Məhkəmə qərarları › İş №1(062)-107/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-107/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-107/2024 21.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Tovuz rayon, X3 sədri vəzifəsində işləyən, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» əsas və «vəzifədən kənarlaşdırma» əlavə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Tovuz rayon X3 və fiziki şəxs Zərərçəkmiş şəxs qanunla qorunan mənafeyinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah və ya sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 698-İQ nömrəli Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ nömrəli Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Tovuz rayonunun Böyük Qışlaq, Səfərli, Məsimlər, Mollalar və Şamlıq kəndlərinin ərazilərini əhatə edən X8nə xx.xx.2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən bələdiyyə üzvlərinin xx.xx.2000-ci il tarixli, 11 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Tovuz rayon X3 Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən suiistifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sair şəxsi niyyətlə istifadə etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.3-cü bəndinə əsasən, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə zidd olaraq özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq, habelə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X1”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2022-ci ildə Tovuz rayonu, Böyük Qışlaq kənd bələdiyyəsinin ərazisində heyvandarlığın inkişafı məqsədilə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə müraciət edən həmin bələdiyyə ərazisində yaşayan Zərərçəkmiş şəxs qarşısında nüfuz əldə etmək məqsədilə həmin bələdiyyənin Tovuz rayonu, Böyük Qışlaq kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi X3 ehtiyat fondunda olan 0,95 hektar (örüş) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə Zərərçəkmiş şəxs qanunsuz olaraq icarəyə verilməsi prosedurunun başlanmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş həmin tarixli iclas protokolunun məzmununa həmin protokolun bələdiyyə iclasının keçirilməsi, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı, yetərsayın təmin edilməsi, qərarın kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq etmiş, habelə qeyd olunan torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olmaqla icarə predmeti olmasına, onun icarəyə verilməsinin mümkünlüyünə dair ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankda öz adından xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəy və sxem tərtib edib imzalayaraq bələdiyyənin möhürü ilə təsdiq etməklə Tovuz rayonu X8nə məxsus 0,95 ha torpaq sahəsinin 30 il müddətinə Zərərçəkmiş şəxs icarəyə verilməsi haqqında müvafiq qaydada qeydiyyata alınmamış xx.xx.2022-ci il tarixli, 23 nömrəli icarə müqaviləsi bağlayıb həmin torpaq sahəsini faktiki olaraq Zərərçəkmiş şəxs sərəncamına və istifadəsinə verməklə vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə Tovuz rayon X3 və fiziki şəxs Zərərçəkmiş şəxs əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərində suiistifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah və ya sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Tovuz rayonu, Böyük Qışlaq kəndində yaşayır. xx.xx.2019-cu ildə Tovuz rayonu, X8nə sədr seçilmiş, xx.xx.2020-ci il tarixdə bələdiyyə sədri kimi təsdiq olunaraq vəzifələrini icra etməyə başlamışdır. Halhazırda həmin bələdiyyənin sədridir. X8 işini “X1nin təsdiq edilməsi haqqında” 15 oktyabr 1999-cu tarixli Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq qurur. X3 onunla bərabər Şahid3, Şahid2, Şahid4, Şahid5, X4, X5, X7 və Şahid7 Ələsgər oğlundan ibarət doqquz üzvü vardır. Bələdiyyənin üzvləri növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul, icra edilməsi və sairdən ibarət məsələləri həll edir. Hazırda dövlət aktı və elektron xəritə hazırlanaraq təqdim edilmədiyi üçün X3 mülkiyyətində nə qədər torpaq sahəsinin olması tam olaraq məlum deyildir. Köhnə xəritəyə əsasən Bələdiyyənin mülkiyyətində ümumilikdə 927 ha torpaq sahəsi vardır. Bələdiyyənin 806 ha ümumi istifadədə olan örüş sahəsi, 34 ha ehtiyat fondu torpaq sahəsi, 17 ha əkin üçün ayrılmış torpaq sahəsi, 64 ha otlaq və biçənəklər üçün ayrılmış torpaq sahəsi, 6 ha ehtiyat məqsədləri daşıyan digər torpaq sahələri vardır. X8 Böyük Qışlaq, Səfərli, Məsimilər, Mollalılar və Şamlıq kənd inzibati ərazisindən ibarətdir. Tovuz rayonu, Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evinin yaxınlığında bələdiyyənin balansında olan 0.95 ha (örüş) kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. O, bələdiyyə sədri seçildikdən sonra, yəni, 2020-ci ildə Zərərçəkmiş şəxs ona müraciət edərək həmin torpaq sahəsinin icarə verilməsini xahiş etmişdir. Əvvəllər torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmadan mövsümi icarə müqaviləsi bağlanıla bildiyindən o, Zərərçəkmiş şəxsla 2020-ci ildən 2022-ci il tarixədək mövsümi 6 aylıq icarə müqavilələri bağlamışdır. 2022-ci ildən etibarən isə torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmadan icarə müqaviləsi bağlanmağına icazə verilməmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayında ona müraciət edərək, həmin istifadəsində olan torpaq sahəsinin ona icarə verilməsini və onunla icarə müqaviləsi bağlanmasına köməklik edilməsini xahiş etmiş, həmin torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ tanınmadığından, yəni, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə çıxarış olmadığından və bələdiyyənin mülkiyyət hüququnun tanınması barədə belə bir çıxarış olmadan icarə müqaviləsi bağlanması mümkün olmadığından, o, Zərərçəkmiş şəxs əvvəlcə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə çıxarış alaçağını və daha sonra icarə müqaviləsi bağlayacağını bildirmişdir. Zərərçəkmiş şəxs da ondan həmin torpaq sahəsinə dair sənədləri tez bir zamanda düzəltməsini və onunla icarə müqaviləsi bağlamağını xahiş etmişdir. Bundan sonra, o, heç bir bələdiyyə iclası keçirmədən, yəni, heç bir bələdiyyə üzvləri iştirak etmədən guya sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” PHŞ--in 15 saylı Tovuz Ərazi İdarəsindən rəy alınmasının qərara alınması barədə xx.xx.2022-ci il tarixdə özündən bələdiyyə iclası protokolu tərtib etmiş, daha sonra özündən tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 11 nömrəli iclas protokolunun surətini “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” PHŞ-n 15 saylı Tovuz Ərazi İdarəsinə və Şəmkir Regional Ədliyyə İdarəsinə göndərmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsindən və rayon İcra Hakimiyyəti tərəfindən rəy verilməsi müəyyən vaxt tələb etdiyindən və o, Zərərçəkmiş şəxs tez bir zamanda onunla icarə müqaviləsi bağlamağa söz verdiyindən özündən qeyd olunan torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olmaqla icarə predmeti olmasına, onun icarəyə verilməsinin mümkünlüyünə dair ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankında öz adından rəy hazırlamışdır. Guya “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” bildirmişdir ki, Tovuz rayonu, Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs icarə verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.95 ha olmaqla X3 mülkiyyətinə aiddir və icarə predmentidir. İcarəyə verilmiş nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına heyvandarlığın inkişafı olmaqla həmin məqsəd üçün icarəyə verilməsi qanuna müvafiqdir. Həmin ərazi “Gəncə-Qazax rayonun zona bölgüsündə Tovuz rayonuna aiddir” sözləri yazılmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəy və guya Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş həmin 0.95 ha torpaq sahəsinin yerləşdiyi yerin sxemini tərtib edib öz adından imzalayaraq bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Daha sonra həmin günü özündən tərtib etdiyi həmin sənədlər əsasında Tovuz rayonu X8nə məxsus 0,95 ha torpaq sahəsinin 30 il müddətinə Zərərçəkmiş şəxs icarəyə verilməsi haqqında müvafiq qaydada qeydiyyata alınmamış xx.xx.2022-ci il tarixli, 23 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin surətini, rəyi və sxemi də Zərərçəkmiş şəxs təqdim etmişdir. Təqdim edilən “Zərərçəkmiş şəxs torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” sxem onun tərəfindən tərtib edilmişdir. Həmin sxemdə Tovuz rayonu X3 sədri Təqsirləndirilən şəxs sözlərinin qarşısındakı imza ona məxsusdur və həmin möhür özü tərəfindən vurulmuşdur. Sxemin tərtib edilməsində məqsəd, guya Zərərçəkmiş şəxs icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar olmuşdur. Lakin texniki səhvə yol verərək həmin sxemdə torpaq sahəsinin icarə verilməsi əvəzinə mülkiyyətinə verilməsini yazmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin gerbli blankında yazılmış Tovuz rayonu Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs X14 mülkiyyətindən maldarlığın inkişafı məqsədilə 0,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəydə olan imza ona məxsusdur və möhür Tovuz rayon X8nə məxsus olmaqla onun tərəfindən vurulmuşdur. O, icarə müqaviləsi bağlamazdan əvvəl “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsindən rəy alınmasının zəruri olduğunu bildiyindən və həmin rəyin alınması uzun müddət çəkəcəyindən ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin gerbli blankında yazılmış Tovuz rayonu Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs X14 mülkiyyətindən maldarlığın inkişafı məqsədilə 0,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəy tərtib etmiş və həmin rəyin altını öz imzası ilə təsdiq edərək bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Rəyin tərtib edilməsində məqsəd, guya Zərərçəkmiş şəxs icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar olmuşdur. Ümumiyyətlə bələdiyyənin hər hansı bir məsələ barədə rəy yazmaq və ya vermək səlahiyyəti yoxdur. Həmin sənədi biləbilə yalandan tərtib etmişdir. Tovuz rayon prokurorluğuna verdiyi izahatında məsuliyyətə cəlb olunmaqdan qorxduğu üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin gerbli blankında səhvə yol verərək həmin blanka baxmadan bələdiyyənin blankı olmasını zənn edib rəy yazdığını və burada hər hansı məqsədinin olmaması barədə izahat vermişdir. Həmin rəyi özü tərtib etmişdir. Sadəcə olaraq həmin şöbə ləğv olunduğundan və o, bunu bildiyindən icarə müqaviləsini rəsmiləşdirmək məqsədi ilə rəyi tərtib edərək altını öz imzası ilə təsdiq edib, möhürləmişdir. Bir daha qeyd etmşdir ki, bələdiyyənin rəy vermək səlahiyyəti yoxdur və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsi ləğv edilmişdir. Bələdiyyənin balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zərərçəkmiş şəxs icarəyə verilərkən “Torpaq Məcəlləsinə”, “Bələdiyyə torpaqlarınını idarə edilməsi haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq torpaqların icarəyə verilməsi qaydalarının heç birinə riayət etməmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” PHŞ-n 15 saylı Tovuz Ərazi İdarəsindən rəy alınmasının qərara alınması barədə heç bir bələdiyyə iclası keçirməmişdir. O, həmin torpaq sahəsində bələdiyyə mülkiyyət hüququnu tanıtmadan və heç bir bələdiyyə iclası keçirmədən Zərərçəkmiş şəxsla icarə müqaviləsi bağlamışdır. 16 oktyabr 2022-ci il tarixdə heç bir bələdiyyə iclası keçirmədiyindən iclas protokolunda və çıxarışda heç bir bələdiyyə üzvünün imzası yoxdur. Həmin iclas protokolunu özü tərtib edib imzalayaraq bələdiyyənin möhürü ilə möhürləmişdir. Protokolda və çıxarışdakı “iclasın katibi” yazılan sözlərin qarşısındakı imzanı da Nazilə Nəsirova yox, özü imzalamışdır. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, ona yüngül cəza verlməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Tovuz rayon X3 nümayəndəsi kimi tanınan X7 məhkəməyə teleqram ünvanlayaraq şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Böyük Qışlaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2005-ci il tarixdən Tovuz rayonu, Böyük Qışlaq kənd poçt şöbəsinin rəisi işləyir. Arvadı Şahid2 xx.xx.2019-cu ildə Tovuz rayonu, X8nə üzvü seçilmişdir və hal-hazıradək həmin bələdiyyənin üzvüdür. Yaşadığı evin yaxınlığında bələdiyyənin balansında olan 0.95 ha (örüş) kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Tovuz rayonu, Böyük Qışlaq kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə sədri olduqdan sonra, yəni, 2020-ci ildə Təqsirləndirilən şəxs müraciət edərək həmin torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmiş, əvvəllər torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmadan mövsümi icarə müqaviləsi bağlanıla bildiyindən o, bələdiyyə sədri Təqsirləndirilən şəxsla 2020-ci ildən 2022-ci il tarixədək mövsümi 6 aylıq icarə müqavilələri bağlamışdır. Müqavilə müddəti bitdikdən sonra təxminən, 2022-ci ilin yaz aylarında bələdiyyə sədri Təqsirləndirilən şəxs məktub yazıb müraciət edərək, həmin istifadəsində olan torpaq sahəsinin ona yenidən icarəyə verilməsini və icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona 2022-ci ildən etibarən torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmadan icarə müqaviləsi bağlanmağına icazə verilmədiyini, əvvəlcə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə çıxarış almağını və daha sonra onunla 30 illik icarə müqavilə bağlayacağını və bunun üçün müəyyən proseduraların olduğunu və həmin proseduraların müəyyən xərclərinin olacağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onunla Tovuz rayonu X8nə məxsus 0,95 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 23 nömrəli icarə müqaviləsi bağlamış və ona müqavilənin surətini, torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olmaqla icarə predmeti olmasına, ona icarəyə verilməsinin mümkünlüyünə dair ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankında yazılmış və özü tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəyin surətini, guya onun mülkiyyətinə verilmiş həmin 0.95 ha torpaq sahəsinin yerləşdiyi yerin sxemini və həmin torpaq sahəsinin qaiməsini (sertifikatını) vermişdir. O, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair çıxarışı və qəbzlərini tələb etsə də, Təqsirləndirilən şəxs ona çıxarışı və qəbzləri daha sonra verəcəyini bildirmişdir. Bundan sonra o, həmin müddətdən 2023-cü ilin may ayınadək Təqsirləndirilən şəxs çıxarış və qəbzləri tələb etsədə Zöhrab hər dəfə ona müxtəlif bəhanələr gətirərək ona torpaq sahəsinin icarəyə verilməsi barədə çıxarış və ya qəbz verməmiş, icarə müqaviləsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmləşdirməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxsin həbs olunmasını istəmir. Sadəcə olaraq ona dəymiş ziyanın ödənilməsini istəyir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon X3 üzvü Şahid2 göstərmişdir ki, Tovuz rayonu, Böyük Qışlaq kəndində əri Zərərçəkmiş şəxs, oğlu X10, övladı X11, qayınatası X9 və qayınanası X2 ilə birlikdə yaşayır. 2005-ci il tarixdən hal-hazıradək Tovuz rayonu, Böyük Qışlaq və Şamlıq kənd ümumi orta məktəblərində texnologiya və təsviri incəsənət müəllimi işləyir. xx.xx.2019-cu ildə Tovuz rayon X8nə üzv seçilmiş və hal-hazıradək həmin bələdiyyənin üzvüdür. Onların yaşadıqları evin yaxınlığında bələdiyyənin balansında olan 0.95 ha (örüş) kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Tovuz rayonu, Böyük Qışlaq kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə sədri olduqdan sonra, əri Zərərçəkmiş şəxs ona müraciət edərək həmin torpaq sahəsinin ərinə icarə verilməsini xahiş etmiş və bələdiyyə sədri Təqsirləndirilən şəxsla 2020-ci ildən 2022-ci il tarixədək mövsümi 6 aylıq icarə müqavilələri bağlamışdırlar. Müqavilə müddəti bitdikdən sonra isə əri Qabil təxminən, 2022-ci ilin yaz aylarında bələdiyyə sədri Təqsirləndirilən şəxs məktub yazıb müraciət edərək, həmin istifadəsində olan torpaq sahəsinin ona yenidən icarəyə verilməsini və onunla icarə müqaviləsini bağlanmasını xahiş etmişdir. Zöhrab ərinə 2022-ci ildən etibarən torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmadan icarə müqaviləsi bağlanmasına icazə verilmədiyini, əvvəlcə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə çıxarış alacağını və daha sonra əri ilə 30 illik icarə müqavilə bağlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə heç bir bələdiyyə iclası keçirmədən özbaşına Tovuz rayonu X8nə məxsus 0,95 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 23 nömrəli icarə müqaviləsi bağlamış və müqavilənin surətini və digər sənədləri yəni, torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olmaqla icarə predmeti olmasına, icarəyə verilməsinin mümkünlüyünə dair ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankında yazılmış və özü tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəyin surətini, guya ərinin mülkiyyətinə verilmiş həmin 0.95 ha torpaq sahəsinin yerləşdiyi yerin sxemini və həmin torpaq sahəsinin qaiməsini (sertifikatını) vermişdir. O, əri Qabilə bunun mümkün olmadığını, özünün də bələdiyyə üzvü olduğunu, lakin, ona torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir bələdiyyə iclasının keçirilmədiyini demişdir. Əri isə Zöhrabın ona söz verdiyini və ona çıxarış alıb verəcəyini demişdir. Bir neçə aydan sonra Qabil Zöhrabdan həmin torpaq sahəsinə dair çıxarış verməsini və qəbzlərini tələb etsə də, Təqsirləndirilən şəxs ona çıxarışı və qəbzləri verməmişdir. Bundan sonra o, əri Qabilə Təqsirləndirilən şəxs qanunsuz olaraq onunla icarə müqaviləsi bağladığını demiş və şikayət etməsini istəmişdir. Ümumiyyətlə onun həmin bələdiyyə iclasından xəbəri olmamışdır və o, həmin iclasda iştirak etməmişdir. Həmin 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əri Zərərçəkmiş şəxs icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamazdan əvvəl bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən heç bir bələdiyyə iclası keçirilməmişdir. Çünki, belə bir bələdiyyə iclası keçirilsə idi, ona bu barədə məlumat verilərdi və o, bu bələdiyyə iclasında iştirak edərdi. Həmin sxemdə və rəydə olan imza Tovuz rayon X3 sədri Təqsirləndirilən şəxs məxsusdur və möhür Tovuz rayon X8nə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən vurulmuşdur. Məhkəmə iclasında şahid Tovuz rayonu, X3 üzvləri Şahid3, Şahid5 və Şahid7 Ələsgər oğlu verdikləri ifadələrində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış 86c-23 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2023-cü il tarixli, 4/1067 №-li məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin torpaq sahəsinin icarəyə verilməsi barədə 23 nömrəli 17 oktyabr 2022-ci il tarixli rəyin sonunda “Tovuz X3 sədri: Z. Məmmədov” qrafasında möhür əksi üzərindəki imza və “Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin” sxemin sonunda “Tovuz rayonu X3 sədri Təqsirləndirilən şəxs” qrafasında möhür əksi üzərindəki imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 4/1892 nömrəli əlavə məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 29-30-cu vərəqələrində olan Tovuz rayonu X3 iclasının xx.xx.2022-ci il tarixli 11 nömrəli protokolunun 2-ci vərəqinin sonunda “İclasın sədri” və “İclasın katibi:” qrafalarındakı möhür əksi üzərindəki imzalar və cinayət işinin 31-ci vərəqində olan Tovuz rayonu X3 16 oktyabr 2022-ci il tarixli 11 nömrəli protokolundan çıxarışın sonunda “İclasın sədri:”, “İclasın katibi:” qrafalarındakı imzalar və “Əsli ilə düzdür” qrafasında möhür əksi üzərindəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilmişdir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 313-cü maddəsinə qeyd olunmuşdur ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur (Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələri). Göründüyü kimi, Cinayət Məcəlləsi 308.1 və 313-cü maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Bununla belə məhkəmə diqqətə çatdırır ki, verilən ittihamdan «Təqsirləndirilən şəxs ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankda öz adından xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəy və sxem tərtib edib imzalayaraq bələdiyyənin möhürü ilə təsdiq etməsi» xaric edilməlidir. Belə ki, cinayət işi materiallarında rəy və sxemin əsli yoxdur. Yalnız həmin sənədlərin surətləri əlavə edilmişdir. Hansı ki, Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul edilir. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik sənədlər də maddi sübut hesab edilə bilər. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir (Cinayət Prosessual Məcəllənin 135.1, 135.2 və 135.3-cü maddələri). Göründüyü kimi sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsi üçün onun əslinin və ya əslinə bərabər surətinin istifadə edilməsi şərtdir. Burada əslinə bərabər surət dedikdə, yalnız həmin sənədin notarial qaydada təsdiq edilməsindən söhbət gedir. Cinayət işinin materiallarında olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankda olan xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəy və sxem isə adi surətdir. Həmin sənədlərin nə əsli, nə də notarial qaydada təsdiq edilmiş surəti işdə mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Cinayət Prosessual Məcəllənin 318.1-ci maddəsinə uyğun olaraq verilmiş ittihamdan «Təqsirləndirilən şəxs ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə aid gerbli blankda öz adından xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəy və sxem tərtib edib imzalayaraq bələdiyyənin möhürü ilə təsdiq etməsi» bəndləri xaric edilməlidir. Həmin normada göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 308.1 və 313-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri üzrə hər bir cinayətə görə ayrılıqla cəza təyin edilməli, daha sonra isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə azadlığın məhdudlaşdırılması cəzasının, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə isə islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təqsirləndirilən şəxsə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və əsaslı olar. Həmin normaya görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəza ilə yanaşı Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi əlavə cəza da təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq müəyyən müddətə qadağan edilməlidir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər (Cinayət Məcəlləsinin 46.1 və 46.2-ci maddələri). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Maddi sübut kimi tanınmış Tovuz rayon X3 xx.xx.2022-ci il tarixli 11 nömrəli iclas protokolu və həmin tarixli, həmin nömrəli iclas protokolundan çıxarış cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» əsas qətimkan tədbiri və «vəzifədən kənarlaşdırma» əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 01 il müddətə islah işləri cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq 02 il 06 ay müddətə qadağan edilsin. Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» əsas qətimkan tədbiri və «vəzifədən kənarlaşdırma» əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Tovuz rayon Böyük Qışlar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli protokolu və həmin tarixli, həmin nömrəli iclas protokolundan çıxarış cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar