Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-23/2024 01.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-cü il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü rəngli siqaret folqasının içərisində təmiz çəkisi 5,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mersedes C 240” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 20:50-dən saat 21:30-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd gümüşü rəngli siqaret folqasında təmiz çəkisi 5,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, toy məclislərində və el şənliklərində saz çalır. Aşıq kimi tanınır. Əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Toy məclislərinin birində olan zaman tanımadığı bir nəfər şəxs ona bir ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə və bir qutu rızla vermişdir ki, aşıq bunun istifadə edib tamına baxarsan, əsəbləri sakitləşdirir. O, həmin bir qutu rızla ilə bir ədəd gümüşü rəngli siqaret falqasını götürüb cibinə qoymuşdur. xx.xx.2023cü il tarixdə şəxsi avtomobili ilə ilə ailəsi ilə birlikdə evinə gələn zaman evinin qarşısında polis əməkdaşları olduğun görmüşdür. Onlar iki nəfər olmuşlar. Rəşad adlı polis əməkdaşı ona yaxınlaşaraq gödəkcəsinin cibində nə olduğunu soruşmuşdur. Gödəkcə həmin vaxt əlində olmuşdur. Onu yoldaşına vermək istəyəndə ki, evə qoysun bu zaman Rəşad adlı polis əməkdaşı demişdir ki, vermə. O da onun göstərişi üzrə gödəkcəni verməmiş və əyninə geyinmək istəyəndə cibində olan narkotik vasitə yerə düşmüşdür. Bu təsadüfi baş vermişdir. Qəsdən etməmişdir. Əvvəllər adını bilmədiyi sonradan adını bildiyi İbrahim adlı polis əməkdaşı yerdən narkotik vasitəni götürərək Rəşad adlı polis əməkdaşına vermiş, o da həmin kütləni cibinə qoymuşdur. Daha sonra onu polis şöbəsinə aparmışlar. Üzərində olan narkotik vasitə çox kiçikhəcmli olmuşdur. Hansı ki, onun çəkisini özü bilməmişdir. Ancaq narkotik vasitənin çəkisinin 5 qram olması mümkünsüzdür. Şöbədə isə ona polis əməkdaşları demişdir ki, narahat olma bu cinayət məsuliyyəti yaratmır, sən hər bir deyiləni boynuna al sənin üçün yaxşı olacaq. Ona verilmiş narkotik vasitənin çəkisini özü dəqiq bilməmişdir. Çox xırda bir büküm olmuşdur. Bir çəkimlik olub-olmadığını daimi istifadəçi olmadığı üçün bilməmişdir. Narkotik vasitə tərəzidə çəkilən vaxtı şok vəziyyətində olmuşdur. Şöbədə ona qarşı hər hansı fiziki təzyiq olmamışdır. Yalnız Orxan adlı polis əməkdaşı ona qarşı sözlə zorbalıq nümayiş etdirmişdir. İndi anlayır ki, 5 qram çəkidə narkotik vasitə çox böyük kütlədir. Üzərind aşkar edilən xırda kütlə həmin çəkidə ola bilməz. Tərəzidə çəkilən narkotik vasitə ona aid olsa da, polis əməkdaşları ondan götürüb sonra ona verdiyi üçün düşünür ki, onun içərisinə nəsə dəmir əlavə etmişlər ki, çəkisi çox olsun. Şöbədə onu apardıqdan iki saat sonra vəkil gəlmişdir. Həmin vaxt da polis əməkdaşları üzərindən əvvəlcədən götürülən narkotik vasitəni verərək video çəkiliş aparılacağını və bu zaman özünün təqdim etməsini bildirmişlər. O da onlarla razılaşmışdır. Əlavə olaraq göstərmişdir ki, birinci məhkəmə baxış iclası da bu yöndə ifadə vermişdir. Sadəcə olaraq ona belə suallar verilmədiyi üçün hadisəni tam təfsir edə bilməmişdir. İşin əsl halları budur. Verilən suallara cavabdeh olaraq onu da bildirmişdir ki, şəxsi axtarış zamanı elektron tərəziyə qoyulub çəkilən narkotik vasitə ona məxsusdur. Lakin onun içərisinə nəsə əlavə edilmişdir ki, çəki 5 qramdan artıq olmuşdur. Odur ki, təqsiri olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması üzərində gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. Bu səbəbdən şəxsin barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30-da onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri Heydər Əliyev prospektində şəxsi avtomobili ilə hərəkətdədir. Bu məlumat onlara daxil olan kimi o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müəvvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri H.Əliyev prospektində müəyyən etmişlər. Həmin vaxt təqsirləndirilən şəxsin yanında ailəsi də olmuşdur. Həmçinin təqsirləndirilən şəxsin elə yaşayış evi də həmin prospektdədir. Təqsirləndirilən şəxsə o və Rəşad yaxınlaşmışdır. Vasif onlardan bir az kənarda dayanmışdır. Özlərini təqdim edib onlarla birlikdə Tovuz rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs ona məxsus Mersedes Benz C 240 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 20:30-da Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir və onun öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 onun müdafiəçisi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və şəxsi axtarışda iştirak edən polis əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülünü və bir qutu “rızlanı” çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi gümüşü rəngli siqaret falqasına bükülü açılaraq baxış keçirilmiş və baxış zamanı həmin siqaret falqanın içərisindən yaşıl rəngli, kəskin iyili, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Daha sonra həmin gümüşü rəngli siqaret falqasına bükülü olan kütlə əçzaçı tərəzisində çəkilmişdir və həmin kütlə siqaret folqası ilə birlikdə ümumi çəkisi 5,45 qram olmuşdur. Kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1, baxışda iştirak edən polis əməkdaşlarının və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Əlavə olaraq göstərmişdir ki, birinci məhkəmə baxış iclası zamanı ilk dəfə məhkəmə prosesinə şahid kimi çıxdığı üçün həyəcanlı olmuşdur. Buna görə də, şəxsi axtarışın elə təqsirləndirilən şəxsə yaxınlaşan zaman onlar tərəfindən aparıldığını göstərmişdir. Halbuki, şəxsi axtarışın polis şöbəsində təhqiqatçı tərəfindən aparıldığını ifadə etmək istəmişdir. Həmçinin təqsirləndirilən şəxsə yaxınlaşan zaman üzərindən narkotik vasitə yerə düşməmişdir. Bu barədə təqsriləndirilən şəxs yalan danışır. Məhkəmə iclasında Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edən zaman onun üzərindən yerə narkotik vasitə düşməmişdir. O təqsirləndirilən şəxsdən narkotik vasitəni götürərək üzərində şöbəyə gətirib daha sonra isə ona şəxsi axtarışdan qabaq təqdim etməmişdir. Həmçinin tərəflərindən təqsirləndirilən şəxsə prospektdə şəxsi axtarış tətbiq olunmamışdır. Şəxsi axtarış şöbədə təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Bu barədə təqsirləndirilən şəxs yalan danışır. Məhkəmə iclasında Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə prospektdə İbrahim və Rəşad yaxınlaşmışdır. Onun özü bir az kənarda dayamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyi üçün onun da yaxınlaşmasına zərurət qalmamışdır. Onlar təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış həyata keçirməmişlər. Çünki buna səlahiyyətləri yoxdur. Şəxsi axtarış şöbədə təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Həmin vaxt təqsirləndirilən şəxs vəkillə də təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə saat 20:50-dən saat 21:30-dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret folqasına bükülü ilə birlikdə ümumi çəkisi 5,45 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2023-cü il tarixli, 16/976 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zamanı onun təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə və bir qutu rızla” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli falqa kağız bükümdə, təmiz çəkisi 5,16 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qram tədqiqata sərf edildikdən sonra 5,14 qram qalıq qalmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü rəngli siqaret folqasının içərisində təmiz çəkisi 5,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Тarkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsə bəraət verilməsi dəlilləri ilə bağlı məhkəmə göstərir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair bu dəlillər heç bir faktla sübuta yetirilmədiyi üçün qəbul edilən deyildir. Əksinə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilərkən bu fakt video lentə alınmış, habelə, bu sübut əldə edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında Şahid1 ilk dəfə dindirilən zaman təqsirləndirilən şəxsin üzərində onlar tərəfindən şəxsi axtarış istintaq hərəkətinin həyata keçirilməsini bildirsə də, sonradan təkrar dindirildikdə şəxsi axtarışın şöbədə edilməsini ifadə etdiyini bildirmişdir. Hansı ki, təqsirləndirilən şəxsin özünün ifadəsi ilə əməliyyat qrupu tərəfindən onun üzərində şəxsi axtarış keçirilməməsi təsdiqin tapmışdır. Belə ki, təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narktotik vasitə onun gödəkcəsinin cibində olmuş, gödəkcəni geyinən zaman təsadüfən yerə düşmüş və bu zaman polis əməkdaşı narkotik vasitəni yerdən götürmüşdür. Doğrudur ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu məqam da məhkəmə istintaqı zamanı təsdiqin tapmamışdır. Lakin təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi gətirdiyi bu dəlil onun üzərində əməliyyat qrupu tərəfindən şəxsi axtarış olunmaması barədə nəticəyə gəlməyə əsas verir. Həmçinin şəxsin üzərində həmin vaxt şəxsi axtarış aparılsa idi təqsirləndirilən şəxs göstərilən məzmunda ifadə verməzdi. Bundan başqa təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınan video görüntü məhkəmə istintaqı zamanı tədqiq ediləndə bildirmişdir ki, video görüntüdə olan narkotik vasitə onun üzərindən aşkar ediləndir. Həmin narkotik vasitə də, təqsirləndirilən şəxsin və vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 5 qramdan artıq olmuşdur. Lakin təqsirləndirilən şəxs iddia etmişdir ki, həmin narkotik vasitəyə polis əməkdaşı tərəfindən hər hansı qatqı qatılmışdır. Məhkəmə göstərir ki, bu dəlil əsassızdır. İlk növbədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə video görüntü zamanı tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs mübahisələndirməmişdir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Suallara cavab olaraq göstərmişdir ki, şəxsi axtarış zamanı elektron tərəzidə çəkilən narkotik vasitə onun üzərindən aşkar ediləndir. Belə bir halda narkotik vasitəyə hər hansı qatqının edilərək həcminin artrılması ağlabatan deyildir. Bu yalnız təqsirləndirilən şəxsin özünün subyektiv mülahizəsi kimi müdafiə xarakteri daşyır. Digər tərəfdən maddi sübut məhkəmə istintaqı zamanı tədqiq edilmiş, habelə, elektron tərəzidə onun çəkisi ölçülmüşdür. Çəki yenə də beş qramdan artıq olmuşdur. Vizual görüntü baxımından ibtidai istintaq zamanı narkotik vasitənin bükümünün xırda olması, lakin hazırda daha iri görünməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması baxımından yetərli sübut hesab etmir. Çünki, maddi sübut kimi tanınmış narkotik vasitə iki dəfə ekspertizaya göndərilmiş və ekspert tərəfindən ona tərkibinin müəyyən edilməsi üçün baxış keçirilmişdir. Bu zaman narkotik vasitənin təkrarən qablaşdırılması zamanə əvvəlkindən fərqli xarici görünüş əldə etməsi mümkün haldır. Nəzərə almaq lazımdır ki, cinayət məsuliyyətinin yaranması üçün narkotik vasitənin çəkisi önəm daşıyır ki, hazırki işdə də tərkib yaranması üçün çəki mövcud olmuşdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış uşağın olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı cinayət işi üzrə maddi sübut – 5,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 5,14 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-23/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-23/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver