Məhkəmə qərarları › İş №1(062)-111/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-111/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-111/2024 24.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Gədəbəy rayonu Çanaqçı kəndində qeydiyyatda olmaqla Tovuz rayonu, Məşədilər kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində həyat yoldaşı X1 xalası Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu Məşədilər kəndində yerləşən fərdi yaşayış evinə açıq qalmış giriş qapısından qanunsuz olaraq daxil olaraq, evin mətbəx otağındakı dolabın içərisində olan su bardağının içərisində saxlanan sonuncuya məxsus 1 ədəd, 49,62 qram çəkidə, 4218,00 (dörd min iki yüz on səkkiz) manat dəyərində qızıl boyunbağını oğurlamış, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 4218,00 (dörd min iki yüz on səkkiz) manat dəyərində qızıl boyunbağını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun arvadı Maralın doğma xalasıdır. Onunla bir qohum kimi yaxın münasibəti var, aralarında heç bir ədavəti, düşmənçiliyi olmamış, onunla heç bir narazılığı da olmamışdır. O, ailəsilə birlikdə təxminən 7 il Xalidənin evində yaşamış, sonradan onlar Məşədilər kəndində özlərinə ev tikib öz evlərinə köçmüşlər. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında o Tovuz rayonu Qovlar şəhərində yaşayan arvadının xalası oğlu X2 Qovlar şəhərində yerləşən evinə qonaq getmişdir. O, orada olan vaxt arvadı Maralın xalası Xalidə də oraya gəlmişdir. Xalidə orada bacısına danışmışdır ki, qızıl boyunbağısının keçirəcəyi qırılıb, ona görə boyunbağını evdə qoymuşdur. O, bunu eşidəndən sonra bir az oturmuş, sonra durub oradan çıxmışdır. Avtobusa minib əvvəlcə öz yaşadığı evə getmiş, sonra evdən çıxıb piyada arvadı Maralın xalası Xalidənin evinin qarşısına getmişdir. O, baxıb görmüşdür ki, evin araxsındakı məhləyə açılan qapı açıqdır. Həmin vaxt fikirləşmişdir ki, evə girsin Xalidənin evdə qoyub getdiyi qızıl boyunbağını oğurlasın. Bu məqsədlə o həmin arxa qapıdan həyətə girmiş, baxıb görmüşdür ki, evin qapısı açıq vəziyyətdədir. O, həmin açıq qapıdan evə girmiş, bir başa mətbəx otağına girmiş, çünki o əvvəllər həmin evdə qalmışdır, bilir ki, Xalidə xala qızıllarını mətbəxdəki dolaba qoyur. O, mətbəxdəki dolabı açıb içərisinə baxanda görmüşdür ki, qızıl boyunbağı dolabda qabın içərisindədir. O, həmin qızıl boyunbağını götürüb cibinə qoymuş, dolabın qapısını örtmüş və sakitcə evə girdiyi qapıdan həyətə, oradan da küçəyə çıxmışdır. O, oradan bir başa öz yaşadığı evə getmiş, evdə oturub yemək yemiş, arvadı Marala Xalidə xalanın evində oğurluq etməyi barədə heç nə deməmişdir. Təxminən 2 saata qədər öz yaşadığı evdə olandan sonra evdən çıxıb qızıl boyunbağını satmaq məqsədilə Qovlar şəhərinə getmişdir. Orada qızıl boyunbağını satmaq üçün Vağzal küçəsində yerləşən qızıl satılan mağazalardan birinə girib həmin Xalidə xalanın evindən oğurladığı qızıl boyunbağını orada işləyən tanımadığı bir nəfər cavan oğlana göstərib demişdir ki, bu qızıl boyunbağını satmaq istəyir. O, ondan həmin boyunbağını haradan aldığını soruşanda yalandan demişdir ki, boyunbağı arvadınındır. Həmin oğlan boyunbağıya baxıb demişdir ki, onun bu boyunbağını almağa pulu yoxdu, ancaq Tovuz şəhərində qızıl alqı-satqısı ilə məşğul olan tanışı var, ona zəng vurar aparıb ona verərlər. Bundan sonra həmin oğlan bir nəfərlə telefonla danışmış və öz maşını ilə onunla birlikdə Tovuz şəhərinə gəlmişdir. Tovuz şəhərinin mərkəzində yerləşən Turan Bankın yaxınlığında olan qızıl mağazasına getmişlər. Orada bir nəfər tanımadığı oğlan ondan sənəd istəmiş, o da öz xarici pasportunu çıxarıb göstərmiş, həmin oğlan onun pasportunun şəkilini çəkmiş, sonra boyunbağını çəkib demişdir ki, 2750 manata alar. Onunla razılaşmış, həmin oğlan boyunbağını ondan götürüb ona 2750 (iki min yeddi yüz əlli) manat pul vermişdir. O, pulu götürüb özü yol maşını ilə öz yaşadığı evə getmişdir. O, evə gedəndən sonra Xalidə xala ona zəng vurub demişdir ki, boyunbağını sən oğurlayıbsan gətir yerinə qoy, ancaq o boynuna almamış və ona demişdir ki, boyunbağını oğurlamamış, kimin etdiyindən xəbəri yoxdur. Bundan sonra onu polis bölməsinə çağırmışlar, orada o öz əməlini etiraf edib boyunbağını oğurladığını bildirmiş və boyunbağını satdığı pulun hamısını qaytarıb onlara vermişdir. O, həmin evə tək girmiş, oğurluğu özü tək etmiş, onunla birlikdə heç kim olmamış, oğurluq etməyi barədə heç kimə bildirməmişdir. Boyunbağını satdığı şəxsə də boyunbağının oğurluq olmasını bildirməmiş, ona demişdir ki, arvadınındır və pula ehtiyacı olduğu üçün satır. O, həmin evə oğurluq etmək üçün girəndə və həmin evdən oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir. Zərərçkəmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının qızı X1 həyat yoldaşıdır. Onunla aralarında münasibəti həmişə yaxşı olmuşdur. Onunla heç bir ədavəti düşmənçiliyi olmamışdır. O, evdə tək yaşayır, buna görə Elmar bacısı qızı ilə ailə qurandan sonra təxminən 07 il onun evində yaşamışlar, sonradan onlar ona ev tikdirmişlər və köçüb orada yaşamışlar. Onlar bir ilə yaxın müddətdir ki, onun evindən çıxıb öz evlərinə köçmüşlər. O, bir yerə gedəndə Elmarın arvadı Marala deyir ki, gəl bizim evdə cücələrə bax, onlara dən ver. xx.xx.2024-cü il tarixdə saat təxminən 10:30-da o Tovuz rayon Məşədilər kəndindən yaşadığı evdən çıxıb Tovuz rayonu Qovlar şəhərinə bacısı oğlu X2 evinə qonaq getmişdir. Həmin günü o onlara yəni Marala icazə verməmişdir ki, onun evinə gəlib cücələrə dən versin. Bacısı qızı Maral yalnız o ona deyəndən sonra onun evinə girə bilər, belə ki, onlar öz evlərinə köçəndən sonra artıq onun evinə istədikləri kimi girib çıxa bilməzdilər. Ancaq onun evində yaşadıqları üçün evin açarlarını harada saxladığını, evə haradan girişin çıxışın olmasını yaxşı bilirlər. O, Turxanın evində olan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs da orada Turxanın evindədir. O, bir qədər Turxanın evində oturduqdan sonra Elmarın Turxanın evindən çıxıb getdiyini orada olmadığını görmüşdür və dərhal Elmara zəng vurub ondan harada olmasını soruşmuşdur. Elmar ona demişdir ki, Tovuz rayon Qovlar şəhərindədir. O, həmin günü saat təxminən 19 radələrində evlərinə qayıtmışdır. O, evə gələndə görmüşdür ki, evin qapısını açıq qoyub getmişdir. Bu zaman evlərində mətbəxdə stəkanın içərisində saxladığı təxminən çəkisi 50 qram çəkidə olan qızıl mafyoz toxunuşlu boyunbağının yerində olub-olmamasını yoxlamışdır. Həmin vaxt qızıl boyunbağının olmadığını müəyyən etmişdir. Qızılın yerində olmadığını gördükdə yenidən Elmara zəng edərək evlərinə dəvət etmişdir. Qızılını onun götürməsini və qaytarmasını ona demişdir. Onun qızılının Elmar tərəfindən götürülməsinə şübhələnməyinə səbəb onun evindən əvvəllər də oğurluq etməsi olmuşdur. Elmar onun dediyi sözlərə məhəl qoymadığına görə həmin gün onun barəsində şikayət etmişdir. Onun yaşayış evinin mətbəx otağında stəkanın içərisində saxladığı 50 qram çəkidə, 4000 (dörd min) manat dəyərində olan qızıl boyunbağı oğurlanmışdır və ona ümumilikdə 4000 manat dəyərində ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindəki mətbəx otağında olan qızıl boyunbağını Təqsirləndirilən şəxs oğurlayaraq başqasına satmışdır. Təqsirləndirilən şəxs onun evinə sərbəst şəkildə girib çıxmasına o icazə verməmişdir, o yalnız onun icazəsi olduqda onun yaşayış evinə girib çıxa bilər. Əvvəllər onun evdə yaşayan vaxt o bir evin sakini kimi evə girib çıxa bilirdi, lakin sonradan onlar öz evlərinə köçmüşlər və bundan sonra onun evinə yalnız ona dedikdən sonra girib çıxa bilərdilər. Hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsn heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhərində yaşayır, rəsmi olaraq özəl klinikada diş həkimi işləyir. xx.xx.2024-cü il tarixdə əvvəlcədən tanımadığı adının sonradan Elmar olduğunu bildiyi şəxs onun işlədiyi klinikanın qarşısına gəlib bir ədəd qızıl boyunbağını göstərib, qızılı harada sata biləcəyini soruşmuşdur. Həmin vaxt ondan soruşmuşdur ki, satmaq istədiyi qızıl boyunbağını haradan almşdır və kimə məxsusdur. Elmar ona bildirmişdir ki, boyunbağı özümə məxsusdur, evin qızılıdır və pula ehtiyacı olduğu üçün satır. Elmardan sənəd tələb edəndə o şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra Tovuz şəhərində “Nəsimi” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı və zərgərliklə məşğul olan dostu Fəridə zəng etmiş, ona bir nəfərdə qızıl boyunbağı olduğunu həmin boyunbağını satmaq istədiyini bildirmişdir. Fərid ona demişdir ki, boyunbağının şəkilini at baxım. Həmin boyunbağının şəkilini Fəridə göndərmiş və Fərid şəkilə baxıb demişdir ki, qızıldan prob götürməmiş qiymət deyə bilməz. Bundan sonra Elmar ilə birlikdə Fəridin işlədiyi Tovuz şəhərində yerləşən mağazaya getmişlər. Fəridin mağazasında olan zaman o, Elmarın satmaq istədiyi qızıl boyunbağıya baxıb və əyarının aşağı olmasını ona bildirmişdir. Sonra isə qızılın çəkisinin 49 qram olmasını və 2750 manata ala biləcəyini Elmara demişdir. Elmar da Fərid ilə razılaşmışdır. Bundan sonra Elmar bir ədəd qızıl boyunbağını 2750 manata Fəridə satmışdır. Elmar qızılı satdıqdan sonra mağazadan çıxıb getmişdir. Bundan sonra Fərid ona müştəri apardığına görə 230 manat pul vermişdir. Elmarın qızılı oğurlamasından xəbəri olmamışdır. Qızılın oğurluq olmasını bilməmişdir. Bilsə dərhal polisə məlumat edərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.052024cü il tarixli 3-16-16/2-6/2637-9/3652 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 49,62 qram kütləli, qırmızımtıl rəngli, üzərində “583” damğası və “члю” yazısı həkk edilmiş 1 ədəd boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilən 1 ədəd üzərində “583” damğası və “члю” yazısı həkk edilmiş, 49,62 qram kütləli qızıl boyunbağının hadisə baş verən tarixə, yəni 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 4218,00 manata müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, himayəsində azyaşlı uşaqların olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış bir ədəd qızıl boyunbağı qanuni sahibinə qaytarılmışdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar