Məhkəmə qərarları › İş №1(062)-21/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-21/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-21/2025 23.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd ağ rəngli polietilen paketdə təmiz çəkisi 200 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ qoltuqaltı nahiyəsində yerləşən cibində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 19:13 dəqiqədə Tovuz şəhəri, Nizami küçəsində yolun kənarında piyada hərəkətdə olan zaman Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq saxlanıldığı yerdə saat 19:13 dəqiqədən saat 19:28 dəqiqəyədək üzərinə baxış keçirilmiş və baxış zamanı bir ədəd ağ rəngli polietilin paketdə təmiz çəkisi 200 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ qoltuqaltı nahiyəsində yerləşən cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində tək piyada Tovuz şəhər avtovağzalından dəmiryolun kənarı ilə evinə tərəf gedən zaman yolda olan kolluğun yanından keçdikdə bir ədəd ağ rəngli polietilən paket görmüşdür. Həmin paketi açıb baxan zaman içərisində ilkin görünüşdən kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görüb götürmüşdür. Marixuananı satmaq, bağışlamaq məqsədi olmamış və bu barədə heç kimə deməmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tovuz şəhəri, Nizami küçəsində yolun kənarı ilə piyada hərəkət edirdi. Yol kənarı ilə hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. Polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ qoltuqaltı nahiyyəsində yerləşən cibindən bir ədəd içərisində yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd ağ rəngli polietilən paketi çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofana orada baxış keçirilmişdir. Bir ədəd ağ rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmiş və ağ rəngli polietilən paketdə olan kütlənin çəkisi paketlə birlikdə 208,48 qram təşkil etmişdir. Ağ rəngli polietilən paketdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu polis əməkdaşları Tovuz RPŞ-nə dəvət etmişlər. Burada hüquqlarının müdafiəsi üçün o, vəkillə təmin edilmişdir. Bütün bunlardan sonra həmin möhürlənmiş ağ rəngli polietilən paketə Tovuz RPŞ-nin inzibati binasında RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən Müdafiəçi iştirakı ilə yenidən baxış keçirilmiş və təqdim etdiyi ağ rəngli polietilən paketin içərisində yaşıl rəngli kəskin iyli, ilk görünüşdə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə yenidən çəkilmiş və kütlənin ağ rəngli polietilən paketlə birlikdə çəkisi 211,29 qram təşkil etmişdir. Ağ rəngli polietilən paketdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 02 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri Nizami küçəsində yolun kənarında olması barədə məlumat alıb RPŞ-nin rəhbərliyinə məruzə etdildikdən sonra göstəriş əsasında Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs deyilən ərazidə saat 19 radələrində saxlanılmışdır. Həmin şəxs saxlanılarkən ona polis əməkdaşları olduğu bildirilərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə üzərində baxış və götürmə aparılması barədə bildirdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsində, saxlamaqda şübhəli olduğunu deyib üzərində qanunla istifadəsi və saxlanılması qadağan olunan hər hansı əşya olması, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Bundan sonra həmçinin, ona üzərində baxış keçirməyinə etirazının olub-olmadığını sorușulduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını demiş və sonuncu üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ qoltuqaltı nahiyəsində yerləşən cibindən bir ədəd içərisində yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd ağ rəngli polietilen paketi çıxarıb təqdim etmişdir. Ağ rəngli polietilen paketə elə orada da tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ağ rəngli polietilen paketin içərisindən yaşıl rəngli kəskin iyli ilk görünüşdə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin paketlə birlikdə çəkisi 208,48 qram təşkil etmişdir. Daha sonra ağ rəngli polietilen paket elə orada ağ rəngli sellofana qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 177 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə gətirmişlər. Burada hüquqlarının müdafiəsi üçün o, vəkillə təmin edilmişdir. Bütün bunlardan sonra həmin möhürlənmiş ağ rəngli sellofanda olan ağ rəngli polietilen paketə Tovuz RPŞ-nin inzibati binasında RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə yenidən baxış keçirilmiş və təqdim etdiyi ağ rəngli polietilen paketdə yaşıl rəngli kəskin iyli ilk görünüşdə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə yenidən çəkilmiş və kütlənin sellofanla birliktə çəkisi 211,29 qram təşkil etmişdir. Ağ rəngli polietilən paket yenidən ağ rəngli sellofana qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 177 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə satması və kiməsə bağışlaması barədə ona heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 03 noyabr 2024-cü il tarixli 16/1055 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.... 01 ədəd ağ rəngli sellofanda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış ağ rəngli polietilen paketdə təmiz çəkisi 200 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 200 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 199,92 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 14 yanvar 2024-cü il tarixli 1189 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 199,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 199,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar