Məhkəmə qərarları › İş №1(062)-12/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-12/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-12/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Fərman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 (bir yüz on) manat məbləğində alimentin alınıb tələbkar Şirməmmədova (Əhmədova) Lamiyə İxtiyar qızına verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 2(074)-455/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsindəTovuz Rayon Məhkəməsinin 3(062)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 2420,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Şirməmmədova (Əhmədova) Lamiyə İxtiyar qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-455/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 110,00 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirməmmədova (Əhmədova) Lamiyə İxtiyar qızına verilməsi qət edilmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş ünvanına göndərilmişdir. Başlanılmış icraat dövründə maddi imkanı aşağı olduğu üçün qətnamənin icrasını təmin edə bilməmişdir. Bu səbəbdən məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati qaydada həbs edilmişdir. Daha sonra icra məmuru tərəfindən ona yenidən müddət verilmişdir, lakin həmin müddətdə də aliment borcunu ödəyə bilməmişdir. Rəsmi iş yeri yoxdur və bu səbəbdən məhkəmə dövründə də hər hansı ödəniş edə bilməmişdir. Bununla belə məsuliyyətsizlik edərək məhkəmə iclasından da yayınmağa çalışmışdır. Hazırda da, yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi yeni aliment borcunun yaranmasına gətirib çıxaracaqdır. Həmçinin usta kimi fəaliyyət göstərdiyindən onun işləri elə məhz yay aylarında olur. Əgər azadlıqda qalarsa aliment borcunu ödəyə bilər. Ona görə də, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahından Fərman adlı bir övladları olmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs fərdi qaydada usta kimi işləyirmiş və orta hesabla aylıq gəliri 300,00- 400,00 manat olurmuş. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, bundan sonra Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 2(074)-455/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 110 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş borcluya göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tovuz Rayon Məhkəməsinin 3(062)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra borcluya yenidən müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs cəmi 2420,00 manat aliment ödəməli idi, lakin bu günədək aliment üzrə heç bir ödənişlər etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq heç bir nəticə çıxartmamışdır. Həmçinin, icra məmuru tərəfindən dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, Təqsirləndirilən şəxs məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Habelə, məhkəmə dövrü ərzində də Tural ona hər hansı aliment borcu ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-455/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 110 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirməmmədova (Əhmədova) Lamiyə İxtiyar qızına verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı elektron icra sistemində yoxlama aparılmış lakin heç bir nəticə əldə edilməmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinin 8(062)-224-2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin 3(062)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra borcluya yenidən müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs cəmi 2420,00 manat aliment ödəməli idi, lakin bu günədək aliment üzrə heç bir ödənişlər etməmişdir. Sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi borclu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Həmçinin, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də Təqsirləndirilən şəxs məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-455 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-455 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Fərman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. «İcraata başlama haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-455 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icraata başlanmışdır. «Tələbin könüllü icrası barədə» xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və dərhal icra sənədinin icra edilməsi tələb edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(062)-224 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi icra məmuru tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək cəzası 03 il 09 aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs cəzası azaldılaraq müddət 03 il 03 ay müəyyən edilmişdir. Cəzasının sonu əsası ilə xx.xx.2019-cu ildə azad edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Müvəqqəti saxlama yerindən azad edilmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmənin qənaətinə görə cəzanın növü və həddi müəyyən edilərkən, cəza təyin etmənin ümumi prinsipləri rəhbər tutulmalı, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmaması qeyd edilməli, zərərçəkmiş şəxsin ondan şikayətçi olması, zərərçəkmiş şəxslə razılıq əldə olunmaması, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin uzun müddət icra edilməməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, habelə məhkəmə baxışı zamanı qaçıb gizlənməsi, axtarışda olub cinayət məsuliyyətindən yayınmağa cəhd göstərməsi nəzərə alınmalı və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində, məhkəmə baxışı zamanı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi istintaq təcridxanasında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə onun məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanlıldığı 14 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar