisə vermişdir. Mayis həmin vaxt Rusiyada yaşayan qardaşı gələn kimi borcunu qaytaracağını deyib çıxıb getmişdir. 2024-cü ilin mart ayının əvvələrində dəqiq xatırlamadığı gündə qardaşı oğlu İbrahim onlara gələndə o, Mayisin ona verdiyi 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarını İbrahimə göstərmişdir. İbrahim həmin pul əsginzalarına baxıb həmin 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarının üzərinə “etibarsızdır” sözü yazıldığını və həmin pul əsginazlarının hamısının saxta olduğunu deyib Mayisin onu aldatdığını bildirmişdir. O da Mayisin onu aldadaraq 3110 (üç min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı Tovuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, ərizəsində Mayisin ona üzərində “etibarsızdır” sözü yazılmış 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazları verib əvəzində onun 1110 (bir min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməsini qeyd etmişdir. O, bundan sonra Tovuz rayon X4 bölməsinə vermiş olduğu izahatında Təqsirləndirilən şəxs onu borc almaq adı ilə aldadıb əlavə də 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməsini bildirmişdir. Mayis İsmayıl onu aldadaraq 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günlərində 3 dəfəyə ümumilikdə onun 3110 (üç min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günlərində 3 dəfəyə ümumilikdə onun 3110 (üç min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirən zaman onları kənardan heç bir şəxs görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İsfəndiyar oğlu ifadəsində göstərdi ki, o, Tovuz rayonu Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs onun doğma əmisidir və o, əmisi Zərərçəkmiş şəxsla Tovuz rayonu Alakol kəndində qonşuluqda yaşayır. Onun əmisi Zərərçəkmiş şəxsla münasibəti yaxşıdır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs da onunla Tovuz rayonu Alakol kəndində qonşuluqda yaşayır. Onun qonşusu Təqsirləndirilən şəxs ilə də münasibəti yaxşıdır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin mart ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə əmisi Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Bu zaman əmisi Zərərçəkmiş şəxs ona Mayisin verdiyi 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarını göstərmişdir. O, həmin pul əsginzalarına baxıb həmin 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarının üzərinə “etibarsızdır” sözü yazıldığını və həmin pul əsginazlarının hamısının saxta olduğunu əmisi Zərərçəkmiş şəxs deyib Mayisin onu aldatdığını bildirmişdir. Həmin vaxt əmisi Zərərçəkmiş şəxs Mayis tərəfindən aldadılaraq pul vəsaitinin ələ keçirdiyini başa düşmüşdür. Onda sonra əmisi Qəzənfər ona 2024-cü ilin ferval ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs borc kimi əlavə olaraq 2000 (iki min) manat pul verdiyini və Təqsirləndirilən şəxs həmin pul vəsaitini geri qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Alakol kəndində atası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. O, atası Zərərçəkmiş şəxs ilə birlikdə Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Atası Qəzənfərin barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur və onun Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2024cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə atası Qəzənfər ona qonşuları Mayisin üzərində “etibarsızdır” sözü yazılmış 3 ədəd “100 dollar”, 3 ədəd isə “200 manat” pul əsginazlarını verib əvəzində xırda kimi 1110 (bir min yüz on) manat pul aldığını və həmçinin də Təqsirləndirilən şəxs atası Qəzənfəri borc almaq adı ilə aldadıb əlavə də 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməsini bildirmişdir. Mayis İsmayıl onu aldadaraq 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günlərində 3 dəfəyə ümumilikdə onun 3110 (üç min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O da bunu atasından eşidib bilən zaman atası Zərərçəkmiş şəxs polisə şikayət etməsini məsləhət görmüşdür. Onun məsləhəti üzrə atası Zərərçəkmiş şəxs ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmçinin o, bildirmişdir ki, qonşuları Mayis İsmayıl atası Zərərçəkmiş şəxs aldadaraq 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günlərində 3 dəfəyə ümumilikdə atasının 3110 (üç min yüz on) manat məbləğində pul vəsaitini ələ keçirən zaman o, yaşadıqları evdə olmamış və həmin vaxtlar da atası Zərərçəkmiş şəxs ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayonu Alakol kəndində ailə üzvləri birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun qonşuları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşıdır və həmin şəxslərlə arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş və ondan borca 1000 (bir min) manat pul istəmişdir. O, həmin pulu nəyə görə almaq istədiyini Zərərçəkmiş şəxs soruşanda Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs pul lazım olduğunu və ona görə pulu alıb Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs həmin vaxt borca 1000 (bir min) manat məbləğində pul vermişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında görməmişdir. Çünki Zərərçəkmiş şəxs onun yaşadığı evə tək gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxt ona Təqsirləndirilən şəxs küçədə gözlədiyini və ondan alacağı pulu, yəni 1000 (bir min) manatı aparıb Təqsirləndirilən şəxs verəcəyini demişdir. Zərərçəkmiş şəxs həmin vaxt ondan 1000 (bir min) manat pul alıb çıxıb getmişdir. Lakin o, həmin gün Təqsirləndirilən şəxs görməmişdir. Daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb müəyyən məbləğdə pul vəsaitini ələ keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Ağdam Rayon İHB-nin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd ərazisində yaşadığı müddətdə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)- 14/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(062)- 3/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 gün hissəsi 06 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Güzdək kəndində tutularaq Tovuz RPŞ-yə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2023-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Tovuz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2024-cü il tarixə çəkilməmiş qalan 04 ay 15 gün hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmalı və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, yəni sonuncu hökm çıxarıldığı gündən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və onun həbsdə olması nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək 2 (iki) gün tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 100 ABŞ dollarına bənzər və 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 200 (iki yüz) AZN pul əsginazlarına bənzər kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 06 (altı) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının xx.xx.2024-cü il tarixə çəkilməmiş 04 (dörd) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olan 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 100 ABŞ dollarına bənzər və 3 ədəd üzərində “Etibarsızdır” sözləri yazılmış 200 (iki yüz) AZN pul əsginazlarına bənzər kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar