Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-115/2023 20.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Tovuz rayonu Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə, təxminən saat 20 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına Tovuz şəhər parkında və həmin parkın qarşısında yerləşən “Dost Qapısı” adlı kafedə istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, bir ədəd tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazıları olan, tiyənin digər tərəfində isə “STAİNLESS VƏ STEEL U.S.A” yazıları olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq üzərində gəzdirmiş, elə həmin tarixdə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda müəyyən edilərək ünvan 3olis şöbəsinə gətirildikdən sonra həmin tarixdə, saat 20:55-dən 21:30-dək olan müddətdə orada polis əməkdaşlarına təqdim etdiyi həmin bıçağa baxış zamanı bir ədəd tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazıları olan, tiyənin digər tərəfində isə “STAİNLESS VƏ STEEL U.S.A” yazıları olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu, Abulbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Təxminən 2023-cü ilin 12-13 iyun tarixlərində Bakı şəhərində olan zaman adını xatırlamadığı kafedə “besetka”-nın kənarında yerə bir ədəd bıçaq düşdüyünü görmüşdür. O, həmin bıçağı götürüb baxmışdır. Onun həmin bıçaqdan xoşu gəlmişdir. Ona görə də o, həmin bıçağı götürüb cibinə qoymuş və üzərində saxlamışdır. Həmin günün səhəri o, yaşadığı Tovuz rayonu, Abulbəyli kəndinə gəlmişdir. 16 iyun 2023-cü il tarixdə o, həmin bıçağı heç bir məqsəd olmadan əynində olan şalvarın sağ cibinə qoyub həmin gün təxminən saat 20 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına Tovuz şəhər parkına getmişdir. O, parkda və həmin parkın ətrafında bir qədər piyada gəzməyə başlamışdır. O, sonra həmin parkın qarşısında yerləşən “Dost Qapısı” adlı kafeyə girmişdir. O, tək oturub pivə içməyə başlamışdır. Həmin vaxt bıçaq onun cibində olmuşdur. O, pivə içən zaman bıçaq təsadüfən onun cibindən yerə düşmüş və bıçaq yerə dəydiyi üçün dəstəyi açılmışdır. Bu isə ətrafda olan adamların diqqətini çəkmişdir. O, dərhal bıçağı qatlayıb cibinə qoymuşdur. Sonra isə pivə içməyə davam etmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona bildirmişlər ki, o, əlində olan bıçaq ilə ətrafda olan insanları narahat edir. O isə polis əməkdaşlarına bildirmişdir ki, bıçaq onun cibində olmuşdur. O, əlinə bıçaq alıb heç kimi narhat etməmişdir. Polis əməkdaşları onu özləri ilə birlikdə Tovuz RPŞ-nə gəlməsini təklif etmişlər. O, da polis əməkdaşlarının təklifini qəbul edib polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-nə gəlmişdir. Ona Tovuz rayon Polis Şöbəsində üzərində olan bıçağı təqdim etməsi təklif edilmişdir. O, da əynindəki ağ rəngli şalvarının sağ cibində olan tiyəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və ulduzların arasında “Şirin Əcəmi” yazılmış cib bıçağını polisə təqdim etmişdir. Bıçaq ondan götürüldükdən sonra baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin bıçaq zərfə qoyulub qablaşdırılmışdır. O, bununla bağlı baş təhqiqatçı tərəfindən tərtib edilmiş protokola imza etmişdir. O, Bakı şəhərində olarkən oradan tapmış olduğu soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını 16 iyun 2023-cü il tarixdə H.Əliyev adına Tovuz şəhər parkında və həmin parkın qarşısında yerləşən “Dost Qapısı” adlı kafedə heç bir məqsəd olmadan üzərində gəzdirmişdir. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir və barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz Rayon Polis Şöbəsi Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayon Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 16 iyun 2023-cü il tarixdə, təxminən saat 20:30 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına Tovuz şəhər parkında xidmətdə olan zaman bir nəfər şəxsin həmin parkda və onun yaxınlığındakı ərazidə əlində bıçaq gəzdirdiyini, sanki nümayişkəranə şəkildə əlindəki bıçağı ətrafdakı insanlara göstərməyə çalışdığını görmüşdür. O, həmin şəxsin bu əməli ilə bağlı Tovuz RPŞ-nə məlumat vermişdir. Onun məlumatı əsasında Tovuz RPŞ-si PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Tovuz RPŞ-si PPXB-nün polis nəfəri, polis serjantı X4 həmin yerə gəlmişlər. O, digər polis əməkdaşları ilə birlikdə həmin vaxt H.Əliyev adına şəhər parkının qarşısında yerləşən “Dost Qapısı” adlı kafedə olan və adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsə etmiş olduğu əməlin qanunsuz olduğunu bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə gəlməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da onların təklifini qəbul edərək onlarla birlikdə Tovuz RPŞ-nə gəlmişdir. Tovuz RPŞ-də həmin şəxsin Tovuz rayonu, Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra o, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə H.Əliyev adına Tovuz şəhər parkında və həmin parkın qarşısında yerləşən “Dost Qapısı” adlı kafedə qanunsuz olaraq bıçaq gəzdirməsi ilə bağlı Tovuz RPŞ-nə raportla müraciət etmişdir. Raportun icrası Tovuz RPŞ-si TB-nin baş təhqiqatçısı, polis mayoru Fikrət Mehralıyevə tapşırılmışdır. Bununla bağlı baxış və götürmə aparılması barədə istintaq hərəkəti TB-nin baş təhqiqatçısı, polis mayoru, X1 tərfindən aparılmışdır. Baxış və götürmə videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində cib bıçağı olduğunu bildirərək həmin bıçağı əynində olan ağ rəngli şalvarın qabaq sağ yan cibindən çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxış keçirilərkən bıçağın tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazıları olduğu, tiyənin digər üzündə isə “STAİNLESS VƏ STELL U.S.A” yazıları olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi həmin bıçağı təxminən 10 gün əvvəl Bakı şəhərində tapdığını, iki gün öncə Tovuz rayonuna gələrkən özü ilə gətirdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Tovuz şəhər parkının qarşısında yerləşən “Dost Qapısı” adlı kafedə olan zaman həmin bıçağın cibindən düşüb açıldığını, bu zaman kənarda olan şəxslərin bıçağı gördüyünü, dərhal bıçağı götürüb bağlayaraq cibinə qoyduğunu, bıçağı heç kimə nümayişkarənə şəkildə göstərmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs keçirilən baxış zaman üzərində gəzdirdiyi və özünün təqdim etdiyi bıçaqdan əlavə saxlanması, daşınması qanunla qadağan olunan hər hansı əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs keçirilmiş baxış zamanı üzərindən aşkar edilmiş 01 ədəd tiyə hissəsində, üzərində iki ədəd səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazıları olduğu, tiyənin digər üzündə isə “STAİNLESS VƏ STELL U.S.A” yazıları olduğu bir ədəd bıçaq baş təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfi üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin bıçağın soyuq silah olub-olmamasını müəyyən edib rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinə göndərilməsindən ötrü baş təhqiqatçı tərəfindən götürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Tovuz rayon polis şöbəsində Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazıları olan, tiyənin digər tərəfində isə “STAİNLESS VƏ STEEL U.S.A” yazıları olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/679 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilmişdir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış bir ədəd tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazılarının olduğu, tiyənin digər üzündə isə “STAİNLESS VƏ STEEL U.S.A” yazıları olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı Tovuz Rayon Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd tiyə hissəsinin üzərində iki ədəd səkkiz guşəli ulduz və səkkiz guşəli ulduzların arasında “Şirin Əcəmi” yazılarının olduğu, tiyənin digər üzündə isə “STAİNLESS VƏ STEEL U.S.A” yazıları olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-115/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-115/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver