Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-119/2025 15.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Xüsusi ittihamçı X6, vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1959-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatda olan və yaşayan X3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X10 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X3 Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həbslə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq uzun müddət Tovuz Rayon Əyyublu Bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hal-hazırda Tovuz rayonu X13 müdiri vəzifəsini icra edir. Bayramov Təvəkkül ona qarşı böhtan ataraq onun şərəf, ləyaqətini alçatmışdır. Belə ki, X12 Rayon İcra Hakimiyyətinə müraciət edərək verilən güzəştlərdən istifadə edərək ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bundan sonra Bayramov Təvəkkülə yer ayrılması nəzərdə tutulmuş və torpaq sahəsinin təyinatı dəyişdirilməsindən sonra ona yerin sənədləşdirilərək verilməsi şifahi formada izah olunmuşdur. Daha sonra Bayramov Təvəkkül guya ondan 3200 manat pul aldığını kənd ictimaiyyəti arasında yaymış və Tovuz rayonu, Əyyublu kənd ərazisində Qərb Region TV-ə müsahibə verərək onu rüşvət almaqda ittiham etmişdir. Həmin müsahibəni götürən Vaqif adlı şəxs bu məlumatları dəqiqləşdirmədən sosial şəbəkələrdə, o cümlədən “TikTok” sosial şəbəkəsində yaymışdır. Yayılan həmin məlumatlar yalan və cəfəngiyyat olmaqla, həqiqətə əsaslanmır.Bayramov Təvəkkül ona CM-nin 311-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma ilə bağlı böhtan atmışdır ki, həmin əməl ağır cinayət kateqoriyasına aid olduğundan onun əməli CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Bundan başqa o, müxtəlif yerlərdə və kənd ictimaiyyəti arasında guya ondan Tovuz rayonu, Əyyublu kəndində xx.xx.2025-ci il tarixdə 3200 manat pul istəməyini qeyd edərək Tovuz rayonu, Əyyublu kənd ərazisində Qərb Region TV-ə müsahibə vermiş və həmin müsahibənin sosial şəbəkələrdə yaymışdır. Odur ki, Bayramov Təvəkkül onun şərəf ləyaqətini alçaldan və onu işgüzar nüfüzdan salan məlumatları internet informasiya ehtiyatında yaymışdır. Buna görə onun əməli CM-nin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona qarşı verilmiş xüsusi ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Əyyublu kəndində yaşayır, təqaüdçüdür. O, Tovuz Rayon İcra Başcısına müraciət etmiş və ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Başçının göstərişinə əsasən ona 100 kv km2 torpaq sahəsi ayrılmışdır. Daha sonra o, 100 kv km2 torpağın az olduğundan həmin dövrdə bələdiyyənin sədri vəzifəsini icra edən Məmmədov Yaşara daha çox torpağı ona satıb sata bilməyəcəyini soruşmuşdur. Yaşar isə ona bunun bələdiyyənin səlahiyyətini olduğunu bildirmiş və pulunun olub-olmamasını soruşmuşdur. Qiymətini soruşanda isə ona 3200 manata sata biləcəyini demişdir. O isə razılaşmış və pulu həmin vaxtı bələdiyyənin torpaqşünası Fərruxun vasitəsi ilə ona vermişdir. Daha sonra o, buna arxalanaraq həmin torpaq sahəsinə tikinti materialları gətirtmişdir. Lakin daha sonra bələdiyyə və icra hakimiyyətinin işçiləri gəlib həmin torpaq sahəsində qanunsuz materiallar tökdüyünü bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Yaşar onu aldatmış və pulunu almışdır. O pulu Yaşara deyil, Fərrux adlı şəxə vermişdir. Fərrux da Yaşarın göstərişi ilə hərəkət edir. Ona görə də o, Vaqif adlı şəxslə əlaqəyə keçmiş və ondan müsahibə almasını xahiş etmişdir. Odur ki, o, özünü təqsirli bilmir və dediklərinin doğruluğunu şahidlərinin təsdiq edəcəyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Əyyublu kəndində yaşayır və vaxtında uzun müddət bələdiyyənin torpaqşünası kimi çalışmışdır. Halhazırda o, təqaüdə çıxmışdır. O Bayramov Təvəkküldən heç zaman pul almamışdır. Onun bələdiyyədə bununla bağlı hər hansı qərar qəbul etmək səlahiyyəti belə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Əyyublu kəndində yaşayır, Təvəkkülün qardaşıdır və qonşudular. O, bir gün evdən bayıra çıxarkən qardaşı Təvəkkül ilə Fərruxu eyni maşında pul sayarkən görmüşdür. Lakin onların arasında nə münasibəti olduğunu bilməmiş və daha sonra qardaşından bu barədə də nə isə soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tovuz rayonu, Qovlar şəhəri, Rasim Bədirov küçəsində yaşayır. O, Qərb Region TV-nin təsisçisi olmaqla, sözügedən videonu özü çəkib yaymışdır. Belə ki, Bayramov Təvəkkül ona müraciət edərək ondan müsahibə almasını xahiş etmişdir. Daha sonra o, Əyyublu kəndinə gəlmiş, sözügedən xüsusatları araşdırmışdır. Belə ki, o, kənd camaatı arasında Yaşar barədə məlumatlar toplamış, həmin torpaq sahəsinə getmişdir. Beləliklə, o, Yaşarın rüşvət aldığı qənaətinə gələrək həmin videonu yaymışdır. Yaşar barədə yayılan videonun 10.000 nəfər tərəfindən baxışı olmuşdur. Daha sonra bəzi şəxslərin xahişini nəzərə alaraq, həmin videonu sosila şəbəkədən silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Əyyublu kəndində yaşayır və Təvəkkülün qonşusudur. O, siqaret almaq üçün marketə gedən zaman yolda maşında Təvəkküllə Fərruxun pul saydıqlarını görmüşdür, lakin nə pul olduğunu bilməmiş və onlardan soruşmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 Tovuz rayonu Əyyublu Bələdiyyəsinin sədri X10 və həmin bələdiyyədə torpaqşünas işləyən Şahid2 qanunsuz hərəkətlərinə dair müraciətləri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinin İ və ll hissələrinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Lakin həmin fikir və söz azadlığı mütləq hüquq olmamaqla, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Bu azadlığa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X2 Təvəkkül Yaqub oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində qeyd olunmuşdur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 02 saylı Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin 14 may 1999-cu il tarixli Plenum qərarının 3-cu bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Fressoz və Ruar Fransaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə mövcud olan sübutları və məhkəmə iclasında tədqiq edilmiş və internet informasiya sistemindən yayılmış vido yazını nəzərdən keçirərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası CMnin 147.1 və 147.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X11 tərəfindən xüsusi ittihamçı X6 şərəf və ləyaqətini, alçaldan və onu işgüzar nüfuzdan salan məlumatlar kütləvi nümayiş etdirilən (məhkəmə iclasında müəyyən edilmişdir ki, “TikTok” sosial şəbəkəsində yayılan videoya 10 mindən artıq baxış gəlmişdir) internet informasiya ehtiyatında yayılmışdır. Bununla da, görünür ki, həmin bu məlumatlar qeyri-müəyyən şəxslər dairəsinə bildirilmişdir. Məhkəmə qeyd edir ki, bu sözlər məzmununa görə xüsusi ittihamçının şərəf və ləyaqətini alçaldan ifadələr olmaqla, onun şəxsi nüfuzuna xələl gətirən ifadələrdir. Çünki bu məlumatlar xüsusi ittihamçı barəsində cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratmaqla cəmiyyətdə birmənalı olaraq pis qarşılanır və şəxsin barəsində mənfi obrazın yaranmasına səbəb olur.Belə ki, bələdiyyə sədri işləmiş həmin şəxs, hazırda digər dövlət qurumunda müdir vəzifəsində çalışmaqla bu kimi həqiqətə uyğun olmayan məlumatların yayılması o şəxs barədə mənfi imic formalaşdırmaya bilməz. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin əməlinin CM-nin 147-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olması üçün yayılan məlumatlar həqiqətə uyğun olmamalı və yalan olmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasının gedişatında belə israrla Yaşar Məmmədovun ondan rüşvət tələb etməsini bildirmiş, bunu təsdiq edən şahidlərinin olduğunu qeyd etsə də, həmin şahidlər Yaşarın Təvəkküldən rüşvət və yaxud pul aldıqlarının şahidinin olmadıqlarını qeyd etmişlər. Belə ki, təqsirləndirilən şəxs həmin vaxt bələdiyyə sədri olan X6 ondan öz xidməti vəzifələrinin icrası ilə əlaqədar ondan rüşvət aldığını bildirsə də, nə gətirdiyi şahid ifadələri, nə də təqdim etdiyi digər sübutlar həmin bu xüsusatları təsdiq etməmişdir. Belə ki, şahid ifadələri ilə və yaxud digər sübutlarla təqsirləndirilən şəxs X3 Fərrux adlı şəxsə pul verməsi faktı müəyyən olunsa da belə Fərruxun həmin pulu Yaşara verməsi iş materialları ilə öz təsdiqini tapmır. Yəni, Təvəkkül özü ifadəsində pulun Yaşars deyil, Fərruxa verilməsini bildirməklə, Yaşara pul vermədiyindən əmin idi. Belə olduğu halda o Yaşar barədə yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan məlumatları kənd əhalisi içərisində çıxış etməklə və Vaqif adlı şəxsin vasitəçiyili ilə internet informasiya ehtiyatında yaymaqla Yaşar barədə böhtan cinayətini törətmişdir. Odur ki, X5 CM-nin 147.1-ci maddədə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilərək, həmin maddənin sanskiyasında nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs xüsusi ittihamçını CM-nin 311-ci maddəsi ilə ittiham etmişdir ki, həmin maddə CM-nin 15.4-cu maddəsinə əsasən ağır cinayət kateqoriyasına aiddir. Beləliklə, görünür ki, təqsirləndirilən şəxs xüsusi ittihamçını CM-nin 311.1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayəti törətməklə heç bir hüquqi əsas və sübut olmadan ittiham etmişdir. Yəni, X1 Məmmədovu ağır cinayət törətməkdə ittiham etmiş, onun müraciəti əsasında prokurorluqda araşdırılma aparılmış və bu xüssuat öz təsdiqini tapmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bayramov Təvəkkül həmin vaxtı izahatında göstərmişdir ki, o Yaşardan verdiyi pulu istədikdə Yaşar ona pul verməyəcəyini bildirmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Təvəkkül pulu Fərruxa verdiyi halda, verdiyi pulu Fərruxdan deyil, Yaşardan istəməsi inandırıcı deyildir. Yəni, Yaşardan pul istəmək kimi münasibətə malik olan Təvəkkülün pulu əvvəlcədən Fərruxa deyil, məhz Yaşara vermək imkanının olması da qaçılmaz görünürdü. Belə olduğu halda Təvəkkülün bildirdikləri həqiqətə uyğun deyildir və bunun həqiqət olması öz təsdiqini tapmamışdır. Eyni zamanda rayon icra başçısının göstərişindən sonra bələdiyyə sədri və yaxud digər vəzifəli şəxslər tərəfindən torpaq almaq hüququ olan şəxslərdən qeyriprosessual hərəkətlərin edilməsi də inandırıcı görünmür. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüququ prinsiplərinə uyğun olaraq bələdiyyə torpaqlarının idarəedilməsi yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bu hüququn həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Torpaq və Mülki məcəllədən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlarından və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlarından irəli gələn tələblərə əməl edilməsi zəruridir. Qanunvericiliyin tələblərinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyənləşdirilir. Torpağın bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Habelə Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bilavasitə bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Göründüyü kimi torpaq sahəsi rəsmi qaydada satılsa belə bələdiyyənin torpaq sahəsini qiymətləndirmək kim səlahiyyətləri olmamaqla, bu torpaq sahəsi qanunla tənzimlənir. Belə olduğu halda qiyməti qanunla tənzimlənən torpaq sahəsinə görə bələdiyyə sədrinin rüşvət kimi pul tələb etdiyi halda, öncədən torpaq alan şəxsin bununla bağlı hüquq mühafizə orqanlarına müraciəıt etmək imkanlarının olması istisna edilmir.Təvəkkül Bayramov isə icra başçısının göstərişindən sonra, bələdiyyə sədri tərəfindən ondan rüşvətin tələb edilməsi ilə bağlı hüquq mühafizə orqanına müraciətin olmaması onu deməyə əsas verir ki, bələdiyyə sədri tərəfindən hər hansı qeyri-prosessual münasibətlərə yol verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X3 barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri üzrə ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.1-ci və 147.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs X3 İİ qrup əlil olmağını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə münasibətdə cərimə növündə, CM-nin 147.2-ci maddəsinə münasibətdə isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə bu cəza növünü seçərkən bu ərazidə yaşayan əhalinin əksər hissəsinin asanlıqla özünü kütləvi informasiya vasitəsinin əməkdaşları kimi təqdim edən şəxslərin təsiri altına düşməsini, məhkəmə iclası boyunca ifadə azadlığının hüquqi məhdudiyyətlərini dərk etmək istəməməsi kimi halları nəzərə almışdır. Konstitusiyada ifadə azadlığı, məlumat azadlığı və media azadlığını birbaşa tənzimləyən müddəalardan əlavə, bu hüquqların insan hüquq və azadlıqları çərçivəsində də yeri nəzərə alınıb. Bu hüquqların təminatı, habelə məhdudlaşdırılmasına əsas olan faktorlar 71-ci maddədə vurğulanmışdır. Maddəyə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddədə göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, X3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq, CMnin 147.1-ci maddəsi üzrə təyin olunmuş cərimə növündə cəza müstəqil icra olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, 1 ədəd video disk iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilsin. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X5 cəzasını yaşayış yeri üzrə çəksin. X3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq cərimə növündə cəza müstəqil icra olunsun. 1 ədəd video disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-119/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-119/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver