Məhkəmə qərarları › İş №1(062)-118/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-118/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-118/2023 19.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və zərərçəkmiş şəxs X5 iştirakları ilə xx.xx.2000-ci ildə Şəmkir rayonu Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 may 2022-сi il tarixdə, saat 22 radələrində Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində dəmiryol xəttinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi, atası X3 məxsus “Mercedes-Benz C180” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkətin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Аzərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin həmin tələblərini, yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq olmayan sürətlə idarə etməli olduğu halda “Yol hərəkəti haqqında” Аzərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin həmin tələblərini pozmaqla avtomobili 90-100 km/saat sürətlə idarə etməklə, X6 onunla eyni istiqamətdə idarə etdiyi “Vaz-2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəyərkən həmin avtomobillə toqquşması nəticəsində avtomobil aşmış, nəticədə “Vaz-2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında əyləşmiş X2 üst dodağının əzilmiş yarası, hər iki əng cibində selikli qişada kobud qalınlaşma və yığıntı, anteror nazal spində yerdəyişmiş sınıq ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına, həmin avtomobilin sürücüsü X6 ağciyərin zədələnməsi və ikitərəfli hematoroks (plevra boşluğuna qan toplanması) ilə müşayiət olunan ikitərəfli çoxsaylı qabırğaların və hər iki kürək sümüklərinin sınıqları, paraplegiya (ərtafların iflici) və onurğa beyinin əzilməsi ilə müşayiət olunan onurğanın, döş qəfəsinin İV fəqərəsinin cisminin qəlpəli sınığı, bel fəqərələrinin sol yan çıxıntılarının çoxsaylı sınıqları, sol dirsək oynaq nahiyəsinin, sol saidin, sağ baldırın, döş qəfəsinin sağ yan və arxa səthlərinin, bel nahiyəsinin sıyrıqları, hər iki kürək nahiyəsinin, sol əlin, sol baldırın hemotomaları, onurğa beyinin əzilməsi və onurğanın çoxsaylı fəqərələrinin sınıqları fonunda qabırğaların və kürək sümüklərinin çoxsaylı sınıqları ilə ifadə olunmuş ikitərəfli hemotoroks, ağciyərin zədələnməsi, eləcədə posttravmatik dövrdə yaranan ağciyərin bronxopnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər çatışmazlığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vumaya aid xəsarətlər almaqla 25 may 2022-ci il tarixdə, saat 14:15 dəqiqədə Bakı şəhərində yerləşən “X19”də ölməsinə, “Vaz-2106” markalı **-BV- *** qeydiyyat nişanlı avtomobilə 3189 (üç min yüz səksən doqquz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində valideynlərinin yanında yaşayır. “Mercedes-Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili atasına məxsusdur və atası həmin avtomobili etibarnamə əsasında idarə etməkdən ötrü ona vermişdir. Sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gədəbəydə yaşayan dostu Bayram onun (050) ***-**-** nömrəli mobil nömrəsinə zəng edərək Tovuz rayonuna getmək üçün qonağı olmaq istədiyini bildirmişdir. O da dostunu qonaq qismində qarşılamağa razılaşmışdır. Həmin günü saat təxminən 18 radələrində işdən çıxıb evə getmişdir. Evdə olarkən Bayram telefonuna zəng edərək, Zəyəm qəsəbəsinin dörd yol ayrıcında olduğunu deyib onu qarşılamağını xahiş etmişdir. Bu barədə atasına deyib “Mercedes-Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib evdən çıxmışdır. Zəyəm qəsəbəsinin dörd yol ayrıcında Bayramı qarşılamışdır. Bayram adını bilmədiyi bibisi oğlu ilə gəlmişdir. Həmin şəxsləri evlərinə dəvət etmiş, onlar imtina etdikdə Zəyəm qəsəbəsində bir yerdə oturub çay içməyi təklif etsədə Bayramgil razılaşmamış və Bayramın təklifi ilə Tovuz rayonuna “Mercedes-Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib çay içmək üçün Tovuz rayonuna gəlmişlər. Gedəcəkləri kafeni ona Bayram göstərmişdir. Onlar kafedə çay içmişlər. Təxminən 15- 20 dəqiqə oturduqdan sonra Bayramın bibisi oğlu getmək istədiyini demişdir. O da heç nə deməmiş və bir yerdə durub kafedən çıxmışlar. Saat təxminən 22 radələrində idarə etdiyi “Mersedes-Benz C180” minik markalı avtomobillə üzü Qovlar şəhər istiqamətinə doğru qayıtmışlar. Spirtli içki içməmişdir. Avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmişdir. Qovlar şəhəri ərazisində yerləşən dəmir yolu keçidinə çatdıqda təxminən 15-20 metr məsafədən önümdə avtomobil olduğunu görmüşdür. Həmin avtomobil sürətini yolda sonradan bildiyinə görə tramplin olduğuna görə tam olaraq azaltmışdır. Lakin Qovlar şəhərini yaxşı tanımadığı üçün həmin yerdə tramplinin olduğunu bilməmişdir. İdarə etdiyi avtomobilin sürəti çox olduğu üçün əyləcdən istifadə etməyin gec olmasını fikirləşib həmin an önündə olan, idarə etdiyi avtobildən təxminən 15-20 metr məsafədəki avtomobili sol tərəfdən ötüb keçmək istəmişdir. Bunun üçün avtomobili bir az sola çəkmişdir. Bu zaman qarşısına, yolu ayıran ensiz, bardyer çıxmışdır. Həmin bardyeri əvvəlcədən görməmişdir. Nəticədə “Mersedes- Benz C180” minik markalı avtomobilin qabaq sol təkəri ilə bardyerun üstünə çıxmışdır. Bu zaman avtomobili sol ön təkər cırılaraq boşalmış və sükanın təhlükəsizlik şarı açılaraq üzünə dəymişdir. Daha sonra avtomobili asfaltın üzərində olan trampilinin üzərinə qalxmış və önündə olan “VAZ 2106” markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı öz avtomobilində olan sərnişinlər Bayramla bibisi oğlu heç bir xəsarət almamışlar. Lakin, “VAZ 2106” markalı avtomobildə olan sürücü və arxa oturacaqda olan xanım xəsarət almışlar. Sürücüyə avtomobildən düşməyə köməklik göstərmiş və onu rayon xəstəxanasına yola salmışdır. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Hazırda sonuncuların ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu kimi halların nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, mərhum X12 onun əridir. Onlar 05 avqust 2003-cü il tarixdə evlənmişlər. Mərhum ərinin “VAZ-2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində əri Qovlar şəhəri ərazisndə baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət almış, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində qızı Rufanə Tovuz rayonu Qovlar şəhəri ərazisində dərs hazırlığına getmişdir. Saat 21 radələrində qızı hazırlıqdan çıxıb Qovlar şəhərinin girəcəyində yaşayan nənəsi evinə getmişdir. Oğlu Rızvan da nənəsi evində bacısını gözləmişdir. Həmin günü əri onu xəstəxanada işə düşürtmüşdür. Həmin günü saat təxminən 22 radələrində əri özünə məxsus “VAZ- 2106” markalı avtomobillə oğlu Rızvan və qızı Rufanə ilə evə gələn zaman Qovlar şəhərinin girəcəyində dəmir yolu keçidində arxadan sürətlə gələn adını sonradan bildiyi, əvvəllər tanımadığı Şəmkir rayonu Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ərinin avtomobilini ötüb keçərkən toqquşmuş, toqquşmadan sonra zərbənin təsirindən ərinə məxsus avtomobil çevrilmişdir. Nəticədə qızı xəsarət almış, əri isə 25 may 2022-ci il tarixdə almış olduğu xəsarətlərdən Bakı şəhərində “X19”də vəfat etmiş, avtomobilə isə ziyan dəymişdir. Hadisədən sonra təqsirləndirilən şəxs və onun yaxın qohumları yas mərasimində iştirak etmiş, onlara maddi və mənəvi dəstək olmuşlar. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmişdir. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X8 qanuni nümayəndəsi - anası X4 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, mərhum X12 onun atasıdır. xx.xx.2022-ci il tarixdə atası yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində o, Tovuz rayonu Qovlar şəhəri ərazisində dərs hazırlığına getmişdir. Saat 21 radələrində o, hazırlıqdan çıxıb Qovlar şəhərinin girəcəyində yaşayan nənəsi evinə gəlmişdir. Qardaşı Rızvan da nənəsi evində onu gözləmişdir. Nənəsigildə olanda atasına zəng edib nənəsigildə olduqlarını bildirmişdir. Atası da anasını işə düşürdüb qayıdacağını demişdir. Həmin günü saat təxminən 21:30 radələrində atası nənəsigilə gəlmişdir. Həmin vaxt o, qonşuluqda yaşayan əmisi evində olmuşdur. Qardaşı gəlib ona atasının gəldiyini, getməli olduqlarını demişdir. O, nənəsi evinə qayıtdıqdan sonra qardaşı ilə birlikdə atasına məxsus “VAZ-2106” markalı avtomobilə oturmuşlar. Qardaşı Rızvan ön oturacaqda, o isə arxa sağ tərəfdə oturmuşdur. Nənəsi evindən çıxıb Qovlar şəhəri istiqamətinə tərəf getmişlər. Təxminən 800-900 metr yol qət etmişlər. Qovlar şəhərinin girəcəyində dəmir yolu priyezdinə çatmamış 2 ədəd araları təxminən 15-20 metr olan tramplin var. Atası birinci tramplinə çatmamış avtomobilin sürətini almışdır ki, tramplini keçsin. Onlar birinci tramplini keçdikdən sonra hiss etmişdir ki, arxaları ilə sürətlə gələn avtomobil onların avtomobilləri ilə toqquşmuşdur. Toqquşmadan əvvəl atası “bu neynədiyidir” sözlərini işlətmişdir. Toqquşmadan sonra zərbənin təsirindən atasına məxsus avtomobil çevrilmişdir. Həmin anı hiss etmiş, lakin avtomobil iki dəfə çevrilib dayandıqdan sonra huşunu itirmişdir. Bir müddət sonra özünə gəlmişdir. Bədəni üzərində ağrılar hiss etmişdir. Həmin vaxt atasıda huşsuz vəziyyətdə sükanın arxasında olmuşdur. Oraya toplaşan şəxslər yardım göstərərək onları rayon xəstəxanasına aparmışlar. Hadisədən sonra təqsirləndirilən şəxs və ailəsi ona maddi və mənəvi dəstək olmuşlar. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X12 onun atasıdır. xx.xx.2022-ci il tarixdə atası yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində o, ünvan 2 ünvanında yerləşən evlərində mərhum atası Aslan Bayramov və anası Südabə Bayramova ilə birlikdə olmuşlar. Bir müddət sonra atası anası Südabə Bayramovanı işlədiyi Tovuz TTY-nə aparmışdır. Onlar getdikdən sonra o, nənəsigilə getmişdir. Saat 21 radələrində bacısı hazırlıqdan çıxıb Qovlar şəhərində yerləşən nənəsigilə gəlmişdir. Nənəsigildə olanda bacısı atasına zəng edib nənəsigildə olduqlarını bildirmişdir. Atası da anasını işə düşürdüb qayıdacağını demişdir. Həmin günü saat təxminən 21:30 radələrində atası nənəsigilə gəlmişdir. Həmin vaxt bacısı qonşuluqda yaşayan əmisi evində olmuşdur. O, gəlib bacısına atasının gəldiyini, getməli olduqlarını demişdir. O, bacısı ilə birlikdə atasına məxsus “VAZ-2106” markalı avtomobilə oturmuşlar. Bacısı Rufanə arxa sağ tərəfdə, o isə qabaq oturacaqda əyləşmişdir. Nənəsi evindən çıxıb Qovlar şəhəri istiqamətinə tərəf getmişlər. Təxminən 800-900 metr yol qət etmişlər. Qovlar şəhərinin girəcəyində dəmir yolu priyezdinə çatmamış 2 ədəd araları təxminən 15-20 metr olan tramplin var. Atası birinci tramplinə çatmamış avtomobilin sürətini almışdır ki, tramplini keçsin. Onlar birinci tramplini keçdikdən sonra hiss etmişdir ki, arxaları ilə sürətlə gələn avtomobil onların avtomobilləri ilə toqquşmuşdur. Toqquşmadan əvvəl atası “bu neynədiyidir” sözlərini işlətmişdir. Toqquşmadan sonra zərbənin təsirindən atasına məxsus avtomobil çevrilmişdir. O, avtomobilin içərisində oraya-buraya çırpılsa da huşunu itirməmiş və heç bir xəsarət almamışdır. Avtomobil iki dəfə çevrilib dayandıqdan sonra o, qapını açıb yerə düşmüş, atası və bacısına köməklik göstərməyə çalışmışdır. Həmin vaxt atasıda huşsuz vəziyyətdə sükanın arxasında olmuşdur. Oraya toplaşan şəxslər yardım göstərərək onları rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Gədəbəy rayonu Arıqdam kəndində valideynləri ilə birlikdə yaşayır. Şəmkir rayonu Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs dostudur. 12 may 2022-ci il tarixdə təşəbbüsü ilə Əli ilə saat 17 radələrində Zəyəm qəsəbəsinin 4 yol ayrıcında görüşmüşdür. Onunla birlikdə bibisi oğlu Hafiz Əsgərov ilə Zəyəm qəsəbəsi yol ayrıcına gəlmişdir. Bundan sonra Əli ilə birlikdə həmin şəxsin idarə etdiyi “Mercedes-Benz C180” minik markalı **-BG-*** qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən kafeyə gəlmişlər. Həmin kafeni tanıdığı üçün Təqsirləndirilən şəxs yolu o, göstərmişdir. Həmin kafedə bir müddət oturduqdan sonra durub Əlinin idarə etdiyi avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs “Mercedes- Benz C180” minik markalı **-BG-*** qeydiyyat nişanlı avtomobili sürətlə idarə etmişdir. Qovlar şəhəri ərazisində Təqsirləndirilən şəxs “Mercedes-Benz C180” minik markalı **-BG-*** qeydiyyat nişanlı avtomobili ilə qarşısında olan avtomobili ötüb keçmək istərkən avtomobilin sol təkəri asfalt üzərində olan tramplinə dəyib deşilmiş və sonra qarşıda olan “VAZ-2106” markalı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törədilməsinə səbəb olmuşdur. Baş vermiş hadisədə xəsarət almamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli 8/1537 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mersedes- Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 90-100 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğnsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Ağstafa Rayon Şöbəsinin 26 mart 2022-ci il tarixli 121 nömrəli ekspert rəyindən görünür ki, X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — İİ bel fəqərəsinin sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə olan yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X18 25 may 2022-ci il tarixli, 40/MEŞ nömrəli rəyindən görünür ki, X6 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: ağciyərin zədələnməsi və ikitərəfli hemotoraks (plevra boşluğuna qan toplanması) ilə müşayiət olunan ikitərəfli çoxsaylı qabırğaların və hər iki kürək sümüklərinin sınıqları, paraplegiya (ərtafların iflici) və onurğa beyinin əzilməsi ilə müşayiət olunan onurğanın, döş qəfəsinin İV fəqərəsinin cisminin qəlpəli sınığı, bel fəqərələrinin sol yan çıxıntılarının çoxsaylı sınıqları, sol dirsək oynaq nahiyəsinin, sol saidin, sağ baldırın, döş qəfəsinin sağ yan və arxa səthlərinin, bel nahiyəsinin sıyrıqları, hər iki kürək nahiyəsinin, sol əlin, sol baldırın hematomaları kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddirlər. X1 ölümünə bilavasitə səbəb onurğa beyinin əzilməsi və onurğanın çoxsaylı fəqərələrinin sınıqları fonunda qabırğaların və kürək sümüklərinin çoxsaylı sınıqları ilə ifadə olunmuş ikitərəfli hemotoraks, ağciyərin zədələnməsi, eləcədə posttravmatik dövrdə yaranan ağciyərin bronxopnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər çatışmazlığı olmuşdur. X6 ölümü xx.xx.2022-ci il tarixdə saat 14:15-də Bakı şəhərində X15 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Ağstafa Rayon Şöbəsinin 10 iyun 2022-ci il tarixli 379 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol üst dodağın əzilmiş yarası, hər iki əng cibində selikli qişada kobud qalınlaşma və yığıntı, anteror nazal spində yerdəyişmiş sınığı kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 315 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3189 (üç min yüz səksən doqquz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2022-ci il tarixli 016-813 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək AE-347253 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarına əlavə edilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, o sonuncu ilə barışmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin saxlancında saxlanılan “Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin saxlancında saxlanılan “Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar