Məhkəmə qərarları › İş №1(062)-134/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-134/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-134/2024 31.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1977-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid5 vasitəsi ilə tanış olduğu X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 18 fevral 2024-cü il tarixdə, saat 17 radələrində satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı özlərinin istehlak etmələri barədə əvvəlcədən birlikdə razılığa gəldikdən sonra bu məqsədlə 100 (bir yüz) manat məbləğində nağd pul vəsaitini qrupun digər üzvü X2 alaraq, Tovuz şəhərində yaşayan tanışı Şahid4 ilə Şahid5 istifadəsində olan mobil telefon vasitəsi ilə danışıb ondan Tovuz şəhəri, Semzavod qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 100 (bir yüz) manat məbləğində pul müqabilində bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram bitki mənşəli, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz alıb əldə edərək üzərində saxlamış və daşımış, daha sonra X4 vermiş, sonuncu isə qurudulmuş marixuananı əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibində saxlamış, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 18 fevral 2024-cü il tarixdə, saat 17:10 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid5 idarə etdiyi “Toyota” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 17:40-dan saat 18:10-dək olan müddət ərzində X3 üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əyyublu kəndində yaşayır. Şahid5 onun həmkəndlisidir. X5 isə əvvəllər tanımamışdır. 18 fevral 2024-cü il tarixdə günorta saatlarında həmkəndlisi Şahid5 onu yaşadığı kəndin ərazisində yerləşən kafeyə dəvət etmişdir. Kafedə olarkən Şahid5 ona Bakı şəhərindən qonağı gəldiyini demiş, ondan çəkməyə narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Sonra Şahid5 ilə kafedən çıxıb ona məxsus **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobilə əyləşib birlikdə Bakı şəhərindən qonaq gələn Cavid Babayevi götürüb birlikdə Tovuz şəhərinə getmişlər. Yolda Şahid5 mobil telefonunu çıxardıb ondan “Rafo” adlı şəxslə danışmağı, sonuncunun ona nəşə satmadığını deyib, onun “Rafo” adlı şəxsdən narkotik vasitə almasını xahiş etmişdir. O, Şahid5 mobil telefonu ilə “Rafo” ilə danışıb bir ədəd kibrit qutusu nəşə lazım olduğunu demişdir. “Rafo” adlı şəxs isə bir kibrit qutusu nəşəni 100 manata satacağını demişdir. Həmin gün Cavid və onun dostu birlikdə “Rafo”nun dediyi tanımadığı ünvana getmiş, Cavid Babayev ona 100 manat pul vermiş və o, “Rafo” ləqəbli Şahid4lə görüşüb 100 manat pul verərək bir kibrit qutusu qurudulmuş marixuana alıb, yenidən Cavidin avtomobilinə gəlib əyləşmişdir. Avtomobilin içərisində kibrit qutusunda olan qurudulmuş marixuananı Şahid5 dostu Cavid Babayevə vermişdir. Tovuz rayon Aşağı Quşçu kəndində magistral yolun kənarında mülki geyimdə olan 3 nəfər şəxs Cavidin idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz saxlanılan əşya və ya predmetlər, narkotik vasitələr aşkar edilməmiş, edilməsə də elə həmin gün bilmişdir ki, polis əməkdaşları tərəfindən Cavidin müdafiəçinin iştirakı ilə Cavid Babayevin üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibindən ona Rəfayıldan 100 manata almış olduğu bir ədəd kibrit qutusunda olan nəşəni yəni, qurudulmuş marixunanı polisə təqdim etmişdir. Sorğu zamanı Cavid Babayev şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı öz istəyi ilə dostu Şahid5 köməkliyi ilə sonuncunun tanışı, yəni onun vasitəsi ilə tanımadığı şəxsdən 100 manata alıb verdiyini, həmin narkotik vasitəni dostu Şahid5 və onunla birlikdə istifadə edəcəyini bildirmişdir. Ona qarşı qanunsuz hərəkətlər edilməmişdir. Həmin narkotik vasitədən bir kimsəyə satmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Tovuz rayonu Əyyublu kəndində yaşayan Şahid5 idarə etdiyi “Land Crusier” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax magistral avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmış, avtomobilin salonunda olan 2 nəfər sərnişinlər Tovuz rayonu Əyyublu kəndində yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhərində yaşayan X8 ilə birlikdə Tovuz RPŞ-nə dəvət edilmişdir. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı X8 əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni təqdim etmiş, onun təqdim etdiyi kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 9,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı öz istəyi ilə dostu Şahid5 köməkliyi ilə sonuncunun tanışı Sarı adlı şəxsin tanımadığı şəxsdən 100 manata alıb verdiyini, həmin kütləni də özünün, dostu Şahid5 və Sarı adlı şəxslə birlikdə istifadə edəcəyini bildirmişdir. Bundan sonra Cavid Babayevin təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 İnqilab oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tovuz şəhəri, Semzavod qəsəbəsi 14-cü korpus ev 14-də yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4.3–cü maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2023-cü il tarixdə cəzanı tam çəkib qurtarıb yaşadığı evə gəlmiş və bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur. Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibəti olduğu üçün özünün istifadəsi üçün saxladığı qurudulmuş marixuanadan kibrit qutusuna yerləşdirib ona vermişdir. Narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyi və saxlamağı barədə arvadının və ya digər şəxslərin xəbəri olmamışdır. Törətmiş olduğu cinayətin başqa iştirakçı və ya iştirakçıları olmamışdır. Təqsirləndirilən şəxs bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana üçün 100 manat pul almamış, həmin kibrit qutusunda olan qurudulmuş marixuananı ona pulsuz olaraq vermişdir. Arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurma üsulu ilə istifadə edir. 2023-cü ilin avqust ayının axırlarında Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsinin sağ sahilində yabanı halda bitmiş çətənə kollarının yarpaq hissələrindən yığıb toplayıb qurudaraq yaşadığı evdə saxlamışdır. Həmin narkotik vasitədən özü üçün bir neçə dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17-18 radələrində Tovuz şəhəri ərazisində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxsla görüşmüş və ona həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda olmaqla istifadə etməsi üçün vermişdir. Lakin bunun müqabilində ondan 100 (yüz) manat pul almamışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı ona pulsuz olaraq vermişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin tarixdən az əvvəl nömrəsini xatırlamadığı telefon nömrəsindən istifadə etdiyi (055) ***-**-** nömrəsinə zəng edib ondan çəkmək üçün marixuana istəmiş və o da razılığını bildirdikdən sonra yaşadığı evin yaxınlığına gəlib onunla görüşüb ona bir ədəd kibrit qutusunda yerləşdirdiyi qurudulmuş marixuananı ona vermişdir. Həmin vaxt o, tək olmuş, onun yanında və ya yaxınlıqda başqa şəxs və ya şəxslər olmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı mənzilin yataq otağında olan paltar dolabında 03 ədəd kibrit qutularında aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana özündə saxladığı marixuanadır. Həmin qurudulmuş marixuananın bir hissəsini həmin tarixdə Təqsirləndirilən şəxs bir ədəd kibrit qutusunda olmaqla vermiş, qalan hissəsini yəni yaşadığı evdə aşkar edilmiş 03 ədəd kibrit qutularında olan qurudulmuş marixuananı isə özü istifadə etmək üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda onun və digər şəxslərin iştirakları ilə axtarış aparılması zamanı mənzilin yataq otağında olan dolabdan aşkar edilib götürülmüş 03 ədəd kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamış, satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs verdiyi bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə eynidir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Tovuz rayonu Əyyublu kəndində yaşayan Şahid5 idarə etdiyi “Land Crusier” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax magistral avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində saxlanılmış, avtomobilin salonunda olan 2 nəfər sərnişinlər Tovuz rayonu Əyyublu kəndində yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhərində yaşayan X8 ilə birlikdə Tovuz RPŞ-nə dəvət edilmişdir. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı X8 əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni təqdim etmiş, onun təqdim etdiyi kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 9,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı öz istəyi ilə dostu Şahid5 köməkliyi ilə sonuncunun tanışı Sarı adlı şəxsin tanımadığı şəxsdən 100 manata alıb verdiyini, həmin kütlənidə özünün, dostu Şahid5 və Sarı adlı şəxslə birlikdə istifadə edəcəyini bildirmişdir. Bundan sonra Cavid Babayevin təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, onun X8 ilə aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisidir. 18 fevral 2024-cü il tarixdə dostu Cavid Babayev Bakı şəhərindən Tovuz rayon Əyyublu kəndinə qonaq gəlmişdir. O, idarə etdiyi “Land Crusier” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə gedib dostu Cavid Babayevi yolun kənarından götürmüşdür. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə avtomobil idarə etmiş, nə baş verməsini xatırlamamışdır. Tovuz rayonu Aşağı Quşçu kəndində avtomobil yolunun kənarında mülki geyimdə olan 3 nəfər şəxs idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı üzərində və nəqliyyat vasitəsində hər hansı qanunsuz saxlanılan əşya və ya predmet və narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 16/233 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X3 üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 6,16 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,06 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 12 avqust 2024-cü il tarixli 1354 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “şübhəli şəxs qismində tutulma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də tutulmuşdur. İş materiallarında olan “şübhəli şəxs statusuna xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə edilən Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Tovuz rayonu ərazisində saxlanılaraq Tovuz RPŞ-yə gətirilmiş və həmin tarixdə saat 19:10-da Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs qismində tutulmuş və 01 (bir) gün həbsdə saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşdə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar