Məhkəmə qərarları › İş №1(062)-135/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-135/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-135/2023 28.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Tovuz rayonu Qaraxanlı kəndi ərazisində yaşadığı evin yaxınlığında həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs onun arvadı Şahid2 ünvanına “əxlaqsız” sözünü deməsinin səbəbini aydınlaşdıran zaman şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə qəsdən vuraraq sonuncuya alt çənədə orta xəttdən sağa doğru İİ və İİİ dişin travmatik laxlaması, həmin dişlərin diş ətinə qansızma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Qaraxanlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Qonşusu Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində küçədən səs-küy gəldiyini eşitmiş, küçəyə çıxan zaman arvadı Ramidə ilə qonşusu Zərərçəkmiş şəxs su növbəsi üstündə mübahisə etdiyini görmüşdür. Ramidəyə demişdir ki, mübahisə etməsin, evə gəlsin. Onun belə deməyimə baxmayaraq, Zərərçəkmiş şəxs arvadının və onun ünvanına nalayiq ifadələr işlətmiş, arvadını əxlaqsız küçə qadını adlandırdıqda Mahmudun üzərinə doğru gedərək ona sözlərinə fikir verməsini bildirmişdir. Lakin Mahmud söyüşlərinə davam etdirmişdir. Bu zaman o, ovcunun içi ilə Mahmudun ağzına vurmuş, nəticədə Mahmud arxa-arxaya tərəf gedib yerə yıxılmışdır. Həmin vaxt Mahmudun qardaşı Məmməd gəlib onu arxadan tutub boğmağa başlamışdır. Əli ilə Məmmədi kənara itələdikdə Mahmud yenə onun üzərimə gəlmişdir. Mahmud yerdən çay daşı götürüb onun sol böyrünə bir dəfə zərblə vurduqda Mahmudun sinəsindən tutub geri itələmişdir. Həmin vaxt Məmməd onun və ailə üzvlərinin ünvanına yazılması etik normalara sığmayan sözlər deyərək onları söymüş, sonra sözlə onları yaba ilə öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Mahmudun əlində yaba olmamışdır. Arvadı Ramidə də DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ramidə 102 xidmətinə zəng etdikdən sonra Məmməd qardaşı Mahmudun qolundan tutub onu evə aparmışdır. Məmməd onu və ailə üzvlərini söyüb təhqir etmişdir. Bu hadisə Tovuz rayonu Qaraxanlı kəndində yaşadığı evin qarşısında küçədə baş vermişdir. Hadisə təxminən 05 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada özü, arvadı Ramidə, anası Məlahət, qonşusu Məmməd və Mahmud olmuşdur. Hadisə zamanı qonşulardan heç kim bayıra çıxmamış, heç kim gəlib onları ayrmamış və hadisəyə müdaxilə etməmişdir. Hadisə zamanı Mahmud qazi oğlu X2 ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qaraxanlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və təqaüdçüdür. Şahid2 onun qonşusudur və həmin şəxsi uzun müddətdir ki, tanıyır. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı küçədə Ramidənin qaynanası Məlahət ilə aralarında su üstündə mübahisə baş vermişdir. Həmin vaxt Ramidə ona yaxınlaşıb dedi ki, “su növbəsi onundur və içməli su ona axmalıdır.” Ona su növbəsinin onun olduğunu dedikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramidənin əri Aqil onlara yaxınlaşaraq onu söydükdə, o da Aqilə söyüşlə cavab qaytarmışdır. Bu zaman Aqil yumruq ilə onun ağzına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq döymüşdür. Həmin vaxt səsə qardaşı Məmməd onların yanına gəlmiş və sonuncu onları ayırmışdır. Bundan sonra oradan uzaqlaşmışlar. Hadisə vaxtı oraya başqa şəxslər toplaşmamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı aldığı xəsarətləri ona Təqsirləndirilən şəxs yetirmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını və şikayətinin olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X3 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 637 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: alt çənədə orta xəttdən sağa doğru İİ və İİİ dişin, həmin dişlərin diş ətinə qansızma ilə müşayiət edilən travmatik laxlaması və alt dodaq nahiyəsinin selikli qişasına olan küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi istisna edilmir. Həmin xəsarətlərdən alt çənədə olan xəttdən sağa doğru İİ və İİİ dişin həmin dişlərin diş ətinə qansızma ilə müşayiət edilən travmatik laxlaması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar