Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-128/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1968-cı il tarixdə Tovuz rayonu İbrahimhacılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayan, barəsində “başqa polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində, ictimai yer hesab edilən Tovuz rayonu Qovlar şəhər parkında yerləşən ictimai sanitar qovşağın qarşısında Zərərçəkmiş şəxs sanitar qovşaqdan istifadəyə görə əlavə iyirmi qəpik tələb etməsini bəhanə edərək, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edilməsi, Zərərçəkmiş şəxs qanuni mənafelərinə toxunan, zor tətbiq olunması ilə müşayiət edilən, həmin şəxsin və digər şəxslərin narahatçılığına səbəb olan, qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsalı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla X1 və bədənin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sonuncuya sağ əlin İİİİ, İV və V barmaqlarının sıyrıqları və alt dodaq nahiyəsinin səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilməyən və sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol qaş nahiyəsinin qançır şişkinliyi və sol gözün ağlı qişasına qansızma ilə müsayiət edilən sol qaş nahiyəsinin qançır şişkinliyi və sol alt göz qapağı sol gözaltı nahiyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, ictimai qaydanı kobud surətdə pozaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən 13-14 radələrində Tovuz rayonu Qovlar şəhərində yerləşən kafelərin birində spirtli içki qəbul etmiş, bundan sonra o, sanitar qovşaqdan istifadə etməli olmuşdur. Bu səbəbdən Qovlar şəhər parkının içərisində yerləşən sanitar qovşağa geumişdir. Orada təbii ehtiyacım ödədikdən sonra çıxmışdır. O, sanitar qovşaqdan çıxan zaman orada olan tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona həmin sanitar qovşağın ödənişli olduğunu demişdir. O da həmin şəxsə sanitar qovşaqdan istifadə müqabilində 10 (on) manat pul vermişdir. Zərərçəkmiş şəxs ona 9 manat 50 qəpik pul qaytarmışdır. O, sanitar qovşaqdan istifadənin 30 qəpik olduğunu deyərək Rəcəbdən əlavə olaraq 20 qəpikdə verməli olduğunu demişdir. Bu zaman Rəcəb Əgərovla aralarında münaqişə yaranmışdır. Yaranmış münaqişə zamanı Rəcəb onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da bundan əsəbləşib Rəcəbi əli ilə sol göz nahiyyəsindən vurmuşdur. Zərbə nəticəsində əli Rəcəbin sol gözü ilə yanaşı dodağınada dəymişdir. Daha sonra o, Rəcəbin yaxasından tutmaq istəyən zaman Rəcəb kənara çəkilmiş və o, yıxılmışdır. Yıxılan zaman sağ dizi yerə dəymiş və o, özünü yıxılmaqdan saxlamışdır. O, yerdən qalxan zaman sərxoş olduğundan Rəcəbin də onu vuracağını düşündüyündən yenə də əli ilə Rəcəbin sol göz nahiyəsindən vurmuş və dərhal oradan uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə icasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, ədavətləri və ya düşmənçilikləri yoxdur. Tovuz rayonu Qovlar ərazisində yerləşən sanitar qovşağa nəzarət edir və sanitar qovşağından istifadəyə görə hər bir şəxsdən 50 qəpik pul alır. xx.xx.2025 ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs sanitar qovşaqdan istifadə etdikdən sonra aralarında yaranmış mübahisə zəminində nalayiq ifadələr işlətmiş sonra isə əli ilə sol göz nahiyəmə və dodaq nahiyəmə vurub iti addimlarla həmin yerdən kənarlaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin 10 iyun 2025-ci il tarixli, 470 nömrəli məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayət edilən sol qaş nahiyəsinin qançır-şişkinliyi və sol alt göz qapağı-sol gözaltı nahiyənin qançırı, sağ əlin İİİ, İV və V barmaqlarının sıyrıqları, alt dodaq nahiyəsinin səthi yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən 09 iyun 2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol gözün ağlı qişasına qansızma ilə müşayət edilən sol qaş nahiyyəsinin qançır-şişkinliyi və sol alt göz qapağı-sol gözaltı nahiyənin qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub- olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Tovuz Rayon Mərkəzi Xəstəxanası” X4 verilən tibbi arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə tarixdə Vərəm Şöbəsində dispanser qeydiyyatına alınıb, diaqnozu sağ ağ ciyərin infiltrativ vərəmi kimi qeyd edilmişdir 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-128/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-128/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver