Məhkəmə qərarları › İş №1(062)-149/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-149/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-149/2025 26.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdə, gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla zərbələr vuraraq sonuncuya burun nahiyəsinin qançır-şişkinliyi, alt dodaq nahiyəsinin qançır-şişkinliyi və selikli qişasına olan qansızma kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ üst göz qapağının və sağ gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol üst göz qapağının və sol gözaltı nahiyənin qançırları, alt dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası halında qançır-şişkinliyi kimi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşmiş icraat materialı üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Münasibətləri hər zaman normal olmuş, aralarında əvvəldən ədavət və münaqişə olmamışdır. Elgün spirtli içkilər aludəçisidir. Spirtli içkilər qəbul etdikdən sonra öz davranış qaydalarını bilmir və onlarla mübahisə etməyə başlayır. Onlar evdə 4 nəfər anası Şahid, xalası X3 və qardaşı Zərərçəkmiş şəxs yaşayır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində onlar yaşadığı evdə olan zaman Elgün sərxoş vəziyyətdə evə gəlmişdir. Elgün anasını itələyərək xalasının yerdə nə üçün yatdığını demişdir. Onu sakitləşdirməyə çalışmışdır. Elgün yenidən anasının üstünə hücum edib onu döymək istəmişdir. Çarpayıdan qalxan zaman Elgün onun sol gözaltı nahiyyəsinə yumruqla vurmuşdur. Elgünü itələmiş və o, çarpayının üstünə düşmüşdür. Elgünün yumruqla iki dəfə dodaq nahiyyəsinə, bir dəfədə gözaltı nahiyyəsinə vurmuşdur. Anası ilə xalası onları ayırmışdır. Qonşu Elçin yaşadığı evə gəlmiş, lakin davanı görüb çıxıb getmişdir. Elgün küçəyə çıxmışdır. Polis əməkdaşları yaşadığı evə gəlmiş və Elgün ərizə ilə döyülməyi barədə Tovuz RPŞ-nə müraciət etmişdir. Dava-dalaş yaşadığı evdə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında anası və xalası olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan heç bir şikayəti yoxdur. Əməlindən peşmandır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrinə qədər olan müddət ərzində Tovuz şəhərində yerləşən kafelərin 3-4 ədədində dostu Şahinlə birlikdə yemək yemiş və spirtli içki qəbul etmişdir. Həddindən artıq spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Daha sonra yaşadığı evə getmişdir. Ovlar evdə 4 nəfər anası Şahid, xalası X3 və qardaşı Təqsirləndirilən şəxs yaşayır. Evə daxil olan zaman qardaşı Elvin musiqinin səsini yuxarı qaldırmışdır. Ondan musiqinin səsini aşağı etməyi xahiş etmişdir. Həmin vaxt Elvin çarpayıda uzanmışdır. Elvin çarpayıdan qalxıb onun üstünə hücum edərək yumruqla dodaq, burun, baş və sifətinin digər nahiyyələrinə ardıcıl zərbələr vurmağa başlamışdır. Anası ilə xalası onları ayırnışdır. Qonşu Elçin onların yaşadığı evə gəlmişdir. Ondan 102 xidmətinə məlumat verməyi xahiş etmiş, lakin Elçin çıxıb getmişdir. O, evdən küçəyə çıxıb DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gəlmişdi və o, ərizə ilə döyülməyi barədə Tovuz RPŞ-nə müraciət etmişdir. Dava-dalaş yaşadığı evdə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında anası və xalası olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət bə tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun oğludur. Münasibətləri hər zaman normal olmuş, aralarında əvvəldən ədavət və münaqişə olmamışdır. Elgün spirtli içki aludəçisidir. Spirtli içki qəbul etdikdən sonra öz davranış qaydalarını bilmir. X1 hal-hazırda ankoloji xəstə olduğu üçün onunla birlikdə qalır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində Elgün yaşadığı evə gəlmişdir. Həmin vaxt Elvin çarpayıda uzanıb yatmışdır. Elgün evin içərisinə daxil olub uca səslə nalayiq küçə söyüşləri söyməyə başlamış və evdə əşyaları yerə tökməyə başlamışdır. Onun qabağına keçib əşyaları dağıtmasına mane olmaq istəmişdir. Həmin vaxt Elgün onu əlilə itələmiş və o, yerə yıxılmışdır. Elgün Elvin çarpayıda uzanan zaman onun gözaltı nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Elvin çarpayıdan qalxıb yumruqla Elvinin sifət və baş nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Bacısı Yeganə ilə onları ayırmışlar. Elgün evdən küçəyə çıxıb DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gəlmişdir. Dava-dalaş yaşadığı evdə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında bacısı Yeganə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 01 oktyabr 2025-ci il tarixli, 831 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ üst göz qapağının və sağ gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol üst göz qapağının və sol gözaltı nahiyənin qançırları, alt dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası halında qançır-şişkinliyi, burun nahiyəsinin qançır-şişkinliyi, alt dodaq nahiyəsinin qançır-şişkinliyi və selikli qişasına olan qansızma xəsarətləridir. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ilə endirilmiş zərbə(lər)in təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ üst göz qapağının və sağ gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol üst göz qapağının və sol gözaltı nahiyənin qançırları, alt dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası halında qançır-şişkinliyi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. - Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Tovuz şəhəri ərazisində yaşadığı müddət ərzində onun və ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirləndirildiyi 128-ci maddəsi ilə zərərçəkmiş şəxs ilə barışdığı üçün cinayət məsuliyyətindən azad edilmişdir. - Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, Q/N366 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində böyük ictimai təhlükə törətməyən cinayət üzrə məhkəməyədək icraat açılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsini xahiş etsə də, o, əvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş və daha sonra zərərçəkmiş şəxslə barışdığından xx.xx.2024-cü tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar