Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-11/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, şərti cəza çəkən müddətdə cinayət törətmiş, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və həbs edilənədək Tovuz rayonu Dondar Quşçu kəndində yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 390 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli köynəyin içərisində saxlamış, 05 iyul 2024-cü il tarixdə, saat 12:40-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Dondar Quşçu kəndində yolun kənarında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 13:00-dan saat 13:18-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 390 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli köynəyin içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ümumiyyətlə onun üzərində narkotik maddə olmamışdır. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananı o, polis əməkdaşlarının təkidi ilə götürmüş və qorxduğundan həmin bükümün ona aid olduğunu qeyd etmişdir. O, narkotik vasitə aludəçisi deyildir. O qonşunun bağında qonşunun internetindən istifadə edərkən əməliyyatçılar ona yaxınlaşmış, ona bir torba narkotik verərək götürməyi təklif etmişdir. Ona demişlər ki, əgər bu narkotik vasitəni götürüb etiraf etməzsənsə o zaman ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham veriləcəkdir. O da məcburiyyət qarşısında etiraf etmişdir. Polis şöbəsində verdiyi etiraf edici ifadələrə gəldikdə isə o spirtli içkilərə meyilli olduğundan ona polis şöbəsində araq verərək onu sərxoş hala gətirmişlər. Ona görə də ona hansı sənəd təqdim edilmişsə o da ona imza etmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-da əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Tovuz rayonu Abulbəyli kəndində pasport qeydiyyatında olmaqla Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan, dəfələrlə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 05 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu Dondar Quşçu kəndində yolun kənarında olması barədə məlumat alıb RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra göstəriş əsasında Tovuz RPŞ-nin CAB-nin əməkdaşı polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Dondar Quşçu kəndində yolun kənarında saat 12:40-də saxlanılmışdır. Həmin şəxs saxlanılarkən ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla Tovuz RPŞ-nə getməli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs isə heç bir müqavimət göstərmədiyi üçün o, avtomobil ilə saat 13 radələrində RPŞ-nə gətirilmişdir. Tovuz RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən saat 13:00 dəqiqədən saat 13:18 dəqiqəyə kimi şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulduqda Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu deyərək əynindəki, qara rəngli köynəyin içərisindən bir ədəd ağ rəngli sellofan çıxardıb təqdim etmişdir. Həmin sellofan torba təhqiqatçı tərəfindən götürülmüş və qeyd olunan sellofan torba açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, sellofan torbanın içərisində olan kütlə yaşıl rəngli, kəskin qoxulu olduğu, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, ondan götürülmüş sellofan torbanın içərisində olan kütlə narkotik vasitə olan marixuanadır. Bununla yanaşı o, həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, onu bir ay əvvəl Tovuz çayının kənarından tapmış və özü istifadə eləmək üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitə olan marixuananı satmaq niyyətinin olmadığını, gələcəkdə özü istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Sellofan torba ilə birlikdə cəmi çəkisi 420 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar həmin kütlə təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub bağlandıqdan sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü vurulmuş, bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Dondar Quşçu kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Qeyd olunan tarixdə o, evdə darıxdığı üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Ceyhunu bağda görmüş, sonuncudan orada nə üçün durduğunu soruşduqda, qonşunun interneti ilə “tik-tok”a baxdığını bildirmişdir. Bundan sonra o, Ceyhun gilin evlərinə getmiş, həyətdə oturarkən 2-3 nəfər mülki geyimdə olan şəxslər gəlmiş, sonuncunun anası Elmiradan onun kim olduğunu soruşmuşlar, Elmira isə qonşu olduğunu söyləmişdir. Həmin mülki geyimdə olan şəxslər onun getməsini istəmişlər, o isə evlərinə getmişdir. Evlərinə çatana yaxın həmin şəxslərin Ceyhunun əllərinin bağlayaraq maşına mindirdiklərini görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 şahid X2 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Zeynəb Məmmədovanın göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sonuncunun DİN-in “102” xidmətinə etdiyi müraciətlə bağlı tanıyır. Qeyd olunan cinayət işi üzrə olan əməliyyat tapşırığında o, iştirak etməmiş və hadisə yerində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 06 iyul 2024-cü il tarixli 16/763 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbada təmiz çəkisi 390 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 390 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 389,95 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 19 iyul 2024-cü il tarixli 1238 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Dondar Quşçu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi şkayətlər daxil olmuşdur. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 26 (iyirmi altı) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(062)- 139/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-462/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 03 (üç) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildən Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində narkomaniya diaqnozu ilə dispanser qeydiyyatdadır. Həkim-psixiatrın kabinetində qeydiyyatda dayanmır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(062)- 34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(062)- 11/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)- 108/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(062)- 11/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalından həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tovuz RPŞ-nin inzibati binasında quraşdırılmış təhlükəsizlik kamerasının görüntüsünün saxlama həcmi 1 (bir) ay olması səbəbindən 2024-cü ilin iyul ayına dair görüntülərin təqdim edilməsi texniki səbəbdən mümükn deyildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Hüseyn və xx.xx.2019-cu ildə anadan olmuş Həsən adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onun ifadəsini özünü müdafiə xarakterli, yəni cinayət məsuliyyətindən yayınmaq niyyəti ilə verilmiş ifadə kimi qəbul edir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsini sübut kimi qəbul edir. Həmçinin, ekspert rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Bundan başqa Tovuz RMX PHŞ-in məktubundan da göründüyü kimi Təqsirləndirilən şəxs 2023-cü ildən narkomaniya diaqnozu ilə dispanser qeydiyyatındadır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmədiyinə dair irəli sürdüyü dəlillərin hüquqi əsası mövcud deyildir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatət verərək, özünü təqsirli bilmədiyini, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini və bu səbəbdən məcbur qalıb qeyd olunan narkotik vasitəni götürdüyünü bildirmişdir. Həmin faktın Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırılmış və xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Yəni, Ceyhunun məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Bundan başda Ceyhun məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, o spirtli içkilərə meyilli olduğundan ona polis şöbəsində araq verərək onu sərxoş hala gətirmişlər. Ona görə də ona hansı sənəd təqdim edilmişsə o da ona imza etmişdir. Məhkəmə həmin dəlilləri də inandırıcı hesab etmir. Belə ki, əgər polis şöbəsində ona spirtli içki verilsə idi və ifadəsini də məhz spirtli içkinin təsiri altında versə idi, o zaman həmin işlə bağlı həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılan zaman onun bu barədə hakimə məlumat vermək imkanı olmuşdur. Həmin qətimkan tədbiri də hazırki işə baxan hakim tərəfindən seçilmiş və bu kimi hallar müəyyən edilməmişdir. Eyni zamanda Ceyhunda məhkəmə zalında da sərxoşluq halları müşahidə edilməmişdir. Bundan başqa da Ceyhun polis şöbəsində sərxoş olsa da belə onun ayıldıqdan sonra bu barədə müdafiəçisinə məlumat vermək imkanları da qaçılmaz olmuşdur. Eyni zamanda Ceyhunla bağlı şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı video çəkilişə məhkəmə iclasında baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmiş, bu zaman Ceyhunda sərxoşluq halları müşahidə edilməmişdir. Eyni zamanda əvvəllər həm CM-nin 234.1-ci maddəsi ilə, həm də başçqa cinayətə görə məhkum edilən bir şəxsin polis əməkdaşları tərəfindən aldadılması da inandırıcı deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 (üç) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını şərti olaraq çəkdiyi müddətdə, yəni xx.xx.2024-cü ildə sonuncu cinayəti törətmiş, bununla da 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnaməyə qiymət verərkən, onun barəsində nümayəndəliyə şifahi qaydada şikayətlərin daxil olmasını onun cəmiyyətdə mənfi səciyələndirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının qalan hissəsi isə xx.xx.2024-cü il tarixdə başa çatmalı idi. Göründüyü kimi Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş qalan hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdən 30 yanvar 2025-ci il tarixədək 06 (altı) ay 25 (iyirmi beş) həbsdə saxlanılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 389,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 06 (altı) ay 25 (iyirmi beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və cəzasının çəkilməmiş qalan 03 (üç) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 389,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-11/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-11/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver