Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-110/2023 19.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Tovuz rayonu Hacıalılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Tovuz rayonu, Abulbəyli kəndi, Mərdan Musayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ət məhsullarının satıldığı qəssab dükanında olarkən, sonuncunun qəssab dükanında yerləşən masanın üzərində olan 01 ədəd qara rəngli, qolsuz gödəkçəsinin sağ yan cibinə pul qoyduğunu görüb özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 11 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs qəssab dükanında olmadığını fürsət bilib həmin dükanın içərisində yerləşən masanın üzərində olan 01 ədəd qara rəngli, qolsuz gödəkçənin sağ yan cibindən 1000 manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus 1000 manat məbləğində pul vəsaitini gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Hacıalılı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və 02 azyaşlı övladı var. Hər hansı bir yerdə işləmir. Ailə üzvüləri və özünün maddi ehtiyaclarını qarşılamaq üçün günəmuzd qəssablıq edir. 7 (yeddi) ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu ilə aralarında ədavəti olmamışdır. Belə ki, əvvəllər Zərərçəkmiş şəxs məxsus qəssab dükanında günəmuzd fəhlə olaraq işləyərək ət kəsimlərində və digər işlərində sonuncuya kömək göstərmişdir. 18 mart 2023-cü il tarixdən Zərərçəkmiş şəxs Tovuz rayonu, Abulbəyli kəndi, Mərdan Musayev küçəsi ərazisində fəaliyyət göstərən ət məhsullarının satıldığı qəssab dükanında qəssab köməkçisi olaraq 01 gün üçün 20 manat pul qarşılığında günəmuzd işləməyə başlamışdır. Həmin dövrdə o, Zərərçəkmiş şəxsla işləməklə yanaşı xırdabuynuzlu heyvan alıb yaşadığı evdə heyvandarlıqla məşğul olmaq qərarına gəlmiş, bu məqsədlə də xx.xx.2023-cü il tarixdə Göygöl rayon sakini Elsevər adlı şəxsdən Tovuz rayon mal bazarında 22 (iyirmi iki) baş xırdabuynuzlu heyvan, quzu almışdır. O, 6500 (altı min beş yüz) manat dəyərində olan həmin quzular üçün ilk ödəniş olaraq 1500 (bir min beş yüz) manat məbləğində nağd pul ödəniş edib, qalıq 5000 (beş min) manat məbləğində pulu isə bir müddət sonra verəcəyinə dair söz vermiş, lakin o, sonradan yaşadığı maddi sıxıntılar səbəbindən Elsevər adlı şəxsə olan borcunu ödəyə bilməmiş, nəticədə Elsevər adlı şəxs ona satmış olduğu 22 (iyirmi iki) baş quzudan 6 (altı) baş quzunu öz şəriki Tovuz rayonu, Aşağı Mülkülü kənd sakini Eyvaz adlı şəxslə birlikdə geri tələb etmiş, bundan sonra o, 6 (altı) baş quzunu həmin şəxslərə geri qaytarmışdır. Beləliklə onun Elsevər adlı şəxsə ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində borcu qalmışdır. O, həmin 3500 (üç min beş yüz) manat məbləğində borcunu da geri ödəyə bilmədikdə Elsevər adlı şəxs və sonuncunun şəriki Tovuz rayonu, Aşağı Mülkülü kənd sakini Eyvaz adlı şəxs mütəmadi olaraq zəng edərək ondan borclarını tələb etmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə sonuncuya məxsus qəssab dükanında olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 100 manatlıq əskinazlardan ibarət, məbləğini dəqiq bilmədiyi pul vəsaitini dükanın içərisində qolsuz bir ədəd, qara rəngli gödəkçənin sağ yan cibinə yerləşdirdiyini görmüşdür. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs sonuncunun qonşusu Şahid1 zəng edərək qəssab dükanına dəvət etmiş, Şahid1 qəssab dükanına gəldikdən sonra isə dükanı bağlamadan yarım saat sonra geri qayıdacağını bildirib çıxıb getmişdir, lakin yarım saat sonra geri qayıtmamışdır. Bundan sonra saat təxminən 16 radələrində Şahid1 işə getməli olduğunu deyib qəssab dükanından çıxıb getmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrinə kimi o, tək qəssab dükanında olmuş, həmin müddətdə Zərərçəkmiş şəxsla əlaqə saxlamış, lakin sonuncu gəlməmişdir. Bundan sonra o, qəssab dükanında tək olmasını fürsət bilib, Zərərçəkmiş şəxs gödəkçənin cibində yerləşdirdiyi pulu gizlin oğurlamaq, daha sonra isə oğurlayacağı puldan Eyvaz adlı şəxsin borcunu geri ödəmək qərarına gəlmişdir. Beləliklə, həmin gün saat təxminən 19 radələrində ətrafda onu hər hansı bir şəxsin görmədiyinə əmin olduqdan sonra mağazada yerləşən masanın üzərində bükülü vəziyyətdə olan qolsuz qara rəngli gödəkçənin sağ yan cibinin içərisindən 10 (on) ədəd yüz manatlıq pul əskinazı olmaqla cəmi 1000 (bir min) manat məbləğində nağd pul vəsaitini götürüb həmin vaxt geyinmiş olduğu cins şalvarın sağ yan cibinə yerləşdirmişdir. Ardınca o, qəssab dükanını bağlayaraq dükanın və Zərərçəkmiş şəxs avtomobilinin açarlarını həmin vaxt ora gəlmiş Ceyhun adlı taksi sürücüsünə verib sonuncudan onu Tovuz rayonu, Aşağı Mülkülü kəndinə aparmasını xahiş etmiş, Ceyhun adlı şəxs onunla razılaşmış və birlikdə Tovuz rayonu, Aşağı Mülkülü kəndinə getmişlər. O, Tovuz rayonu, Aşağı Mülkülü kəndinə çatdıqda həmin kənd sakini Eyvaz adlı şəxsə olan borcundan 500 (beş yüz) manatını geri qaytarmışdır. Daha sonra Ceyhun adlı taksi avtomobil sürücüsü ilə birlikdə Tovuz şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Şahmurad adlı şəxsin işlədiyi aptekə getmiş və 33 manat dəyərində dərman preparatı satın almış, həmçinin taksi sürücüsü Ceyhuna da 13 (on üç) manat pul vermişdir. Ardınca tək “Məlik” marketdən yaşadığı evə bazarlıq edib, qalıq pulu isə digər şəxsi ehtiyaclarına xərcləmişdir. Növbəti gün səhər saatlarında Zərərçəkmiş şəxs onu Tovuz rayonu, Abulbəyli kəndi, Mərdan Musayev küçəsi ərazisində fəaliyyət göstərən qəssab dükanına dəvət etmiş, o, həmin qəssab dükanına getmiş, qəssab dükanında Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə özünəməxsus qəssab dükanından 1000 (bir min) manat məbləğində pul vəsaitinin oğurlandığını bildirmişdir. O, əvvəlcə törətdiyi oğurluq əməlini etiraf etməmiş, lakin sonradan ifşa olunacağını görüb etiraf etmişdir. Ardınca onu Tovuz RPŞ-nə dəvət etmişlər və o, baş vermiş hadisənin təfərrüatlarını danışmışdır. Onun Zərərçəkmiş şəxs məxsus qəssab dükanından oğurluq etməsi barədə hər hansı bir şəxsin məlumatı olmamış, buna görə də heç kim ona kömək göstərməmişdir. O, tanışı Zərərçəkmiş şəxs məxsus qəssab dükanından cəmi 1000 (bir min) manat pul oğurlamışdır. Dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Aşağı Mülkülü kəndində yaşayır. Özünün və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamaq üçün Göygöl rayon sakini, şəriki X1 ilə birlikdə heyvan alveri edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında şəriki Elsevər Zərgərov ona zəng edərək satmaq məqsədilə Tovuz rayon mal bazarına 22 (iyirmi iki) baş xırdabuynuzlu heyvan, yəni quzu gətirdiyini bildirib həmin quzuların satılmasında kömək etməsi üçün onu bazara dəvət etmişdir. O, bazara getdikdən bir qədər sonra şəriki Elsevər Zərgərova təcili getməli olduğunu bildirib yaşadığı evə getmiş, bundan bir neçə saat sonra şəriki Elsevər Zərgərov ona zəng edərək bazara satmaq üçün apardığı 22 (iyirmi iki) baş quzunu Tovuz rayonu, Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində pul qarşılığında satdığını, sonuncunun ilkin ödəniş olaraq 1500 manat məbləğində pul verdiyini, qalıq 5000 manat pulu isə sonradan verəcəyini bildirmişdir. Beləliklə, bir müddət sonra Təqsirləndirilən şəxs onlara olan borcunu geri qaytarmadığı üçün xx.xx.2023-cü il tarixdə o, şəriki Elsevər Zərgərovla birlikdə Təqsirləndirilən şəxs satmış olduqları quzulardan 6 (altı) baş quzunu geri götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlara ümumilikdə 3500 (üç min beş yüz) manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs tanımadığı, ağ rəngli hazırda marka və modelini xatırlamadığı avtomobil ilə Tovuz rayonu, Aşağı Mülkülü kəndi ərazisində yerləşən yaşadığı evə gedərək ona və şəriki Elsevər Zərgərova olan ümumi 3500 (üç min beş yüz) manat borcundan 500 (beş yüz) manatını vermiş, qalıq 3000 manat pulunu da tezliklə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ona vermiş olduğu 500 (beş yüz) manat məbləğində pul vəsaiti 05 (beş) ədəd 100 (yüz) manatlıq pul əskinazından ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayır. Tovuz şəhər Peşə litseyində gözətçi işləyir. Zərərçəkmiş şəxs həmkəndlisi, eyni zamanda qonşusudur. Onun Zərərçəkmiş şəxsla aralarında ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində qonşusu Zərərçəkmiş şəxs ona zəng edərək Tovuz rayonu, Abulbəyli kəndi, Mərdan Musayev küçəsi ərazisində fəaliyyət göstərən qəssab dükanına dəvət etmişdir. O, qəssab dükanına getdikdə həmin vaxt orada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs görmüş, Zərərçəkmiş şəxs ona bir neçə saat sonra geri qayıdacağını bildirib qəssab dükanına göz-qulaq olmasını ondan xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs qəssab dükanının içərisində hər hansı bir yerə, həmçinin gödəkçənin cibinə pul yerləşdirdiyini görməmişdir. Zərərçəkmiş şəxs getdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrindən saat 18 radələrinədək qəssab dükanında olmuş, saat 18 radələrində işinin olduğunu bildirib qəssab dükanından çıxıb getmiş, Təqsirləndirilən şəxs isə qəssab dükanda qalmışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ona zəng edərək onu qəssab dükanına dəvət etmiş, o, qəssab dükanına getdikdə isə Zərərçəkmiş şəxs ona xx.xx.2023-cü il tarixdə günorta saatlarında qəssab dükanının içərisində olan masanın üzərindəki özünəməxsus qolsuz qara rəngli gödəkçənin sağ yan cibinə 10 ədəd 100 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 1000 (bir min) manat məbləğində pul vəsaiti yerləşdirdiyini, lakin hazırda həmin pulları tapa bilmədiyini, həmin pulların oğurlandığını bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin pul vəsaitinin yerləşdirdiyi yerdə olmasından məlumatının olmadığını, nə də kimin tərəfindən oğurlandığını bilmədiyini demişdir. Ardınca həmin gün ona Zərərçəkmiş şəxs məxsus qəssab dükanından sonuncunun 1000 (bir min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə onunla birlikdə qəssab dükanında olmuş Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özü oğurluq etdiyini etiraf etmiş, oğurladığı pulun 500 manat hissəsini borclu olduğu Tovuz rayonu, Aşağı Mülkülü kənd sakini Eyvaz adlı şəxsə vermişdir. O, Təqsirləndirilən şəxs oğurluq etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Azərbaycan Dəmiryolları QSC-nin Mühafizə departamentində mühafizəçi işləyir. O, əsas işindən əlavə eyni zamanda istirahət günlərində özünə məxsus ağ rəngli, VAZ-2106 markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs onun tanışıdır. Belə ki, Zərərçəkmiş şəxs Tovuz rayonu, Abulbəyli kənd ərazisində fəaliyyət göstərən qəssab dükanında ət məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs məxsus qəssab dükanında işləyən işçi kimi tanıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində tanışı Zərərçəkmiş şəxs ona zəng edərək onu “Eltun” restoranına dəvət etmiş, o, həmin restorana getdikdə Zərərçəkmiş şəxs ondan yaşadığı evin elektrik kommunal ödənişini etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs xahişini yerinə yetirərək kommunal ödənişini ödəməyə gedərkən yolüstü Zərərçəkmiş şəxs işlədiyi qəssab dükanının yanından keçmiş, həmin vaxt qəssab dükanında olan Təqsirləndirilən şəxs ona əli ilə işarə edərək idarə etdiyi avtomobili dayandırmasını istəmiş, ardınca o, avtomobili dükanın qarşısında dayandırmışdır. Təqsirləndirilən şəxs ondan hara getdiyini soruşmuş, o, sonuncuya Zərərçəkmiş şəxs yaşadığı evin elektrik kommunal ödənişini ödəməyə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs işini bitirdikdən sonra qəssab dükanına gəlməsini ondan xahiş etmişdir. Bundan sonra o, işlərini bitirib saat 19 radələrində yenidən Zərərçəkmiş şəxs məxsus qəssab dükanının qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs onun dükanın qarşısında dayandığını görüb dükanın içərisini səliqəyə salıb daha sonra dükanın qapısını qıfılla bağlayıb avtomobilinə əyləşmiş və onu Tovuz rayonu, Aşağı Mülkülü kəndinə aparmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra birlikdə Tovuz rayonu, Aşağı Mülkülü kəndinə getmişlər. Həmin kənd sakini Eyvaz adlı şəxsin yaşadığı evin qarşısında avtomobilini dayandırmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşüb evin giriş qapısından Eyvaz adlı şəxsi səsləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Eyvaz adlı şəxs küçəyə çıxmış, həmin vaxt o, avtomobilin içərisində olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəqiqə Eyvaz adlı şəxslə danışdıqdan sonra sonuncu ilə birlikdə evin giriş qapısından içəri daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşmiş və onlar yenidən Tovuz şəhərinə geri qayıtmışlar. Tovuz şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən, Şahmurad adlı şəxsə məxsus aptekdən Təqsirləndirilən şəxs dərman preparatı alıb ona vermiş və həmin dərman preparatını yaşadığı evə aparıb verməyisini xahiş etmiş, həmçinin ona 13 manat məbləğində taksi pulu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ərazidə qoyub o, dərman preparatını avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı evə aparmışdır. Daha sonra isə yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Müvəqqəti saxlama yerindən azad etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 1000 manat pulu Tovuz RPŞ-nin inzibati binasında təhvil almışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-19/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələri). Eyni zamanda Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü iə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət nəticəsində vurulmuş 1000 manat məbləğində maddi ziyan Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-19/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Törədilmiş cinayət nəticəsində vurulmuş 1000 (bir min) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-110/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-110/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver