Məhkəmə qərarları › İş №1(062)-140/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-140/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-140/2024 22.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə döyərək ona baş beyin silkələnməsi və sol gözün konyuktiva qişasına qansızma ilə müşayiət edilən hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun arvadıdır və münasibətləri hər zaman normal olmuşdur, aralarında ədavət və münaqişə olmamışdır. O, günəmuzd fəhləliyə gedib ailəsini dolandırır və işdən aldığı bütün pulunu gətirib arvadı Məlahətə verir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən çıxıb yaşadığı evə gəlmişdir. Evin yaxınlığında yerləşən ərzaq dükanından evə nisyə ərzaq alıb aparmışdır. Yolda olan zaman bir ədəd yarım litrlik şüşə qabda pivə alıb içmişdir. Evə gəlib bazarlığı və 155 manat pulu Məlahətə vermiş və sonuncu pulu götürüb otağa keçmişdir. Bundan 5 dəqiqə sonra Məlahət pulun nə üçün az olduğunu demiş və vedrədə olan suyu onun başına tökmüşdür. Həmin vaxt onlar evin həyətində olmuşlar və aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı o, Məlahətin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman Məlahətin başı evin girişində yerləşən çardağın taxtasının tininə dəymişdir. Əsəblərini cilovlaya bilməyərək Məlahətin kürək və başının arxa nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra anası Şahid onları ayırmışdır. Hadisədən bir qədər sonra qaynatası Murad gəlib Məlahəti aparmışdır. Dava-dalaş yaşadığı evin həyətində baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zamanı evdə anası Telxanım olmuşdur. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışaraq bir evdə yaşayırlar, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və ailəsi ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayırlar. Təqsirləndirilən şəxs onun əridir. Münasibətləri hər zaman normal olmuş, aralarında ədavət və münaqişə olmamışdır. Əri Təqsirləndirilən şəxs günəmuzd fəhləlik edib ailəsini dolandırır. Yolçu hər zaman işdən aldığı pulu gətirib ona vermişdir. xx.xx.2024cü il tarixdə saat 19 radələrində Yolçu sərxoş vəziyyətdə yaşadığı evə gəlmişdir. Həmin vaxt evə bazarlıq etmiş və ona 155 manat pul vermişdir. Sonuncu sərxoş olduğundan evin həyətində uzanıb yatmışdır. Bu zaman Yolçudan pulu hara xərclədiyini və nə üçün pulun az olduğunu soruşmuş və sonuncu evə bazarlıq etdiyini bildirmişdir. O, Yolçunun ayılmağı üçün sonuncunun üstünə vedrədə su tökmüş və Yolçu ayağa qalxmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Yolçu onun sol göz ətrafı nahiyəsinə yumruqla vurmuşdur. Onun başı evin giriş hissəsində yerləşən çardağı taxtasının tininə dəymişdir. Bundan sonra qaynanası Şahid onları ayırmış və bir qədər sonra atası Murad gəlib onu aparmışdır. Dava-dalaş yaşadığı evin həyətində baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zamanı evdə qaynanası Telxanım olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışaraq bir evdə yaşayırlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 830 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: baş beyin silkələnməsi və sol gözün konyuktiva qişasına qansızma ilə müşayiət edilən sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin qançır-şişkinliyi (hematoması) küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci ildə anadan olmuş Günəş adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar