Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-129/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ağ rəngli salfet bükümündə təmiz çəkisi 17,840 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz əldə edərək, 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun işərisinə yerləşdirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx.xx.2024-cü ildə, saat 12:10 dəqiqədə Tovuz şəhəri, Heydər Əliyev prospektində yol kənarında saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə, saat 12:30 dəqiqədən saat 13:10 dəqiqəyədək olan müddət ərzində ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı ağ rəngli salfet bükümündə 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun işərisinə yerləşdirilmiş təmiz çəkisi 17,840 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İ dərəcəli əlildir və narkotik vasitə aludəçisidir. Belə ki, uzun müddətdir arkotik vasitə olan qurudulmuş marixuana və tiryəkdən istifadə edir. xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhərində yaşadığı küçədə tək və piyada gəzərkən yol kənarında 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun olduğunu görmüşdür. Həmin qutunun təzə olduğunu görüb içərisində siqaret olduğunu düşünərək yerdən götürmüşdür. Həmin vaxt içərisinə baxdıqda qutuda ağ rəngli salfetkaya bükülmüş kütlə olduğunu görmüşdür. Bundan sonra o, həmin kütləni açdıqda tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyini görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğundan görünüşündən kütləni tanımışdır. Bundan sonra o, gələcəkdə ağrıları olsa öz şəxsi istifadəsi üçün tapdığı siqaret qutusunun qapağını bağlayıb kütlə ilə birlikdə cibinə yerləşdirmişdir. Daha sonra oradan uzaqlaşmışdır. O, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Tovuz rayonuna, texnikomda oxuyan oğlunun yanına gəlmişdir. Həmin vaxt tapdığı narkotik vasitə də üzərində olmuşdur. O, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində yol kənarı ilə piyada və tək gedən zaman iki nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-də polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Bir neçə dəqiqədən sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. O, vəkillərin siyahısına baxmış və həmin siyahıdan Tovuz rayon vəkil bürosunun vəkili X1 özünə vəkil seçmişdir. Bundan sonra ona hüquq və vəzifələri oxunmuşdur. Daha sonra onun seçdiyi vəkilin və iştirakçıların iştirakı ilə ona üzərində qanunla əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olub-olmadığı, əgər varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisində ağ rəngli salfetkaya bükülmüş kütləni təqdim etmişdir. Təqdim etdiyi ağ rəngli salfetkaya bükülmüş kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan “Tiryəkə” bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi ağ rəngli salfetkaya bükülmüş kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlənin ağ rəngli salfetka ilə birlikdə 18.55 qram olması müəyyən edilmişdir. Sorğu zamanı o, təqdim etdiyi ağ rəngli salfetkaya bükülmüş kütlənin narkotik vasitə olan “tiryək” olduğunu, həmin kütləni 3 (üç) gün əvvəl Gəncə şəhərində yaşadığı küçədən tapdığını, həmin kütlədən özü iki dəfə istifadə etdiyini, qalan kütləni isə Tovuz rayonuna oğlunun yanına gələn zaman ağrısı olsa çəkmək üçün üzərində gətirdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd “LD” markalı siqaret qutusunun içərisində ağ rəngli salfetkaya bükülmüş kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinin X6 göndərilməsindən ötrü götürülmüş və protokola əlavə edilmişdir. Daha sonra onun üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli cins şalvarın sağ iç yan cibindən 01 ədəd alışqan, 02 ədəd 20 qəpiklik pul əskinası, sol yan cibindən 01 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd “Salbutamol” adlı dərman, arxa sol yan cibindən 01 ədəd cib dəsmalı, sağ yan cibindən 03 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. O, həmin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Hazırda etdiyi əməldan peşmançılıq hissi keçirir. Özünün ağır xəstəliyi vardır. Bu kimi halların nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ilə birlikdə 24 iyun 2024cü ildə, saat 12:10 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Heydər Əliyev prospekti ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞnə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısı təqdim edilmiş, o,təqdim edilmiş siyahı üzrə vəkil X1 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil X2 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd LD markalı siqaret qutusunun içərisində olmaqla ağ rəngli salfet bükümündə bükümlə birlikdə 18,55 qram çəkidə olan kütlə aşkar edilmişdir. Həmin kütləyə baxış nəticəsində kütlənin tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləni, yəni narkotik vasitəni 21 iyun 2024-cü il tarixdə Gəncə şəhəri ərazisində, yaşadığı küçədən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman video çəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Ruflan Əliyev tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni kimdən və nə məqsədlə əldə etməsi, narkotik vasitəni əldə edərkən hər hansı bir şəxs(lər)in onu görüb-görməməsi barədə hazırda məlumatı yoxdur. Həmin xüsusatların araşdırılması istiqamətində CAB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni sonuncu öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə satması barədə, nə də sonuncudan qanunsuz olaraq narkotik vasitə satın alma barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 12:30 dəqiqədən saat 13:10 dəqiqəyədək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun içərisində ağ rəngli salfetkaya bükülmüş sonradan məhkəmə-bioloji ekspertizanın rəyinə əsasən təmiz çəkisi 17,840 xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, axtarış zamanı Azır Məmmədov həmin kütlənin narkotik vasitə-tiryək olduğunu, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yaşadığı küçənin ərazisindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X5 25 iyun 2024-cü il tarixli 16/741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd LD siqaret qutusundakı ağ rəngli salfet bükümündə təmiz çəkisi 17,840 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək “28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, marixuana Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci siyahısının İ bəndinə daxildir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs mövcud vəziyyətdə məhkumluğu yoxdur. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1412 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifad nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İ dərəcəli əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ağ rəngli salfet bükümündə təmiz çəkisi 17,840 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz əldə edərək üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-сü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə cəza təyin edən zaman təqsirləndirilən şəxsin xroniki virus hepatiti «С» qaraciyər sirrozu, portal hipertenziya, qaraciyər çatmamazlığı, bağırsaq bitişmələri, xroniki qastrit və hər iki ağciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə müddətsiz İ dərəcəli əlil olmasını da nəzərə alır. Məhkəmə qeyd olunanlara əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifad nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İ dərəcəli əlil olduğu üçün ona məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 17,740 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 17,740 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-129/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-129/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver