Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-12/2025 06.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1969-cu ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədilə 19,41 qram ümumi təmiz çəkiyə malik çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Tovuz şəhəri, Semzavod qəsəbəsi 14-cü korpusda yerləşən 14 nömrəli mənzildə saxlamış, 18 fevral 2024-cü il tarixdə, saat 17 radələrindən saat 18 radələrinədək olan müddət ərzində həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda olmaqla 6,16 qram çəkiyə malik hissəsini 100 (bir yüz) manat məbləğində nağd pul müqabilində tanışı Şahid5 yaşadığı Tovuz şəhəri, Semzavod qəsəbəsi 14-cü korpusun yaxınlığında satmış, 08 may 2024-cü il tarixdə, saat 18:30 dəqiqədən saat 19:31 dəqiqəyədək olan müddət ərzində onun yaşadığı Tovuz şəhəri, Semzavod qəsəbəsi, 14-cü korpusda yerləşən 14 nömrəli mənzildə aparılmış axtarış zamanı 3 (üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,42 qram, 5,87 qram və 2,96 qram olmaqla ümumi təmiz çəkisi 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin mənzilin yataq otağında yerləşən geyim əşyalarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz şəhəri Semzavod qəsəbəsi 14-cü korpus ev 14-də yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4.3 –cü maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrum olunmuş və 2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmış və bundan sonra narkotik vasitədən istifadə etsə də heç zaman satışı təşkil etməmişdir. Şahid5la aralarında tanışlıq münasibəti olduğu üçün ona özünün istifadəsi üçün saxladığı qurudulmuş marixuanadan kibrit qutusuna yerləşdirib ona vermişdir. Narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyi və saxlamağı barədə həyat yoldaşının və ya digər şəxslərin xəbəri olmamışdır. Törətmiş olduğu cinayətin başqa iştirakçı və ya iştirakçıları olmamışdır. Şahid5 bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana üçün 100 manat pul almamış, həmin kibrit qutusunda olan qurudulmuş marixuananı ona pulsuz olaraq vermişdir. Arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurma üsulu ilə istifadə edir. Evindən götürülmüş narkotik vasitə olan marixuana ona aid deyldir. Odur ki, onun əməlini CM-nin 234.2-ci maddəsindən həmi Məcəllənin 234.1-ci maddəsinə tövsif edərək yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Tovuz şəhəri Semzavod qəsəbəsi 14-cü korpusda yerləşən 14 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı mütamadi olaraq qəbul etməsi özündə saxlaması və habelə satış məqsədi ilə evində saxlaması faktına dair daxil olmuş istintaq-əməliyyat məlumatının yoxlanılması və eyni zamanda Təqsirləndirilən şəxs evinə baxış, axtarış və götürmə və digər istintaq hərəkətlərinin aparlmasına dair Tovuz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarının icra edilməsi üçün 08 may 2024-cü il tarixdə Tovuz RPŞ-nin İB-nin müstəntiqi polis mayoru Nəsimi Vəliyev, CAB-nin əməkdaşı Şahid2, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin əməkdaşı Şahid4 və ekspert kriminalist Şahid3la birlikdə 08 may 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin ünvanda ev sahibi və arvadı Sinora Quliyeva olmuşlar. Xidməti vəsiqələri və məhkəmə qərarını ona təqdim edib Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin əməkdaşları evində baxış axtarış və götürmə aparılması barədə bildirdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsində, evində satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirib üzərində və evində qanunla istifadəsi və saxlanılması qadağan olunan hər hansı əşya olması, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, evində və üzərində belə bir əşya yoxdur. Belə olan halda məhkəmə qərarının icra edilməsi müstəntiq tərəfindən ona elan edildikdə həmin şəxs heç bir etiraz və vəsatəti olmamasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs evində baxış, axtarış edilməyə başlandı. Baxış və axtarış zamanı Təqsirləndirilən şəxs evinin yataq otağında olan paltar şkafının qatlanmış paltarlar yığılmış 2-ci rəfdə qatlanmış paltarların içərisindən üzərində kril əlifbası ilə “ÇEREPOVES FESKO” sözləri yazılmış 3 ədəd kibrit qutuları aşkar olundu. Həmin qutular müstəntiq tərəfindən müvafiq olaraq 1,2,3 rəqəmləri ilə işarələndikdən sonra 1 № li qutu açıldı. Həmin qutuda yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olundu. Həmin kütlə tərəzidə çəkildi kibrit qutusu ilə birlikdə ümumi çəkisi 5,90 qram oldu. Bundan sonra 2 № li kibrit qutusu da açıldı və həmin qutunun içərisində də yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olundu. Həmin kütlə tərəzidə çəkildi və kibrit qutusu ilə birlikdə ümumi çəkisi 8,85 qram oldu. Daha sonra isə 3 № li kibrit qutusu da açıldı və həmin qutunun da içərisində yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olundu. Həmin kütlə tərəzidə çəkildi və kibrit qutusu ilə birlikdə ümumi çəkisi 7,38 qram oldu. Beləliklə Təqsirləndirilən şəxs evinin yataq otağındakı paltar şkafının 2-ci rəfinin üzərinə yığılmış paltarların arasından aşkar olunaraq götürülmüş 3 ədəd kibrit qutularında müəyyən edilmiş yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuananın kibrit qutuları ilə birlikdə ümumi çəkisi 22,14 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını və satış məqsədi olmadan evində saxlamasını,çəkdiyini bildirdi. Daha sonra içərilərində yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuana olan 03 ədəd kibrit qutuları bir ədəd zərfə qoyulub qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 bölməsinə gödərilməsindən ötrü götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və evindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilmədi. Şəxsi axtarış və götürmənin aparılması zamanı kameradan istifadə etməklə video-çəkiliş aparılmışdır. Protokol müstəntiq tərəfindən iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamış, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə ona heç bir məlumat daxil olmamışdır. Həmin istintaq hərəkəti saat 18:30-dan başlayıb saat 19:32 dəqiqədə başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 İnqilab oğlunun ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tovuz rayonu Əyyublu kəndində yaşayır. Şahid6 onun həmkəndlisidir. X5 isə əvvəllər tanımamışdır. 18 fevral 2024-cü il tarixdə günorta saatlarında həmkəndlisi Şahid6 onu yaşadığı kəndin ərazisində yerləşən kafeyə dəvət etmişdir. Kafedə olarkən Şahid6 ona Bakı şəhərindən qonağı gəldiyini demiş, ondan çəkməyə narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Sonra Şahid6 ilə kafedən çıxıb ona məxsus **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobilə əyləşib birlikdə Bakı şəhərindən qonaq gələn Cavid Babayevi götürüb birlikdə Tovuz şəhərinə getmişlər. Yolda Şahid6 mobil telefonunu çıxardıb ondan Rafo adlı şəxslə danışmağı, Rafonun ona nəşə satmadığını deyib, onun Rafo adlı şəxsdən narkotik vasitə almasını xahiş etmişdir. O, Şahid6 mobil telefonu ilə Rafo ilə danışıb bir ədəd kibrit qutusu nəşə lazım olduğunu demişdir. Rafo adlı şəxs isə bir kibrit qutusu nəşəni 100 manata satacağını demişdir. Həmin gün Cavid və onun dostu birlikdə Rafonun dediyi tanımadığı ünvana getmiş, Cavid Babayev ona 100 manat pul vermiş və o, Rafo ləqəbli Təqsirləndirilən şəxslə görüşüb 100 manat pul verərək bir kibrit qutusu qurudulmuş marixuana alıb, yenidən Cavidin avtomobilinə gəlib əyləşmişdir. Avtomobilin içərisində kibrit qutusunda olan qurudulmuş marixuananı Şahid6 dostu Cavid Babayevə vermişdir. Tovuz rayonu Aşağı Quşçu kəndində magistral yolun kənarında mülki geyimdə olan 3 nəfər şəxs Cavidin idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz saxlanılan əşya və ya predmetlər, narkotik vasitələr aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, X8 ilə aralarında dostluq münasibəti olmuşdur. Şahid5 ilə həmkəndlidir. 18 fevral 2024-cü il tarixdə dostu Cavid Babayev Bakı şəhərindən Tovuz rayon Əyyublu kəndinə qonaq gəlmişdir. O, idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobil ilə birlikdə gedib dostu Cavid Babayevi yolun kənarından götürmüşdür. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə avtomobil idarə etmiş, nə baş verməsini xatırlamamışdır. Tovuz rayonu Aşağı Quşçu kəndində avtomobil yolunun kənarında mülki geyimdə olan 3 nəfər şəxs onun idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı üzərində və nəqliyyat vasitəsində hər hansı qanunsuz saxlanılan əşya və ya predmet və narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 08 may 2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs səhər saatlarında evdən çıxıb getmiş, bir neçə saat sonra ona zəng gəlmiş və demişlər ki, Rəfayeli çayxanadan aparmışlar. Bir qədər sonra iki polis əməkdaşı gəlmiş, ona demişlər ki, evin qapısını bağlasın, evə giriş-çıxış olmasın. O, evin qapısını bağlamış və 2-3 saat həyətdə gözləmişdir. Daha sonra heç kimin gəlməməsini görüb polis şöbəsinə getmiş və orada ona bildirmişlər ki, əri Rəfayel narkotik vasitələrin satışı ilə bağlı tutulmuşdur. Evə qayıtdıqdan sonra ora polis əməkdaşları gəldilər, evə əvvəl onun, müstəntiqin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirdilər. Baxışdan sonra həyətə düşmüşlər, axtarış aparılması üçün yenidən evə qalxmışlar. Həmin vaxt ona icazə verməsələr də, o israrla baxışda onun da iştirak edəcəyini bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla əvvəlcə mətbəxə, sonra yataq otağına baxış keçirmişlər. Mətbəxdən heçnə çıxmamış, lakin yataq otağındakı paltar dolabından 3 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olması ehtimal olunan kütlə aşkar edilərək götürülmüşdür. O, həmin gün evini yığmış, lakin elə bir kütlə ilə rastlaşmamışdır. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Ərtuğrul Aras ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. 08 may 2025-ci il tarixdə gunortadan sonra evinə gəlmiş, lakin evinə keçməyə polis əməkdaşları icazə verməmişlər. O, evinə keçmək istədiyini bildirdikdə, polis əməkdaşları evinə keçməyə icazə vermişlər, lakin evdən çıxmağa icazə verməmişlər. Daha sonra polis əməkdaşları Rəfayelin evinə qalxmışlar. Bundan sonra o, heç nəyin şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar, həmçinin uzun illərdir ki, bir-birilərini tanıyırlar. Qeyd olunan tarixdə o, Tovuz şəhəri ərazisində yerləşən çayxanada olarkən Təqsirləndirilən şəxs ora gəlmiş, ona çay içməyi təklif etmişdir. Həmin vaxt o, bir nəfər şəxslə söhbət edərkən iki nəfər şəxs Rəfayelə yaxınlaşmış və sonuncunu avtomaşına qoyaraq aparmışlar. Qeyd olunan iş üzrə başqa şeyin şahidi olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 16/233 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X4 üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 6,16 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,06 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş 09 may 2024-cü il tarixli 16/532 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 03 ədəd kibrit qutularında olan kütlələlər” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi 4,42 qram, 5,87 qram, 2,96 qram ümumi təmiz çəkisi 13,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tərkiblərinə görə eynidirlər. Həmin narkotik vasitələrdən hər birinə 0,04 qram tədqiqata sərf edildikdən sonra 6,06 qram,13,13 qram və 6,02 qram qalıq qalmışdır. Tədqiqata təqdim edilmiş, üzərində “vət. X4 üzərindən aşkar edilmiş kütlə”yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 03 ədəd kibrit qutularında olan kütlələlər”yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi 4,42 qram, 5,87 qram, 2,96 qram ümumi təmiz çəkisi 13,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 07 iyun 2024-cü il tarixli 1013 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-358/2017 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onu qeyri-səmimi hesab etməklə, onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş üzrə şahidlərin ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadələrinə Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz etmədi. Bu isə qeyd olunan narkotik vasitənin 100 manat qarşılığında Təqsirləndirilən şəxs alındığını bir daha sübut edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman göstərmişdir ki, o yas məclislərinin birində yaxın bir tanışı ilə söhbət edərkən Sarı adlı şəxs də orada olmuşdur. O Sarını həmin yaxın şəxsə görə tanımışdır. Söhbət əsnasında Sarı ona nəşə lazım olduğunu, əvəzində pulunu verəcəyini bildirmiş, o da nəşə satmadğını, buna baxmayaraq hədiyyə edə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edilən dəlillərə münasibətdə onu qeyd edir ki, Sarının həmin an tanış olduğu Rəfayeldən nəşə istəməsi Rəfayelin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına işarə edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, o cümlədən üzləşdirmə istintaq hərəkəti aparılarkən bildirmişdir ki, hörmətli adama görə Sarıya nəşə vermişdir. Məhkəmə qeyd edir ki, bir sıra əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət vermiş təqsirləndirilən şəxs və onun vəkilləri hörmətli adam dedikləri şəxsin dindirilməsi ilə bağlı vəsatət verməyərək, həmin şəxsin kim olması barədə də məhkəməyə məlumat verməmişdir. Axtarış və götürmədən ibarət məcburi istintaq hərəkətinin aparılmasına münasibətdə məhkəmə onu qeyd edir ki, həmin istintaq hərəkətləri aparılarkən hər hansı qanun pozuntularına rast gəlinməmiş, həmin istintaq hərəkəti məhkəmənin qərarı ilə aparılmışdır. Əlavə şahid qismində dindirilmiş şəxsləri verdikləri ifadələr axtarış və götürmənin qanunsuz aparılmasın nəticəsinə gəlinməsi üçün əsas ola bilməz. Həmin şahidlərdən X3 təqsirləndirilən şəxsin arvadıdır ki, o onunla qohumluq münasibətinin təsir altında ifadə verir. X3 ifadəsində göstərir ki, evdən aşkar edilən narkotik vasitə olan marixuana əvəvlcədən polis əməkdaşları tərəfindən onun evinə yerləşdirilmişdir. Məhkəmə bu dəlili inandırıcı hesab etmir. Belə ki, belə bir şey olduğu halda Sinoranın baxış və götürmə aparılmasına dair protokola imza etməkdən imtina etmək hüququ vardır. Çəkiliş aparılarkən də video görüntülərdən də görünür ki, Sinora tərəfindən hər hansı etirazlar, narazılıq hallarının olması müəyyən edilməmiş, bu barədə Sinora tərəfindən hüquq mühafizə orqanlarına hər hansı şikayət edilməmişdir. Sarının evdə axtarış aparılarkən çayxanadan aparılmasına dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, məhkəmə istintaq zamanı əldə edilmiş telefon-məkan məlumatlarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs axtarış aparılan vaxtadək, yəni saat 18:00-a dək nəyinki çayxanada, müxtəlif ərazilərdə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayət törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuş, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 18 fevral 2024-cü il tarixədək 06 (altı) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs evli olsa da, uşağı yoxdur. Təyin edilmiş cəza arvadı X1 həyat şəraitinə əhəmiyyətli təsir edəcəkdir. Hələ bu təsir məhkəmə istintaqı zamanı da özünü biruzə verməkdə idi. Belə ki, bütün məhkəmə iclaslarında iştirak edən X3 müşahidə edilərkən müəyyən edilmişdir ki, o son günlər sinir xəstəliyindən əziyyət çəkməklə, yeriməkdə də çətinlik çəkirdi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,02 qram, 4,38 qram, 5,83 qram və 2,92 qram təmiz çəkilərdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,02 qram, 4,38 qram, 5,83 qram və 2,92 qram təmiz çəkilərdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-12/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-12/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver