Məhkəmə qərarları › İş №1(062)-112/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-112/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-112/2025 07.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada çoban işləyən, əvvəİİər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs borclu kimi ondan xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220,00 manat olmaqla, cəmi 440,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Mustafayeva (Ələsgərova) Günel Akif qızına verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)- 172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün, həmin məhkəmənin 3(062)-886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 24 fevral 2025-ci il tarixədək 8124,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Mustafayeva (Ələsgərova) Günel Akif qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mustafayeva (Ələsgərova) Günel Akif qızı ilə el adəti ilə ailə evlənmiş, lakin nikahları xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2013-cü ildə Gülay və xx.xx.2016-cı ildə Hüseyn adını verdikləri iki uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə əvvəlcə münasibətləri normal olsada sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs ilə münasibətlərinin pozulmasına səbəb onu bir ər kimi sayıb hörmət etməməsi olmuşdur. Bu səbəbdəndə 2023-cü ilin iyun ayından Zərərçəkmiş şəxs ayrılaraq uşaqlar ilə birlikdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən ata evinə getmişdir. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında nikahın pozulması, uşaqların onun himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinin 2(062)- 5428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə ondan xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220,00 manat olmaqla, cəmi 440,00 manat sabit pul məbləğində aliment alınaraq, Mustafayeva (Ələsgərova) Günel Akif qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Buna görədə iki dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğum 8360,00 manat aliment borcundan icra müddətində cəmi 236,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 8124,00 manat aliment borcu qalmışdır. Həmin borcu istintaq müddətində də, ödəməmişdir. Hazırda Tovuz rayonunda Ceyran çölü adlanan ərazisində yerləşən fermalarda çoban işləyir, aylıq gəliri 600,00-700,00 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqları ona göstərmir, buna görədə aliment borcunu ödəməkdən imtina edir. Bundan əlavə Məşğulluq filialı tərəfindən təklif olunan işə görə ödənilməsi nəzərdə tutulan əməkhaqqı məbləği aylıq qazancından az olduğundan təklif olunan işi qəbul etməkdən imtina etmişdir. Əgər ona azadlıqdan məhrum etmə cəzası təyin edilməzsə o min manat məbləğində pul ödəyə bilər. Əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, məhkəmə qətnaməsi üzrə cavabdeh Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, lakin nikahları 19 oktyabr 2013-cü ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2013-cü ildə Gülay və xx.xx.2016-cı ildə Hüseyn adını verdikləri iki uşaqları doğulmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Təqsirləndirilən şəxs evli olduqları müddət ərzində Tovuz rayonu ərazisində fərdi qaydada təsərrüfat işlərində fəhlə işləyirmiş, aylıq gəliri 600,00-700,00 manat təşkil edirmiş. Təqsirləndirilən şəxsla əvvəllcə münasibətləri normal olsada sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs evli olduqları müddət ərzində ailə başçısı kimi öz vəzifələrini yerinə yetirməmişdir. Ailə daxili yaranmış söz söhbətlərə görə 2023-cü ilin iyun ayından Təqsirləndirilən şəxs ayrılaraq uşaqları ilə birlikdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən ata evinə getmişdir. Hal hazırda həmin ünvanda uşaqları ilə birlikdə yaşayır. Bundan sonrada Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə o, 2023-cü ilin iyul ayında nikahın pozulması, uşaqların onun himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinin 2(062)-5428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 adlı uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220,00 manat olmaqla, cəmi 440,00 manat sabit pul məbləğində aliment alınaraq, onun xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi ilə bağlı Tovuz rayon icra və probasiya şöbəsində başlanılmış icraat dövründə icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan qanuni qüvvəyə minmiş qətnamənin icra olunması tələb olunsada o, müxtəlif bəhanələr gətirərək yaranmış aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs iki dəfə inzibati qaydada həbs olunmasına və ölkədən getmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İnzibati həbsdən sonrada ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, məhkəmə qərarının icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamə üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 8360,00 manat aliment borcundan icra ödvründə cəmi 236,00 manat ödəniş etsə də, xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş aliment borcu 8124,00 manat təşkil edir. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-5428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məndə olan məlumata görə Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləyir və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ibtidasi istintaqü zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5428/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlamaqla xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 220,00 manat olmaqla, cəmi 440,00 manat məbləğində aliment alınıb Mustafayeva (Ələsgərova) Günel Akif qızına verilməsi qət edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətini yoxlamaq məqsədilə “elektron icra” sistemində yoxlama aparılmış adına heç bir gəlir və əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətini yoxlamaq məqsədilə “elektron icra” sistemində yoxlama aparılmış adına heç bir gəlir və əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə borcun ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq bir başa özünə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədini icra etmək məqsədilə tərəfimizdən borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanına gedilmiş və evə baxış keçirilən zaman zəruri əşya və avadanlıqlardan başqa üzərinə həbs qoyula biləcək əmlak aşkar olunmamışdır. Borclu ilə əlaqə saxlanılan zaman Bakı şəhərində olduğunu bildirmişdir. Bununla bağlı tərəfimizdən müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs yaşayış yeri məlum olmadığına görə borclunun axtarılması barədə axtarış qərarı qəbul edilmişdir. Həmin qərar icra olunması üçün Tovuz Rayon Polis şöbəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixdə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz rayon icra və probasiya şöbəsinə təhvil verilmiş və həmin tarixdə aliment borcunu ödəməkdən yayındığına görə barəsində izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Tovuz rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz rayon Məhkəməsinin 3(062)-172/2024 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərara əsasən borclu 10 gün müddətində inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs ilə xx.xx.2024-cü il tarixdə telefonla əlaqə saxlanılaraq icra sənədi üzrə aliment borcun ödənilməsi bildirilərək Tovuz rayon icra və probasiya şöbəsinə yaxınlaşması bildirilmiş, lakin borclu Bakı şəhərində olduğunu bildirirək çağırışa gəlməkdən yayınmışdır. Təqsirləndirilən şəxs yaşayış yeri məlum olmadığına görə yenidən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə axtarış qərarı qəbul edilmiş və həmin qərar icra olunması üçün Tovuz Rayon Polis şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli 741228 nömrəli axtarış işi açılmışdır. Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə aliment borcunu ödəməkdən yayındığına görə barəsində izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Tovuz rayon Məhkəməsinə təqdim edilmiş və Tovuz Rayon Məhkəməsinin 3(062)-886/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərara əsasən borclu Təqsirləndirilən şəxs 15 gün müddətində inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanına cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığına görə ölkədən getmək hüuququn müvəqqəti olaraq məhdudlaşdırılması barədə təqdimat tərtib edilərək baxılması üçün Tovuz rayon Məhkəməsinə təqdim edilmiş və xx.xx.2025-ci il tarixdə Tovuz rayon Məhkəməsinin 8(062)-16/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına üzrə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5428/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki tarixə kimi ödəməli olduğu 8360 manat aliment borcundan hazırki təqdimat verilən tarixədək icra dövründə 236 manat ödənişlər etmiş, lakin ödənilməmiş aliment borcu 8124 manat təşkil edir. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində fərdi qaydada təsərrüfat işlərində fəhləlik edərək kifayət qədər gəlir əldə etməsinə baxmayaraq yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 da ibtidai istintaqda Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cı il tarixli, 2(008)- 5428/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixindan başlayaraq xx.xx.2013-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2016-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmasi üçün hər ay hər uşağa görə 220,00 manat olmaqla, cəmi 440,00 manat sabit pul məbləğində aliment alınaraq, Mustafayeva (Ələsgərova) Günel Akif qızının xeyrinə ödənilməsi qət olunmuşdur “İcraat başlama haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5428/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(062)-16/2025 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-172/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 3(062)-886/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1.ci maddəs ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Tovuz rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində anuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: • məhkəmə aktlarını qərəzli icra etməmə; • məhkəmə aktlarının icrasına maneçilik törətmə. İş materiallarından, təqsirləndirilən şəxsin, zərərçəkmişi şəxsin izahatlarından və şahid ifadələrindən görünür ki, təqsirləndirilən şəxs hərəkətsizlik göstərərək məhkəmə aktını icra etməmişdir. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələbləri vaxtında yerinə yetirməmiş və buna görə şəxsə məhkəmə qərarını icra etməməsinə görə dəfələrlə rəsmi xəbərdarlıq edilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs iki dəfə inzibati qaydada həbs edilmiş, lakin məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə cəza teyin edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə mindiyi günədək həbs qətimkan tədbiri seçilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsissəsində çəkməlidir. İş üzrə məhkəmə və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 07 avqust 2025-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan(təqsirləndirilən şəxsə münasibətdə isə qərar hökm təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar