Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-103/2025 29.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 29 iyul 2025-ci il tarixdə Tovuz şəhərində xx.xx.1998-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd qızılı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 2,74 qram və bir ədəd bir manatlıq kağız əskinaza bükülmüş təmiz çəkisi 2,49 qram olmaqla, ümumilikdə təmiz çəkisi 5,23 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qəhvəyi rəngli qısaqol gödəkçənin sol yan cibində saxlamış, 11 aprel 2025-ci il tarixdə, saat 23:38 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Qovlar şəhəri ərazisində saxlanılaraq, həmin tarixdə, saat 23:38 dəqiqədən saat 23:53 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd qızılı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 2,74 qram və bir ədəd bir manatlıq kağız əskinaza bükülmüş təmiz çəkisi 2,49 qram olmaqla, ümumilikdə təmiz çəkisi 5,23 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli qısaqol gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Tovuz rayon Aşağı Quşçu kəndində yaşayır. Narkotik maddə hesab edilən qurudulmuş mariuxananın aludəçisidir, marixuanadan istifadə edir. O, iki ay bundan öncə yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən dəmiryolunun yaxınlığı ilə hər hansı məqsəd olmadan gedərkən yerdə qızılı kağız büküm olduğunu görmüş, həmin kağız bükümə baxan zaman onun marixuana olduğunu görmüş və şəxsi istifadə üçün götürüb üzərində saxlamışdır. O, başqa şəxslərin əlinə keçməsin deyə tapmış olduğu narkotik maddə olan marixuananı daima üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında piyada yolun kənarında hərəkət edən zaman bir nəfər mülki geyimdə və 3 (üç) nəfər polis formasında olan şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşlarından bir nəfəri özünə məxsus mobil telefonla video çəkiliş aparırmış. Həmin üç nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olmadığnı demişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan qəhvəyi rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd manatlıq əskinaz büküm və bir ədəd qızılı rəngli büküm aşkar edilmişdir. Növbəli qaydada həmin bükümlərə açılaraq baxış keçirilmişdir. Bir manatlıq kağız əskinaz bükümünə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd qızılı rəngli kağız büküm açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd manatlıq əskinaz kağız bükümdə və bir ədəd qızılı kağız bükümdə olan kütləlar növbəli qaydada bir adəd elektron tərəzidə çəkilmişdir. Bir ədəd manatlıq kağız əskinaz bükümdə olan kütlə kağızla birlikdə 3,78 qram qram təşkil etmişdir. Bir ədəd qızılı rəngli kağız bükümdə olan kütlə kağızla birlikdə 3.05 qram qram təşkil etmişdir. Ümumi çəkiləri isə 6,82 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş kütlələr bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-nə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən X2. X1 iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, narkotik vasitəni tapan zaman tək olmuşdur. Narkotik vasitəni tapan zaman narkotik vasitə olan marixuana qızılı kağız bükümdə olmuşdur. Bir müddət sonra həmin kağızda çatlar əmələ gəlməsi səbəbindən o, marixuananı iki hissəyə bölərək bir hissəsini tapmış olduğu qızılı kağız bükümdə qalanını isə həmin an cibində olan bir manatlıq kağız əskinaza bükmüşdür. Üzərindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır, marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-si, CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 11 aprel 2025-ci il tarixdə saat 21 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirən zaman o, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu, Qovlar şəhəri ərazisində olması barədə məlumat almış, bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra o, Tovuz RPŞ-si, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2, Tovuz RPŞ-si, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 və Tovuz RPŞ-si, PPXB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-si, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2, Tovuz RPŞ-si, İTB-nin sahə polis nəfəri və polis serjantı Şahid4 ilə o, həmin gün saat 21 radələrində avtomobilə əyləşib Tovuz rayonu, Qovlar şəhərinə getmişlər. Həmin əraziyə çatanda görmüşdür ki, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Qovlar şəhərində yavaş-yavaş piyada yeriyərək şəhər ərazisində hərəkətdədir. Bundan sonra onlar piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən Təqsirləndirilən şəxs üzərinə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı sorușmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olmadığını bildirdikdən sonra onun üzərinə baxış keçirmiş baxış zamanı onun əynində olan qəhvəyi rəngli qısa qol gödəkçənin sol yan cibindən ayrı-ayrılıqda olmaqla iki ədəd biri qızılı rəngli kağız digəri bir manatlıq əskinaz bükümün içərisində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütlə aşkar edilmişdir. Həmin iki ədəd biri qızılı rəngli kağız digəri bir manatlıq əskinaz bükümlər açılaraq baxış keçirilmişdir. Baxıș zamanı iki ədəd biri qızılı rəngli kağız, digəri bir manatlıq əskinaz bükümün içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümündə olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr olduqları bükümlər ayrıayrılıqda 2,74 qram və 2,49 qram olmaqla ümumilikdə 5,23 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bükümlərdəki narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, həmin narkotik maddə bir ədəd zərfə qoyulub qablaşdırıldı və zərfin ağzı - Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş iş üzrə Şahid2, Şahid4 və ifadəsi elan olunmuş Şahid3 ifadələri Şahid1 verdiyi ifadə ilə eyni məzmunludur. İşin 38-ci vərəqəsində olan 12 aprel 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 39-cu vərəqəsində olan 12 aprel 2025-ci il tarixli 16/354 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd 1AZN-lik əskinasda və 1 (bir) ədəd qızılı kağız bükümdə, ayı-ayrılıqda təmiz çəkiləri 2,74 qram və 2,49 qram olan ümumi təmiz çəkisi 5,23 qram olan olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 64-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 85-ci vərəqəsində olan tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmadığı müəyyən olunur. İşə əlavə olunmuş xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşə əlavə olunmuş Azərbaycan Respublikası TƏBİB “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verlmiş verimiş 18 iyul 2025-ci il tarixli tibbi arayışdan görünr ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin infiltrativ vərəm xəstəlyi mövcuddur. Cinayət işin 88-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin suətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 05 iyun 2024-cü il tarixdə Melisa adlı qızı anadan olmuşdur. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 13 iyun 2025-ci il tarixli 944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 14-cü vərəqəsində olan 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, xəstəliyinin olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdən 13 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli 944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyatda olduğundan onun barəsində təkrar olaraq narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmasını məhkəmə məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 5.19 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəklmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 5,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-103/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-103/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver