Məhkəmə qərarları › İş №1(062)-117/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-117/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-117/2023 14.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Tovuz rayonu İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 noyabr 2023-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə, Tovuz rayonunun İbrahimhacılı kəndinin ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi, ictimai iaşə obyekti olan çayxanada, yəni çayxananın binasının girişindən sağ tərəfdə olan müştərilərə xidmət göstərmək üçün nəzərdə tutulmuş sahədə həmkəndlisi, Zərərçəkmiş şəxs1 və onunla birlikdə masada əyləşib çay içən digər həmkəndlilərinə salam verdikdə Zərərçəkmiş şəxs1 onun salamını almaması, həmçinin iki il əvvəl Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayon İbrahimhacılı kəndinin adına xoşagəlməz ifadə işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan orada səs-küy salıb davamlı olaraq yüksəkdən nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 ünvanına söyüşlər söyməklə, ondan çayxananı tərk etməsini tələb etmiş və ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən, həmin çayxanada olan şəxslərin (müştərilərin) təxminən 10-15 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, çayxananın içərisinə daxil olub oradan masa üzərində olan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 50 (əlli) qəpik dəyərində olan şüşə çay stəkanını götürüb geri qayıdaraq ondan Zərərçəkmiş şəxs1 özünə məxsus formada cəzalandırmaq məqsədilə silah qismində istifadə edib zor tətbiq etməklə həmin çay stəkanını qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir dəfə zərbə ilə vuraraq, ona başın sol təpə-alın nahiyəsinin kəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş və Zərərçəkmiş şəxs2 məxsus 50 (əlli) qəpik dəyərində şüşə stəkanı sındıraraq məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. Həmkəndlisi Zərərçəkmiş şəxs1 tanıyır, əvvəllər onunla aralarında düşmənçilik, ədavət və zidddiyyəti olmamışdır. Təxminən 2 il əvvəl Əmirxan yaşadığı kəndin adına xoşagəlməz ifadə işlətmişdir. Həmin vaxtdan da onun Əmirxandan xoşu gəlmir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı kəndin mərkəzindəki çayxanaya gəlmiş və həmin çayxananın qarşısında Əmirxan və bir neçə şəxsin əyləşib çay içməsini görmüşdür. Çayxanaya daxil olduqda Əmirxana və əyləşdiyi stoldakı həmkəndlilərinə salam vermiş, Əmirxandan başqa hamı onunla salamlaşmışdır. Zərərçəkmiş şəxs1 onun salamını almadığından və kəndin barəsində əvvəllər nalayiq ifadələr işlətməsi yadına düşmüş və Əmirxanın çayxanadan çıxıb getməsini tələb etmişdir. Həmin vaxtı içkili olduğu üçün və içkinin təsirində olduğu üçün çayxananın içərisinə daxil olub oradakı digər stoldan içərisi boş olan stəkan götürmüş və qayıdaraq Zərərçəkmiş şəxs1 yaxınlaşıb şüşə stəkanı ona tərəf atmış və bundan sonra Zərərçəkmiş şəxs1 əlindəki çini saxsı çayniki ona tərəf atmışdır. Orada olan bir neçə şəxs onu aralamışlar və oradan uzaqlaşmışdır. Həmin vaxt sərxoş olduğu üçün çayxanada kimlərin olmasını xatırlamır. Sadəcə olaraq bir neçə şəxsin olmasını xatırlayır. Əmirxan ilə aralarında olan mübahisə və dava ümumilikdə təxminən 10-15 dəqiqə davam etmişdir. Orada onu ayıran şəxslərə müqavimət göstərməmiş, onlara qarşı fiziki zorakılıq hərəkətləri etməmişdir. Zərərçəkmiş şəxs1 atdığı armudu stəkanın dəyərini zərəçəkən şəxsə ödəmişdir. Bundan başqa orada hər hansı əmlaka bir zərər vurmamışdır. Sərxoş olması, Zərərçəkmiş şəxs1 əvvəllər kəndləri barəsində işlətdiyi ifadə və onun salamını almaması onun qanunsuz hərəkət etməsinə səbəb olmuşdur. Hazırda Zərərçəkmiş şəxs1la barışmışlar. Etdiyi hərəkətlərdən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və atasının xəstə olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla həmkəndlidir. Teymur ilə münasibəti normal olmuş aralarında hər hansı bir düşməncilik və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı kənd ərazisində çayxananın həyətyanı sahəsində bir neçə həmkəndliləri ilə çay içib söhbət edən zaman Teymur yaxınlaşaraq ona çayxananı tərk etməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs nə səbəbə ona elə söz deməsini anlaya bilməmişdir. Onun sözünə məhəl qoymamış, ona “get işinlə məşğul ol” ifadəsini işlətmişdir. Teymur çayxanaya daxil olmuş və bir qədər sonra əlində çay içmək üçün nəzərdə tutulmuş stəkan ilə çölə çıxaraq ucadan nalayiq söyüşlərlə onu söyüb çayxanadan getməsini tələb etmişdir. Təqsirləndirilən şəxs əlindəki stakanı ona tərəf uzatdıqda o stuldan qalxmaq istədikdə Teymur stəkanı ona tərəf atmış və stəkan onun baş nahiyəsinə dəymişdir. Həmin vaxt onun yanında həmkəndliləri Qələndər, Arif Əsəd oğlu, Əlirzayev Məmməd olmuşlar. Həmin vaxt çayxanada təxminən 15-20 nəfər həmkəndliləri olmuşdur. Onlar da Teymurun onun başına stəkan ilə zərbə endirərək xəsarət yetirməsini və nalayiq söyüşlər söyməsini görmüşlər. Onun baş nahiyəsi çapıldığı üçün oradan dərhal Tovuz RMX-na gəlmiş və orada ona tibbi yardım olunmuşdur. Teymur heç bir əsaslı səbəb olmadan hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs əlini cibinə atdığı üçün elə başa düşmüşdür ki, o cibindən nəsə çıxarıb onu vuracaqdır. Ona görə də özünü qorumaq üçün stolun üzərində olan çayniki ona tərəf atmışdır. Həmin çaynikin sınıb-sınmadığını görməmişdir. Sonradan həmin çayxananı işlədən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona məxsus həmin çaynik sınmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışıq əldə etmişdir və Təqsirləndirilən şəxs bağışlanmasını məhkəmədən xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. Fərdi olaraq icarə əsasında Tovuz rayon İbrahimhacılı kəndinin mərkəzində yerləşən həmkəndlisi X1 məxsus tikilidə çayxana işlədir. xx.xx.2023-cü il tarixdə həmkəndliləri Şahid3 və Şahid2 çayxananın girişində stolda əyləşib çay içən zaman digər həmkəndliləri Əmirxan və Mamed də onların stolunda əyləşmişlər. Çayxananın içərisində olan zaman Teymur çayxananın içərisinə daxil olub içəridə çay içən şəxslərin stəkanını içərisi dolu çayla götürüb bayıra çıxmışdır. 1-2 dəqiqədən sonra çöldə səs-küy eşitmiş və bayıra çıxan zaman Əmirxanın baş nahiyəsindən qan axmasını görmüşdür. Nə baş verdiyini soruşduqda orada olan şəxslər Teymurun Əmirxanı stəkan ilə vurmasını bildirmişlər. Teymur ilə Əmirxanın arasında baş vermiş mübahisəni və davanı görməmişdir. Çayxanadan çölə çıxdıqda Teymur artıq oranı tərk etmişdir. Əmirxan və Teymurun davası vaxtı çayxananın içərisində 4-5 nəfər şəxs olmuşdur. Onlar bayırda baş verənləri görməmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs1 atdığı stəkan ona məxsus olmuşdur. Dava zamanı stəkan sınmışdır. Onun əmlakına dava zamanı 50 qəpik zərər vurulsa da Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. Həmkəndliləri Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı kəndin mərkəzində təsadüfən Əmirxan ilə rastlaşmış və orada yerləşən çayxanaya getmişlər. Çayxananın girişində həmkəndliləri Şahid3 və Şahid2 əyləşdiyi stolda əyləşmişlər. 2-3 dəqiqədən sonra Teymur Ziyad oğlu da çayxanaya yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 görən anda Əmirxana nalayiq ifadə işlətmiş və çayxananı tərk etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 onun sözünə məhəl qoymayaraq “get işinlə məşğul ol” ifadəsini işlətmişdir. Teymur çayxanaya daxil olaraq əlində stəkan ilə yenidən qayıtmış və dərhal əlindəki stəkanı Əmirxana tərəf atmışdır. Stəkan Əmirxanın baş nahiyyəsinə dəymiş və Əmirxanın baş nahiyəsindən qan axmağa başlamışdır. Əmirxan stolda olan çayniki Teymura tərəf atmışdır. Lakin çaynikin Teymura dəyib-dəymədiyini görməmişdir. Dərhal Teymuru aralamışlar. Teymur çayxananı tərk etmişdir. Teymurun sərxoş olması aşkar hiss olunmuşdur. Sonradan çayxanada olan bir neçə şəxs də bayra çıxmışlar. Diqqət etmədiyi üçün orada kimlərin olmasını xatırlamır. Təqsirləndirilən şəxs Əmirxana qarşı işlətdiyi ifadəni və Əmirxana stəkan ilə zərbə endirməsinin səbəbini anlaya bilməmişdir. Hadisə ümumilikdə 10-15 dəqiqə davam etmişdir. İş üzrə Şahid2 və Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında araşdırılan hallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer sayılan Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayçıda heç bir əsaslı səbəb olmadan həmkəndlisi Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb təhqir edərək çayxanadan çıxıb getməsini tələb etmiş, sonuncu getmədiyinə görə əlində olan çayxana işlədənə məxsus stəkanı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq onun sağlamlığına yüngül zərər vurmuş, çayxananın icarədari Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuş, həmçinin orada olan vətəndaşların narahatçılığına səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməli sərxoş olması və Zərərçəkmiş şəxs1 kəndin ünvanına iki il əvvəl nalayiq söz işlətməsi ilə əlaqələndirsə də məhkəmə onun göstərdiklərini özünü müdafiə kimi qiymətləndirir və hesab edir ki, zərərçəkmişin iki il əvvəl öz kəndi barədə dediyi hər hansı bir sözə təqsirləndirilən şəxsin onu özünə məxsus qaydada cəzalandırması yolverilməz olmaqla hüquqa zidd ictimai təhlükəli əməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 163-cü vərəqəsində olan Tovuz rayonu Nəsimi ticarət firması tərəfindən verilmiş arayışdan görünür ki, 2023-cü ilin may ayı ərzində bir ədəd şüşə materialından olan armudu stəkanın orta bazar qiyməti 50 (əlli) qəpik olmuşdur. İşin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 356 №-li məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət-başın sol təpə-alın nahiyəsinin kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 76-cı vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilir. Cinayət işinin 55-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CMnin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbsə alınmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 14 noyabr 2023-cü il tarixdən hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar