Məhkəmə qərarları › İş №1(062)-123/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-123/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-123/2024 11.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,49 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış, 25 iyun 2024-cü il tarixdə, saat 18:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 18:20-dən saat 18:50-yə dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,49 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə istifadəçisi deyil. Arasıra əlinə düşdükcə qurudulmuş marixuana istifadə edir. Yəni həmin vasitəni siqaretə doldurub çəkir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 16 radələrində o, Tovuz rayonu, Düz Cırdaxan kəndində yol kənarından bir ədəd kibrit qutusu tapmışdır. O, əvvəllər də marixuana istifadə etdiyinə görə marixuananın bu cür qutularda satıldığını bilmişdir. Ona görə də kibrit qutusu diqqətini çəkmiş və əyilərək kibrit qutusunu yerdən götürmüşdür. Həqiqətən də kibrit qutusunda “nəyşə” adlandırdıqları qurudulmuş marixuana olmuşdur. O, ətrafa baxıb heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra kibrit qutusunu götürüb cibinə qoymuşdur. Onun fikri gecə gizlin bir yer tapıb orada həmin marixuananı çəkmək olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində o, yoldan tapdığı kibrit qutusunu əlində tutaraq Tovuz şəhəri, İ.Mürşüdov küçəsi ilə piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamağında və istifadə etməyində şübhələndiklərini bildirib onu Tovuz RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti üzrə onlarla birlikdə Tovuz rayon Polis Şöbəsinə gəlmişdir. Tovuz RPŞ-nin inzibati binasına daxil olduqdan sonra polis əməkdaşları onu nə üçün polis şöbəsinə gətirdiklərini və hüquqlarını izah etmişlər. Hüquqlarını müdafiə etməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən vəkil X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi X1 iştirakı ilə üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. O da onsuz da axtarış zamanı aşkar ediləcəyini düşünərək özü könüllü olaraq əynində olan gör rəngli cins şalvarın sol yan cibində kibrit qutusunda olan 1 ədəd kütləni təhqiqatçıya təqdim etmiş və marixuana olduğunu bildirmişdir. Onun təqdim etdiyi qurudulmuş marixuana təhqiqatçı tərəfindən götürülmüş və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin ümumi çəkisi kibrit qutusu ilə birlikdə 8,77 qram təşkil etmişdir. Ardınca kibrit qutusunda olan kütlə qutu ilə birlikdə zərfə qoyulub qablaşdırılmışdır. O, həmin kütlənin qurudulmuş halda olan marixuana olduğunu bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı onun üzərində olan iki ədəd bank kartları, bir ədəd alışqan, bir ədəd “Redmi” markalı telefon və 10 manat pulnu da şəxsi axtarış zamanı təqdim etmişdir. Daha sonra həmin əşyalar onun özünə qaytarılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 25 iyul 2024-cü il tarixdə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yolun kənarından tapdığı zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edərə deyə üzərində saxlamışdır. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Tovuz RPŞ-də xidmətini davam etdirən zaman Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri, İ.Mürşüdov küçəsində olması barədə məlumat alıb, bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Şahid1 həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra rəhbərlik tərəfindən Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis Şahid1 onunla birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində birlikdə iştirak etmələri göstərişi verilmişdir. Beləliklə də, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə həmin gün saat 18 radələrində avtomobilə əyləşib Tovuz şəhəri, İ.Mürşüdov küçəsinə gəlmişlər. Həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, İ.Mürşüdov küçəsi ilə piyada gedir. Bundan sonra avtomobili saxlamış və Tovuz şəhəri, İ.Mürşüdov küçəsi ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib və polis əməkdaşı olduqlarını bildirərək özlərini ona təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğu üçün Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə getməyə razılıq vermiş və onlara heç bir müqavimət göstərmədiyi üçün onu elə öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bu barədə şöbə rəhbərliyinə müvafiq raportla məruzə etmiş və rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Vüsal İsmayılov özünü Təqsirləndirilən şəxs təqdim etmiş, ona hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X13 rayon Vəkil Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan X2 özünə müdafiəçi qismində seçmişdir. Süleyman Əliyev dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra təhqiqatçı Vüsal İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Süleyman Əliyevlə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elanı edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl təhqiqatçı Vüsal İsmayılov Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində elə bir əşya olduğunu bildirmiş və ardı ilə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni təhqiqatçıya təqdim etmişdir. Təqdim olunmuş bir ədəd kibrit qutusundakı kütlə təhqiqatçı Vüsal İsmayılov tərəfindən götürülmüş, həmin kibrit qutusu açılaraq kibrit qutusunun içərisində olan kütləyə baxış keçirilmiş və baxış zamanı kibrit qutusunun içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı 25 iyul 2024cü il tarixdə Tovuz rayonu, Cırdaxan kəndi ərazisində yolun kənarından tapdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan bir ədəd "xxxx" ASC-yə məxsus bank kartını, "xxxx" ASC-yə aid bank kartını, bir ədəd “Redmi” markalı mobil telefonu və “BİC” markalı alışqanı və 10 (on) manat məbləğində nağd pul vəsaitini təhqiqatçıya təqdim etmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Vüsal İsmayılov tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı Vüsal İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 8,77 qram təşkil etmişdir. Bundan sonra təqdim edilmiş həmin bir ədəd kibrit qutusunda olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinin X10 göndərilməsindən ötrü götürülmüş və protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etdiyi bank kartları, telefon, alışqan və nağd pul iş üçün hər hansı əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:20-dən saat 18:50 dəqiqəyədək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda olan kütlə aşkar edilərək götürülmüş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu və həmin kütləni təxminən 25 iyul 2024-cü il tarixdə Tovuz rayonu, Düz Cırdaxan kəndində yolun kənarından taparaq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X8 verdiyi xx.xx.2024-cü il tarixli, 16/811 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd (bir) ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,49 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (1-ci siyahı) daxildir. Qeyd olunan marixuananın təmiz çəkisi 5,49 qram, tədqiqata 0,2 qram sərf edilmiş, qalıq isə 5,47 qram təşkil etmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin X6 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,49 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-сü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaq olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1352 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə onun barəsində məcburi müalicə təyin olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar