Məhkəmə qərarları › İş №1(062)-124/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-124/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-124/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə, gecə saat 02 radələrində Tovuz rayonu Bozalqanlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olub evin yataq otağında divara söykədilmiş vəziyyətdə olan 01 (bir) ədəd “Super Samira” firmasına məxsus, Türkiyə istehsallı, 200X300 sm ölçüdə yundan toxunulmuş, 120 (bir yüz iyirmi) manat dəyərində xalçanı, 01 (bir) ədəd, 4 qram çəkidə, 583 əyyarlı, Rusiya istehsallı, sadə toxunuşlu, üzərində 1 ədəd 2 qram çəkidə dairəvi formalı qızıl klonu olan 510 (beş yüz on) manat dəyərində qızıl boyunbağını və 01 (bir) ədəd “QUİKS” markalı, Türkiyə istehsallı, 8.0 kiloqramlıq, Q-1865 modelli 60 (altımış) manat dəyərində olan paltaryuyan maşını oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 690 (altı yüz doxsan) manat dəyərində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Tovuz rayonu Bozalqanlı kəndində yaşayır, fərdi əməklə məşğul olur. Tovuz rayonu Bozalqanlı kənd sakini X1 tanıyır, onunla heç bir qohumluq əlaqəsi və ədavəti olmamışdır. Onunla bir həmkəndlisi kimi yaxın münasibəti olmuşdur. xx.xx.2024-cü ildə saat 20 radələrində o öz yaşadığı evdə çörək yeyən vaxt Fizuli onlara gəlmiş, ona təklif etmişdir ki, gəl otur birlikdə çörək yeyək. Fizuli oturub onunla birlikdə çörək yeyib araq içmişdir. Sonra ona demişdir ki, yeyinti yeri var, o demişdir onu belə işlərə qatmasın. Lakin o demişdir ki, narahat olma evdə heç kim yoxdur. O da onunla razılaşmışdır. Onlar çörək yeyəndən sonra Fizuli çıxıb öz evlərinə getmişdir, danışmışlar ki, gecə hamı yatandan sonra həmin Fizulinin dediyi evə oğurluq etməyə getsinlər. Onlar danışmışlar ki, gecə saat 02-də Fizuligilin küçəsinin qarşısında görüşsünlər. Həmin günü gecə saat təxminən 02 radələrində o evdən təkcə piyada çıxıb Fizuligilin evinin yaxınlığına küçənin başına getmişdir. Fizuli də oraya gəlmişdir. Bundan sonra onlar Fizulinin göstərdiyi sonradan X2 məxsus olduğunu bildiyi evin qarşısına getmişlər. Orada o yolun kənarında arxın yanında gözləmişdir ki, gəlib gedən olsa məlumat versin. Fizuli açıb həyət qapısından həyətə girmişdir, sonra pəncərəni sındırmış və həmin pəncərədən evə girib evin qapısını açmışdır. Həmin vaxt Fizuli əlinə əlcək taxmışdır ki, əlinin izi düşməsin. O da həmin qapıdan evə girmişdir, içəridə Fizuli bir ədəd xalçanı götürüb ona vermişdir, o xalçanı götürüb çıxmaq istəyəndə Fizuli ona demişdir ki, evdə qızıl da var. Ancaq o həmin qızılı görməmişdir, xalçanı götürüb evdən həyətə çıxmışdır. Həyətdən açıq həyət qapısından küçəyə çıxmışdır. Fizuli isə evdə qalmışdır və ona demişdir ki, sən get mən evdə qızıl var onu götürüb çıxıram. O, küçədən təkcə piyada evlərinə tərəf getmiş və evin yaxınlığında xalçanı gizlətmişdir. Aradan bir saat keçəndən sonra fikirləşmişdir ki, birdən görən olar ona görə həmin xalçanı gizlətdiyi yerdən götürüb aparıb “Bayraq meydanı”nın yanındakı ağaclığın içərisinə atmışdır. Sonra da çıxıb öz yaşadığı evə getmişdir. Həmin günün səhəri Fizuli ilə görüşəndə soruşmuşdur ki, qızılı götürdünmü, Fizuli ona demişdir ki, qızılı götürmüşəm, məndədi saxlamışam, hələ sata bilmərəm. Həmin gündən iki gün sonra polis əməkdaşları onu çağırıb sorğu sual edəndə o, hadisəni olduğu kimi polis əməkdaşlarına danışmış və xalçanı gizlətdiyi yerdən götürüb özü polis əməkdaşlarına təqdim etmişdir. Həmin evdən oğurluğu X3 ilə birlikdə törətmiş, xalçanı o götürmüş, qızılı isə Fizuli götürmüşdür. Onların həmin evə girməyini, həmin evdən oğurluq etməklərini heç kim görməmişdir. Yaşayış evindən paltaryuyan maşın oğurlamamışdır, lakin Zərərçəkmiş şəxs paltaryuyan maşın alıb qaytaracağına söz verir, onun özünə də demişdir ki, ona paltaryuyan maşın alıb verəcəkdir. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Dəymiş maddi ziyanın geri qalan hissəsini də ödəyəcəkdir. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhərində müalicə alır. Məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan işə baxılmasını istəyir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Tovuz rayonu Düz Qırılqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayır. Tovuz rayonu Bozalqanlı kənd sakini Zərərçəkmiş şəxs onun doğma xalasıdır. Onunla münasibəti bir qohum kimi yaxşıdır. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında xalası Tərlan onun istifadəsində olan (050) ***-**-** nömrə ilə işləyən mobil telefonuna zəng edib demişdir ki, qonşusu ona xəbər verib ki, evlərinin pəncərəsini kimsə sındırıb evə girib. Ona görə də ondan xahiş etmişdir ki, gedib evə baş çəksin. Tez xalasının yaşadığı evin qarşısına getmişdir. Orada o görmüşdür ki, küçədən evə giriş qapısı bağlıdır, ona görə də xalası Tərlanın ona deməsi ilə arxa tərəfdən evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olandan sonra evə yaxınlaşmışdır və görmüşdür ki, evin giriş qapısının yaxınlığında olan pəncərə sınıb, digər pəncərə isə sınmış və açıq vəziyyətdədir. Elə oradan da o öz istifadəsində olan mobil telefonla xalası Tərlanı yığıb onunla canlı danışıb evini ona göstərmişdir. Orada xalası baxıb demişdir ki, evin sənədlərinə bax gör yerindədirlərmi, o da baxmışdır ki, sənədlər hamısı yerindədir və bunu xalasına göstərmişdir. Orada o baxanda görmüşdür ki, evin içərisində bir neçə yerdə qan ləkələri var. Bundan sonra o həmin evi tərk etmişdir. Aradan 6-7 saat keçmiş qardaşı Vüsal, xalası Tərlan və xalası qızı Könül, Könülün idarə etdiyi avtomobillə onun iş yerinə gəlmişlər və dördü də birlikdə getmişlər xalasıgilə. Elə orada xalası Tərlan demişdir ki, evdən çıxarkən həmin qan ləkələri onun evində olmamış, sonradan qalmışdır. Orada onlara məlum olmuşdur ki, xalası Tərlanın evindən 1 ədəd qızıl boyunbağı və 1 ədəd xalça oğurlanıb. Ola bilsin ki, qardaşı Şahid2 əlini dolaba vuran zaman onun əl-barmaq izlərinin əksi orada qalıb, çünki onun kimi o, da əllərini hər yerə toxundururmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Tovuz rayonu Bozalqanlı kənd sakini Zərərçəkmiş şəxs onun doğma xalasıdır. Onunla münasibəti bir qohum kimi yaxşıdır. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında xalası Tərlanla onun qızı Könül onların yaşadığı evə gəlmişlər. Onlar ona demişlər ki, qonşusu onlara xəbər verib ki, evlərinin pəncərəsini kimsə sındırıb evə girib, ona görə də o, bununla bağlı onun qardaşı Şahid1 tapşırıb ki, gedib evə baş çəksin. Ona görə də qardaşı Şahid1 tez gedib oradan onları mobil telefon vasitəsi ilə görüntülü yığmışdır. Görüntü zamanı xalası Tərlan görmüşdür ki, həqiqətən də evindən oğurluq olub. Ona görə də xalası Tərlanla onun qızı Könül ondan xahiş etmişlər ki, gedək birlikdə evimizə baxaq. Ona görə də onlar üçü birlikdə xalası qızı Könülün idarə etdiyi avtomobillə gəlmişlər Tovuz şəhərinə və burada qardaşı Şahid1 da özləri ilə götürüb getmişlər xalası Tərlanın yaşadığı evə. Orada onlar dördü də birlikdə evə daxil olmuşlar və orada dağıdılmış əşyalara, o cümlədən siyirtməli dolaba əlləri ilə toxunmuşlar. Hadisə yerində görmüşlər ki, ətrafda çox yerdə qan ləkələri var. Elə orada xalası Tərlan demişdir ki, evdən çıxarkən həmin qan ləkələri onun evində olmamış, sonradan qalmışdır. Orada onlara məlum olmuşdur ki, xalası Tərlanın evindən 1 ədəd qızıl boyunbağı və 1 ədəd xalça oğurlanıb. Ola bilsin ki, o əlini dolaba vuran zaman onun əlbarmaq izlərinin əksi orada qalıb. Söhbət əsasında qardaşı Şahid1 danışmışdır ki, onlar gəlməmişdən əvvəl xalası Tərlan ona tapşırmışdır ki, gedib onun yaşadığı evə baxsın və o da onun tapşırığı əsasında həmin evə gəlib görmüşdür ki, həqiqətən də evdən oğurluq olmuşdur. Bütün bunları qardaşı Şahid1 öz istifadəsində olan mobil telefon vasitəsi ilə görüntü formasında canlı olaraq onlara göstərmişdir. Bunu xalası Tərlanla onun qızı Könül də təsdiq edə bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli 3-16-16/2-9/805/2024 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata fotoşəkillərdə təqdim edilən zərgərlik məmulatının və xalçanın 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630,00 manat müəyyən olunur. O, cümlədən: 1 ədəd “super Samira” firmasına məxsus, Türkiyə istehsalı olan 200X300 sm ölçüdə yundan toxunulmuş, heç bir cırığı, zədəsi, ləkəsi olmayan işlənmiş vəziyyətdə olan xalça- 120,00 manat; 1 ədəd üzərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə toxunuşlu, üzərində bir ədəd 2 qram çəkidə yumru formalı qızıl klonu olan boyunbağı-510,00 (6 qr x 85) manat; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2024-cü il tarixli 3-16-16/2-9/2998/2024 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd “QUİKS” markalı, Türkiyə istehsalı olan, 8.0 kq-lıq, “Q-1865” model, plastmas materialdan 2016-cı ildə istehsal olunmuş, heç bir sınığı, zədəsi olmayan, saz və işlək vəziyyətdə olan paltaryuyan maşının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 60,00 manat müəyyən olunur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 18 gün islah işləri cəzasına məhkum edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış bir ədəd 200x300 ölüçdə xalça qanuni sahibinə qaytarılmışdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 120 manat ödənilməsi və maddi subut olan bir ədəd 200x300 sm ölçüdə xalçanın ona qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar