Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-14/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çtamayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 mart 2025-ci il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mmdən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən- sapının diametri 0,1 mm, dəliklərinin daxili ölçüsü 27x27 mm olan, poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş 1 qatlı saplardan toxunmuş, uzunluğu 80 metr, eni 3 metr olan açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə 29 may 2024-cü il tarixdə saat 16 radələrində Tovuz rayonu Hunanlar kəndi istiqamətində Kür çayının sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21ci hissələrinin tələblərini pozaraq yəni balıqovlama bileti olmadan, qadağan edilmiş vaxtda, sintetik təksaplı torla qanunsuz balıq və digər bioresurslarını tutmaq məqsədi ilə bir cüt rezin çəkmə ilə Kür çayına daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, 29 may 2024-cü il tarixə saat 22 radələrinədək olan müddət ərzində hər birinin dəyəri 22 manat olmaqla ümumilikdə 924 manat dəyərində 42 ədəd çəki və hər birinin dəyəri 11 manat olmaqla ümumilikdə 110 manat dəyərində 10 ədəd dabanbalığı balıqlarını qanunsuz tutub balıq ehtiyatlarına ümumilikdə 1034 manat məbləğində maddi ziyan vurduqdan sonra həmin tarixdə saat 23 radələrində Su NPİ-nin Şəmkir XPM-nin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış yoxlama zamanı olan 01 cüt rezin çəkmə, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr açıq yaşıl rəngli sapının diametri 0,1 mm konstruktiv ölçü 27x27 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 42 ədəd çəki və 10 ədəd dabanbalığı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, ibitdai istintaq zamanı verdiyi ifadəsində polislə razılaşmasına əsasən 29 may 2024-cü il tarixdə təxminən saat 16 radələrində balıq tutmaq üçün Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının sahilinə getmiş orada bir cüt çəkməni geyinərək tor qurmasını qeyd etmişdir. Bundan başqa həmin gün saat 22 radələrində qurduğu toru yığmaq üçün əraziyə getdiyni bildirərək, toru yığıb tutduğu balıqları yığıb sahilə çıxarkən polis əməkdaşları və ekologiya işçiləri onu saxlanılmasını, baxış aparılmasını, onun tutuduğu balıqlarla fotoşəkili çəkilməsini bildirmişdir. Əslində hadisə qeyd edilən şəkildə olmamışdır. Belə ki, o Kürdən balıq alıb gələn zaman yolda polis əməkdaşları onu saxlamışlar. Torla balıq tutmamışdır. Onun maşınında isə 29 ədəd balıq olmuşdur. Fotoşəkili çəkildikdə isə 42 balıq qoyularaq fotoşəkili çəkilmişdir. Tor da ona məxsus deyil, onu həmkəndlisi X2 almasını polis əməkdaşı Orxanın göstərişi ilə etdiyini bildirmişdir. Toru gecə saat 23 radələrində Əmrahdan götürmüşdür. Balıqlar da ona məxsus olmamışdır. Balıqları da həmin gün almışdır. İstintaqda boynuna almasının səbəbi polislə razılaşmaları olmuşdur. Tor heç suya da salınmamışdır. O qeyd edilən əməli törətməmişdir. Yəni onda tor olmamışdır. Təbiətə vurulmuş ziyan da polis əməkdaşı tərəfindən ödənilmişdir. Odur ki, dediyi halların nəzərə alınmasını xahiş etdi. İş üzrə zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 29 may 2024cü il tarixdə saat 23:25 radələrində Su NPİ-nin Şəmkir XPM-nin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Tovuz rayon sakini Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndi istiqamətindən keçən Kür çayında qanunsuz balıq tutarkən saxlanılmış, baxış zamanı 01 cüt rezin çəkmə, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr açıq yaşıl rəngli sapının diametri 0,1 mm konstruktiv ölçü 27x27 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 42 ədəd çəki və 10 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Bunun nəticəsində Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyaltlarına 1034 manat zərər dəymişdir. Həmin maddi zərər ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Şəmkir XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə X5 idarəsinin Şəmkir xətt polis məntəqəsinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 23:30 radələrində Tovuz rayonu Hunanlar kəndi istiqamətindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 cüt rezin çəkmə, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr açıq yaşıl rəngli sapının diametri 0,1 mm konstruktiv ölçü 27x27 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 42 ədəd çəki və 10 ədəd dabanbalığı balıqları aşkar edilərək götürlmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs balıqları Kür çayından tutmasını bildirmişdir. İş üzrə şahidlər Şahid2 və X3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə müdafiə tərəfindən təqdim olunmuş şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, əvvəllər balıq tutmaqla məşğul olmuşdur. Lakin sonralar işləməyi ilə əlaqədar balıq tutmaqla məşğul olmamışdır. Amin ondan tor istəmiş və o da onda olan toru ona vermişdir. Toru Amin gecə vaxtı istəmişdir. Ayın tarixini dəqiq xatırlamır. Amma saat olaraq axşam saatları idi. Torla bağlı Amin özü zəng edərək gəlib toru götürmüş, sonra qaytarmamışdır. İşin 4-cü vərəqəsində olan baxış protokoluna əlavə olunmuş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs baxış keçirilməsi nəticəsində ovladıqları balıqlarla birgə fotoşəkili çəkilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan qaimə-fakturadan görünür ki, 42 ədəd çəki balığı və 10 ədəd dabanbalığı balığı "xxxx" MMC-yə təhvil verilmişdir. İşin 28-ci vərəqəsində olan Azərbaycan Respblikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq balıq ovu ilə məşğul olaraq balıq ehtiyatlarına 1034 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1036 manat balıq ehtiyatlarına dəymiş ziyana görə pul ödənilmişdir. İşin 33-cü vərəqəsində olan Azərbaycan Respblikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşin 27-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İşin 64-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli 3-16-16/2- 6/3149 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsi Zərflər üçün” dairəvi möhür əksləri olan Şəmkir XPM-nin rəisi Şahid1 imza, 2 saylı regional ETSN-nin əməkdaşı Habil Əhmədov imza yazıları olan 01 ədəd polietilen kisədəki açıq yaşıl rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmuşdur. Həmin torun toxunduğu sap bir qatlıdır, sapın diametrinin ölçüsü 0,1 mm və dəliklərin daxili ölçüsü 27x27 mm-dir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə tövsif olunmalıdır və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşdə olan Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 1(062)- 14/2025 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-35-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. İşin 26-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Cinayət işinin 25-ci vərəqəsində olan icra nümayəndəliyindən Təqsirləndirilən şəxs verilmiş arayışda görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Ramin və xx.xx.2009-cu il təvəllüdlü Rəsmiyə adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını dəymiş zərəri tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş CM-nin 233-1.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 256.2.2-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası, CM-nin 256.2.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə etmək yolu ilə ona qəti olaraq cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs qəti cəza təyin edilərkən onun həmçinin həbsdə saxlanıldığı 08 gün müddət nəzərə alınmaldır. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onun ailəsini dolandıran yeganə şəxs olamsını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alıb onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah və tərbiyə olunması inamına gələrək onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 gün müddət ona təyin edilmiş cəzaddan çıxılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs cəzanı icra edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək və elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə çəkilmiş 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin saxlanc anbarında saxlanılan 01 cüt rezin çəkmə, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr açıq yaşlı rəngli sapının diametri 0,1 mm konstruktiv ölçü 27x27 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 233-1.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 256.2.2-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə etmək yolu ilə ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbs qətimkan tədbirində olduğu 08 (səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi təbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə sınaq müddəti müəyyən edilməklə həmin müddətə şərti tətbiq olunsun. Sınaq müddəti ərzində məhkuma cəzanı icra edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək və elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin saxlanc anbarında saxlanılan 01 cüt rezin çəkmə, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr açıq yaşlı rəngli sapının diametri 0,1 mm konstruktiv ölçü 27x27 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor məhv edilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-14/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-14/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver