Məhkəmə qərarları › İş №1(062)-132/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-132/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-132/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X5 barəsində CM-in 147 və 148-ci maddələrinə əsasən cinayət təqibinin həyata keçirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar qəsəbəsi Yusif Məmmədəliyev küçəsi Tovuz rayon X6 İcarəyə Komitəsi Rəyasət heyyətinin 31 oktyabr 1996-cı il tarixli 261 N-li əmri ilə 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən yaşayış yeri kimi istifadə edir, hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı olaraq müraciət etdikdə məlum oldu ki, həmin torpaq sahəsində iş üzrə cavabdeh X3 adına rəsmiləşdirilməklə çıxarış verilmişdir. X10 da, iş üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X2 qardaşıdır. X5 onun barəsində həqiqəti əks etdirməyən fikirləri sosial şəbəkə vasitəsi ilə yaymaqla, barəsində xoşagəlməz ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmaqla nə iş görmək istədiyindən xəbərsizdir. Belə ki, Facebook sosial şəbəkəsi vasitəsi ilə yazılar yazamaqla və həmin yazıya onun şəxsi şəkilini də əlavə etməklə qeyd etmişdir ki, guya ki, o satqın, İranın agenti, dövlətini sevməyən biri, bir sözlə vətən xainidir. Onun söyləmiş olduğu fikirlərə çox saylı insanlar baxmaqla öz rəylərini də bildirmişlər. Bu hal onu olduqca narahat edir, çünki o vətənini, xalqını, dövlətini, dövlətçiliyini sevən Azərbaycan Respublikasının vətəndaşı olaraq yaşayır. Onun dini inancına görə X5 tərəfindən təqib edilməyi, haqqı olan torpaq məsələsindən əl çəkməyi üçün, onun tərəfindən atılan çirkin əməlləri pisləyir, onun barəsində şər-böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələri ilə yaymaqla, onun şərəf və ləyaqətinə ləkə vurmağına dözə bilmir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Bununla yanaşı, AR CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə riayət edilməyərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği aydın və konkret şəkildə əks etdirilməmişdir. Bununla yanaşı, AR CPM-nin 293.3.5-ci maddəsinin tələblərinə riayət edilməyərək cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş aydın ifadə olunmamışdır. Şikayətin nəticə hissəsində şəxsin hansı əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olması konkret olaraq göstərilməmişdir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X2 AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, onların AR CM-nin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onların əməllərinə düzgün qiymət verilməməsinə dəlalət edir. Həmçinin CPM-nin 293.3.5-ci maddəsinin tələblərinə riayət edilməyərək əməlin məhz şikayətdə göstərilən şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi bildirilməmişdir. Bununla yanaşı, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi tarixi və yeri göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar