Məhkəmə qərarları › İş №1(062)-162/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-162/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-162/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10 və X8 iştirakı ilə, X13 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X13 və X8 əməllərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi mövcud olduğuna görə, onların həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında olan ən ağır cəzaya məhkum edilmələrinə dair hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İbrahimhacılı kənd İƏD üzrə nümayəndə vəzifəsində çalışır. Barələrində şikayət verdiyi şəxslər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək onun kəndə içməli su çəkdirmək adı ilə kənd sakinlərindən qanunsuz olaraq pul yığması və az miqdarda verən şəxsləri təhqir etməsini bildirmişlər. Verilən şikayətlər əsasında Tovuz rayon Polis şöbəsində araşdırılma aparılmış, izahatlar alınmış və şikayət ərizəsində göstərilənlər təsdiqin tapmadığı üçün xx.xx.2023-cü ildə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Tovuz rayonu İbrahimhacılı kənd sakinləri özləri öz aralarında pul toplayaraq kəndə yenidən içməli su xətti çəkdirmişlər. 06 avqust 2023-cü il tarixdən İbrahimhacılı kənd sakinləri yeni çəkilmiş su xəttindən istifadə etməyə başlamışlar. Qeyd olunan su xəttinin çəkilməsi üçün Rusiya Federasiyasında yaşayan kənd sakinləri də müəyyən məbləğdə pul göndərmişlər. Həmin pulları da sakinlərin öz razılıqları ilə İbrahimhacılı kənd sakini olan X6 göndərmişlər. Həmçinin kənd sakinləri də öz aralarında yığdıqları pulu öz razılıqları ilə X6 vermişlər. Həmin şəxs də öz növbəsində yığılmış bütün pulları su xəttinin çəkilməsi üçün istifadə etmişdir. Sadəcə olaraq sonradan kənd sakinləri arasında narazılıq yaranmaması üçün icra nümayəndəsi olaraq kənd sakinlərindən su xəttinin çəkilişində hamısının iştirak etməsini istəmişdir. Pulların yığılmasına və istifadə olunması məsələsinə ümumiyyətlə qarışmamışdır. Bununla bağlı onun sosial şəbəkələrdə hər hansı bir çağırışı olmamışdır. Bu qeyd etdiklərini araşdırma zamanı izahatı alınmış X9 və barələrində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxslər istisna olmaqla bütün kənd camaatı təsdiq edir. Bundan əlavə barələrində xüsusi ittiham qaydasında şikayət olunan şəxslərdən X13 onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, guya onu şantai edərək, onun çılpaq şəkillərinin olmasını deyib şəkilləri kənd camaatına göstərmişdir. Həmin şəkillərin silinməsi üçün ondan iki baş inəyini satıb pulunu verməsini tələb etmişdir. Bu məlumatlar da şantai, şər və böhtan xarekterli məlumatlar olduğu üçün Tovuz Rayon Polis Şöbəsinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə yenə də cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, X13 ondan özündə həqiqəti əks etdirməyən ailə tərkibi haqqında arayış verməyini istəmiş, bu cür qanunsuz arayışı ona verməkdən imtina etdiyi üçün barəsində müxtəlif dövlət orqanlarına böhtan dolu şikayətlər etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək şikayətin icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 şikayətin dəlillərini əsassız hesab edərək göstərdi ki, X2 heç vaxt böhtan atmamışdır. Doğrudur ki, onun haqqında hüquq-mühafizə orqanına müraciət etmişdir. Lakin bu müraciətlərində Fəzail Məmmədhəsənovu təhqir etməmiş, onun şərəf və ləyaqətini ləkələyəcək hər hansı ifadə işlətməmişdir. Qeyd olunanlara əsasən şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 şikayətin dəlillərini əsassız sayaraq göstərdi ki, X1 dedikləri hamısı yalandır. Heç vaxt onun barəsində böhtan dolu şikayətlər etməmişdir. Qeyd olunanlara əsasən şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Cinayət Prosessual Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxslərin Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini bildirərək onların həmin maddə ilə məhkəməyə verilməsinə nail olmağa çalışır. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs yuxarıda qeyd olunan ictimai təhlükəli əməlin barələrində şikayət vermiş şəxslər tərəfindən harada, nə vaxt və necə törədilməsini, eyni zamanda əməllərin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini aşkar edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət tərtib edilən zaman Cinayət Prosessual Məcəllədə əksin tapmış forma və tərtibata da riayət edilməmişdir. Əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarlarından isə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin X2 böhtan atmaları görünmür. Onların həmin müraciətləri öz fikirlərini azad ifadə etmək üzrə olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinə görə hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 57-ci maddəsinin1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. Diqqətə çatdırılır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. «X3rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X13 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar