Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-160/2025 05.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1964-cü ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-nin Tovuz satış bazasının bölgə müdiri işləyən, məhkumluğu olmayan, Tovuz şəhəri, R.Məmmədov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs balıqçılıq təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə 2021-ci ilin oktyabr ayından etibarən, hal-hazıradək Tovuz rayonu, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində, Tovuzçay çayının sol sahilində yerləşən və dövlət mülkiyyətində olmaqla 1897 kv.m hissəsi meşə fondunun, 1094 kv.m hissəsi su fondunun torpaqları hesab edilən, ümumilikdə 2991 kv.m ərazini əhatə edən, ərazisinin relyefinə əsasən, kənarlarından başlayaraq mərkəzə doğru dərinləşən torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Tovuzçay çayının suyu hesabına süni göl yaratmaqla sözügedən su hövzəsinin ətrafını dəmir list və dəmir torla hasarlayıb orada forel balığı yetişdirərək dövlət mülkiyyətində olan 2991 kv.m torpaq sahəsini özbaşına tutmuş, bununla da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin həmin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Tovuz rayon icra hakimiyyətinin vəzifəli şəxslərindən qeyd edilən torpaq sahəsindən istifadə ilə bağlı yazılı razılıq almışdır. O həmin yazılı razılığı sonradan itirdiyinə görə məhkəməyə təqdim edə bilmir. Əgər o həmin torpaq sahəsindən qanunsuz istifadə etsə idi, keçən 5 il ərzində ona qarşı iddia qaldırıla və yaxud hüquq mühafizə orqanlarına müraciət edilərdi. Dövlət orqanları tərəfindən onun faəliyyətinə hər hansı müdaxilə olmadığından o həmin ərazidə balıqçılıq təsərrüfatı yaratmaqda davam etmişdir. Bununla bağlı o, 2018-ci ilin yanvar ayında Tovuz rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında 16 oktyabr 2018-ci il tarixdə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Lahiyə -Tədqiqat Mərkəzi tərəfindən ona Tovuz rayonu İnzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid Tovuzçay şayının yatağından balıqçılığın inkişafı üçün sahibkarlıq məqsədi ilə ona icarəyə verilməsi nəzərdə tutulan 0.25 ha torpaq sahəsinin Tovuz rayon İcra Hakimiyyətinin Başçısının 28 fevral 2018-ci il tarixli, 1-5/95 nömrəli sifariş məktubu və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, ********** nömrəli məktubu əsasında hazırlanmış yerquruluşu planı ona təqdim edilmişdir. Lakin o, 3 il müddət gözləsə də həmin ərazinin ona icarəyə verilməsi ilə bağlı heç bir addım atılmamışdır. O da belə olan halda 2021-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə sözügedən əraziyə gedib orada olan göl yerinin içərisini təmizlətmiş və həmin göl yerinin ətrafını əhatələmiş moruq kollarının kənarına dəmir tor çəkdirtmişdir. Ondan sonra da o həmin göl yerinin yaxınlığı ilə keçən Tovuzçay çayından kanal çəkdirib həmin göl yerini su ilə doldurmuş və həmin süni gölə müəyyən növlərdə balıqlar tökərək yetişdirməyə başlamışdır. O, həmin vaxtlar görmüşdür ki, həmin süni gölə avtomobil ilə gedib-gəlmək çətinləşir. Çünki həmin ərazidə avtomobil yolu olmamışdır. O da belə olan halda moruq kolluğu ilə əhatələnmiş süni gölün giriş hissəsində kiçik bir sahəni əhatə edən ərazidə avtomobil yolu düzəltmişdir. Belə olan halda göl iki hissəyə ayrılmışdır. Gölün birinci hissəsi dərinliyinə görə daha dayaz və əhatəsinə görə də daha kiçik ölçüdə olmuşdur. O, həmin hissəni də dəmir listlərlə hasartlatmışdır. O, 2021-ci ilin təxminən noyabr ayının dəqiq xatırlamadığı günündə gölə baxanda görmüşdür ki, sahibkarlıq məqsədi ilə gölə atmış olduğu balıqları su samuru yeyərək hamısını məhv etmişdir. Belə olan halda o, artıq moruq kolluğu ilə əhatələnmiş süni gölə heç bir balıq atmamışdır. Həmin vaxt o, balıqları sadəcə gölün birinci hissəsinə, yəni kiçik olan və təxminən 0.02 ha ərazini əhatə edən və kənarlarını dəmir listlərlə hasarlatdığı yerinə balıqları atmağa başlamış və balıqları sahibkarlıq məqsədi ilə həmin sahədə yetişdirmişdir. Çünki su samurları dəmir list hasarlardan aşaraq gölün birinci hissəsinə keçə bilməmişlər. O gündən bu günə o, həmin süni göldə sahibkarlıq məqsədi ilə balıq saxlayır. 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində yerləşən Tovuzçay çayının yatağındakı torpaq sahəsində olan süni göl sahəsinə baxış keçirərək akt tərtib etmişdir. O, “Çay yeri” adlanan ərazidə torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bilmişdir. Lakin meşə fondu torpaqları olduğunu bilməmişdir. Hazırda həmin torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. Lakin bununla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Hazırda müraciətinə baxılır. O, Tovuzçay yatağının sol sahilində balıqçılığın inkişafı üçün yaradılmış süni göl sahəsində olan balıqlar ona məxsusdur. Lakin göl sahəsini o yaratmamışdır. Çay yatağında göl sahəsi əvvəllər də mövcud olmuşdur. O, sadəcə həmin yeri təmizlətmiş, hasarlatmış və oranı su ilə doldurub yararlı hala gətirmişdir. Həmin ərazi dövlət mülkiyyətində olan yerdir və o, həmin əraziyə dair ancaq icarə müqaviləsi bağlaya bilərmiş, lakin icarə müqaviləsi bağlamadan həmin süni gölü yaradıb orada sahibkarlıq məqsədi ilə balıq yetişdirməyə başlamışdır. O, bildirmişdir ki, qeyd edilən su hövzəsinin kənarlarını Tovuz rayon sakinləri olan Tural və Elzam adlı şəxslərə dəmir torla və dəmir listlərlə hasarlatmışdır. Qeyd edilən texniki işləri də Tural və Elzam adlı şəxslərə gördürmüşdür. O, həmçinin bildirmişdir ki, Tural və Elzam adlı şəxslər sadəcə fəhləlik etmiş, həmin şəxslərin heç bir xəbəri olmamışdır. O, Tural və Elzama bildirmişdir ki, həmin yer ona məxsusdur, icarə müqaviləsi bağlamış, balıq saxlayacaqdır. Tovuz rayonu, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində, Tovuzçay çayının sol sahilində yerləşən və dövlət mülkiyyətində olmaqla tərəfindən tutulmuş ərazinin konkret 1897 kv.m hissəsinin meşə fondunun, 1094 kv.m hissəsinin isə su fondunun torpaqları hesab edildiyini bilməmişdir. O, sadəcə bilmişdir ki, tərəflərindən özbaşına tutulmuş ərazinin ümumi hissəsi dövlət mülkiyyətindədir və onun həmin ərazi ilə bağlı heç bir icarə müqaviləsi yoxdur. O həm də ümidli idi ki, gələcəkdə fəaliyyətini rəsmiləşdirəcək. O, aidiyyəti qurumların verdiyi yer quruluşu planına arxayın olduğundan fəaliyyətini davam etdirmişdir. Odur ki, yaşının 60-dan çox olmasını, törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törədən cinayət olmamasını, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsində məsləhətçisi vəzifəsində işləyir. Onun vəzifəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirməkdəm ibarətdir. 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi tərəfindən Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində Tovuz çayının sol sahilindəki ərazidə torpaqdan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı monitorinq keçirilmişdir. Keçirilmiş monitorinq nəticəsində Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində Tovuz çayının sol sahilində yerləşən dövlət meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsinin 38T X:552282.0, Y:4535931.0 nömrəli mərkəzi kordinantında yerləşən hissəsində, təqribən 0.29 ha torpaq sahəsində süni balıq gölünün yaradılması faktı aşkar edilmişdir. Tərəflərindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, Tovuz çayının sol sahilində balıqçılığın inkişafı üçün yaradılmış süni göl sahəsi Tovuz rayon sakini Təqsirləndirilən şəxs tərəfindən yaradılmışdır. Adı qeyd olunan torpaq üzərində Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmamışdır. Bununla bağlı tərəflərindən əraziyə baxış keçirilərək tərəfindən akt tərtib edilmişdir. Eyni zamanda 2025-ci ilin iyul ayının dəqiq xatırlamadığı günündə o, özü şəxsən Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə yaradaraq bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs qeyd olunan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmadığını ona bildirmişdir. O, bir daha qeyd etmişdir ki, Tovuz çayının sol sahilində balıqçılığın inkişafı üçün yaradılmış süni göl sahəsinin ərazisi dövlət mülkiyyətindədir, həmin göl sahəsinin üzərində də istifadə və icarə hüququnun hər hansı şəxs və ya şəxslərə verilməsi barədə mülkiyyət hüquqları qeydə alınmamışdır. 18 iyul 2025-ci il tarixdə tərəfimdən tərtib edilmiş aktda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin aparıcıməsləhətçisi Şahid2 və adı qeyd olunan şöbənin aparıcı məsləhətçisi, Şahid1 imza etmişlər və həmin şəxslər 18 iyul 2025-ci il tarixdə Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində Tovuz çayının sol sahilindəki ərazidə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqdə iştirak etmişlər. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin müvafiq arayışına əsasən bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən sözü gedən həmin süni gölün yaradıldığı ərazi meşə fondu torpaqları kateqoriyasına aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “TEKUİS” proqramına əsasən həmin ərazi kompyuter alətində internet üzərindən ölçülmüş və nəticədə sözügedən süni balıq gölünün yaradıldığı sahənin ölçüsünün 0.29 ha olması müəyyən edilmişdir. Ola bilsin ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sözügedən ərazidə fiziki ölçmə nəticəsində 0.25 ha ərazinin olması müəyyən edilmişdir. Onun sözügedən süni gölün Təqsirləndirilən şəxs tərəfindən nə vaxt yaradılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onlara əvvəlcədən həmin süni gölün yaradılması ilə bağlı müraciət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Odur ki, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsində aparıcı-məsləhətçi vəzifəsində işləyir. Vəzifəsi dövlət əmlakının özəlləşdirilməsi, dövlət əmlakı üzərində icarə və istifadə hüququna nəzarət etməkdən ibarətdir. 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi tərəfindən Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində Tovuz çayının sol sahilindəki ərazidə torpaqdan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı monitorinq keçirilmişdir. Keçirilmiş monitorinq nəticəsində Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində Tovuz çayının sol sahilində yerləşən dövlət meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsinin 38T X:552282.0, Y:4535931.0 nömrəli mərkəzi kordinantında yerləşən hissəsində, təqribən 0.29 ha torpaq sahəsində süni balıq gölünün yaradılması faktı aşkar edilmişdir. Onun da iştirakı ilə keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, Tovuz çayının sol sahilində balıqçılığın inkişafı üçün yaradılmış süni göl sahəsi Tovuz rayon sakini Təqsirləndirilən şəxs tərəfindən yaradılmışdır. Adı qeyd olunan torpaq üzərində Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmamışdır. Bununla bağlı əraziyə baxış keçirilərək işlədiyi şöbənin məsləhətçisi Zərərçəkmiş şəxs tərəfindən akt tərtib edilmişdir. Eyni zamanda 2025-ci ilin iyul ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə yaradaraq bu barədə ona məlumat verilmişdir. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs qeyd olunan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyə ibtidai istintaq zamanı vermiş olduqları ifadələrin təsdiq edilməsi məzmunlu teleqramlar ünvanlayan Şahid3 və Şahid4 istintaqı zamanı alınmış ifadələri elan edilərək məhkəmə istintaqında tədqiq edilmiş və proses iştirakçılarında onların ifadələri şübhə doğurmayaraq, onların məhkəmə istintaqında iştiraklarının təmin edilməsi ilə bağlı vəsatətlər verilməmişdir. CPM-nin 337.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət olmasını hesab etdikdə məhkəmə istintaqının ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət qaldıra bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin balıq gölü çay yatağının sol sahilində yerləşir. Təxminən 0.29 ha ərazini əhatə edir. Gölün ətrafı hasarlanmış haldadır. Süni göl sahəsinin üzəri torla bağlanmışdır. Hazırda göldə canlı balıqlar var. Süni göl sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” mobil nömrəsi ilə əlaqə saxlanılmışdır. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs hazırda Tovuz rayonu ərazisində olmadığını, qeyd olunan süni balıq gölünün ona aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 oktyabr 2025-ci il tarixli, PHŞ-in 18-1-76/2-1167/2025 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Tovuz rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin yer quruluşu planına istinad edərək dövlət mülkiyyətində olan torpaq sahəsini hasarlamasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, istinad edilən yer quruluşu planı icra hakimiyyətinin başçısı tərəfindən belə təsdiqlənməmişdir. Odur ki, onun hər hansı hüquqverici sənədə istinad etmədən mübahisə predmeti olan torpaq sahəsini hasarlaması CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibini yaradır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Tovuz satış bazasının bölgə müdiri işləməklə, ali təhsilli şəxsdir və sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlardan və sahibkarlıq fəaliyyətinin hansı qaydada rəsmiləşdirilməli olmasından xəbərdar olması da qaçılmazdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin bir qismi meşə fondu, digər qismi isə su fondu torpaqlarına aiddir ki, hər iki torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlətə məxsusdur. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləridövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Həmin Məcəllənin 16-cı maddəsinə görə meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən qaydada torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirməmiş, bunu özü ifadəsində də təsdiq etmişdir. Odur ki, torpaq sahəsinə dair yer quruluş barədə tərtib edilmiş planla bağlı əlavə araşdırılma aparılmasını məhkəmə zəruri hesab etməmişdir. Su Məcəlləsinin 10-cu maddəsinə əsasən su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar. Su Məcəlləsinin 34-cü maddəsinə görə su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli, 685 nömrəli Fərmanının 2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 18-ci maddəsinin ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzaslarında, 21-ci maddəsinin üçüncü hissəsində birinci halda, 34-cü maddəsinin birinci hissəsində, 91-ci maddəsinin birinci hissəsində və 94-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir. Odur ki, su fonduna aid torpaq sahəsinə münasibətdə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada su münasibətlərinin subyekti olmamışdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməskdə təqsirli olması sübuta yetirilsə də, o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, onun törətdiyi cinayət əməli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür. İşdə olan şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1964-cü ildə doğulmaqla hazırda 61 yaşı vardır və hüquqi qiymətin verildiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, CM-nin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Qeyd edilən Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müddəalarının bu işə tətbiq edilməsinə tərəfdar çıxmayaraq şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və çıxışını belə əsaslandırmışdır ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, bu Qərarın 12-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, uzanan və ya davam edən cinayətlər amnistiya aktı qüvvəyə mindiyi günədək bitmədikdə, onları törətmiş şəxslərə amnistiya şamil edilmir. Ona görə də bu cinayət bitmədiyindən qeyd edilən Qərara amnsitiya aktı tətbiq edilə bilməz. Məhkəmə dövlət ittihamçısının arqumentlərini əsassız hesab edir. Belə ki, amnistiya aktının qeyd edilən bəndində uzanan və ya davam edən cinayətlərin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qəbul edilənədək bitməməsindən söhbət gedir ki, cinayətin uzanan və yaxud davam edən cinayət olmasından asılı olmayaraq aşkar edildiyi vaxtdan bitmiş hesab edilir, əks halda bitməmiş cinayətə görə elan edilmiş ittihamın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmiş şəxs tərəfindən ittiham aktı ilə təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilməsi CPM-nin tələblərinə zidd olmaqla, həmin işin CPMnin 303-cü maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması halının olması da istisna edilməzdi. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında belə bir hüquqi mövqe sərgilənmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Göründüyü kimi bu qərar məhz Azərbaycan Respublikası Baş Prokurorluğunun CM-in 188-ci maddəsi üzrə cinayət təqibinin ictimai ittiham qaydasında həyata keçirildiyindən həmin Məcəllənin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinin CPM-in 37.4, 37.6 və 39.1.9-cu maddələrinin tələblərinə zidd olması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğusu əsasında qəbul edilmişdir. Bu işdə də zərərçəkmiş şəxsin şikayətçi olmaması “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müddəaları tətbiq edilməsə də belə iş üzrə icraata xitam verilməsi üçün əsas rolunda çıxış edir. Göründüyü kimi qanunvericilik zərərçəkmiş şəxsin şikayəti olmadan bu növ işlərdə şəxsin cinayət məsuliyyətindən azad edilməsini davam edən yaxud uzanan cinayətlərlə əlaqələndirməmişdirsə, o zaman bu müddəaya zidd olan və yaxud təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran normanın amnsitiya aktına daxil edilməsi amnistiya aktının mahiyyətinə uyğun gəlməzdi. Odur ki, dövlət ittihamçısının irəli sürdüyü dəlillər aktda göstərilən müddəların təfsiri ilə nəticələnə bilər. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Bu işdə zərərçəkmiş şəxslə barışıq var, dəymiş ziyan isə ibtidai istintaq zamanı müəyyən edilməmiş və yaxud ziyanla bağlı ittiham verilməmişdir. Bu halda işin halları nəzərə alınmaqla şəxsin CM-nin 73.1-ci maddəsinə əsasən məsuliyyətdən azad olması da istisna edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Göründüyü kimi zəbtin davam etməsi nə tövsif edici əlamət kimi, nə də ki, ağırlaşdırıcı hal kimi göstərilmiş, bu növ cinayətlər böyük ictimai təhlükə hesab edilməyən cinayət olduğundan uzanan və yaxud davam edən cinayət olmasından asılı edilməmişdir. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğu cinayətin başa çatmasını, cinayətin bitməsini özündə ehtiva edir. CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət formal tərkiblidir və torpaq sahəsinin öz başına hasarlandığı andan bitmiş sayılır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin Təqsirləndirilən şəxs hasarladığı torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Təqsirləndirilən şəxs dövlət adından bu maddə ilə artıq təqsirli bilinmiş, o həmin torpaq sahəsi üzərində hər hansı hüquqlarının olmadığını dərk etmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, onların həmin torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüquqlarının pozulması halları artıq mövcud olmamaqla, iş üzrə mülki iddia da yoxdur. Belə olsa idi o təqsirləndirilən şəxsdən şikayətçi olmaqla yanaşı, mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması qaçılmaz olardı. Hasarın sökülməməsi kimi hallar isə cinayətin hüquqi nəticəsidir və o həmin halları aradan qaldırmağa borlcu olmamaqla onun üzərinə cinayət mühakimə icraatı çərçivəsində belə bir vəzifədə qoyula bilməz. Belə ki, şəxs artıq torpaq sahəsini məhz hasarlamağa, yəni həmin əmələ görə təqsirli bilinmişdir. Hasarın sökülməsi və yaxud həmin torpaq sahəsində digər hüquqa zidd davranışla bağlı müəyyən halların davam etdirilməsi aşkar edildiyi halda isə mülki mühakimə icraatı qaydasında zərərçəkmiş şəxsin hüquqi marağının təmin edilməsi istisna edilmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs torpaq sahəsini zəbtdən azad etməməsi ilə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da aydın olur ki, dövlətin hazırda qeyd edilən torpaq sahəsi üzərində əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanları mövcud olmaqla, əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürmək kimi imkanlar da hüquqi cəhətdən təmin edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir, onun əməli Amnistiya Qərarının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiq dairəsinə düşmür və həmin qərarın 1.14 və 5-ci bəndləri bu cinayəti törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini labüd edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs yaşı 60-dan yuxarı olduğundan və onun törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğundan onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 5.1-ci bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-160/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-160/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver