Məhkəmə qərarları › İş №1(062)-144/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-144/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-144/2023 20.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 425 mm olan, öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 oktyabr 2023-cü il tarixdə, saat 20:15-də Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə, saat 20:40 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərində nömrəsi silinmiş, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 425 mm olan, öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyi üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Təxminən 01 həftə əvvəl Qazax şəhərinin girəcəyində yaşayış olmayan köhnə tikili binanın zirzəmisində 01 (bir) ədəd təklüləli, “Toz” markalı, tüfəng tapmışdır. Həmin təklüləli tüfəngi o, həmin yerdə yerini dəyişərək gizlətmişdir. xx.xx.2023-cü il tarixdə o, tapdığı təklüləli, ov tüfəngini gizlətdiyi yerdən götürüb qara rəngli sellofan torbaya qoyub yol kənarına çıxıb tanımadığı sərnişin avtobusuna əyləşib Tovuz rayonuna gəlmişdir. Onun Tovuz rayonuna gəlməkdə məqsədi tapdığı “Toz” markalı tək lüləli tüfəngi tanışı Anar adlı şəxsə pay vermək olmuşdur. Tovuz rayonunda o, qara rəngli sellofan torbadan tüfəngi çıxardıb belinin sağ tərəfinə taxmış və silahın üstü əyninə geyindiyi jilet ilə örtmüşdür. O, Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yol kənarında dayanarkən tanımadığı mülki geyimdə olan 02 (iki) nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini nümayiş etdirdikdən sonra onu Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-də ona inzibati binanın daxilində polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, o, təqdim olunmuş siyahı üzrə vəkil Müdafiəçi1 özünə vəkil seçmişdir. Bundan sonra vəkili Müdafiəçi1 və iştirakçıların iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olubolmadığı barədə sual verilmiş, o həmin vaxt belinin sağ tərəfindən 01 (bir) ədəd silah çıxarıb təqdim etmişdir. Təqdim etdiyi silaha baxış keçirilmiş, baxış zamanı təqdim etdiyi silahın “Toz” markalı, tək lüləli, üzərində olan lüləsinin kəsilərək konstruksiyasının dəyişdirilməsi və üzərində olan nömrənin silinən tüfəng olması müəyyən edilmişdir. Təqdim etdiyi silahın ilkin görünüşdən odlu silaha bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı o, təqdim etdiyi silahın odlu silah olduğunu və “Toz” markalı olduğunu bildirmişdir. Həmin odlu silahı təxminən 01 həftə əvvəl Qazax şəhərinin girəcəyində yerləşən yaşayış olmayan köhnə tikili olan binanın zirzəmisindən tapmışdır. Həmin silahı Tovuz rayonuna gətirməkdə məqsədi əvvəllər tanıdığı Anar adlı şəxsə pay vermək olmuşdur. Təqdim etdiyi bir ədəd Toz markalı, təhlükəli ov tüfəngi bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış tüfəngin odlu silah olub-olmamasını, həmin silahın atəşə yararlı olub-olmaması və həmin silahdan atəş açılıb-açılmamasını müəyyən edib rəy alınması üçün götürülmüş və protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı üzərindən silahdan başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə 05 oktyabr 2023-cü il tarixdə, saat 20:15 dəqiqədə Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində, Bakı-Qazax avtomobil yolunun həmin kənd ərazisindən keçən hissəsində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi1 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi1 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd silah aşkar edilmişdir. Həmin aşkar olunmuş silaha baxış nəticəsində silahın Toz markalı, təklüləli, üzərində olan lüləsinin kəsilməsi ilə konstruksiyası dəyişdirilmiş və üzərində olan nömrəsi silinmiş ov tüfənginə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş silahı təxminən bir həftə əvvəl, yəni 2023cü ilin sentyabr ayının sonlarında Qazax şəhəri ərazisində, yaşayış olmayan köhnə tikili binanın zirzəmisindən tapdığını, tapdıqdan sonra həmin silahı tanışı Anar adlı şəxsə hədiyyə etmək qərarına gəldiyini, bu məqsədlə də silahı üzərində gizlədərək xx.xx.2023-cü il tarixdə Tovuz rayonuna gəldiyini bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş silah bir ədəd ağ kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Ruflan Əliyev tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş 01 (bir) ədəd silahı kimdən və nə məqsədlə əldə etməsi, əldə edərkən hər hansı bir şəxs(lər)in onu görüb-görməməsi, üzərində saxlayaraq Qazax rayonu ərazisindən Tovuz rayonu ərazisinə nə məqsədlə daşıması barədə hazırda dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz RPŞ-nin İB-nə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, xx.xx.2023-cü il tarixdə, saat 20:40 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “Toz” markalı, təklüləli, üzərindəki lüləsinin kəsilməsi nəticəsində konstruksiyasının dəyişdirildiyi, üzərində olan nömrəsinin silindiyi ilkin görünüşdən odlu silaha bənzər tüfəng edilərək götürülmüş, axtarış zamanı Təqsirləndirilən şəxs həmin əşyanın “Toz” markalı odlu silah olduğunu, bir həftə əvvəl Qazax rayonu ərazisindən tapdığını və bir nəfər tanışına hədiyyə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin əşya götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/749 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, nömrəsi silinmiş silah ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov tüfəngi olub, lakin sonradan ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmiş, halhazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 425 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı, hamar tək lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” aktının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 425 mm olan, öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CMin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə göstərir ki, əvvəlki məhkəmə hökmü ilə təqsirləndirilən şəxs residiv sayılsa belə həmin hökmdə istinad olunan məhkumluq hazırki vaxta kimi ödənildiyindən təqsirləndirilən şəxs təhlükəli residiv hesab edilə bilməz. Çünki Cinayət Məcəlləsinin 83.6-cı maddəsində qeyd olunmuşdur ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan nömrəsi silinmiş, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 425 mm olan, öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan nömrəsi silinmiş, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 210 mm, ümumi uzunluğu 42 mm olan, öz ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz rayon Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar