Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-148/2024 20.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 21:52 dəqiqədə Tovuz şəhəri, Bəhrəm Əsgərov küçəsində yolun kənarında piyada hərəkətdə olan zaman Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq saxlanıldığı yerdə saat 21:52 dəqiqədən saat 22:10 dəqiqəyədək üzərinə baxış keçirilmiş və baxış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə də yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, tək piyada yaşadığı evdən çıxıb Tovuz rayonuna gələn zaman yaşadığı Ağstafa rayonu, Eynallı kəndi ərazisində asfalt örtüklü kənd yolunda, yolun kənarında bir ədəd kibrit qutusunu görüb yerdən götürmüş, ətrafda hər hansı şəxsin olmadığına əmin olduqdan sonra həmin kibrit qutusunu dərhal cibinə yerləşdirmişdir. O, bir qədər uzaqlaşıb kibrit qutusunu cibindən çıxarıb içərisinə baxan zaman içərisində ilkin görünüşdən kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görüb kibrit qutusunda olan kütləni istifadə etmək qərarına gəlmiş və cibinə qoymuşdur. xx.xx.2024-cü ildə saat 21 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində avtovağzalda düşüb Turan stadiona doğru piyada hərəkət etmişdir. O, yol kənarı ilə hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla video çəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra həmin kibrit qutusuna baxış keçirilmişdir. Bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və bir ədəd kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 9,57 qram müəyyən edilmişdir. Daha sonra kibrit qutusunda olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmiş, o, da həmin siyahının içərisindən X2 vəkil olaraq seçmişdir. Müdafiəçi X1 iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı tapmış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Hazırda etdiyi əməldan peşmançılıq hissi keçirir. Vətən müharibəsi iştirakçısıdır. Bu kimi halların nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid3 İnqilab oğlu və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ilə birlikdə 06 oktyabr 2024-cü il tarixdə, saat 21:52 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Bəhrəm Əsgərov küçəsi ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ tərəflərindən izah edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən saxlanılan zaman onun üzərini həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 20 metr qabaqda işıqlı ərazidə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunda olan kütləyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır. Həmin kütləni xx.xx.2024-cü il tarixdə yaşadığı Ağstafa rayonu, Eynallı kəndi ərazisindən yol kənarında tapıb öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bunda sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 9,56 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni kimdən və nə məqsədlə əldə etməsi, narkotik vasitəni əldə edərkən hər hansı bir şəxs(lər)in onu görüb-görməməsi barədə hazırda məlumatı yoxdur. Həmin xüsusatların araşdırılması istiqamətində CAB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni sonuncu xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu, Eynallı kəndi ərazisində tapdığını, tapdıqdan sonra öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə satması barədə, nə də sonuncudan qanunsuz olaraq narkotik vasitə satın alma barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şübhəli şəxsin üstünün yoxlanılması haqqında» 06 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:52 dəqiqədən saat 22:10 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 6,53 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» 06 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 22:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə video çəkiliş aparılmaqla saat 23:00 dəqiqədən saat 23:12 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd kibrit qutusunda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 6,53 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X5 xx.xx.2024-cü il tarixli, 16/1007 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən ksutar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 6,53 qram. Tədqiqata cəmi sərf edildi - 0,03 qram, qalıq - 6,50 qram. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs mövcud vəziyyətdə məhkumluğu yoxdur. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-сü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə, «vətən müharibəsi iştirakçısı» olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd olunanlara əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,50 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,50 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-148/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-148/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver