Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-130/2024 10.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə X2 X6 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : X1 Yaşar Zahid oğlu barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi X6 ilə 2014-cü ildə evlənib ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Bir yerdə kirayədə yaşamışlar. Sonra aralarında narazılıq olmuşdur. X6 hazırda atası evində anası ilə bir yerdə yaşayır. O özü həmin evdən çıxıb başqa yerdə kirayə tutub yaşayır. Kirayədə yaşadığı evdə onu döyüb söyüb təhqir etmiş, ona və ailəsinə qarşı nalayiq sözlər demişdir. Onun adına ləkələr atır. Ona deyir ki, şərləyib tutduracaq. Yaşar İbrahimov uşaqlarını aparıb pis yola çəkib, içki içirdir. Anası rəhmətə gedib. Anasının goruna pis söyüşlər söyür, sonra da onu döyüb təhqir edir. Onun hərəkətlərinə daha dözə bilmir. Ona və ailəsinə qarşı ləkəli sözlər danışır ki, danışılası deyil. Məhkəmə iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, X2 X6 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xüsusi ittihamçı öz ərizəsində özü barədə məlumatları, törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarını hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Göstərdiyi səs yazısının mövcudluğu bildirilsə də onun hansı şəraitdə və qanunvericiliyin tələbinə uyğun əldə olunması göstərilməmişdir. Bundan başqa sübut kimi qeyd etdiyi materiallar da şikayət ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə əvəz konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddəsinə əsasən şikayət vermiş şəxsin imzası. Göründüyü kimi xüsusi ittihamçı Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulan tələblərə riayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, xüsusi ittihamçı X2 Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbinə görə şikayətin məzmunu bu Məcəllədə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından CPM-nin 300.1.3-cü maddəsinə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan sonra 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-130/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-130/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver