Məhkəmə qərarları › İş №1(062)-16/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-16/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-16/2024 11.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 (bir) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə, şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynindəki göy rəngli idman şalvarının sağ yan cibində saxlamış, 03 iyun 2023-cü il tarixdə, saat 13:55-də Tovuz şəhəri, Nəriman Nərimanov küçəsində yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında 03 iyun 2023-cü il tarixdə, saat 14:20-dən 14:55-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd bükümdə, şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda ünvan 4 ünvanda yaşayır, heç bir yerdə işləmir. O, 13 ildən artıq müddətdir ki, narotik vasitə olan heroini suda qaynadıb şprislə dərialtına vurmaqla qəbul edir. 02 iyun 2023-cü il tarixdə gündüz o, yaşadığı evin yaxınlığından keçən dəmiryol relsinin kənarı ilə gedən zaman relsin kənarından bir ədəd şəffaf rəngli sellafon bükülünü yerdə görmüşdür, həmin bükülü onun diqqətini cəlb etdiyi üçün o, həmin sellafon bükülünü götürüb açıb içərisinə baxanda görmüşdür ki, həmin sellafon bükülünün içərisindəki narkotik vasitə olan heroindir. O, özü narkotik vasitə olan heroin istifadə etdiyi üçün həmin içərisində heroin olan sellafon bükülünü götürüb cibinə qoymuşdur ki, münasib bir yer tapıb istifadə edər. Sonra o, həmin bükülünü cibində öz yaşadığı evə gətirib öz cibində saxlamış, heç kimə bu barədə heç nə bildirməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. 03 iyun 2023-cü il tarixdə o, saat 14 radələrində dəmiryol relsinin kənarından tapdığı həmin narkotik vasitəni əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyub Tovuz şəhəri Nəriman Nərimanov küçəsində yerləşən mağazaya gedib həmin mağazadan siqaret alıb evə qayıdarkən yaşadığı evin yaxınlığında küçədə iki nəfər mülkü formalı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini bildirmiş və onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, onlara etiraz etməmiş və sonuncular onu xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir, ona görə gətirilmişdir, üstünə baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon Vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra baş təhqiqatçı Ruflan Əliyev vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib, ona nə üçün gətirildiyini bildirdikdən sonra üzərində əldə edilməsi saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. O, sonunculara üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş narkotik vasitə olan heroin olduğunu bildirib əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin təqdim etdiyi şəffaf rəngli sellafon bükülü onun və vəkilinin iştirakı ilə açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar edilərək götürülmüş şəffaf rəngli sellafon bükülünün içərisindəki tünd qəhvəyi rəngli toz halında ilkin baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır, şəxsi axtarış zamanı, onun üzərindən əlavə hər hansı bir saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini o, 02 iyun 2023-cü il tarixdə Tovuz şəhərində yaşadığı evin yaxınlığından keçən dəmiryol relsinin kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin elektron tərəzisində çəkilmişdir, həmin kütlə sellafonla birlikdə 1,85 qram olmuşdur. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin vəkilinin, polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Zərfin üstü isə o, vəkili Müdafiəçi, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə təhqiqatçı Ruflan Əliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. O, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir. Tovuz şəhərində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqəsi və ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, saxlaması və qəbul etməsi barədə ona məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasında, gəzdirməsində və qəbul etməsində şübhəli olduğu üçün onun qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq saxladığı narkotik vasitənin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədilə o, xx.xx.2023-cü il tarixdə soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz RPŞ-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs Tovuz şəhərində Nəriman Nərimanov küçəsində yaşadığı evin qarşısında olması barədə məlumat daxil olmuşdur. Bu məlumat daxil olan kimi o, NMQ-nin əməliyyat müvəkkili Şahid2 İnqilab oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri Nəriman Nərimanov küçəsində yaşadığı evin qarşısında təkcə müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində gəzdirməsində və narkotik vasitə qəbul etməsində şübhəli olduğunu, buna görə də onlarla birlikdə Tovuz RPŞ-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Tovuz RPŞ-yə gətirmişlər. O, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 həvalə edilmişdir. Bundan sonra baş təhqiqatçı Ruflan Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə Tovuz rayon Vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət etmişdir. Bundan sonra vəkilin, iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşyanın olduğunu bildirib əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan kütləni təqdim etmişdir. Həmin təqdim edilmiş şəffaf rəngli sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmişdir. Həmin kütlənin tünd qəhvəyi rəngli, kəskin iyili, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Daha sonra həmin şəffaf sellofan bükümdə olan kütlə əçzaçı tərəzisində çəkilmiş və həmin kütlə sellofan büküm ilə birlikdə 1,85 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə olan heroindir, həmin heroini o, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığından keçən dəmiryol relsinin kənarından yerdən taparaq özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellafon bükümdə olan kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən zərfin üzərinə imza etdildikdən sonra həmin zərf Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün həmin kütlə baş təhqiqatçı polis kapitanı Ruflan Əliyev tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün heç bir əlavə və etirazı olmamışdır, protokol doğru tərtib edildiyi üçün o da həmin protokola imza etmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs əlavə narkotik vasitə olması barədə onda məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsinin 04 iyun 2023-cü il tarixli 16/586 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,753 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin təmiz çəkisi – 1,753 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,703 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 24 avqust 2023-cü il tarixli 1393 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 (bir) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)- 84/2021 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 (bir) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 03 iyun 2023cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,703 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,703 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar