Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-127/2024 18.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını şəxsi istehlakı üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə 2024-cü ilin aprel ayında Tovuz çayının Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən hissəsinin sağ sahilində torpaq sahəsinə basdırmaqla qanunsuz olaraq narkotik tərkibli, çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, Tovuz rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 25 iyul 2024-cü il tarixdə saat 16:50 dəqiqədən saat 17:06 dəqiqəyədək rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz çayının Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən hissəsinin sağ sahilində torpaq sahəsinə baxış keçirilərkən oradan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdar təşkil edən 5 ədəd, 600 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuana və psixiotrop maddə olan metamfetamindən başqa heç bir narkotik maddələrdən istifadə etmir. 2024-cü ilin aprel ayında Tovuz rayonuna işləmək məqsədilə gəlmişdir. Həmin vaxt üzərində Samux rayonunda Kür çayının kənarından özü üçün istifadə etmək məqsədilə yığıb saxladığı qurudulmuş marixuana olmuşdur. Həmin qurudulmuş marixuananı yığdıqda toxumlarından da götürüb cibində saxlamış və toxumları da özü ilə Tovuz rayonuna gətirmişdir. Tovuz rayonuna gəldikdən sonra toxumları Tovuz çayının kənarında yerləşən boş torpaq sahəsinə basırmışdır ki, gələcəkdə qulluq edib becərsin. Həmin gün Tovuz şəhəri, H.Əliyev adına istirahət parkının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Tovuz RPŞ-nə dəvət olunmuş və şöbədə üzərinə baxış keçirilən zaman üzərində təxminən 350 qrama yaxın qurudulmuş marixunana aşkar olunmuşdur. Beləliklə, barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi yekunlaşdırıb baxılması üçün Tovuz Rayon Məhkəməsinə verilmişdir. Həmin cinayət işi üzrə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir və hökm üzrə təyin olunan cəzanı çəkir. xx.xx.2024-cü ildə Tovuz Rayon Məhkəməsi tərəfindən çağırıldığı üçün Tovuz rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Tovuz Rayon Məhkəməsində iştirak etdikdən sonra saat təxminən 10 radələrində üç ay əvvəl Tovuz çayının kənarında torpağa əkdiyi çətənə bitkisi yadına düşmüş və həmin bitkilərə gedib baxmaq qərarına gəlmişdir. O, həmin əraziyə çatdıqda baxmışdır ki, əkdiyi toxumlardan beş ədəd çətənə bitkisi əmələ gəlmişdir. Həmin ərazidən peyin yığaraq həmin çətənə bitkisinin diblərinə tökmüşdür ki, çətənə bitkisi yaxşı yetişsin. Daha sonra isə ətrafdan bir ədəd 10 litrlik həcmdə vedrə taparaq həmin çətənə bitkilərini sulamış və sonra isə vedrəni həmin ərazidə kolluqda gizlətmişdir. Bir sözlə həmin çətənə bitkisinə qulluq etməyə başlamışdır. Daha sonra təkrar Gəncə şəhərinə getmişdir. Ertəsi gün o yəni xx.xx.2024-cü il tarixdə təkrar çətənə bitkisinə qulluq etmək məqsədilə Tovuz rayonuna gəlmişdir. Təxminən saat 15 radələrində həmin əraziyə çatmışdır. Ərazidən bir ədəd iki litrlik su qabı tapmış və təkrar həmin su qabı ilə çətənə bitkilərini sulamağa başlamışdır. Bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Ardı ilə də ondan əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə-kannabis kollarını əkməkdə və qulluq etməkdə şübhələndiklərini bildirmişlər. Daha sonra həmin yerə mütəxəssis və təhqiqatçı gələrək həmin şəxslərin iştirakı ilə Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının yaxınlığındakı əraziyə baxış keçirilmişdir. Baxış zamanı aqrotexniki qaydada qulluq etdiyi 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkisi kollarını göstərmişdir. Həmin vaxt orada olan mütəxəssis də təsdiq etmişdir ki, həmin kollara aqrotexniki qaydada qulluq edilmişdir. Tərəfindən yetişdirilmiş narkotik tərkibli çətənə kollarına baxış keçirildikdən sonra çətənə kolları polis əməkdaşları tərəfindən iştirakçıların və özünün iştirakı ilə qablaşdırılmşdır. Həmin çətənə kolları tərəzidə çəkilmiş və ümumilikdə 2 kiloqram 150 qram təşkil etmişdir. Daha sonra Tovuz RPŞ-nin inzibati binasına gəlmişlər orada olarkən təhqiqat bölməsinin əməkdaşı polis kapitanı Məhərrəm Məmmədov ona özünü müdafiə hüquqlarının olmasını deyib, dövlət hesabına müdafiəçi dəvət etmək hüququ olmağını izah etmişdir. Hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahı üzrə vəkil X1. Bir qədər sonra vəkil Mirqasım İsmayılov otağa daxil oldu və özünü ona təqdim etmişdir. İfadə verən zaman ona qarşı hər hansı təzyiq olmamışdır. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazsindən keçən Tovuz çayının üst kənarında qanunsuz olaraq narkotik tərkibli çətənə bitki kolları əkib-becərməsi və həmin bitkilərə aqrotexnini qaydada qulluq etməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün həmin tarixdə saat 16 radələrində Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid1 ilə mülki paltarda həmin şəxsin müəyyən edilməsi üçün Tovuz şəhəri ərazisinə getmişlər. Həmin günü saat 16 radələrində Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində saxlanılmışdır. Xidməti vəsiqələri ona təqdim edib Tovuz rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, sonuncuya qanunla qadağan edilmiş narkotik tərkibli bitki əkib-becərməsi və onlara aqrotexniki qaydada qulluq etməsində şübhəli olduğunu bildirib onlarla birlikdə şöbənin Tovuz şəhəri M.Musayev küçəsində yerlşən inzibati binasına getməyi təklif edilmişdir. Həmin şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitki kollarını aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini səmimi etiraf etmiş, həmçinin bildirmişdir ki, o, narkotik tərkibli çətənə bitki kollarını Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan torpaq sahəsində əkmiş və aqrotexniki qaydada qulluq edərək yetişdirmişdir. Həmin ərazinin dəqiq hansı ünvanda yerləşdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirmiş olduğu həmin narkotik tərkibli kolların əkildiyi əraziləri göstərə biləcəyini soruşduqda aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi narkotik tərkibli çətənə kollarını Tovuz rayonu, Abulbəyli yaşayış sahəsindən keçən Tovuz çaynın üst kənarnda olan ərazidə əkdiyini və həmin ərazini göstərə biləcəyini bildirmişdir. Daha sonra Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan əraziyə baxış keçirilməsi üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Məhərrəm Məmmədovun, mütəxəssis kimi dəvət olunmuş Tovuz rayon X5 Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahid4 Bəhram oğlunun, Tovuz şəhəri İƏD üzrə nümayəndənin müavini Şahid3 və Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 iştirakları ilə saat 16:40 dəqiqədə Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan əraziyə gedilmiş və həmin əraziyə saat 16:50 dəqiqədən saat 17:06 dəqiqəyə kimi baxış keçirilmişdir. Baxış zamanı ərazinin Tovuz şəhəri Abulbəyli yaşayış ərazisinə məxsus olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan ərazidə 05 ədəd uzunluğu 100 sm-dən 151 sm-ə qədər torpağa əkilmiş şəkildə olan narkotik tərkibli çətənə bitkilərə oxşar bitki kollar aşkar olunmuşdur. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi, yəni dibinin yumşaldılması və suvarılması aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis Şahid4 Bəhram oğlu bildirmişdir ki, həmin kollara aqrotexniki qaydada qulluq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, bu bitkilər Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan ərazidə əkib becərdiyi narkotik tərkibli çətənə bitkiləridir. O, həmin bitkilərə aqrotexniki qaydada qulluq edib becərmişdir. Onların toxumlarını üç ay əvvəl Gəncə şəhərindən gətirib bu əraziyə səpmiş sonra isə onların yetişməsi üçün qulluq etmiş və sulamış, dibini yumşaldaraq böyüməsi üçün şərait yaratmışdır. Baxış zamanı həmin bitki kolları torpaqdan kökü ilə çıxardılaraq bir ədəd ağ rəngli torbaya qoyulmuş və elektron tərəzidə çəkilmişdir. Torba ilə birlikdə ümumi çəkisi 2 kq 150 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən əkilib becərilmiş 5 (beş) ədəd narkotik tərkibli çətənə bitki kolları qeyd edilən kisəyə qablaşdırıldıqdan sonra ağzı zərflər üçün Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və məhkəmə-bioloji ekspertizasının keçirilməsinin təmin edilməsi üçün ekspertizaya təqdim edilib rəy alınması üçün götürülmüşdür. Eyni zamanda oradan bir ədəd vedrə və bir ədəd 2 litrlik lastik su qabı götürülmüşdür Məhkəmə iclasında Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 Bəhram oğlu ifadəsində göstərmişdir ki, Tovuz rayon X5 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Gəncə şəhəri ünvan 2 ünvanda da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazsindən keçən Tovuz çayının üst kənarında qanunsuz olaraq narkotik tərkibli çətənə bitki kolları əkib becərməsi və həmin bitkilərə aqrotexnini qaydada qulluq etməsi barədə Tovuz rayon polis şöbəsinn əmıəkdaşları tərəfindən 25 iyul 2024-cü il tarixdə saat 16:50-dən saat 17:06 dəqiqəyə kimi yuxarda qeyd edilən həmin ərazidə aparılmış baxış zamanı o da mütəxəssis kimi dəvət edilməyi ilə əlaqədar iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Məhərrəm Məmmədov, Tovuz RPŞnin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Tovuz rayon polis şöbəsinə dəvət olunmuş Tovuz şəhəri İƏD üzrə nümayəndənin müavini Şahid3 iştirak etmişlər. Baxış zamanı ərazinin Tovuz şəhəri Abulbəyli yaşayış ərazisinə məxsus olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan ərazidə 05 ədəd uzunluğu 100 sm-dən 150 sm-ə qədər olan torpağa əkilmiş şəkildə olan narkotik tərkibli çətənə bitkilərə oxşar bitki kolları aşkar olunmuşdur. Həmin bitki kolları torpaqdan kökü ilə çıxardılaraq bir ədəd ağ rəngli torbaya qoyulmuş və elektron tərəzədə çəkilmişdir.Torba ilə birlikdə ümumi çəkisi 2 kq 150 qram təşkil etmişdir. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi, yəni dibinin yumşaldılması, sulanması müşahidə edilmişdir. Bildirmişdir ki, həmin kollara aqrotexniki qaydada qulluq olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, bu bitkilər Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan ərazidə əkib becərdiyi narkotik tərkibli çətənə bitkiləridir. O, həmin bitkilərə aqrotexniki qaydada qulluq edib becərmişdir. Onların toxumlarını üç ay əvvəl Gəncə şəhərindən gətirib bu əraziyə səpmiş sonra isə onların yetişməsi üçün qulluq etmiş və sulamış. dibini yumşaldaraq böyüməsi üçün şərait yaratmışdır Baxış zamanı ərazidə Təqsirləndirilən şəxs tərəfindən əkilib becərilmiş 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkiləri kisəyə qablaşdırılaraq ağzı Zərflər üçün Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və məhkəmə-bioloji ekspertizasının keçirilməsinin təmin edilməsi üçün ekspertizaya təqdim edilib rəy alınması üçün götürülmüşdür. Eyni zamanda buradan bir ədəd vedrə və bir ədəd 2 litrlik plastik su qabı da götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Baxış və götürülmə aparılması» barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkiliş aparılmaqla saat 16:50-dəqiqədən saat 17.06 dəqiqəyədək Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan ərazidə baxış və götürülmə aparılmış və bu zamanı Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının üst kənarında olan 5 (beş) ədəd şitil, sonradan məhkəmə-bioloji ekspertin rəyinə əsasən tərkibində narkotik maddə olan əkilib becərilməsi qanunla qadağan olunmuş təmiz çəkisi 600 qram çətənə (kannabis) bitkiləri, bir ədəd su balonu və bir ədəd 2 litrlik plastik su qabı aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2024-cü il tarixli, 16/812 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli yaşayış ərazisi Tovuz çayın kənarında əkdiyi 5 ədəd çətənə kannabis kolları ”yazı və imzalar olan baş başa keçirilmiş sintetik kisədəki 5 ədəd ümumi təmiz çəkisi 600 qram olan bitki nümunələri əkilib becərilməsi qanunla qadağan olunmuş çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid4 Bəhram oğlunun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,1 qram sərf olunduğundan qalıq 599,9 qram qalmışdır «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1296 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində qeyd olunmuşdur ki, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-сü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələri). Həmçinin oda qeyd olunmalıdır ki, cəzanın əvvəli təqsirləndirilən şəxsin həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ona görə onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut –Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 599, 9 qram olan bitki nümunələri, əkilib becərilməsi qanunla qadağan olunmuş çətənə (kannabis) bitkiləri, bir ədəd su balonu və bir ədəd 2 litrlik plastik su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış - Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 599,9 qram olan bitki nümunələri, əkilib becərilməsi qanunla qadağan olunmuş çətənə (kannabis) bitkiləri, bir ədəd su balonu və bir ədəd 2 litrlik plastik su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-127/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-127/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver