Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-125/2023 18.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını əvəzsiz, gizli olaraq talamaq qərarına gəlmiş, bu niyyətlə 09 may 2023-cü il tarixdə, saat 21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə əvvəlcə hasardan həyətə, oradan isə həmin vaxt açıq vəziyyətdə olan giriş qapısından daxil olaraq evin yataq otağında yerləşən şkafın siyirməsində olan çantanın içərisindəki qara rəngli pul qabının içərisindən 200 (iki yüz) manat məbləğində nəğd pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 200 (iki yüz) manat məbləğində nəğd pulu gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq qərarına gəlmiş, bu niyyətlə 14 may 2023-cü il tarixdə, saat 23 radələrində Tovuz rayonu Xatınlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hamam otağının açıq qalmış pəncərəsindən həmin evə qanunsuz daxil olaraq evin yataq otağındakı paltar şkafında olan çantadan 300 (üç yüz) manat məbləğində nəğd pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 300 (üç yüz) manat məbləğində nəğd pulu gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq qərarına gəlmiş, bu niyyətlə Tovuz rayonu Xatınlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin pəncərəsindən həmin evə daxil olaraq yataq otağından 200 (iki yüz) manat məbləğində nağd pulu və 1 ədəd, Rusiya istehsallı, 583 əyarlı, 6 (altı) qram çəkidə 510 (beş yüz on) manat dəyərində qızıl qolbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 200 (iki yüz) manat məbləğində nəğd pulu və 1 ədəd, Rusiya istehsallı, 583 əyarlı, 6 (altı) qram çəkidə 510 (beş yüz on) manat dəyərində qızıl qolbağını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Qaraxanlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. X1 ikinci övladına hamilə qalan zaman onun müalicəsi üçün Tovuz rayon Xatınlı kənd sakini Şirin adlı qadından 250 manat məbləğində pulu 10 faiz sələmlə götürmüş, lakin, həmin pulu qaytara bilməmişdir. Bundan əlavə, son aylar işləmədiyi üçün ərzaq mağazalarından nisyə ərzaqlar almış, yaşadığı kənddə Yaşar adlı şəxsin, Norvuz adlı şəxsin, Paşa adlı şəxsin mağazalarından nisyə ərzaq məhsulları almış, yaşara təxminən 100, Novruza 70, Paşaya 20 manat məbləğində borcu qalmışdır. Həmin borcları verə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. O, ilk oğurluğu xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Tovuz rayonu, Qaraxanlı kənd sakini Zərərçəkmiş şəxs3 evindən etmişdir. Həmin şəxsin həyət qapısında asma qıfıl olduğunu görüb evdə heç kəsin olmamasını bilmiş, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, əvvəlcə hasardan aşaraq həyətə daxil olmuş, sonra qapının açıq olub-olmamasını yoxlamış, bu zaman qapının açıq olduğunu, yəni kilidli olmadığını görmüş, qapını açaraq qonaq otağına daxil olmuş, orada pul və qızıl zinət əşyası tapmamışdır. Daha sonra qonaq otağının baş tərəfində olan otağa keçmişdir. Orada yorğan və döşəyin altını və digər yerləri axtarsa da, pul və qızıl tapa bilməmişdir. Sonra ikinci otağa daxil olmaq istəmişdir. Bu zaman həmin otağın qapısının kilidli olduğunu görmüş, itələsə də aça bilməmişdir. Buna görə də zalda olan mobil telefonu götürüb qapının üstündə olan pəncərənin şüşəsini həmin telefon ilə vurub sındırmışdır. Həmin sındırdığı yerə çıxıb oradan yataq otağına daxil olmuşdur. Yataq otağındakı şkafı axtaran zaman onun yuxarı rəfində qadın çantalarını görmüşdür. Həmin qadın çantalarını axtaran zaman onların birinin içindən qara rəngli qadın pul qabını görmüşdür. Açanda pul qabında 200 manat pul olduğunu görüb həmin məbləği götürmüşdür. Pulu götürdükdən sonra son girdiyi otağın pəncərəsini açıb həmin pəncərədən də həyətə tullanmışdır. Sonra bağ tərəfə gedib, bağın hasarından aşıb yola çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Növbəti oğurluğu Tovuz rayonu Xatınlı kənd sakini Zərərçəkmiş şəxs2 evindən 300 manat pul oğurlamaqla etmişdir. Belə ki, xx.xx.2023cü il tarixdə saat 23 radələrində Tovuz rayonu Xatınlı kəndində küçə ilə piyada gedən zaman əvvəllər tanımadığı, adının sonradan Ağarza olduğunu bildiyi şəxsin evinin qapısında asma qıfıl olduğunu görmüşdür. Divarın qarşısında olan qaz borusundan tutub həmin boru ilə divarın üstünə çıxmışdır. Oradan həyətə düşüb evə daxil olmaq istəmişdir. Lakin, evin bütün qapı və pəncərləri bağlı olduğu üçün evə daxil ola bilməmişdir. Bu zaman hamamın pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərədən də hamama, evin içində olan hamamdan da evə daxil olmuşdur. Yataq otağında olan şkafın birinci rəfində qara rəngli kişi çantasının içinə baxan zaman orada 300 manat pul olduğunu aşkar etmişdir. Pulun iki ədədi əlli manatlıq əskinaz, qalan pul isə 20 və 10 manatlıq əskinaslar olmuşdur. 300 manat məbləğində nağd pulu götürüb həyətə düşmüş, sonra isə divarın üstünə çıxıb küçəyə tullanmışdır. 300 manat pulu borclarına vermişdir. Bundan başqa, digər oğurluğu xx.xx.2023cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu Xatınlı kənd sakini adının sonradan İlham olduğunu bildiyi şəxsin evindən etmişdir. Həmin şəxsin bayır qapısında asma qıfıl olduğunu görmüş, ev sahiblərinin evdə olmadığını anlayıb, divardan aşıb həyətə daxil olmuşdur. Evin divarına taxta pilləkən söykəndiyini görmüşdür. Həmin taxta pilləkənlə pəncərənin qabağına çıxmışdır. Pəncərənin qabağında olan toru söküb içəri daxil olmuşdur. İçəri daxil olub yataq otağında olan masanın üzərindəki qara rəngli qadın əl çantasının içinə baxan zaman orada 200 manat pul və qadın qızıl qolbağı olduğunu görmüşdür. Qolbağın əlamətlərini xatırlamır, 5-6 qram çəkidə olardı. Qızıl qolbağı və pulu götürüb pəncərədən həyətə düşmüşdür. Sonra isə gəldiyi yolla deyil, başqa yolla geri qayıtmışdır. Həyətdən evin bağına, oradan da qonşunun həyətinə keçmişdir. Qonşu məhlədə yarımçıq tikilinin içərisinə keçərək Abbasov Fazilin evindən oğurladığı iki ədəd bank kartını yarımçıq tikilinin içərisində bir ədəd taxta parçasının altına qoymuşdur. Həmin kartları ona görə taxtanın altına qoymuşdur ki, yağış yağan zaman kartlar islanıb yararsız hala düşməsin. Həmin kartları bir neçə gün sonra Fazilin həyətinə atmaq istəmişdir. Zərərçəkmiş şəxs1 evindən oğurladığı 205 manat puldan borclarının bir qismini ödəmişdir. Qızıl qolbaq isə cibindən düşdüyü üçün itirmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə Kür çayının sahilinə getmişdir. Orada bir qədər oturduqdan sonra saat təxminən 22 radələrində evinə gəlmişlər. Evə gəldikdə evinin qapısına bağladığı qıfılı açaraq evin həyətinə daxil olmuşlar. Daha sonra isə evə daxil olmuşlar. Evə daxil olduqdan sonra evin yataq otağına keçmişdir və evin yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, həmin vaxt dərhal yataq otağında olan pul kisəsini axtardıqda, pul kisəsinin yataq otağında olan çarpayının üzərində olduğunu görmüşdür. Pul kisəsinin açıb baxan zaman pul kisəsində olan 200 manat pulunun oğurlandığını görmüşdür. O, sonuncu dəfə özünə məxsus olan 200 manat pulunu hadisədən bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə gördüyünü bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, arvadı Şahid, oğlu Asif, gəlini Nabat və iki azyaşlı nəvələri Teymur və Mələklə birlikdə Tovuz rayon Xatınlı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdən çıxaraq ondan təxminən 500 metr kənarda yaşayan digər oğlu Nizaminin evinə getmişlər. Həmin vaxt evdə heç kim qalmamışdır. Saat təxminən 23 radələrində evə qayıtmışlar. Evə qayıdan zaman gəlini Nabat hamamın soyunub geyinmə otağının pəncərəsindən naməlum şəxs və ya şəxslərin keçərək oğlunun yataq otağındakı paltar şkafının içində olan qara rəngli əl çantasından özünə məxsus 300 manat məbləğində pulun oğurlanması barədə məlumat vermişdir. Həmin pullar 50 və 100 manat əskinazlardan ibarət olmuşlar. Başqa əmlakı oğurlanmamışdır. Ona 300 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Tovuz rayon Qaraxanlı kəndində arvadı Qüdrət ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində arvadı Qüdrət ilə kəndlərində yaşayan bacısının evinə qonaq getmişlər. Saat təxminən 23 radələrində evinə gəlmişdir. Evə daxil olduqdan sonra yataq otağına keçərək yatmışlar. Ertəsi gün yəni, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bağda ağacları sulayıb evə gəlib arvadı Qüdrətdən ona paltar gətirməyini xahiş etmişdir. Bu zaman Qüdrət digər yataq otağına keçib ona köynək gətirməyə getmiş, buradan da onu səsləyərək otaqda olan paltar dolabının dağılmış vəziyyətdə olduğunu bildirmişdir. Dərhal otağa keçmiş və oraya naməlum şəxs və ya şəxslərin daxil olduğunu görmüşdür. Evin zal otağının pəncərəsinə baxdıqda otağın pəncərəsinin açıq vəziyyətdə olduğunu və pəncərənin qarşısının palçıq olduğunu görmüşdür. Həmin vaxt arvadı ilə dərhal yataq otağına keçərək paltar dolabına baxdıqda dolabda olan, arvadı Qüdrətə məxsus əl çantasından 200 manat nağd pulun və arvadı Qüdrətə məxsus Rusiya Federasiyası istehsalı, 583 əyyarlı, 6 qram çəkidə qızıl qolbağının oğurlandığını müəyyən etmişlər. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman Şahid ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs2, oğlu Asif, gəlini Nabat və iki azyaşlı nəvələri Teymur və Mələklə birlikdə Tovuz rayon Xatınlı kəndində yaşayır. 14 may 2023-cü il tarixdə, saat 18 radələrində evdən çıxaraq ondan təxminən 500 metr kənarda yaşayan digər oğlu Nizaminin evinə getmişlər. Həmin vaxtı evdə heç kim qalmamışdır. Saat təxminən 23 radələrində evə qayıtmışlar. Evə qayıdan vaxt gəlini Nabat evin içərisində olan hamamın soyunub geyinmə otağının pəncərəsindən naməlum şəxs və ya şəxslərin keçərək oğlunun yataq otağındakı paltar şkafının içində olan qara rəngli əl çantasından özünə məxsus üç yüz manat məbləğində pulun oğurlanması barədə məlumat vermişdir. Həmin pullar 50 və 100 manat əskinazlardan ibarət olmuşlar. Başqa əmlakı oğurlanmamışdır. Onlara 300 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olan ev Tovuz rayon Qaraxanlı kəndində yerləşən bir mərtəbəli, bir zal və üç otaqdan ibarət olan mişar daşından tikilmiş fərdi yaşayış evidir.Evin giriş hissəsində zal otağı yerləşir.Zal otağından digər otaqlara giriş vardır.Evin yataq otağının pəncərəsinin şüşəsi sındırılmış vəziyyətdə olmuşdur.Sındırılmış pəncərə şüşəsi yataq otağının qapısının qarşısına tökülmüş vəziyyətdə olmuşdur.Hər iki otaqda olan əşyalar dağınıq vəziyyətdə olmuşdur.Baxış zamanı hadisə yerində fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə olunub və hadisə yerində pəncərənin çərçivəsindən iki ədəd əlbarmaq izi götürülmüşdür. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan ev Tovuz rayon Xatınlı kəndində yerləşən bir mərtəbəli, bir zal və iki otaqdan ibarət olan mişar daşından tikilmiş fərdi yaşayış evidir. Evin qarşı tərəfində yarımtikili ev yerləşir. Evin sağ və sol tərəfində fərdi yaşayış evləri, evin arxa hissəsində həyətyanı torpaq sahəsi yerləşir, evin qarşı tərəfindən isə avtomobil yolu keçir. Baxış zamanı hadisə yerində fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan ev Tovuz rayon Xatınlı kəndində yerləşir. Evin giriş qapısı iki taylı dəmir materialından hazırlanmış darvazadan ibarətdir. Dəmir darvazanın içərisində bir ədəd kiçik giriş qapısı yerləşir.Yaşayış evinin giriş qapısı dəmir materialdan hazırlanmış seyf qapıdan ibarətdir. Ev kürsülü evdir. Ev üç yataq otağı, bir zal, mətbəxt və hamam otağından ibarətdir. Evin bütün pəncərələri plastik materialdan hazırlanmış pəncərlərdən ibarətdir. Zal otağından sol tərəfdə yerləşən yataq otağında bir ədəd iki nəfər üçün nəzərdə tutulmuş çarpayı, bir ədəd geyim əşları üçün nəzərdə tutulmuş dolab və bir ədəd masa yerləşir. Dolabın üst hissəsində bir ədəd qara rəngli əl çantası qoyulmuşdur. Sorğu zamanı Zərərçəkmiş şəxs2 ona məxsus olan həmin qara rəngli əl çantasından 300(üç yüz) manat pul oğurlandığını bildirmmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9|4716 saylı rəyindən görünür ki, 2023-cü ilin may ayına Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd Rusiya istehsallı, 583 əyyarlı, 6 qram çəkidə qızıl qolbağın qiyməti 510 (6 qram x 85 manat) manat təşkil edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, onların təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs na Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-125/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-125/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver