Məhkəmə qərarları › İş №1(062)-131/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-131/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-131/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Tovuz rayon Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə anadan olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə xx.xx.2024-cü ildə yaşadığı ünvan 2 ünvanda xx.xx.2024-cü ildən başlayaraq sonuncu ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və Tovuz rayon Mərkəzi Xəstəxanasında xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs 17 (on yeddi) həftə 3 (üç) günlük hamiləlik diaqnozu qoyulmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhərində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq fəhləlik edib ailəsinin və özünün gündəlik ehtiyaclarını ödəyir. Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs dayısı qızıdır. Onunla 2023-cü ilin yanvar ayından sevgilidirlər. Təxminən bir il Aygün ilə sevgili olmuş və mütəmadi olaraq qohum olduğu üçün tez-tez biribirinin evinə gedib gələrkən söhbət etmişlər. Təxminən bir il sonra, yəni 2024-cü ilin yanvar ayının əvvəllərində Aygün ilə ailə həyatı qurmaq qərarına gəlmişlər. İlk öncə valideynlərə bu barədə dedikdə hər iki valideyn nişan mərasimi edəcəklərini bildirmişlər. Lakin nişan mərasimi baş tutmamışdır. Daha sonra isə 2024-cü ilin yanvar ayının 3-də Aygün evlənmək məqsədilə qoşulub onun yaşadığı evə gəlmişdir. Həmin gün Aygün ilə telefon əlaqəsi saxlamış və onlar Aşağı Quşçu kəndində yerləşən qəbirstanlığın yaxınlığında görüşərək istifadəsində olan VAZ-2106 markalı avtomobili ilə onu yaşadığı evə gətirmişdir. Həmin vaxt tək olmuşdur. Aygünün evlənmək məqsədilə qoşulub gəlməyi ilə bağlı valideynləri polisə heç bir şikayət etməsə də, ertəsi gün Aygünün oxuduğu məktəbdən polis şöbəsinə məlumat verildiyi üçün polisin vasitəsilə Aygünü evdən götürüb öz valideynlərinə təhvil vermişlər. Aygün bir gün onun yaşadığı evdə qalsa da, onunla cinsi əlaqadə olmamışdır. Daha sonra isə xx.xx.2024-cü ildə işdən evə gələrkən Aygünün yaşadığı evdə olduğunu görmüşdür. Aygündən nə yaxşı gəldiyini soruşduqda Aygün ona həmişəlik evlənmək məqsədilə gəldiyini bildirmişdir. Daha sonra Aygünün anası Qanuni nümayəndə atası Ələsgər ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda Aygün özü anası ilə danışaraq anasına özü tək gəldiyini və Tabir ilə ailə həyatı qurmağa gəldiyini bildirmişdir. Daha sonra Aygün yaşadığı evdə qalmışdır. xx.xx.2024-cü ildə ilk dəfə Aygün ilə cinsi əlaqədə olmuşdur. Sonradan ər-arvad münasibətləri davam edərək o, Aygün ilə dəfələrlə cinsi əlaqədə olmuşdur.Həmin vaxt Aygünün 15 yaşı olduğundan məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə Aygünü müayinə etdirmək məqsədilə Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Mərkəzi xəstəxanada USM müayinəsi olan zaman Aygünün on iki həftəlik hamilə olduğu bilinmişdir. Hazırda Aygünlə bir yerdə ər-arvad kimi yaşayırlar. Evin yeganə gəlir gətirəni odur. Anası onkoloji xəstəlikdən əziyyət çəkir, atası isə İ dərəcəli əlildir. Atasına qulluğa görə təqaüd belə alır. Yaxınlarda özü ata olacaqdır. Bu kimi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştrakı ilə dindirilən zaman ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci ildə doğulmuşdur və Tovuz rayonu, Aşağı Quşçu kəndində valideynləri ilə birlikdə yaşamışdır. Hal-hazırda ünvan 3 ünvanında yaşayır. 8-ci sinifədək Tovuz rayon Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına tam orta məktəbində təhsil almış və 8-ci sinifdə məktəbdən öz razılığı ilə çıxmışdır. ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs bibisi oğludur. 2023-cü ilin yanvar ayından sevgilidirlər. Təxminən bir il Tabir ilə mütəmadi olaraq qohum olduğu üçün tez-tez biribirilərinin evinə gedib-gələrkən söhbət etmişlər. Təxminən bir il sonra yəni 2024-cü ilin yanvar ayının əvvəllərində Tabir ilə ailə həyatı qurmaq qərarına gəlmişlər. İlk öncə ailə üzvlərinə bu barədə dedikdə valideynlər nişan mərasimi edəcəklərini bildirmişlər. Lakin nişan mərasimi baş tutmamışdır. Daha sonra 2024-cü ilin yanvar ayının 3-də Tabirlə evlənmək məqsədilə ona qoşulub Tabirin yaşadığı evə getmişdir. Həmin gün Tabir onunla telefon əlaqəsi saxlamış və onlar Aşağı Quşçu kəndində yerləşən qəbirstanlığın yaxınlığında görüşüb Tabirin istifadəsində olan VAZ-2106 markalı avtomobil ilə sonuncunun yaşadığı evə getmişlər. Həmin vaxt Tabir tək olmuşdur. Onun evlənmək məqsədilə qoşulub gəlməyi ilə əlaqədar valideynləri polisə heç bir şikayət etməsələr də, ertəsi gün oxuduğu məktəbdən polis şöbəsinə məlumat verildiyi üçün polisin vasitəsilə onu Tabirin yaşadığı evdən götürüb öz valideynlərinə təhvil vermişlər. Həmin vaxt bir gün Tabirin yaşadığı evdə qalsa da, Tabir onunla cinsi əlaqadə olmamışdır. Daha sonra isə xx.xx.2024-cü il tarixdə təkrar Tabirin yaşadığı evə gəlmək qərarına gəlmişdir. Tabirin yaşadığı evə gəlməkdə məqsədi Tabir ilə ailə həyatı qurmaq olmuşdur. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə təxminən axşam saatlarında yaşadığı evdən çıxaraq piyada Tabirin yaşadığı evə gəlmişdir. Tabirin yaşadığı evə gəldikdə Tabir evdə olmasa da, Tabirin atası Şahid1 və anası Şahid2 evdə olmuşlar. Həmin vaxt Tabirin valideynləri ondan nə üçün gəldiyini soruşduqda onlara Tabir ilə ailə həyatı qurmağa və həmişəlik gəldiyini demişdir. Daha sonra anası Qanuni nümayəndə Tabirin atası Ələsgər ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda anası ilə danışaraq anasına özü tək gəldiyini və Tabir ilə ailə həyatı qurmağa gəldiyini demişdir. Bundan sonra Tabirin yaşadığı evdə qalmışdır. xx.xx.2024-cü ildə ilk dəfə Tabir ilə cinsi əlaqədə olmuşdur. Sonradan ər-arvad münasibətləri davam edərək Tabir onunla dəfələrlə cinsi əlaqədə olmuşdur. Həmin vaxt 15 yaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə isə özünü müayinə etdirmək məqsədilə Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada USM müayinəsi olan zaman ona iki həftəlik hamilə olduğu barədə məlumat verilmişdir. Hazırda ər-arvad münasibətindədilər və bir ailə kimi yaşayırlar. Tabirdən heç bir şikayət və tələbi yoxdur. Tabir onun doğulacaq uşağının atasıdır. Heç bir zaman ona ağır cəza verilməsini istəməz. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladıdır, onunla birlikdə ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs isə qayını qızıdır. Oğlu Tabir ilə qaynı qızı Aygünün bir-birini sevdikləri barədə məlumatı vardır. Təxminən bir müddət sonra yəni 2024-cü il yanvar ayının əvvəllərində Tabir evdə Aygün ilə ailə həyatı qurmaq istəməsi barədə ona və anasına məlumat vermişdir. O və arvadı İradə bir qədər gözləməyi, daha sonra isə nişan mərasimi edəcəyini bildirmişlər. Onlar Aygünün yaşının 15 deyil, 16 olduğunu bilmişlər. Ailədə olan söhbətdən sonra 2024-cü ilin yanvar ayının 3-də oğlu Tabir Aygünü evlənmək məqsədilə yaşadığı evə gətirmişdir. Həmin vaxt Aygünün valideynləri polisə heç bir şikayət etməsələr də ertəsi günü Aygünün oxuduğu məktəbdən polis şöbəsinə məlumat verildiyi üçün polisin vasitəsilə Aygün valideynlərinə qaytarılmışdır. Aygün bir gün evində qalsa da, Tabir onunla cinsi əlaqadə olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən axşam tərəfi arvadı İradə ilə yaşadığı evdə olan zaman Aygünün tək evinə gəlmişdir. Aygün evinə gəldikdə Tabir evdə olmamışdır. Həmin vaxt Aygündən nə üçün gəldiyini soruşduqda Aygün onlara Tabir ilə ailə həyatı qurmağa və həmişəlik gəldiyini bildirmişdir. Daha sonra Aygünün anası Qanuni nümayəndə onun ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda Aygün anası ilə danışaraq anasına özü tək gəldiyini və Tabir ilə ailə həyatı qurmağa gəldiyini bildirmişdir. Daha sonra Aygün onun evində qalmışdır. xx.xx.2024-cü ildə Aygünü müayinə etdirmək məqsədilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışlar və mərkəzi xəstəxanada USM müayinəsi zamanı Aygünün on iki həftəlik hamilə olduğu bilinmişdir. Məhkəmə iclasında şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs onun baldızı oğludur. Zərərçəkmiş şəxs isə qızıdır. Baldızı oğlu Tabir ilə qızı Aygünün 2023-cü ildən bir-birilərindən xoşlandıqları və sevgili olduqları barədə məlumatı vardır. Təxminən bir il sonra, yəni 2024-cü ilin yanvar ayının əvvəllərində Tabirin vaildeynləri onlara gələrək qızı Aygün ilə oğlanları Tabirin ailə həyatı qurmaq istəməsi barədə məlumat vermişlər. Əri Əbülfətlə heç bir etiraz bildirməmiş və bir qədər gözləməyi, daha sonra isə nişan mərasimi edəcəyini bildirmişlər. Həmin vaxt Aygünün 15 yaşı olmuşdur. Ailədə olan söhbətdən sonra 2024-cü ilin yanvar ayının 3-də Tabir Aygünü evlənmək məqsədilə yaşadığı evdən götürüb evinə aparmışdır. Həmin vaxt polisə heç bir şikayət etməsələr də, ertəsi gün Aygünün oxuduğu məktəbdən polis şöbəsinə məlumat verildiyi üçün polisin vasitəsilə Aygünü Tabirin yaşadığı evdən götürüb sağ-salamat onlara təhvil vermişlər. Aygün bir gün Tabirin yaşadığı evdə qalsa da, lakin Tabir onunla cinsi əlaqadə olmamışdır. Daha sonra isə xx.xx.2024-cü ildə təxminən axşam tərəfi əri Əbülfət ilə işdən yaşadığı evə gəldikdə Aygünün evdə olmadığını görmüşlər. Bir qədər sonra mobil telefonuna qızı Aygün zəng edərək onu axtarmamağı və özü Tabirin yaşadığı evə getdiyini, onun ilə ailə qurmaq məsqədilə gəldiyini bildirmişdir. Eyni zamanda onun arxasınca gəlməməyini bildirmişdir. Aygünün dediyi sözlərdən sonra heç kəsə şikayət etməmiş və Aygün Tabirin yaşadığı evdə qalmışdır. Bu hadisədən sonra Aygün ilə bir müddət küsülü qalmışdır. Lakin xx.xx.2024-cü il tarixdə Aygünü müayinə etdirmək məqsədilə Tovuz rayon mərkəzi xəstəxanasına gedib mərkəzi xəstəxanada USM müayinəsi olan zaman Aygünün on iki həftəlik hamilə olduğu bilinmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X1 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 592 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs hamilədir və onda hamiləliyin müddəti (USM-nə əsasən) 27 ( iyirmi yeddi ) həftə bir gündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin ondan şikayət tələbinin olmamasını, ər-arvad kimi bir yerdə yaşamalarını, anasının onkoloji xəstə olmasını, atasının birinci dərəcəli əlil olmasını, habelə, özünün əlil olan atasına qulluğa görə təqaüd almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum emə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı diqqətə çatdırır ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə həmin müddətə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar