Məhkəmə qərarları › İş №1(062)-19/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-19/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-19/2023 08.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşadığı evdə istifadə etmək məqsədilə saxladığı spirtli içkilərin yerində olmadığını görüb həmin spirtli içkilərin harada olduğunu arvadı Zərərçəkmiş şəxs soruşarkən sonuncunun aralarında qısqanclıqla bağlı mövcud olan münaqişə səbəbindən nalayiq ifadələrlə ona spirtli içkilərin onun yaxın münasibət qurduğu əxlaqsız qadınların yanında olduğunu deməsi və onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə sillə və yumruq, sağ qoluna isə təpiklə ardıcıl zərbələr vuraraq ona sol təpə və sol gicgah nahiyyələrinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət edilən qançır-şişkinlyi, sol qulaq seyvanının qançır şişkinliyi, sağ bazu nahiyyəsinin qançırı, sol dirsəyin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə qurmuş, onların birgə nikahlarından üç övladı doğulmuş, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşamışdır. Onun arvadı Zərərçəkmiş şəxs ilə ailə qurduqları ilk vaxtlardan aralarında narazılıq yaranmış, bu səbəbdən anası Fatma Şirinova 11 il əvvəl onların yanından ayrılıb bacısı Nərgizin yaşadığı evə köçmüşdür. Onların aralarında narazılıqların səbəbi arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsi və başqa kişilər ilə danışaraq görüşməsi olmuşdur. O, Zərərçəkmiş şəxs yad kişilərlə mobil telefon vasitəsi ilə danışdığını bir neçə dəfə görmüş, bunun üstündə onlar arasında dəfələrlə münaqişə yaranmışdır. O, bununla bağlı bir dəfə Tovuz RPŞ-nə ərizə ilə müraciət etmiş, təxminən 3-4 il bundan əvvəl Zərərçəkmiş şəxs boşanmaq üçün Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə zamanı Xuraman ona yalvararaq bir daha ona xəyanət etməyəcəyini, onunla mübahisə etməyəcəyini deyərək, onu bağışlamağını bildirmiş, ondan boşanmamağı xahiş etdiyindən ailəsinin dağılmaması üçün boşanmaq fikrindən daşınmışdır. Buna baxmayaraq Xuraman ona yenə xəyanət etmiş və onların arasında yenə mübahisələr olmuş, sonuncunun ona xəyanət etməsinə, onunla mütəmadi olaraq münaqişə etməsinə baxmayaraq üç övladı olduğu üçün o, Xuramanı boşaya bilməmişdir. Son vaxtlar isə Xuraman onu guya Səbiş adlı qadınla ona xəyanət etdiyini və qazandığı pulları guya Səbiş adlı qadına xərclədiyini iddia etmiş, halbuki bu tamamilə yalan və böhtandan ibarət olmuşdur. O, Səbiş adlı qadın tanımamış, onun hər hansı bir qadınla yaxın münasibətləri olmamışdır. O, qazancını hər hansı bir əxlaqsız qadına xərcləməmiş, bu arvadı Xuramanın uydurmasından ibarət olmuşdur. Xuraman öz xəyanətini ört-basdır etmək üçün ona şər atmışdır. O, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evə gələn zaman Xuramanın evdə olan pərdələri, paltarları, topa halında bir yerə yığdığını görmüş, bundan əlavə o, evə baxan zaman araqlarının yerində olmadığını aşkar etmişdir. O, Xuramandan evin əşyalarını nə üçün yığdığını və onun araqlarının harada olduğunu soruşmuş, Xuraman ona evdən heç nə aparmadığını və araqların harada olmasını bilmədiyini demişdir. Onların arasında mübahisə yaranmış, mübahisə zamanı Xuraman onu şərləyərək ona evin əşyalarının və araların onun özü apardığını demiş, onun ünvanına yazılması etik normalara sığmayan nalayiq sözlər deyərək onu söyüb təhqir etmişdir. Xuramanın onu şərləməsi, onu söyüb təhqir etməsi ona pis təsir etmiş, bundan hirsləndiyi üçün yaşadığı evin içində Xurmanın sifətinə iki dəfə şillə ilə zərbə vuraraq onu döymüşdür. O, Xuramanı vuran zaman azyaşlı övladları araya keçmiş və Xuraman qaçaraq evdən çıxıb getmişdir. O, Xuramanın arxasınca getməmiş, həmin vaxt onların yanında azyaşlı övladları Zeynəb, Nuray və Ömər olmuşdur. Övladlarından başqa onların yanında heç kim olmamış və bu hadisəni heç kim görməmişdir. Bu hadisə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onun yaşadığı evin zalında baş vermiş, hadisə təxminən 2- 3 dəqiqə davam etmiş, hadisə zamanı və sonra onların yanına hər hansı bir şəxs gəlməmişdir. Onların evində mütamadi olaraq dava-dalaş olduğu üçün artıq qonşular mübahisə olan zaman onların evinə gəlməmişdir. Aralarında yaranmış mübahisə zamanı o, hirsləndiyi üçün sillə ilə iki dəfə arvadı Xuramanın sifətinə zərbə vuraraq onu döymüşdür. O, Xuramanın bədəninin başqa nahiyələrinə zərbə vurmamış, onun saçını yolmamış və təpiklə ona zərbə vurmamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Yenidən ailə kimi bir yerdə yaşayırlar. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs ilə 2006-cı ildə ailə qurmuş, bu evlilikdən onların üç övladı doğulmuş, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşamışlar. Onun qayınatası vəfat etmiş, qaynanası isə onlardan ayrılaraq qızı Nərgiz ilə birlikdə yaşamışdır. Onlar evləndikləri ilk vaxtlardan aralarında mütəmadi olaraq narazılıq və davadalaş olmuş, həmin narazılıqlar səbəbindən qayınanası onların evindən çıxmış və qızı ilə birlikdə yaşamağa başlamışdır. Onların aralarında olan narazılığa səbəb əri Təqsirləndirilən şəxs qısqanc olması olmuş, Sahib onu başqa kişilərlə mobil telefon ilə danışmaqda və yad kişilərlə görüşməkdə ittiham etmiş, lakin bu ittihamlar əsassız olmuşdur. Sahib ona şər böhtan atıb onu ailəsinin və qohumlarının yanında gözdən salmaq istəmiş, bu münaqişə səbəbindən onlar bir dəfə boşanma mərhələsinə qədər getmişlər. Sahib boşanmaq üçün Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonra ailə dağılmasın deyə boşanmaq fikrindən daşınmış və yenidən barışaraq birlikdə yaşamağa davam etmişlər. Əslində o Sahibə deyil, Sahib ona xəyanət etmiş, sonuncu Səbiş adlı qadın ilə danışmış, bütün qazancını və təsərrüfatlarında olan qoyun-quzuları satıb Səbişə xərcləmişdir. Bundan əlavə Sahib onun qızıl-zinət əşyalarını da satıb Səbiş adlı qadına xərcləmiş, buna görə aralarında dəfələrlə münaqişə olmuş və o, bununla bağlı Tovuz RPŞ-nə müraciət etmişdir. Sahib ona xəyanət etməkdə davam etmiş, qazancını, uşaqlarının çörək pulunu Səbiş adlı əxlaqsız qadına xərcləmiş, o, həmin qadının adını və harada yaşadığını dəqiq bilməmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşadığı evdə olan zaman Sahib ondan evdə olan araqların harada olduğunu soruşmuş, ona araqların harada olmasını bilmədiyini demiş, lakin Sahib qışqıraraq israrla araqların harada olmasını təkrar soruşmuş, o, isə kinayə ilə Sahibə “quzular haradadırsa araqlar da oradadır” demişdir. Onun bu sözlərindən sonra Sahib onun ünvanına yazılması etik normalara sığmayan nalayiq sözlər deyərək onu söyüb təhqir etmiş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Sahib sillə və yumruq ilə onun baş nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr vuraraq onu döyüb ona qəsdən xəsarətlər yetirmişdir. Sonra Sahib onun saçından tutub onu yerə yıxmış və təpiklə onun sağ qoluna zərbə vurmuşdur. Sahibin vurduğu ilk sillə zərbəsi onun sol qulağına dəymiş, həmin zərbənin təsirindən onun başı silkələnmiş, zərbədən sonra güclü fiziki ağrı hiss etmişdir. Sonra Sahib onun başına təkrar bir neçə dəfə əli ilə zərbə vuraraq onu döymüş, saçından tutub yerə yıxaraq təpiklə onun sağ qoluna zərbə vurmuş, ona xəsarətlər yetirmişdir. Həmin vaxt azyaşlı övladları aralarına girmiş, Sahibi tutmağa çalışmışlar. Sahib onu döyən zaman azyaşlı övladları Zeynəb, Nuray və Ömər hadisə yerində olmuş, orada başqa şəxs olmamışdır. Övladlarının Sahibin onu döyməsinə mane olmalarını görüb fürsətdən istifadə edərək sonuncunun əlindən çıxıb yola qaçmışdır. O, yola qaçan zaman Sahib onun arxasınca gəlməmiş, sonra atası Məmmədrzaya zəng edərək bu barədə məlumat vermiş, atası da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Daha sonra Tovuz RPŞ-nə gələrək döyülməyi barədə ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Yenidən ailə kimi bir yerdə yaşamağa qərar vermişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs, bacısı Nuray və qardaşı Ömər ilə birlikdə yaşayır. Onun valideynlərinin arasında tez-tez münaqişə və dava-dalaş olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşadığı evdə olan zaman atası Sahib evə gəlmiş, atası Sahib anası Xuramandan araqların harada olmasını soruşmuş, anası araqların harada olmasını bilmədiyini demişdir. Lakin atası anasına inanmayaraq qışqıraraq təkrar israrla araqların harada olmasını soruşmuş, anası Xuraman atasına “quzular haradadırsa araqlar da oradadır” demişdir. Anası belə deyəndə atası Sahib anasının ünvanına yazılması etik normalara sığmayan sözlər deyərək onu söyüb təhqir etmiş, onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı atası Sahib sillə və yumruq ilə anası Xuramanın başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə dəfə zərbə vuraraq onu döyməyə başlamışdır. Atası Sahib anası Xuramanın saçından tutub onu yerə yıxmış və təpiklə onun qoluna bir dəfə zərbə vurmuşdur. Həmin vaxt o, bacısı və qardaşı araya keçib atalarını tutmuş və ondan analarını vurmamasını xahiş etmişdir. Bu zaman anası Xuraman atası Sahibin əlindən çıxıb yola qaçmış, onlar da analarının arxasınca evdən çıxaraq yola qaçmışlar. Anası Xuraman babası Məmmədrzaya zəng edərək Sahibin onu döyməsini demişdir. Sonra isə anası Xuraman Tovuz RPŞ-ə gedərək atasından şikayət edib bu barədə ərizə yazmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində atası Sahibin anası Xuramanı sillə və yumruq ilə başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə dəfə zərbə vuraraq onu döydüyünü, Sahibin Xuramanı saçından tutub yerə yıxdığını və təpiklə qoluna bir dəfə zərbə vurduğunu qeyd etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2022-cı il tarixli 276 saylı saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sol təpə və sol gicgah nahiyyələrinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət edilən qançır-şişkinlyi, sol qulaq seyvanının qançır şişkinliyi, sağ bazu nahiyyəsinin qançırı, sol dirsəyin sıyrığı kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hisssəində göstərilən şəraitdə, yəni, insan bədəninin hissələri (yumruq, təpik, diz və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. “Cinayət işinin icraata götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar