Məhkəmə qərarları › İş №1(062)-112/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-112/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-112/2023 19.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 19 sentyabr 2023-cü il tarixdə Tovuz şəhərində xx.xx.1996-cı ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,801 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək 01 (bir) ədəd kağız parçası və şəffaf polietilen kəsiyi bükümündə əynindəki qara rəngli şalvarın ön sağ yan cibində saxlamaqla daşımış, 03 iyul 2023-cü il tarixdə, saat 22:25-də Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində, “Bazar store” marketinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, saat 22:55-dən 23:35-dək olan müddət ərzində Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın ön sağ yan cibindən 01 (bir) ədəd kağız parçası və şəffaf polietilen kəsiyi bükümündə 0,801 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda da yaşayır. Hər hansı bir yerdə işləmir. Narkotik vasitəni mobil telefonla “instagram” sosial şəbəkəsi vasitəsilə həmin sosial şəbəkədə yerləşdirilmiş “qarabazar” adlı səhifəyə daxil olaraq şəxsi mesaj bölümünə yazaraq öz şəxsi istifadəsi üçün “Patı” olaraq bildiyi psixotrop maddə olan metamfetamin maraqlanmış və kart hesabına ödəniş etmişdir. Hazırda həmin kart hesabını xatırlamır, nə də həmin kart hesabının şəkili yoxdur. xx.xx.2023-cü il tarixdə Qazax şəhəri ərazisində yerləşən kərpic zavodunun yaxınlığında qoyulmuş yerdən götürmüş və narkotik vasitə istifadəçisi olduğu üçün öz şəxsi istifadəsi üçün əynindəki şalvarın sağ yan cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində tək Qazax şəhəri ərazisində yerləşən Kərpic zavodunun yaxınlığında piyada gəzərkən açıq ərazidə bir ədəd əzilməmiş və ilkin görünüşdən istifadə edilməmiş görüntüsü yaradan 01 (bir) ədəd siqaret qutusunu görmüş, həmin vaxt o, siqaret qutusunun kiminsə cibindən düşdüyünü zənn edib içərisində popiros olubolmadığını yoxlamaq üçün həmin siqaret qutusunu yerdən götürmüşdür. Bundan sonra ağ rəngli həmin siqaret qutusuna açıb baxarkən içərisində 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə olduğunu görmüşdür. O, həmin kütləni əlinə aldıqda ilkin görünüşdən patı olaraq bildiyi narkotik vasitə olduğunu başa düşüb həmin vaxt ətrafda onu görə biləcək hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra həmin şəffaf rəngli sellofana bükülmüş kütləni götürmüş və əynindəki şalvarın ön sağ yan cibinə yerləşdirmişdir. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin ərəfələrdə o, instagram sosial şəbəkəsi üzərindən Ayla adlı qızla tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində o, Ayla adlı qız tanışının istifadəsində olan mobil nömrəyə zəng edərək görüşmək təklifi etmişdir. Bundan sonra həmin gün saat 22 radələrində onlar Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsi ərazisində “Bazar store” marketin yaxınlığında görüşmüşlər. Həmin vaxt Ayla ona Qovlar şəhəri ərazisində kirayə evdə padruqası ilə birlikdə yaşadığını bildirib həmin kirayə yaşadığı evdə görüşməyi ona təklif etmiş, o, da razılaşmışdır. Bundan sonra o, Ayla ilə birlikdə “Bazar store” marketinə daxil olub siqaret, “hell” enerji içkisi alıb çıxmışlar. Həmin gün Qazax şəhəri ərazisindən tapdığı metamfetamin həmin vaxtı əynindəki şalvarın sağ yan cibində olmuşdur. O, həmin marketdən çıxarkən tanımadığı iki nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim edib onun üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının üzərində metamfetamin olmasından məlumatlı olduqlarını başa düşüb polis əməkdaşlarının dəvəti ilə tanışı Ayla adlı qızla birlikdə Tovuz RPŞnə getmişlər. Polis əməkdaşları ona Tovuz RPŞ-də hüquqlarımı izah edib hüquqlarının müdafiəsi məqsədilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahıdan Müdafiəçi özünə vəkil seçmişdir. Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümdə olan metamfetamini çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən şəffaf rəngli büküm açılaraq ona baxış keçirilmiş, şəffaf rəngli bükümü açıb içərisinə baxış keçirilən zaman içərisində ilkin görünüşdən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və şəffaf rəngli sellofan kəsiyi bükümü ilə birlikdə içərisində ilkin görünüşdən psixotrop maddə olan metamfetaminə bənzəyən kütlənin çəkisi 01 qram təşkil etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, ailənin yeganə uşağı olmaqla yeganə qazanc gətirəni olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ Qovlar PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə 03 iyul 2023-cü il tarixdə saat 22:20 radələrində Tovuz RPŞ-si Qovlar PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsi ərazisində fəaliyyət göstərən “Bazar store” marketin qarşısında sonuncunun tanışı Almaz adlı qadınla birlikdə müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və tanışı Almaz adlı qadını Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısı təqdim edilmiş, hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkilin iştirakı ilə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli bükümdə, bükümlə birlikdə 01 (bir) qram çəkidə kütlə aşkar edilmişdir. Həmin kütləyə baxış nəticəsində kütlənin şəffaf və kristal halda olan, ilkin görünüşdən psixotrop maddə olan metamfetaminə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni 01 iyul 2023-cü il tarixdə Qazax şəhəri ərazisində kərpic zavodundan götürdüyünü bildirərək, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddəni sonuncu öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyini və əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşin 29-cu vərəqəsində olan 04 iyul 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 30-31-ci vərəqəsində olan 04 iyul 2023-cü il tarixli 16/693 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf rəngli bükümdə olan kütlə...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız parçası bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,801 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinin 64-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 80-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 81-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloji və psixoloji qeydiyyatda dayanmır. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 19 avqust 2023-cü il tarixli 1383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 7-ci vərəqəsində olan 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-ci vərəqəsində olan 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə Tovuz RPŞ-nin MSYdən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 0.751 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Qazax rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulsun. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 0.751 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmün maddi sübutun məhvinə dair hissəsinin icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar