Məhkəmə qərarları › İş №1(062)-124/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-124/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-124/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 07 noyabr 2023-cü il tarixdə, Tovuz şəhərində xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində üç azyaşlı uşağı olan, işsiz, əvvələr məhkum olunmamış, orta təhsilli, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd ağ kağız bükümdə olan təmiz çəkisi 1,63 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində, iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,96 qram və 7,63 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib idarə etdiyi “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlamış, 09 avqust 2023-cü il tarixində, saat 22 radələrində polis əməkdaşları tərəfindən Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Məlik” marketin qarşısında saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 22:20-dən saat 23:00-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 1,63 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə saat 23:10-dan saat 23:50-dək olan müddət ərzində Tovuz rayon polis şöbəsinin həyətində ona məxsus idarə etdiyi “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə keçirilmiş axtarış zamanı iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,96 qram və 7,63 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda yerləşən kiçik saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Xeyli müddət olar ki, Bakı şəhərində kirayədə yaşayır. 08 avqust 2023-cü il tarixdə o, Bakı şəhərindən yaşadığı kəndə qayıtmışdır. Özünə məxsus **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiliylə Tovuz rayonu Hunanlar kəndinə getmişdir. O, Tovuz-Hunanlar avtomobil yolu ilə hərəkətdə olan zaman avtomobilin təkəri deşilmişdir. Təkəri dəyişən zaman yolun kənarında, yerdə iki kibrit qutusu və bir ədəd şəffaf rəngli büküm onun diqqətini cəlb etmişdir. O, həmin şəffaf rəngli bükümə və kibrit qutularına yaxınlaşıb yerdən götürmüşdür. Kibrit qutusunun və şəffaf rəngli sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin kibrit qutularını avtomobilin saxlanc yerinə, şəffaf rəngli bükümü isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuş və özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Malik” marketin qarşısı ilə idarə etdiyi “Kia Rio” markalı **- EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman 3 nəfər şəxs idarə etdiyi avtomobili saxladıb ona yaxınlaşmışlar. Özlərini polis əməkdaşları kimi təqdim edib, üzərində və avtomobilində daşınması qanunla qadağan olunmuş narkotik vasitələrin gəzdirilməsilə bağlı şübhələndiklərini bildirib onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən idarə etdiyi avtomobil ilə birlikdə Tovuz rayon polis şöbəsinə gəlmişdir. Ardınca bir otağa daxil olmuş. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl ona üzərində qanunla saxlanması, daşınması, istifadəsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan qurudulmuş marixaunanı çıxardıb təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümdə olan kütlənin bükümlə birlikdə çəkisi 1,83 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi bir ədəd şəffaf rəngli bükümdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətində onun idarə etdiyi “Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl avtomobildə qanunla saxlanılması, daşınması və istifadəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. O, avtomobilimin saxlanc yerindən içərisində qurudulmuş mariuxana olan iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş kütləyə növbəli qaydada açılaraq baxış keçirilmiş, yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 10,45 qram təşkil etmişdir. İkinci kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 8,69 qram təşkil etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 09 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində o, Tovuz rayon polis şöbəsində gündəlik xidmətində olan zaman Tovuz rayonu Əlimərdanlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. O və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Tovuz rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə həmin günü saat 22:00 radələrində avtomobilə minib Tovuz şəhər istiqamətində hərəkət etmişlər. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Tovuz şəhəri Heydər Əliyev prospekti ilə üzü Tovuz rayonu Düz Cırdaxan kəndi istiqamətinə doğru yolun sağ tərəfində yerləşən “Malik” marketin qarşısında dayanmışdır. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasında saxlayıb düşmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs sükanın arxasında olmuşdur. O, xidməti vəsiqəsini təqdim edib polis əməkdaşı olduğunu bildirərək, Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən avtomobilə əyləşdikdən sonra Tovuz rayon polis şöbəsinə gətirilmişdir. O, Təqsirləndirilən şəxs rayon şöbəsinə gətirilməsi ilə bağlı müvafiq raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Tovuz rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədova həvalə edilmişdir. Bundan sonra Məhərrəm Məmmədov, Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah edərək bildirmişdir ki, onun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq vardır. Bundan sonra təhqiqatçı X2 rayon Vəkil bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmiş. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və vəkili tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirdi. Daha sonra vəkil Müdafiəçi Tovuz rayon polis şöbəsinə dəvət olunmuş və o, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçila tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən öncə təhqiqatçı Məhərrəm Məmmədov, Təqsirləndirilən şəxs, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, vardırsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğunu bildirərək, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə açılaraq baxış keçirilmiş, həmin bükümdə olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi kütlə qurudulmuş marixuanadır və həmin kütləni bir gün öncə Tovuz rayonu Hunanlar kəndinə gedən yolun kənarında taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Şəffaf rəngli bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 1,83 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli bükümdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, onun idarə etdiyi avtomobildə də narkotik vasitə olan qurudulmuş marixuana vardır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-EO-*** dövlət nömrə nişanlı avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə, eləcə də videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Kio Rio” markalı **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış aparılmazdan əvvəl ona idarə etdiyi avtomobildə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması barədə soruşulmuş, vardırsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin saxlanc yerini açıb iki ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim edilmiş kütlələrə növbəli qaydada açılaraq baxış keçirilmiş. Birinci kibrit qutusunda olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş çəkisi kibrit qutusu ilə birlikdə 10,45 qram təşkil etmişdir. İkinci kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş, kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş, kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 8,69 qram təşkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi avtomobildə olan təqdim etdiyi iki ədəd kibrit qutusunda olan kütlələr qurudulmuş marixuanadır və həmin kütləni bir gün öncə Tovuz rayonu Hunanlar kəndinə gedən yolun kənarında taparaq özü istifadə etmək avtomobildə saxlamışdır. İş üzrə Şahid2 və Şahid3 ifadəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunludur. Cinayət işi üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Aralarında heç bir ədavəti və düşmənçiliyi olmadığı kimi heç bir qohumluq əlaqələri də yoxdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı kənddən Tovuz rayon avtovağzalına gəlmək istəmiş və bunun üçün yolun kənarında dayanmışdır. O, yolun kənarında dayanıb avtomobil gözləyərkən Vüsal özünə məxsus ağ rəngli “Kio Rio” markalı avtomobillə yanında saxlamışdır. O, Tovuz rayon avtovağzalına gedəcəyini demişdir. Təqsirləndirilən şəxs onu aparacağına razılışdıqdan sonra o, Vüsalın idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Onlar Tovuz şəhərində yerləşən “Aura” marketin qarşısına çatan zaman Vüsal avtomobili sağa tərəf döndərmişdir. O, Vüsala bir daha avtovağzala getdiyini xatırlatmışdır. Vüsal da avtomobilə yanacaq vurub geri qayıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs Tovuz şəhəri, Heydər Əliyev prospektilə hərəkət edib “Malik” marketin qarşısında saxlamışdır. Ön oturacaqda əyləşən Emin adlı tanıdığı şəxs, ondan iki ədəd “Go” içkisi almağımı xahiş etmişdir. O, dükanda olan zaman bir nəfər şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edib onunla birlikdə dükandan çıxmağını istəmişdir. Sonra onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Daha sonra Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətində Vüsalın idarə etdiyi “Kio Rio” markalı **-EO- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış keçirtmişlər. Axtarışa başlamazdan əvvəl ona avtomobildə qanunla saxlanması, daşınması, gəzdirilməsi, istifadəsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. Vüsal avtomobilin saxlanc yerindən içərisində qurudulmuş mariuxana olan iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş kütlələrə növbəli qaydada açılaraq baxış keçirilmişdir. Birinci kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra Vüsalın təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkildi. Kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 10,45 qram təşkil etdi. İkinci kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edildi. Daha sonra Vüsalın təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkildi. Kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 8,69 qram təşkil etdi. Cinayət işinin 33-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli 16/801 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. İşin 34-35-ci vərəqəsində olan 10 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 16/801 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,96 qram, 7,63 qram ümumi təmiz çəkisi 13,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 57-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkimpsixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 74-cü vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 1517 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 7-ci vərəqəsində olan şübhəli şəxsi tutma haqda 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 49-cu vərəqəsində olan 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 58-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilir. Cinayət işinin 79-cu vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu müəyyən olunur. İşə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2009-cu ildə Xəlil, 08 iyul 2013-cü ildə Sadiq və 24 aprel 2015-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanada Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 15,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 15.16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar