Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-154/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Tovuz rayonu Vəkil Bürosunun vəkili X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1967-ci il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tovuz rayonu suvarma sistemlər idarəsində cilingər vəzifəsində işləyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 15 oktyabr 2025-ci il tarixdə, saat 01:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən evində oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sifət və bədənin müxtəlif nahiyələrinə dəmir su qabı ilə vuraraq sonuncuya sol çənə bucağının sıyrığı kimi sağılamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və sol qaş-sol üst qapağı–sol gicgah–almacıq nahiyəsinin qançır – şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Şahid2 gəlni, Səadət Hüseyn qızı isə həyat yoldaşıdır. Onlar bir evdə yaşayır. Oğlu Qara ilə bir evdə yaşasa da aralarında bir neçə dəfə mübahisə olmuşdur. Lakin bu barədə şikayət etməmişdir. Yaşadığı ev ona valideyinlərindən qalmışdır. Yaşadığı evdən başqa həyətdə yadımçı tikili vardır. Həmin yardımçı tikilidə yaşayır. Yatdığı otaqda istilik sistemi olmadığı üçün soyuq olur. Evdə yatmaq istəsə də, oğlu Qara ona həmin evdə yatmağa icazə vermir. O da söz-söhbət olmasın deyə həyətdə olan yardımçı tikilidə yaşayır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində Qaranın yataq otağından ses gəldiyini eşitmişdir. Onların yataq otağına getmişdir. Otağa daxil olan zaman galni Amalya ilə azyaşlı nəvəsinin ağladığını görmüşdür. Qaradan nə baş verdiyini soruşmuşdur. Qara ona otaqdan çıxmağı demişdir. Nəvəsini otaqdan götürüb çıxmışdır. Üzərindən 5 dəqiqə keçdikdən sonra Qaranın sözləri ona pis təsir etmişdir. Qaradan nə üçün onu otaqdan qovduğunu soruşmuşdur. Qara yenidən ona kobud cavab verən zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı dəmir su qabını götürüb Qaranın bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Qara su qabını onun əlindən almaq istəmişdir. Orada yerə yıxılmışdır. Əsəbi halda yerdən durub Qaranın Üstünə hücum edərək dəmir su qabının qulp hissəsini onun bədəninin müxtəlif nahiyyələrinə soxmuşdur. Qara onu yerə yıxmışdır. Həmin vaxt onun sol qaş nahiyyəsi yerə dəyib qanamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində onun yaşadığı evdə arvadı X1 ilə ailə daxili mübahisəsi olmuşdur. Søse atası Rasim gəlmişdir. Rasim ondan nə baş verdiyini soruşmuşdur. O, heçnə olmamasını demişdir. Atası Rasimə gedib istirahət etməsini deyərək yataq otağına keçmişdir. Yataq otağına keçdikdən sonra atası Rasim azyaşlı oğlunu oynatmışdır. Bir neçə dəqiqədən sonra atası Rasim anası X2 ilə mübahisə etmişdir. Atası Rasimin anası Səadətlə mübahisə etmələrini eşidib yanlarına getmişdir. Atası Rasim nalayiq ifadələr işlətmiş və ondan sakit olmasını xahiş etmişdir. Atası Rasim ona evden çıxmağını demişdir. O, ise atasına evi onun tikdirdiyini demişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı atası Rasim evdə olan dəmir su götürmək üçün nəzərdə tutulmuş qabı götürüb onun baş nahiyyəsinə vurmuşdur. O, su qabını atasının əlindən almaq istəmişdir. Orada atası yerə yıxılmışdır. Atası Rasim yerden durub üzərinə gələrək su qabının qulp hissəsi ilə onun bədəninin sinə və qol nahiyyələrinə vurmuşdur. O, atası Rasimin sakitləşmədiyini görüb onu yerə yıxmışdır. Həmin vaxt atasının sol qaş nahiyyəsi yerə dəyib qanamışdır. Həyat yoldaşı Şahid2 və anası Şahid1 Hüseyn qızı bizi ayırmışlar. Otağa keçib qapını bağlamışdır. Evdə olarkən atasının sakitləşməməsini görüb 102 xidmətinə məlumat vermişdir. Dava-dalaş yaşadığı evdə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında həyat yoldaşı və anası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs qaynatasıdır. Münasibətləri hər zaman normal olmuş, aralarında ədavət və münaqişə olmamışdır. Hal-hazırda yaşadığı evdən başqa həyətdə yadımçı tikili vardır. Rasim həmin yardımçı tikilidə qalır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdə Qara ile ailədaxili mübahisəsi olmuşdur. Səsə qaynanası və qaynatası gəlmişdir. Rasim Qaradan nə olmasını soruşmuşdur. Qara isə heç nə olmadığını demişdir. Rasimə gedib istirahət etməyini demişdir. Rasim azyaşlı nəvəsini oynatmışdır. Bir neçə dəqiqədən sonra Rasim qaynanası Səadət ilə mübahisə etmişdir. Qara onların yanına gəlmişdir. Rasim nəlayiq ifadələr işlətdiyi üçün Qara onu sakitləşdirməyə çalışmışdır. Rasim Qaraya evdən çıxmağını demişdir. Qara isə Rasimə evi onun tikdirdiyini demişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Rasim dəmir su qabını götürüb Qaranın bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Qara su qabını Rasimin əlindən almaq istəmişdir. Orada Rasim yerə yıxılmışdır. Rasim yerden durub Qaranın üstünə hücum edərək dəmir su qabının qulp hissəsini onun bedeninin müxtəlif nahiyyələrinə soxmuşdur. Qara Rasimin sakitləşmədiyini görüb onu yerə yıxmışdır. Həmin vaxt Rasimin sol qaş nahiyyəsi yerə dəyib qanamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Tovuz rayon şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 868 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qan sızma ilə müşayiət olunan alın-sol, qaş-sol üst qapağı–sol gicgah–sol almacıq nahiyəsinin qançır– şiskinliyi və sol çənə bucağının sıyrığı küt əşyanın(əşyaların)təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir qərarın təsviri nissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Zərərçəkmiş şəxsnın bədəni üzərində müəyyən xəsarətlərin xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində əsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2015-ci il tarixdə CM-nin 73-cü maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək tərəflərin barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs icraata bəraətverici olmayan əsaslarla xitam verilməsinə razılığını, o cümlədən Təqsirləndirilən şəxs barəsində CM-nin 73-cü maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2015-ci il tarixdə, yəni CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinin əlavə edildiyi 20 oktyabr 2017-ci il tarixdən əvvəl xitam verilməsini nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Zərərçəkmiş şəxs, müdafiəçi Tovuz rayonu Vəkil Bürosunun vəkili X5, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçının təklifini nəzərə alaraq icraata xitam verilməsii xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73cü maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2015-ci il tarixdə, yəni CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinin əlavə edildiyi 20 oktyabr 2017-ci il tarixdən əvvəl xitam verilmiş, həmin qeyd CM-yə əlavə edilənədək hər hansı məhdudiyyət olmamışdır. Cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdıran cinayət qanununun isə CM-nin 10.4-cü maddəsinə əsasən geriyə qüvvəsi yoxdur. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 305, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-154/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-154/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver