Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-180/2025 19.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.2002-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 05 noyabr 2025-ci il tarixdə, gecə saatlarında spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin balansında olan, əvvəllər çaxır istehsal olunduğu, hazırda isə fəaliyyət göstərməyən, ətrafı hasarlanmış zavod binasının arxa tərəfinə gəlib hasarın üzərindən aşaraq binanın ərazisinə qanunsuz daxil olduqdan sonra orada ağzı qıfılla kilidlənmiş saxlanc yeri hesab edilən dəmir qutunun qıfılını istintaqa məlum olmayan predmetlə fiziki güc tədbiq edib sındıraraq qutunun içərisində saxlanılan 1 ədəd 1400 (bir min dörd yüz) manat dəyərində “Rottest” markalı avtoyuyucu aparatı oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus 1400 (bir min dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin tədqiq olunmuş ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq ev ustası işləyir və normal dolanışığını təmin edir. O, Əli Süleymanov adına olan "xxxx" MMC-nin sahibi Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır. Onun həmin şəxslə heç bir ədavəti, düşmənçiliyi və yaxud qohumluq münasibəti yoxdur. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus olan zavodda əvvəllər fəhləliklə məşğul olmuşdur. Bildirmişdir ki, babası Abbasov Nizami də həmin zavodda təxminən uzun müddətdir ki, gözətçi işləyir. O, təxminən 4-5 gün bundan əvvəl yaşadığı evdə spirtli içki olan araq və pivə içmişdir. O, spirtli içki qəbul etdikdən sonra dəqiq yadında qalmayan tarixdə saat təxminən 23 radələrində yaşadığı evdən çıxaraq piyada zavodun arxa hissəsinə tərəf gedərək zavodun hasarını aşıb, zavodun içərisinə daxil olmuşdur. Həmin zaman onun yanında heç bir şəxs olmamışdır. O, hasarın üzərindən içəri keçdikdən sonra zavodun çıxışına tərəf təxminən 200 metr piyada getmişdir. O, zavodun içərisi ilə hərəkətdə olan zaman orada gözətçi işləyən Fərrux adlı şəxsin qaldığı otağın yanında keçən zaman onun otaqda yatan vəziyyətdə olduğunu görmüşdür. O, zavodun içərisində bir qədər gəzdikdən sonra zavodun giriş qapısının sol hissəsində ot bağlamalarının yığıldığı yerin yaxınlığında ətrafı dəmirlə bağlı olan saxlanc yerinə baxmışdır. Həmin saxlanc yerinin ağzı bağlı və üzərində açıq vəziyyətdə olan qıfıl olmuşdur. O, qıfılı çıxardaraq saxlanc yerinə baxan zaman avtoyuyucu motorun orada olduğunu görmüşdür. Bildirmişdir ki, o, yay aylarında həmin zavodun ərazisində ot bağlaması yığan zaman həmin “Rottest” markalı avtoyuyucu aparatı görmüşdür. O, avtoyuyucu aparatı əli ilə saxlanc yerindən götürüb qırağa qoymuş, sonra isə ona qoşulu olan elektrik naqillərini sol əli ilə dartıb qopartmışdır. O, elektrik naqillərini qoparan zaman elektrik onu vurmuş və bu zaman yerə yıxılmışdır. Elektrik vurması nəticəsində onun sol əlinin 2-ci və 4-cü barmaqları xəsarət almışdır. Təxminən 10 dəqiqə sonra o, özünə gəlmişdir. Bundan sonra elektrik naqillərinin tam şəkildə qopmadığını görmüş və elektrikdən qorxduğu üçün onu qoparmaq məqsədilə ağac parçasını qarmaq şəklində düzəldib, onun vasitəsilə elektrik naqilinin qopmamış hissəsini çəkib qoparmışdır. Bundan sonra o, həmin avtoyuyucu aparatı əlinə götürüb zavodun içərisi ilə gətirmiş və zavodun sol tərəfində olan hasardan bayıra atmışdır. Bildirmişdir ki, zavodun hasarı 2 hasardan ibarətdir. O, həmin motoru 1-ci hasardan 2-ci hasarın ortasına atmışdır. Bundan sonra isə aparatı aparmağa taqəti qalmadığı üçün matoru 1-ci hasarla 2-ci hasarın arasına qoymuş və zavodun hasarının üstündən tullanaraq piyada yaşadığı evə getmişdir. O, həmin matoru orada heç bir şəxsin görməyəcəyini zənn etmiş və başqa bir vaxtda həmin matoru oradan aparmağı fikirləşmişdir. O, evə gedərək bir qədər spirtli içki qəbul etdikdən sonra isə yatmışdır. O, təxminən 2 gün spirtli içkinin təsirindən ayıla bilmədiyi üçün evdən çölə çıxmamışdır. Sonra isə 07 noyabr 2025-ci il tarixdə Qovlar şəhərində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onlarla birlikdə Tovuz rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin zaman bilmişdir ki, onu avtoyuycu aparatı oğurladığı üçün şöbəyə aparırlar. O da polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və onlarla birlikdə şöbəyə gəlmişdir. Hadisə zamanı o, tək olmuş, yanımda hər hansı şəxs və ya şəxslər olmamışdır. O, həmin zavoda spirtli içkilərin təsiri altında daxil olmuş, lakin sonradan zavodun içərisində gəzən zaman əvvəllər də görmüş olduğu motoru gördükdən sonra həmin motoru oğurlamaq qərarına gəlmişdir. O, heç bir zaman oğurluq etməmişdir. O, yalnız avtoyuyucu motor oğurlamış, ondan başqa heç bir əşya oğurlamamışdır. Hadisə yerində onun vəkilinin işitrakı ilə aparılmış istintaq hərəkəti zamanı onun oğurladığı “Rottest” markalı avtoyuyucu motor aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülmüşdür. O, əvvəllər həmin zavoda yalnız fəhləliklə məşğul olmaq üçün daxil olmuş, bundan başqa isə “Rottest” markalı avtoyuyucu aparatı götürdükdən nə əvvəl, nə də sonra həmin zavoda qanunsuz daxil olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 3 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən Əli Süleymanov adına olan "xxxx" MMC-nin sahibidir. O, gündəlik olaraq həmin zavoda gedir və oraya ümumi nəzarət edir. Həmçinin, həmin zavodda Fərrux və Nizami adlı gözətçilər işləyir. 04 noyabr 2025-ci il tarixdə o, zavoda getmiş və zavodda baxış keçirən zaman bütün avadanlıqların yerində olduğunu görmüşdür. Həmçinin oğurlanmış olan “Rottest” markalı avtoyuyucu aparat da yerində olmuşdur. Belə ki, həmin aparatı o, dəmirdən düzəltdirdiyi saxlanc yeri hesab edilən yerdə saxlamışdır. Həmin saxlanc yerinin qapağı isə dəmir qıfılla bağlı olmuşdur. O, bundan sonra 06 noyabr 2025-ci il tarixdə yenidən zavoda getmişdir. O, zavoda gedən zaman gözətçi ilə zavodu gəzərkən zavodun girişindən sol tərəfdə ot bağlamalarının yanında dəmirdən olan saxlanc yeri hesab etdiyi avtoyuyucu aparatı saxladığı yerin qapağının açıq olduğunu görmüşdür. Həmçinin, qapağın üzərinə bağladıqları qıfıl da yerində olmamışdır. Bundan sonra oraya baxan zaman “Rottest” markalı avtoyuyucu aparatın yerində olmadığını və həmin aparata qoşulu olan elektrik naqillərinin qoparıldığını görmüşdür. Həmin zaman o, bilmişdir ki, aparat saxlanıldığı yerdən götürüb aparıblar, yəni oğurlayıblar. O, daha sonra zavodun içərisinə göz gəzdirsə də heç bir yerdə həmin aparatı tapa bilməmişdir. Bir qədər gözlədikdən sonra ərizə ilə Qovlar polis bölməsinə müraciət etmişdir. Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı həmin motoru oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsi o, çoxdan tanıyır, belə ki, Elyar əvvəllər ona məxsus olan zavoda gələrək orada işləmişdir. Həmçinin, Elyarın babası Abbasov Nizami də ona məxsus olan zavodda gözətçi işləyir. Elyar da yay aylarında avtoyuyucu aparatın olduğu yerə yaxın yerləşən ot bağlamalarının yığılması zamanı zavodda işləmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, motoru oğurladığını bildirmişdir. O da həmin zaman zavodda olmuşdur. Təqsirləndirilən şəxs oğurladığı motorun zavodun hasarından kənara atdığını bildirmiş, sonra isə Elyarın göstərdiyi yerə baxış keçirilən zaman ona məxsus olan zavoddan oğrulanmış “Rottest” marakalı avtoyuyucu aparat aşkar edilmiş və polis əməkdaşlarının iştirakı ilə götürülmüşdür. Ona məxsus olan zavoddan oğurlanmış “Rottest” markalı avtoyuyucu aparatı bir neçə il bundan əvvəl almış, həmin aparatın qiyməti 1400 (bir min dörd yüz) manat olmuşdur. O, 04 noyabr 2025-ci il tarixdə zavodda olmuş və ətrafa göz gəzdirən zaman “Rottest” markalı avtoyuyucu aparatın yerində olduğunu görmüşdür, lakin, sonradan 06 noyabr 2025-ci il tarixdə o, yenidən zavoda gedərək oraya baxan zaman həmin motoru saxladıqları dəmirdən düzəldilmiş saxlanc yerinin qıfılının sındırıldığını, aparatın qoşulu olduğu elektrik naqillərinin sındırıldığını görmüşdür. Həmin zaman saxlanc yerinin qapağını qaldıran zaman avtoyuyucu aparatın yerində olmadığını, oğurlandığını görmüşdür. Ona məxsus olan Tovuz rayonu, Qovlar şəhəri Azadlıq küçəsində yerləşən "xxxx" MMC-dən oğurlanmış “Rottest” markalı avtoyuycu aparat işlək vəziyyətdə olmuş, həmin motordan zavodda işləyən işçilər tez-tez istifadə etmişlər. Ona məxsus olan “Rottest” markalı avtoyuyucu aparatın oğurlanması nəticəsində ona ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan dəymişdir. Əvvəllər ona məxsus olan Tovuz rayonu, Qovlar şəhəri Azadlıq küçəsində yerləşən "xxxx" MMC-dən heç bir oğurluq hadisəsi baş verməmişdir. Ona məxsus "xxxx" MMC-dən oğurlanmış Rottest markalı avtoyuyucu aparat zavodun balansında olmamışdır, şəxsi mülkiyyətdir, belə ki, o, həmin aparatı öz avtomobilini yuduzdurmaq üçün alıb zavoda qoydurmuşdur. Qeyd edilən anbarda videomüşahidə kamerası olmamışdır. O, zavoddan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilir, ondan başqa hər hanı şəxs və yaxud şəxslərin oğruluq edib-etməməsi barəsində heç bir məlumatı yoxdur. “Rottest” markalı avtoyuyucu aparatın saxlanıldığı yerin qapağında olan dəmir qıfılın qiyməti təxminən 5 manat olmuşdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, halhazırda ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Özü rəsmi olaraq 2002-ci ildən indiyədək Zərərçəkmiş şəxs məxsus olan Əli Süleymanov adına olan "xxxx" MMC-də mühafizəçi işləyir. O, qeyd etdiyi kimi həmin zavodda uzun müddətdir ki, işləyir və orada odan başqa Nizami Abbasovda gözətçi işləyir. Onların gözətçiliyi Zərərçəkmiş şəxs tərtib etdiyi cədvələ əsasən müəyyən olumuşdur. X4 hər hansı bir ədavəti düşmənçiliyi olmamışdır. Həmçinin Nizaminin nəvəsi Təqsirləndirilən şəxs da o, uzun müddətdir ki, tanıyır. Onun Elyarla da hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun işlədiyi zavodda əvvəllər bir neçə dəfə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs yay aylarında zavodda ot bağlamaları gələn zaman fəhlə kimi gələrək işləmişdir. Bundan başqa da zavodda başqa işlər olan zaman Elyar gəlib köməklik etmişdir. 05 noyabr 2025-ci il tarixdə o, işlədiyi "xxxx" MMC-də gecə növbəsində olmuşdur. Həmin günü səhəri, yəni 06 noyabr 2025ci il tarixdə o, növbədən çıxan zaman Zərərçəkmiş şəxs zavoda gəlmişdir. Həmin zaman Talıb müəlimin avtomobili yuyulmalı olmuş, o, bunun üçün avtoyuyucu motoru qoşmaq üçün aparatın saxlanıldığı yerə yaxınlaşamışdır. O, “Rottest” marakalı avtoyuyucu motoru saxladıqları saxlanc yerinə baxan zaman qapağının açıq olduğunu görmüş, həmin zaman Talıb müəllim də onun yanında olmuşdur. Bundan sonra oraya baxan zaman “Rottest” markalı avtoyuyucu aparatın yerində olmadığını və həmin aparata qoşulu olan elektrik naqillərinin qoparıldığını görmüşlər. Həmin zaman onlar bilmişdir ki, aparat saxlanıldığı yerdən götürüb aparıblar, yəni oğurlayıblar. Onlar Talıb müəllimlə daha sonra zavodun içərisinə göz gəzdirsələr də heç bir yerdə həmin aparatı tapa bilməmişlər. Sonra isə Talıb müəllim zavoddan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq polis əməkdaşlarına məlumat vermişdir. Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı həmin aparatı oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. İşlədiyi "xxxx" MMC-dən oğurlanmış “Rottest” markalı avtoyuycu aparat işlək vəziyyətdə olmuşdur, həmin motordan onlar tez-tez istifadə etmişlər. İşlədiyi "xxxx" MMC-dən əvvəllər heç bir oğurluq hadisəsi baş verməmişdir. Həmin zavodda heç bir müşahidə kamerası yoxdur. Onun Təqsirləndirilən şəxs zavoddan aparatın tək və yaxud başqa şəxslərlə oğurladığı barəsində heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına üzv olan "xxxx" MMC-nin 13 noyabr 2025-ci il tarixli №CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd “Rottest” markalı avtoyuycu aparatın qiyməti 1400 (bir min dörd yüz) manat təşkil edir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında oln Tovuz rayon X2 Hüquqi Şəxsin 14 noyabr 2025-ci il tarixli, 18-1- 76/2-1259/2025 №-li məktubundan görünür ki, xx.xx.2002-ci ildə Tovuz rayonu, Qovlar Qəsəbəsində doğulmuş, Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsi ev 35 ünvanına qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Tovuz RMX” PHŞ-i Poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatda dayanmır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2025-ci il tarixdən 09 noyabr 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd “Rottest” markalı avtoyuyucu aparatın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin AZ03NABZ******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Rottest” markalı avtoyuyucu aparatın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin AZ03NABZ******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-180/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-180/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver