Məhkəmə qərarları › İş №1(062)-179/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-179/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-179/2025 21.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs X1 və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Füzuli rayonu Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonundan məcburi köçkün olunmuş, Füzuli rayonu Horadiz kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Ələsgər Ələkbərov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: X2 istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 6,46 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 6,09 qram təmiz çəkidə olan hissəsini bir ədəd sarı rəngli sellofan bükümdə, 0,37 qram təmiz çəkidə olan hissəsini isə bir ədəd sarı rəngli kağız bükümdə olmaqla üzərində, daha sonra isə onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid4 etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsində olan ona məxsus qış gödəkçəsinin cibində saxlamaqla daşımış, 22 oktyabr 2025-ci il tarixdə, saat 14:57 dəqiqədə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhəri, M.Musayev küçəsində yolun kənarında saxlanılaraq eyni tarixdə, saat 15:05-dən saat 15:56-dək olan vaxt ərzində saxlanıldıqları yerdə dayanıqlı vəziyyətdə olan həmin avtomobilə baxış keçirilərkən avtomobilin yük yeri hissəsində olan ona məxsus qış gödəkçəsinin ciblərindən bir ədəd sarı rəngli sellofan bükümün içərisində təmiz çəkisi 6,09 qram və bir ədəd sarı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,37 qram, ümumi təmiz çəkisi isə 6,46 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əhməd Cavad küçəsi, ev 28-də qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə hesba edilən qurudulmuş marixuana istifadəçisidir. O, təxminən 1 ildir ki, Bakı şəhəri “Seabreeze” adlanan yerdə fəhlə işləyir. Həmin yerdə onunla bərabər dostu, əslən Yardımlı rayon sakini Şahid4 da işləyir. Sadəcə olaraq Fazil orada elektirk ustası, o isə usta köməkçisi işləyir. O, təxminən 2 aya yaxın müddət olar ki, özünü ona Şəki rayon sakini kimi tanıdan Niyaməddin adlı şəxslə tanış olmuşdur. Həmin Niyaməddin adlı şəxs dəmir yığmaqla məşğul olur. O da arabir Niyaməddin adlı şəxsə dəmir yığıb verir. Ona görə də onun Niyaməddin adlı şəxslə münasibəti yaranmışdır. O, Niyaməddin adlı şəxsin marixuana çəkdiyini bilmişdir. Ona görə də o, bazar günü, 19 oktyabr 2025-ci il tarixdə, təxminən saat 11 radələrində Bakı şəhəri, “Seabreeze” adlanan yerdə Niyaməddin adlı şəxsə dəmir tullantıları verib Niyaməddin adlı şəxsdən qurudulmuş marixuana almışdır. Niyaməddin adlı şəxs həmin vaxt orada olan binanın həyətində ona sarı rəngli sellofan və kağız bükümlərdə olmaqla iki ədəd büküm vermişdir. O, həmin sarı rəngli sellofanın və kağız bükümün içərisinə baxan zaman qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxt o, Niyaməddin adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana götürməyi barədə heç kimə məlumat verməmişdir. 20 oktyabr 2025-ci il tarixdə, təxminən saat 18 radələrində dostu Fazillə birlikdə Fazilə məxsus “Toyota-Prius” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhərində yaşayan ortaq dostları Elmarın övladının şadlıq mərasiminə getmək üçün Bakı şəhəri ərazisindən hərəkətə başlamışlar. O, əynində olan qış gödəkçəsinin iç tərəfdən sol cibində və çöl tərəfdən sol yan cibində Niyaməddin adlı şəxsdən aldığı bükümləri də özü ilə bərabər Tovuz rayonuna aparmışdır. Lakin bundan dostu Fazilin xəbəri olmamışdır. Həmçinin o, Fazilin avtomobilinin şit hissəsində olan ağzı açılıb-bağlanan yerə narkotik vasitə çəkmək üçün istifadə olunan şəffaf rəngli sellofana qoyulmuş 8 ədəd kazbeki qoymuşdur. Fazilin avtomobilinin açarı çox vaxt onda olduğundan və onlar iş üçün istifadə etdikləri alətləri də həmin yerə qoyduqları üçün Fazil onun oraya nə qoyduğuna fikir verməmişdir. Onlar 21 oktyabr 2025-ci il tarixdə, təxminən saat 02 radələrində Tovuz şəhəri ərazisində yaşayan dostları Elmarın yaşadığı evə çatmış və sübh açılana kimi yatmışlar. 21 oktyabr 2025-ci il tarixdə, təxminən saat 15 radələrində dostu Elmarın yaşadığı evdə şadlıq mərasimi başlamış və onlar məclisə gələn qonaqlarla yeyib-içməyə başlamışlar. Həmin gün, yəni 21 oktyabr 2025-ci il tarixdə, saat 18 radələrində o, Fazildən açarı alıb küçədə dayanmış ona məxsus “Toyota-Prius” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş və avtomobilin qapısını açaraq avtomobilə əyləşmişdir. O, həmin vaxt bir ədəd kazbek götürmüş və həmin kazbekə bir qədər narkotik vasitə olan qurudulmuş marixuana əlavə etmişdir. Həmin vaxt o, kazbeki narkotik vasitə olan qurudulmuş marixuana ilə doldurmuş və həmin kazbeki əynində olan jiletin sağ yan cibinə qoymuş və yenidən məclisə qayıdaraq dostu Fazili avtomobilin yanına çağırıb gətirmiş və dostu Fazildən avtomobilə əyləşməsini xahiş etmişdir. Həmin vaxt dostu Fazil avtomobilin sükanı arxasına, o isə avtomobilin qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt o, kazbeki cibindən çıxarmış və çəkməsi üçün dostu Fazilə təklif etmişdir. Həmin vaxt dostu Fazil və o, avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana çəkmişlər. Həmin vaxt dostu Fazil ona məxsus avtomobilin salonuna narkotik vasitə çəkmək üçün istifadə olunan kazbek qoyduğundan xəbərdar olmuşdur. Lakin o, həmin kazbekləri lazım olar deyə götürdüyünü demiş və ona üzərində başqa narkotik vasitə olduğunu bildirməmişdir. Ondan sonra onlar yenidən məclisə qayıtmışlar. Onlar həmin günü Tovuz rayonunda qalmışlar. 22 oktyabr 2025-ci il tarixdə, təxminən saat 14 radələrində dostu Fazilin idarə etdiyi avtomobil ilə Bakı şəhərinə getdikləri zaman avtomobil Tovuz şəhəri ərazisindən keçən avtomobil yolunda xarab olmuşdur. Həmin gün hava günəşli olduğundan o, qış gödəkçəni əynindən çıxarıb “Toyota-Prius” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Onlar həmin vaxt avtomobildən düşmüş və dostu Fazil avtomobilin mühərrikxanasının qapağını açıb problemin nə olduğuna baxmaq istəmişdir. Təxminən 2-3 dəqiqə sonra üç nəfər mülki geyimdə şəxs onlara yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onlardan üzərlərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərlərinə baxış keçirəcəklərini demişlər. Əvvəl onun, sonra isə Fazilin üzərinə baxış keçirmişlər. Baxış keçirməzdən əvvəl ondan üzərlərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, üzərlərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olmadığını demişdir. Baxış zamanı üzərlərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Fazilin üzərinə baxış keçirmişlər. Baxış zamanı Fazilin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Fazilin idarə etdiyi “Toyota-Prius” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sol tərəfdə yerləşən saxlanc yerindən şəffaf rəngli sellofanda 8 ədəd narkotik vasitə hesab edilən qurudulmuş marixuananı doldurub çəkmək üçün nəzərdə tutulmuş vasitə, yəni kazbek aşkar edilmişdir. Avtomobilin yük yerindən ona məxsus qara rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd sarı rəngli sellofan, sol yan cibindən isə sarı rəngli kağız büküm aşkar edilmişdir. Həmin kütlələrə növbəli qaydada açılaraq baxış keçirilmişdir. Baxış zamanı hər iki bükümdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr əczaçı tərəzisində çəkilmişdir. Sarı rəngli sellofanda olan kütlə sellofanla birlikdə 6,42 qram təşkil etmişdir. Digər sarı rəngli kağız bükümdə olan kütlə kağızla birlikdə çəkisi 1,13 qram təşkil etmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla Azərbaycan Respublikası DİN-in “zərflər üçün 177 nömrəli” möhürü ilə möhürlənmiş və qablaşdırılmışdır. Daha sonra onları Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri, “Seabreeze” adlı ərazidə Niyaməddin adlı şəxsdən aldığı zaman təklikdə olmuş, həmin vaxt ətrafda bazar günü olduğundan onlardan başqa heç kim olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zorakılıq olmamışdır. Onda Şəki rayon sakini tanıdan Niyaməddin adlı şəxsin mobil nömrəsi yoxdur. Onun dostu Şahid4 “Toyota-Prius” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində narkotik vasitə olan qurudulmuş marixuana saxladığından xəbəri olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını, Füzuli rayonundan məcburi köçkün olmasını və himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli 16/864 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “**-DR-*** d.n.q nişanlı qara rəngli Toyota Prius markalı avtomobilində olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qış gödəkcənin içərisindən götürülmüş kütlələr” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 6,09 qram və 1 (bir) ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,37 qram, ümumi təmiz çəkisi 6,46 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 6,09 qram, 0,37 qram, tədqiqata sərf edildi – 0,04 qram (hər birindən 0,02 qram), qalıq – 6,07 qram, 0,35 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 01 dekabr 2025-ci il tarixli 1931 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İHB-nin Zabrat qəsəbəsi İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Ələsgər Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evində Füzuli rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Qeydiyyatsız yaşadığı müddət ərzində şəxs haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Mehdi və xx.xx.2018-ci ildə anadan olmuş İradə adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarına olan vəsiqənin surətindən, “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan və Zabrat Qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Zamik Namazalıyev özünü təqsirli bilir, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri dairəsinə düşdüyündən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı (bundan sonra – Amnistiya Qərarı) tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Amnistiya Qərarının: Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 1.6-ci bəndinə əsasən 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6- cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, onun əməli Amnistiya Qərarının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiq dairəsinə düşmür və həmin qərarın 1.6 və 1.16-cı bəndləri bu cinayəti törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs məcburi köçkün olduğundan və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.6 və 1.16-cı bəndlərinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,42 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və 8 ədəd kazbek kağızı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,42 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və 8 ədəd kazbek kağızı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar