Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-108/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 01 (bir) ədəd qəhvəyi rəngli sellofan torbanın içərisində olan qara rəngli idman şalvarına bükülmüş 01 ədəd sarı rəngli polietilen torbada 350 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamış, 14 may 2024-cü il tarixdə, saat 18:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Heydər Əliyev parkının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 18:20-dən saat 18:45-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib əlində saxladığı 01 (bir) ədəd qəhvəyi rəngli sellofan torbanın içərisində olan qara rəngli idman şalvarına bükülmüş 01 ədəd sarı rəngli polietilen torbada 350 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana onun əlində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. O, tez-tez Tovuz rayonuna gündəlik fəhləliyə gəlir. 14 may 2024-cü il tarixdə yenə gündəlik fəhləliyə getmək üçün Gəncə şəhərindən Tovuz rayonuna gəlmişdir. Tovuz rayonuna gələrək özü ilə 2023-cü ilin yay aylarında yaban çətənə kollarından toplayıb saxladığı qurudulmuş marixuana dolu sellofan torbanı da özü ilə götürmüşdür. Məqsədi həmin marixuanadan Tovuz rayonunda işlədiyi müddətdə istifadə etmək olmuşdur. O, xx.xx.2024-cü ildə, saat 18 radələrində Tovuz şəhərində Heydər Əliyev parkının qarşısında mikroavtobusdan düşmüşdür. Yorğun olduğu üçün parkın qarşısında bir qədər dincəlmək istəmişdir. Həmin vaxt mülki geyimdə iki nəfər tanımadığı şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Həmin vaxt onun üzərində rəngli sellofan torbanın içərisində saxladığı narkotik vasitə olan marixuana olmuşdur. Həmin vaxt o, üzərində narkotik vasitə olması barədə polislərə məlumat verməmişdir. Bundan sonra polis əməkdaşları onu Tovuz RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqlarını izah etmişlər və hüquqlarını müdafiə etmək üçün ona vəkillərin siyahısını təqdim etmişlər. O, həmin siyahıdan X2 özünə vəkil seçmişdir. Şəxsi axtarış zamanı o, əlindəki rəngli sellofanın içərisində narkotik vasitə olduğunu bildirib həmin rəngli sellofanı təhqiqatçıya təqdim etmişdir. O, həmçinin həmin narkotik vasitənin marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı onun təqdim etmiş olduğu sellofan torbanın içərisindən qara rəngli idman şalvarına bükülmüş şəffaf sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmışdır. Daha sonra vəkil və iştirakçılarla birlikdə onun üzərində şəxsi axtarış aparmışlar və onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predment aşkar olunmamışdır. Onun üzərindən aşkarlanmış həmin narkotik vasitəni 2023-cü ilin yay aylarında, xatırlamadığı gündə Samux rayonunda olarkən yabanı şəkildə bitmiş çətənə kollarından yığıb qurudaraq şəxsi istifadəsi üçün saxlamışdır. Özü həmin narkotik vasitədən istifadə edir. Həmin üzərindən aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və çəkisi bükülü ilə birlikdə 350 qram olmuş və qablaşdırılıb möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı keçən ilin, yəni 2023-cü ilin yay aylarında, dəqiq xatırlamadığı gündə Samux rayonu ərazisində, Kür çayının kənarından tapan zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. O, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Nizami rayonu, R.Rza küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 14 may 2024-cü il tarixində saat 18 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirmişdir. Bu zaman o, Gəncə şəhəri, Nizami rayonu, R.Rza küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri, H.Əliyev parkının yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra ona Tovuz RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri ilə bağlı göstərişi verilmişdir. Beləliklə də, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə o, həmin gün saat 18 radələrində avtomobilə əyləşib Tovuz şəhəri, Heydər Əliyev parkının yaxınlığına gəlmişlər. Onlar həmin əraziyə çatanda Gəncə şəhəri, Nizami rayonu, R.Rza küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Tovuz şəhəri, H.Əliyev parkının qarşısında əyləşdiyini görmüşlər. Bundan sonra onlar vaxt itirmədən avtomobili saxlamış və Tovuz şəhəri, H.Əliyev parkının qarşısında əyləşən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə getməyə etiraz etməyərək könüllü razılıq vermişdir. Nəticədə onlar Təqsirləndirilən şəxs öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Gəncə şəhəri, Nizami rayonu, R.Rza küçəsi, ev 11də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində yazmış olduğu raportun icrası şəxsi axtarış aparılması üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Elmar Rüstəmov özünü Tovuz RPŞyə gətirdikləri Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X7 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil X2 özünə müdafiəçi qismində seçmişdir. Elşad Rəhimov dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Elmar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Elşad Rəhimovla tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Elmar Rüstəmov Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşub, varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya olduğunu deyərək əlində olan 01 ədəd rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim edilmiş həmin sellofan torbaya açılaraq baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində qara rəngli idman şalvarına bükülmüş halda sarı rəngli sellofan torba aşkar edilmişdir. Həmin şəffaf sellofan torbaya açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, qurudulmuş bitki mənşəli kütlə aşkar olunmuşdur. Həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və həmin narkotik vasitəni o, 2023-cü ilin yay aylarında Samux rayonunda olarkən yol kənarından yabana çətənə kolundan toplayaraq özü istifadə etmək üçün qurutmuş, üzərində saxlamış və həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sarı rəngli sellofanın torbanın içərisindən aşkar olunmuş kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin sellofan torba ilə birlikdə ümumi çəkisi 350 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sarı rəngli sellofanın içərisində olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Elmar Qasımov tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bükülü olduğu sarı rəngli sellofan torba ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. xx.xx.2024-cü il tarixli, 16/554 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid2 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, həmin tarixdə, saat 18:20-dən saat 18:45 dəqiqəyədək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 1 (bir) ədəd qəhvəyi rəngli sellofan torbanın içərisində olan qara rəngli idman şalvarına bükülmüş 01 ədəd sarı rəngli polietilen torbada sonradan məhkəmə-bioloji ekspertizanın rəyinə əsasən 340 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 340 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (1-ci siyahı) daxildir. Qeyd olunan marixuananın təmiz çəkisi 340 qram, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq isə 339,9 qram təşkil etmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İŞ-də Azərbaycan Respublikası CM-nin 180.2.1 və 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin istintaqı tamamlanaraq 29.012024-cü il tarixdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə məhkəmədə baxılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 01 (bir) ədəd qəhvəyi rəngli sellofan torbanın içərisində olan qara rəngli idman şalvarına bükülmüş 01 ədəd sarı rəngli polietilen torbada 350 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmçinin onu da məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ona görə onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut –Tovuz Rayon Polis Şöbəsində saxlanılan 339,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 339,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-108/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-108/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver