Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-118/2025 29.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X3 əməllərində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələrinin tərkibi mövcud olduğuna görə həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Vəkil Bürosunda vəkil vəzifəsində işləyir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, guya o, insanları aldadır, ələ salır, iş düzəldəcəm deyib rüşvət alır, heç bir iş görmür. Həmçinin qeyd etmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə Tovuz rayon sakini Namiq adlı keçmiş vəkili döyərək ona ağır xəsarət yetirmişdir. Ona görə də, onun vəkillik statusu əlindən alınmalıdır. Daha sonra qeyd etmişdir ki, Tovuz rayonunda belə bir ünsür Rəşad Abdullayev kimi vəkil var. Vəkil adına utancaqlıq və şərəfsizlikdir bu ünsür. Tovuz rayonunda etmədiyi şərəfsizlik qalmamışdır. 2025-ci ilin iyul tarixində Namiq adlı şəxsi döymüş və ona ağır xəsarət yetirdiyini bildirmiş və guya buna görə də onun barəsində cinayət işi başlamışdır Tutulmuşdur, şərəfsizi buraxdılar kimi onun ünvanında ifadələr işlətmişdir Bu məlumatlar da şantaj, şər və böhtan xarakterli məlumatlar olduğu üçün hazırda tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məsələ ilə bağlı onu da qeyd edir ki, X5 tanımır. Əmindir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək bildirilən fikirlər onun öz fikirləri deyil, digər şəxslər tərəfindən öyrədilmiş ifadələrdir. Onların vəkil kimi fəaliyyət göstərməsi bəzi şəxsləri narahat edir. Hesab edir ki, həmin şəxslər qanunsuz fəaliyyətlərinin üstü açılmasın deyə X5 bilərəkdən öyrədirlər, yalan ifadə verməyə məcbur edirlər. X3 onun barəsində qeyd etdiyi yalan və böhtan xarakterli fikirlər nəticəsində onun şərəf və ləyaqəti təhqir olunmuş, işgüzar nüfuzuna zərər dəymişdir. Onun şikayəti nəticəsində hesab edir ki, əmək kollektivi və ictimaiyyət arasında nüfuzdan düşmüşdür. Xüsusi ittiham qaydasında şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298.2.2-ci maddəsinə uyğun olaraq məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmiş, habelə, bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ərizə təqdim edərək bildirdi ki, X6 onun barəsində səsləndirdiyi həqiqətə uyğun olmayan fikirlərə görə peşman olduğuna və üzr istədiyinə görə vermiş olduğu şikayət ərizəsindən imtina edir və geri qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 ifadəsində bildirdi ki, Tovuz rayon Vəkil bürosunun vəkili X4 barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı həqiqətə uyğun olmayan fikirlərə görə, peşman olduğunu, yazdığı fikirlərin yalan olduğunu və dəymiş ziyanı qarşılamağa hazır olduğunu bildirdi. Hazırda barışıq əldə ediblər. Odur ki, xüsusi ittihamçının şikayətin geri qaytarılması barədə verdiyi vəsatətinin təmin olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, tərəflərin fikrini və ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CMnin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə — təqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələr o cümlədən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: 88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;... Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda da qeyd edildiyi kimi, xüsusi ittihamlı işlər üzrə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-in 37.2-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 300.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, X2 şikayətçi deyildir. Ona görə şikayətindən imtina etdiyini və geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina etdiyi üçün Cinayət Prosessual Məcəllənin 302.2.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №1(062)-118/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-118/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver