Məhkəmə qərarları › İş №1(062)-21/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-21/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-21/2023 23.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Hafiz qızının iştirakları ilə xx.xx.1998-ci ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə, gecə saat 01 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən X3 məxsus 45 nömrəli fərdi yaşayış evinin dəmir darvazasından qanunsuz olaraq evin həyətinə, oradan isə evin giriş otağının pəncərəsini sındıraraq qanunsuz olaraq yaşayış sahəsi hesab edilən qonaq otağına daxil olmuş, həmin otaqda masanın üzərində olan gips materialdan hazırlanmış at formasında olan suveniri döşəməyə çırparaq sındırıb həmin suvenirin içərisində olan həmin evdə kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs Hafiz qızına məxsus 200 (iki yüz) manat məbləğində nağd pulu, həmin otaqda olan göy rəngli saat qutusunun içərisindən 400 (dörd yüz) manat məbləğində nağd pulu, həmin otaqda olan qara rəngli saat qutusunun içərisindən həmin evdə kirayədə yaşayan X2а məxsus 300 (üç yüz) manat məbləğində nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs Hafiz qızının cəmi 600 manat, X1 isə cəmi 300 manat məbləğində nağd pulunu oğurlamaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, о, Zərərçəkmiş şəxs Hafiz qızını 3 ilə yaxındır tanıyır, onunla qeyri-rəsmi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, оnunla bir yerdə yaşadıqları müddət ərzində ona çoxlu pul xərcləmişdir. Sonradan münasibətləri pozulduğu üçün Zərərçəkmiş şəxs pulunu geri almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs kirayədə yaşadığı Tovuz şəhəri Yusif Sadıqov küçəsində yerləşən evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Məsmənin kirayədə yaşadığı evə qanunsuz daxil olmaq fikrinə düşmüş, onun Məsmənin kirayədə yaşadığı evə qanunsuz daxil olmaqda məqsədi evdən pul oğurlamaq olmuşdur. O, Məsmənin kirayədə yaşadığı evin darvazasından aşaraq evin həyətinə keçmiş, daha sonra evin giriş otağının pəncərəsinə yaxınlaşıb şüşəni sındırmış, ораdan evin içərisinə daxil olmuşdur. Otağa daxil olan zaman masanın üzərində olan at formasında suveniri olduğunu görmüş, suveniri masanın üzərində olan çəngəllə sındırmış, həmin suvenirin içərisində ancaq 1 manatlıq əskinazların yığıldığını görmüşdür. O, ораdа оlan pulları saymadan hamısını götürüb cibinə qoymuş, daha sonra evin küncündə yerləşən termonun içərisində olan iki ədəd biri qırmızı digəri isə qırmızı rəngli olan saat qutularını götürüb içərisinə baxmışdır. Saat qutularının içərisində müxtəlif əskinazlar olmuş, yenə də pulları saymadan götürüb əynində olan qırmızı rəngli şalvarın sağ yan cibinə qoymuş və sonra evdən çıxmışdır. O Tovuz rayonu Hunanlar kəndi ərazisi ilə axan Kür çayının kənarına getmiş, bir müddət keçdikdən sonra polis əməkdaşları ona zəng vurub harada olduğunu soruşmuş, о da polislərə həmin vaxt olduğu yeri demişdir. Cibində olan pulu həmin yerdə atmış və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları onun olduğu yerə gedib onu Tovuz RPŞ-yə dəvət etmişlər. O istintaqda 200 manat pul oğurladığını desə də, əslində pulları saymadığından nə qədər pul oğurlamasını xatırlamır. Maddi imkanı olmadığından o zərərçəkmişlərə vurmuş ziyanı ödəməmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Hafiz qızı ifadəsində göstərdi ki, о, “Nömrə-1” adlı çay evində ofisiant işləmiş, Təqsirləndirilən şəxs da həmin çay evində təxminən bir ildir tanımış, sonuncu mütəmadi müştəri kimi həmin çay evinə gedibgəlmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir qeyri-rəsmi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə geçən gecə onun və rəfiqəsi Laləzər Həsənovanın kirayədə yaşadıqları evə daxil olaraq oradan hər ikisinə məxsus ümumillikdə 900 manat məbləğində nаğd pul vəsaitini oğurlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o və rəfiqəsi Laləzər Həsənova kirayədə yaşadıqları evdən çıxaraq Tovuz şəhəri M.Musayev küçəsində yerləşən “Nömrə-1” çay evinə işə getmiş, onlar adətən gecə saatlarınadək işləmiş, həmin gün də gec saatlarınadək işdə olmuş, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində obyekti bağlayıb evə getmişlər. Evə daxil olduqda onun pul yığdığı at formasında olan suvenirin sınmış vəziyyətdə döşəmənin üzərində olduğunu, içərisində isə 4-5 manat məbləğində pul qaldığını görmüş, halbuki həmin suvenirin içərisinə təxminən 200 manat məbləğində pul olmuşdur. Eyni zaman ona və rəfiqəsi Laləzər Həsənovaya məxsus qırmızı və göy rəngli saat qutularının içərisində topladıqları pulların da yerində olub-olmadığını yoxlamışlar. О, göy rəngli saat qutusunun içərisinə əvvəldən 400 manat, rəfiqəsi Laləzər Həsənova isə qırmızı rəngli saat qutusunun içərisinə 300 manat məbləğində pul toplayaraq əvvəldən qoymuş, lakin həmin vaxt qeyd olunan məbləğlərdə pulların da oğurlandığını görmüşlər. Bundan sonra onlar baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermiş, təxminən 10-15 dəqiqə sonra kirayədə yaşadıqları evə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarına pulların Rəşad adlı şəxs tərəfindən oğurlanmasından şübhələndiklərini bildirmişlər. Çünki, Rəşad onların kirayədə yaşadıqları evin yerini bilmiş, bir-iki dəfə onun xahişi ilə onlara çörək alıb vermişdir. Həmçinin, Rəşad onları taksi ilə kirayədə yaşadıqları evə də düşürmüşdür. Bundan başqa oğurluq hadisəsi baş verməmişdən 3-4 gün əvvəl gecə saatlarında Rəşad onların yaşadığı evə gəlmiş, bu barədə ona rəfiqəsi Laləzər gecə su içməyə durarkən demiş, sonuncu həmin vaxt həyətdən ayaq səsləri gəldiyini eşitmiş, yerindən durub həyətin işığını yandırarkən Rəşadın həyətdə olduğunu görmüşdür. Rəşad imkan tapıb qaça bilməmiş, həmin gün Rəşaddan nə üçün onlara gəldiyini soruşduqda sonuncu əcəb etdiyini demişdir. Ona görə də onların yaşadığı evdən oğurluq etmiş şəxsin məhz Rəşad olduğuna əmin olmuşlar. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Y.Sadıqov küçəsi nömrəsiz ünvanda rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. “Nömrə-1” çay evində ofisiant işləyir. Təqsirləndirilən şəxs təxminən 7 ay olarki tanıyır. Təqsirləndirilən şəxs işlədiyi çay evinə müşdəri kimi gəlib-getmişdir. Onunla qeyri-rəsmi münasibəti, həmçinin ədavəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə geçən gecə rəfiqəsilə birlikdə yaşadığı evə daxil olaraq oradan hər ikisinə məxsus ümumillikdə 900 manat nağd pulu oğurlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o və rəfiqəsi Məsmə kirayədə yaşadıqları evdən çıxaraq Tovuz şəhəri M.Musayev küçəsində yerləşən “Nömrə-1” çay evinə işə gəlmişlər. Adətən onlar gecəyə kimi işləyirlər. Çay evini xx.xx.2022-ci il tarixdə saat 02 radələrində başlayıb evə getmişlər. Evə daxil olanda görmüşdür ki, Məsmənin pul yığdığı, at formasında olan suvenir sınmış vəziyyətdə döşəmənin üzərindədir, içərisində isə 4-5 manat pul var. Halbuki, həmin suvenirin içərisinə Məsmənin deməsinə görə təxminən 200 manat pul yığmışdır. Eyni zamanda həm o, həm də ki, rəfiqəsi Məsmə qırmızı və göy saat qutularının içərisinə topladıqları pulların yerində olub-olmadığını yoxlamışlar. Göy saat qutusuna Məsmə 400 manat, qırmızı saat qutusuna isə özü 300 manat pul qoymuşlar. Nə Məsməyə məxsus 400 manat, nə də ki, özünə məxsus 300 manat pullar yerində olmamışdır. Həmin vaxt onlar baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Məlumat verdikdən təxminən 10-15 dəqiqə sonra kirayədə yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Onlar şikayət ərizəsi ilə müraciət etdikdən sonra polis əməkdaşlarına pullarını oğurlayanın Rəşad adlı şəxsin olduğundan şübhələndiklərini bildirmişlər. Belə ki, Rəşad onların kirayədə yaşdıqları evin yerini bilirdi. Bir-iki dəfə onlara çörək alıb aparmışdır. Həmçinin arada olurdu ki, onları taksi ilə evlərinə düşürtmüşdür. Bundan başqa bildirmişdir ki, oğurluq hadisəsi baş verməmişdən 3-4 gün bundan əvvəl gecə saatlarında Rəşad onların kirayədə yaşadıqları evə düşürmüşdür. Belə ki, gecə o, su içməyə durmuşdur. Həmin vaxt həyətdən ayaq səslərinin gəldiyini eşitmişdir. Sonra bu barədə gedib rəfiqəsi Məsməyə demişdir. Məsmə həmin gecə yerindən durub həyətin işiğını yandırarkən, həyətdə olan şəxsin Rəşad olduğunu görmüşdür. Rəşad vaxt edib qaça bilməmişdir. Həmin günü ondan nə üçün onlara gəldiyini soruşduqda, Rəşad əcəb edib gəldiyini demişdir. Həmin gecə də onlar polis çağırmışlar. Elə bu səbəbdən də o, düşünmüşdür ki, onların pullarını oğurlayan Rəşaddır. Gecəykən Rəşad polis əməkdaşları tərəfindən tutularaq şöbəyə aparılmışdır. Şöbədə olarkən Rəşad oğurluq etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 13 oktyabr 2022-ci il tarixli 22/646R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd A4 kağız parçalarının yapışdırılmış 05 ədəd yapışqan lent kəsiklərinin üzərində olan 09 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 09 ədədi xx.xx.1998-ci ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, böyük, orta, adsız, çəçələ və sağ əlinin şəhadət (iki dəfə) orta, adsız barmaqları ilə eynidir. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalla təltif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Hunanlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və vətən torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar