Məhkəmə qərarları › İş №1(062)-144/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-144/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-144/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 19 noyabr 2024-cü il tarixdə Tovuz şəhərində, xx xxx 1993-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Tovuz şəhəri Nizami küçəsi ev 6 ünvanında yaşayan, ünvan 1olisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mülkiyyət hüququ Zərərçəkmiş şəxs məxsus olmaqla sonuncunun oğlu Şahid1 tərəfindən istifadə olunaraq Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” market mağazasının qarşısında qısa müddətə dayandırılmış “Vaz 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaq qərarına gəlmiş, bu niyyətlə 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” market mağazasının qarşısında qısa müddətə dayandırılmış “Vaz 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının üzərində olmasından istifadə edərək mühərriki işə saldıqdan sonra həmin avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq Tovuz rayonunun müxtəlif ərazilərində idarə etmiş və avtomobili həmin gün saat 21 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində saxlayaraq tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 10 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində tanışı, Tovuz rayon sakini Emin adlı şəxslə Tovuz rayonu, Qaziqulu kəndinin ərazisində görüşüb elə həmin kəndin ərazisində yerləşən kafelərin birində oturub yemək yeyib bir qədər spirtli içki olan araq qəbul etmişlər. Həmin gün saat 19 radələrində o və tanışı Emin adlı şəxs Tovuz rayonu, Qaziqulu kəndi ərazisində yerləşən kafedən çıxıb yaşadıqları evə qayıtmaq üçün həmin kəndin ərazindən keçən avtomobil yolunun kənarına gəlmişlər. Onlar kəndin ərazisindən keçən avtomobil yolunun kənarında dayanıb taksi gəlməsini gözləmişlər. Təxminən 5-6 dəqiqə sonra qara rəngli, “VAZ 2108” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gələrək onların yanlarında saxlamışdır. Onlar sürücü ilə gediş haqqı barəsində razılaşıb avtomobilə əyləşmişlər. O, həmin sürücünü əvvəlcədən tanımamış və adı sonradan ona məlum olan Fərid adlı sürücünü ilk dəfə idi ki, görmüşdür. Həmin vaxt “VAZ 2108” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə qabaq tərəfdən sərnişin oturacağında o, arxa tərəfdən sərnişin oturacağında isə tanışı Emin adlı şəxs əyləşmişdir. Onlar həmin vaxt qərara gəlmişdir ki, birinci Emin adlı tanışını yaşadığı evə düşürsünlər. Fərid adlı sürücü də avtomobilin mühərrikini işə salıb Tovuz şəhəri, H.Əliyev prospektikdə yaşayan Emin adlı tanışı yaşadığı ev istiqamətində avtomobili sürməyə başlamışdır. Həmin vaxt spirtli içkinin təsirindən qeyri-ixtiyari yuxuya getmişdir. O, bir də ayılmışdır ki, Fərid adlı sürücü idarə etdiyi “VAZ 2108” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin qarşısında saxlamışdır. Lakin həmin vaxt avtomobildə Fərid adlı sürücü və tanışı Emin adlı şəxs olmamışdır. Həmin vaxt o, avtomobilin sükanına baxanda görmüşdür ki, avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunan açar avtomobilin mühərrikini işə salma yerinin (el arasında “zamok” adlanan) üzərindədir. O da avtomobildən düşmədən avtomobilin sükanı arxasına keçib avtomobilin mühərrikini işə salıb “VAZ 2108” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili Tovuz rayonu, Aşağı Öysüzlü kəndi istiqamətində sürməyə başlamışdır. O, “VAZ 2108” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili bir qədər Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində sürüb Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən “GRAND” adlı marketin yaxınlığındakı küçəyə girmiş və o, orada bir neçə metr avtomobili idarə etmişdir ki, avtomobil yanacağının qurtarması səbəbi ilə dayanmışdır. O, da avtomobildən düşmüş və avtomobili ünvan 3 ünvanında yerləşən yaşadığı evə gəlmişdir. 11 oktyabr 2024-cü il tarixdə o, Tovuz rayon polis əməkdaşlarının dəvəti üzrə Tovuz rayon Polis Şöbəsinə gəlmişdir. O, etmiş olduğu əməldən səmimi peşmandır və bir daha belə əməllərə yol verməyəcəyinə dair söz verir. Həmçinin bildirmişdir ki, onun “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, sadəcə bu əməli spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə törətmiş və etmiş olduğu əməldən çox peşmandır. O, 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin qarşısından talama məqsədi olmadan qaçırmağı barədə əvvəlcədən tanışı Şahid2 məlumat verməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili sürməsi üçün bir neçə ildir ki, oğlu Şahid1 vermişdir. 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində o, yaşadığı evdə olan zaman oğlu Fərid ona zəng edərək ona məxsus olan “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir nəfər sərnişin tərəfindən qaçırıldığını demişdir. O da həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin sonra da ona məxsus “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 11 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində oğlu Şahid1 ona məxsus “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində taparaq ona bu barədə məlumat vermişdir. Daha sonra o, bilmişdir ki, ona məxsus “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlcədən tanımadığı və adı sonradan ona məlum olan Tovuz şəhər sakini Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin qarşısından talama məqsədi olmadan qaçırmışdır. Belə ki, həmin vaxt, yəni 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs onun oğlu Şahid1 idarə etdiyi ona məxsus olan “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Oğlu Şahid1 da ona məxsus avtomobili idarə edib Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin qarşısında saxlayıb avtomobildən düşərək marketə getmiş, lakin avtomobilin açarını mühərriki işə salma yerinin üzərində qoymuşdur. Bunu görən Təqsirləndirilən şəxs də ona məxsus “VAZ 2108” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçərək avtomobilin mühərrikini işə salaraq çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, sahiblik hüququ atası Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 10 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində işdən sonra Tovuz rayonu ərazisində taksilik etməyə başlamışdır. O, idarə etdiyi avtomobil ilə Tovuz rayonu, Qaziqulu kəndi ərazisindən üzü Tovuz şəhəri, H.Aslanov küçəsi istiqamətində hərəkətdə olduğum zaman Tovuz rayonu, Qaziqulu kəndi ərazisindən keçən avtomobil yolunun kənarında dayanmış iki nəfər gənc yaşlarında kişi cinsinə məxsus şəxslər ona əl edib avtomobili saxlamağı üçün işarə etmişlər. O da həmin vaxt idarə etdiyi avtomobili kənara verib saxlamış və həmin şəxslərdən əvvəlcədən Tovuz rayon sakini kimi tanıdığı Emin adlı şəxs və əvvəlcədən tanımadığı və adı sonradan ona məlum olan Orxan adlı şəxs avtomobilə əyləşmişlər. Emin adlı şəxs idarə etdiyi avtomobildə arxa tərəfdən sərnişin oturacağında, Orxan adlı şəxs isə avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Həmin şəxslər öz aralarında danışıb birinci Emin adlı şəxsi, sonra isə Orxan adlı şəxsi yaşadığı evlərə aparmağını bildirmişlər. O da Emin adlı şəxsdən yaşadığı evin ünvanını soruşmuşdur. Emin adlı şəxs də ona yaşadığı evin Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin yaxınlığında olduğunu demişdir. O da avtomobilin mühərrikini işə salıb Tovuz şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətə başlamışdır. Onun idarə etdiyi avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmiş Orxan adlı şəxs bir neçə dəqiqə sonra yuxuya getmişdir. O, atası Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “TARGET” adlı marketin qarşısına çatıb avtomobili orada saxlamışdır. Həmin vaxt Emin adlı şəxs avtomobildən düşmüş və ona avtomobildən düşən zaman gediş haqqını Orxan adlı şəxsin ödəyəcəyini deyib ona Orxanın Tovuz şəhərində yerləşən ünvanını bildirərək yaxınlıqda yerləşən yaşadığı evə getmişdir. Həmin vaxt da Orxan adlı şəxs avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşib yatmışdır. O da özünə siqaret almaq üçün “TARGET” adlı marketə getmişdir. Lakin avtomobildən düşən zaman açarı avtomobilin mühərrikini işə salma yerinin (el arasında “zamok” deyilən) üzərindən götürməmişdir. O, marketə girib siqaret almış və mobil telefonu ilə bir nəfər tanışına zəng edib telefonla danışa-danışa marketdən bayıra çıxmışdır. O, marketdən çıxanda görmüşdür ki, marketin qarşısında, yolun kənarında saxladığı atası Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Orxan adlı şəxs hərəkətə gətirib sürərək oradan uzaqlaşır. O da Orxan adlı şəxs avtomobili saxlaması üçün bir neçə metr avtomobilin arxası ilə qaçmışdır. Lakin Orxan adlı şəxs atası Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb sürməyinə davam edərək oradan uzaqlaşmış və bir qədər sonra gözdən itmişdir. O da tez vaxt itirmədən bu barədə atası Zərərçəkmiş şəxs mobil telefonu ilə zəng edib məlumat vermişdir. Elə bu vaxt Emin adlı şəxs yaşadığı evdən bayıra çıxıb marketə doğru gəlmişdir. O da Emin adlı şəxsə tanışı Orxanın atasına məxsus avtomobili qaçırdığını demişdir. Həmin vaxt Emin onunla birlikdə taksiyə əyləşib Orxan adlı şəxsin gedə biləcəyi yerlərə getmişdir. Lakin onlar nə qədər Orxan adlı şəxsi və atasına məxsus avtomobili axtarsa da onlardan heç birini tapa bilməmişlər. Emin adlı şəxs təxminən bir saata yaxın onunla birlikdə Orxan adlı şəxsi tapmaq üçün hərəkət edib daha sonra müsbət nəticə olmadığı üçün ondan ayrılıb öz yaşadığı evə getmişdir. Həmin vaxt da atası Zərərçəkmiş şəxs əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ondan sonra da Tovuz rayon Polis Şöbəsinə sahiblik hüququ özünə məxsus olan “VAZ 2108” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat vermişdir. O da yenə öz axtarışlarına davam etmişdir. 11 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində o, atası Zərərçəkmiş şəxs məxsus olan “VAZ 2108” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən “GRAND” adlı marketin yaxınlığında tapmışdır. O, avtomobilə yaxınlaşıb avtomobilə baxanda görmüşdür ki, avtomobilin içərisində heç bir kəs yoxdur. O, həmin vaxt avtomobili işə salmaq istəyəndə ona məlum olmuşdur ki, avtomobilin yanacağı bitmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Orxan adlı şəxs avtomobili qaçırdıqdan sonra bir qədər Tovuz rayonu ərazisində idarə etmiş və yanacağının qurtarması səbəbi ilə avtomobili Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində qoyub çıxıb getmişdir. O, avtomobili tapan kimi bu barədə atası Zərərçəkmiş şəxs məlumat vermişdir. O, həmçinin bildirmişdir ki, sahiblik hüququ atası Zərərçəkmiş şəxs məxsus “VAZ 2108” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdan Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs sahiblik hüququ atası Zərərçəkmiş şəxs məxsus olan “VAZ 2108” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdıqdan sonra avtomobilə hər hansı maddi ziyan yetirməmiş və avtomobildə olan mənə məxsus hər hansı əşyanı oğurlamamışdır. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona vurulmuş maddi zərər tam ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşə əlavə edilmiş tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması görünsə də, lakin onun əvvəllər cinayət məsuliyyətindən azad edilməsi halı olmadığına görə onun cinayət məsuliyyətindən azad edilməsi üçün mane olan hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyindən, onunla barışdığından və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığından, onun barəsində olan işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ 2108 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ödənilməmiş ziyan və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43-cü və 343-347-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam veriılsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ 2108 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar