Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-2/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs X6 və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci ildə Gədəbəy rayonu Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil olan, məhkumluğu olmayan, Gədəbəy rayonu Arıqıran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: X8 istintaqa məlum olmayan tarixdə və mənbədən 16 mm kalibrli “ZK” modelli, “SSRİ” dövlətində, 1953-cü ildə “Zlataust” silah zavodunda istehsal edilmiş, 8652-A nömrəli, çaxmaqlı, hamar təklüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və halhazırda təyinatını itirmiş 16 mm kalibrli yivsiz odlu silahı qanunsuz olaraq əldə edib Tovuz rayonг Qovlar şəhəri Azadlıq küçəsində yaşadığı evin qonaq otağındakı oturacağın altındaki xüsusi hazırlanmış yerdə saxlamış, 11 yanvar 2022-ci il tarixdə, saat 13:30 radələrində həmin fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin qonaq otağındakı oturacağın altındaki xüsusi hazırlanmış yerdən 16 mm kalibrli “ZK” modelli, “SSRİ” dövlətində, 1953-cü ildə “Zlataust” silah zavodunda istehsal edilmiş, 8652-A nömrəli, çaxmaqlı, hamar təklüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və halhazırda təyinatını itirmiş 16 mm kalibrli yivsiz odlu ov silahı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, İİ qrup əlildir. 11 yanvar 2022-ci il tarixdə saat 12:10 radələrində yaşadığı ünvan 1ndə yerləşən fərdi yaşayış evində olmuş, həmin vaxt qapısı döyülmüş, qapını açdıqda 4 nəfər mülki geyimli şəxslərin dayandıqlarını görmüşdür. Həmin mülki geyimli şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ondan evə baxış keçirilməsi üçün icazə istəmişlər. Onlara evə baxış keçirilməsinə icazə vermiş, polis əməkdaşları ona qanunsuz olaraq evində odlu silah saxlamaqda şübhəli olduğunu bildirmiş və onun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Onun yaşadığı ev iki otaqdan ibarət olmaqla biri ümumiyyətlə boş olmuş, orada yaşayış olmadığı üçün polis əməkdaşları onun qaldığı otağa baxış keçirmiş, baxış zamanı onlar otaqda olan taxta oturacağın altından xüsusi rezin qabda olan bir ədəd ov tüfəngi aşkar olunmuşdur. O, həmin silahı 1992-ci ildə Gədəbəy rayonu Başkənd kəndində benzin çəninin altından tapmış, həmin vaxtdan özündə saxlamış, yaşadığı evdə taxta oturacağın altına qoymuşdur. Silahın lüləsi və gundağı kəsilmiş, nömrəsi 8652 saylıdır, 16 çaplıdır. Qanunsuz silahı saxlamaqda onun heç bir məqsədi olmamış, sadəcə silaha marağı olduğu üçün evində saxlamış, həmin silahdan ov üçün istifadə etməmiş, heç bir cinayət törətməmiş, ümumiyyətlə silahdan digər məqsədlər üçün heç vaxt atəş açılmamışdır. Baxış zamanı evində tapılan ov tüfəngindən başqa silaha məxsus güllələr, hər hansı xüsusi təyinatlı sursatlar, partlayıcı maddələr və ya qurğular yoxdur. Həmin silahı istifadə etmək və saxlamaq üçün heç kəsə verməmiş. Daim silahı rezindən qabda, özü oturduğu skamyanın alt hissəsində, gözə görünməz yerdə saxlamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2022-ci il tarixdə ünvan 1ndə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs, həqiqətən də evində qanunsuz olaraq odlu silah saxlamasını müəyyən etmək məqsədilə, onun yaşadığı ünvan 1ndə yerləşən evinə getmişlər. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi mənzilinə yaxınlaşıb qapını döymüş, Təqsirləndirilən şəxs qapını açdıqda özlərini ona təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmiş, sonuncu onlara içəri daxil olmağa icazə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah əldə etmə və saxlamaqda şübhəli olduğu bildirilmiş, ondan evə baxış keçirilməsinə icazə istəmiş, Təqsirləndirilən şəxs onlara yaşadığı evə baxış keçirilməsinə yazılı qaydada icazə vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqda olan oturacaq stulunun alt hissəsindən silahın saxlanılması üçün xüsusi düzəldilmiş rezin qabda bir ədəd ov silahı aşkar olunaraq götürülmüşdür. Silaha baxış zamanı müəyyən olmuşdur ki, silahın lüləsi və qundağı kəsilmiş haldadır, 16 çaplıdır, silah 8652 nömrəlidir, silahın qundağı göy rənli yapışqanalı lentlə dolanmışdır. Təqsirləndirilən şəxs 1 ədəd küstar üsulla hazırlanmış ov tüfəngini 1992-ci ildə Gədəbəy rayonu ərazisində yerləşən ermənilərin yaşadıqları Başkənd kəndində benzin çəninin altından taparaq bu günə kimi özündə saxladığını demişdir. Həmin aşkar edilmiş silah qablaşdırılmış və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs fərdi yaşayış evindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 şahid X3 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Nurxan Hüseynovun göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı şifahi vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edərək həmin ekspertizanın keçirilməsi üçün qərar qəbul etmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi məhkəmə-ballistik ekspertizasının 26 yanvar 2022-ci il tarixli 22/77R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, lüləaltı yastığın metal hissəsində 8652-A №-li silah, keçmiş SSRİ dövlətində, 1953-cü ildə “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli, “ZK” modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfəngini lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ömürlük İİ qrup əlildir. İş materiallarında olan Gədəbəy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs psixopatiya davranış pozğunluğu diaqnozu ilə ruhi-əsəb xəstəliklər qeydiyyatında durur. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1981-ci ildən dəfələrlə X2 stasionar müalicələrdə olmuşdur. İş materiallarında olan Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Tovuz Raton Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 4(062)-52/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş komisyon məhkəmə-psixiatriya ekspertizasının keçirilməsi məqsədilə 30 (otuz) gün müddətinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzinin stasionar şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 94 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövürdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin komisyon təkrar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 758 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan “paranoid şizofreniya” xroniki psixi xəstəliyi remissiya (yaxşılaşma) vəziyyətində olduğundan onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilən “paranoid şizofreniya” onun hazırki vəziyyətinə uyğun olaraq anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilir. Qeyd olunan anlaqlılığı istisna etməyən psixi pozuntu nəticəsində Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə edə bilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikasının pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və yaxud əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə cinayət hadisəsini törətdiyi dövürdə öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmaması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması demək deyil və Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onun törətdiyi əməl barəsində anlaqlı olduğunu istisna etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilən Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs müşayiət edilən psixi pozuntunun onu özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi açıq-aşkar müəyyən edilmədiyindən və ekspertiza rəyi ilə də həmin hallara dəlalət edilmədiyindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.9-cu madədsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “8652-A” nömrəli, 16 mm kalibrli, “ZK” modelli, zavod üsulu ilə istehsal edilmiş, hal-hazırda təyinatını itirmiş yivsiz odlu, atəşə yararlı, ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “8652-A” nömrəli, 16 mm kalibrli, “ZK” modelli, zavod üsulu ilə istehsal edilmiş, hal-hazırda təyinatını itirmiş yivsiz odlu, atəşə yararlı, ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-2/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-2/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver