Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-146/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1991-ci ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, X5 Sistemlərinin İstismarı idarəsində geniş profilli avtomobil sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində baş etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Xatınlı avtomobil yolunun Tovuz rayonu Abulbəyli kəndi ərazisindən keçən hissəsində üzü Xatınlı kəndi istiqamətinə doğru saatda 70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib öz hərəkətlərini davam etdirərək qarşı hərəkət zolağına çıxmış, həmin vaxt əks istiqamətdə öz hərəkət zolağında üzü Tovuz şəhəri istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21074” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “VAZ-21074” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol qalça-qasıq sümüklərinin və sirkə kasasının parçalı, yerdəyişməli sınığı, sol ala sakrumun və oma-qalça oynaq səthinin həfif yerdəyişməli sınığı, sağ budun mərkəzi çıxığı və sol içəri topuğun yerdəyişməli sınığı, həmçinin sol bud çanaq oynağının hematoması kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağamlığa az ağır və həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sol said sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı və sol diz oynağı-sol baldır nahiyəsinin hematoması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, ailəlidir, iki azyaşlı övladları var. Hazırda Tovuz rayon SSİ-də sürücü işləyir. “Hyundai Sonata” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Onun avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 23 aprel 2024-cü il tarixdə saat 19 radələrində o, öz kəndlərində yeməkxanada oturub yarım litrlik bokalla təxminən 5-6 bokal, yəni təxminən 3 litr spirtli içki olan pivə içmişdir. Həmin vaxt ona zəng vurub demişlər ki, avtomobil təmirdən çıxıb gəl avtomobilini apar. O, tanımadığı yol maşını ilə Tovuz şəhərində yerləşən “Taksiremontnu” adlanan əraziyə getmiş, oradan özünə məxsus “Hyundai Sonata” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. O, özü sükanın arxasına keçib avtomobili idarə edib Tovuz rayonu Qaraxanlı kəndinə öz yaşadığı evə gedərkən avtomobildə tək olmuş, özündən başqa avtomobildə heç kim olmamışdır. O, avtomobili saatda təxminən 70 km/saat sürətlə idarə edib üzü Tovuz rayonu Qaraxanlı kəndi istiqamətinə doğru hərəkətdə olan zaman, kanalın üstündəki körpünü keçən vaxt qəflətən onun hərtəkəti istiqamətində yolun sağ tərəfindən iki it onun idarə etdiyi avtomobilin yoluna doğru qaçmışlar. O, avtomobil itə dəyməsin deyə idarə etdiyi avtomobili öz hərəkəti istiqamətində sola doğru manevr etmişdir ki, avtomobillə itləri vurmasın. Həmin vaxt itlərdən biri avtomobilin təkərinin altında qalmış, qarşı tərəfdən üzü Tovuz şəhərinə doğru öz hərəkət zolağı ilə hərəkət edən “VAZ- 2107” markalı avtomobil onun idarə etdiyi avtomobilə çatmış və qarşı tərəfin hərəkət zolağında toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobilin qabaq sol tərəf hissəsi “VAZ-2107” markalı avtomobilin qabaq sol tərəf hissəsindən dəymişdir. O, avtomobildən yerə düşmüş, həmin avtomobilə yaxınlaşmış, avtomobilin sürücüsünə tanışlıq vermiş və hadisə yerinə gələnlərlə birlikdə sürücü Zərərçəkmiş şəxs2 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 avtomobildən düşürtmüşlər. Bundan sonra hadisə yerinə gəlmiş təcili yardım maşınına mindirib onların hər ikisini Tovuz rayon mərkəzi xəstəxanasına yola salmışlar. Həmin hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəməklə barışmış, lakin digər Zərərçəkmiş şəxs2 ilə barışmağa cəhd etsə də, barışıq əldə edə bilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, Zərərçəkmiş şəxs1 ilə barışmasını, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını və səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, ancaq faktiki olaraq Tovuz rayonu Qaraxanlı kəndində yaşayır və Tovuz TTYda həkim işləyir. xx.xx.2024-cü il tarixdə saat 09:30-da o, Tovuz şəhərinə işə getmək üçün baldızının əri Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa sərnişin olmamışdır. Onlar Qaraxanlı kəndindən çıxıb üzü Tovuz şəhəri istiqamətində hərəkətdə olan zaman onların hərəkət istiqamətlərinin əksinə doğru bir neçə avtomobil hərəkət etmiş, həmin vaxt ağ rəngli bir avtomobil qarşısından gedən avtomobilləri ötüb “VAZ-2107” markalı avtomobilin üzərinə doğru hərəkət etdiyini görmüşdür. Bu zaman toqquşma baş vermiş və sol qolu sınmışdır. Həmin vaxt hadisə yerinə toplaşanlar təcili tibbi yardım çağırmışlar və onu Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, həqiqətən onun sol qolu sınıbdır. Xəstəxanada ona məlum olmuşdur ki, onun sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşan avtomobilin sürücüsü Tovuz rayonu Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onun bütün xəstəxana, müalicə və digər xərclərini çəkmiş, ona dəyən ziyanı tam ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qaraxanlı kəndində yaşayır və X4 bağban işləyir. Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, münasibəti bir həmkəndli kimi yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 onun qaynının arvadıdır. “VAZ-21074” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun avtomobili idarə etmək üçün A1, A, B1, B, C1, C, D1, D kateqoriyalı sürücülük vəsiqəsi var. 23 aprel 2024-cü il tarixdə saat 20 radələrində qayınının arvadı Zərərçəkmiş şəxs1 ona zəng edib xahiş etmişdir ki, onu Tovuz şəhərinə X1 aparsın. O, 23 aprel 2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus “VAZ-21074” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 Tovuz şəhərinə aparan vaxt Zərərçəkmiş şəxs1 avtomobildə arxa sağ tərəfdə oturmuş, avtomobili o, idarə etmişdir. Avtomobildə Zərərçəkmiş şəxs1 başqa heç bir sərnişin olmamışdır. O, avtomobili üzü Tovuz şəhərinə doğru təxminən saatda 40-50 km/saat sürətlə idarə etmişdir. Tovuz rayonu Abulbəyli kəndinin ərazisindən keçən zaman qarşı tərəfdən üzü Qaraxanlı kəndi istiqamətində təxminən 7-8 avtomobil hərəkət etdiyini görmüşdür. Həmin avtomobillərin arxasından bir avtomobil çıxıb həmin avtomobilləri ötüb sağa sola zik-zak hərəkətlər edib onun hərəkət zolağı ilə hərəkət etməyə başladığını görüb o, avtomobilin sürətini azaltmış, sürətlər qutusunu 4-cü hərəkət pilləsindən 3-cü hərəkət pilləsinə dəyişmiş və öz hərəkəti istiqamətində imkanı daxilində yolun sağ tərəfinə doğru avtomobili manevr etdirmişdir. Lakin həmin üzü Qaraxanlı kəndi istiqamətində hərəkət edən avtomobil onun hərəkət zolağı ilə sürətlə hərəkət edib onun idarə etdiyi avtomobilin üstünə gəldiyi üçün onun hərəkət zolağında toqquşma baş vermişdir. Toqquşmanın təsirindən onun idarə etdiyi avtomobil yolun sağ tərəfinə çıxıb dayanmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun yanına gəlmişdir, avtomobili idarə edən şəxs olduğunu bildirmiş və daha sonrad çıxıb getmişdir. Hadisə yerinə toplaşanlar ona yardım edib onu avtomobildən yerə düşürtmüşlər, sonrada təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım avtomaşını gəlib onu Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsü həmkəndlisi Təqsirləndirilən şəxsdur, sonuncu həmin hadisə vaxt sərxoş vəziyyətdə olmuş, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, hadisə nəticəsində sol ayağı omadan və topuqdan sınmış, avtomobili isə yararsız vəziyyətə düşmüşdür. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 8/1860 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Hyundai Sonata” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 07 may 2024-cü il tarixli 324 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol said sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı və sol diz oynağı-sol baldır nahiyyəsinin hematoması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 14 oktyabr 2024-cü il tarixli 3 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol qalça-qasıq sümüklərinin və sirkə kəsasının parçalı, yerdəyişməli sınığı, sol ala sakrumun və oma-qalça oynaq səthinin həfif yerdəyişməli sınığı, sağ budun mərkəzi çıxığı və sol içəri topuğun yerdəyişməli sınığı, həmçinin sol bud çanaq oynağının hematoması küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağamlığa az-ağır zərər vurmaya aiddir. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli 167 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qaraxanlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “B1,B,C1,C” kateqoriyalı BC-312321 saylı sürücülük vəsiqəsi verilmişdir. Hazırda həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X2 İdarəsində sürücü işləyir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 434 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21074” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5142 (beş min yüz qırx iki) manat maddi ziyan dəymişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Üzeyir və xx.xx.2016-cı ildə anadan olmuş Afət adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəməklə barışıq əldə etməsini, cəmiyyətdə müsbət xarakterizə olunmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “Hyundai Sonata” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “Hyundai Sonata” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-146/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-146/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver